20 Temmuz 2026 Pazartesi

Tərcümələrimdən. Rabindranat Taqor. Qızıl təknə (1894).

 Rabindranat Taqor  (1861 – 1941) - dahi hind və benqal şairi, yazıçısı, filosofu, Nobel mükafatçısı (1913)


 Göydə bulud çağlayır, yağış tökür sel kimi,

Çay kənarında təkəm, qəmliyəm, ümidsizəm..

Biçin bitdi, yığıldı xırmanlara çəltiklər,

Çay da daşıb kükrəyir, sanki dəli olubdur,

Məhsulu yığan zaman yağış dövrü doğuldu.

 

Bir kiçicik tarlada tamam yalqız qalmışam,

Hər tərəfdə sel axır, burulğanlar fırlanır.

Qarşı sahildə yaman kölgələr var, qapqara,

Dumanlı sübh çağında kənd üstündə buludlar –

Çayın bu sahilində tək qaldım mən tarlada.

 

Gələn kimdir görəsən, təknəylə yaxınlaşır, -

Nəğmə səsi uzaqdan, tanış gəlir oxuyan.

Yelkənlərini gərib, təknə üzür irəli,

Vurur dalğa təknəni, dalğalar dəli kimi,

Tanıyıram təknəni.  

 

Ey təknəçi,  sən indi səfər edirsən hara? 

Yaxınlaş  bu sahilə, lövbəri sal yanımda.

Haraya istəsən get, kimə istəsən pay ver,

Bircə anlıq bura gəl, sevinclə sən gülümsə,

Mənim qızıl düyümü apar ver sən hər kəsə.   

 

Götür, nə qədər tutur, yüklə sən bu qayığa,

"Yenə varmı?" – soruşdun. Qalmadı, verdim daha. 

Çay kənarında qalıb, uzun müddət gözləyib,

Nəyim varsa yığaraq,  çəltiyimi düzləyib,

Gərgin əmək sərf edib, verdim sənə büsbütün.

İndi mənə rəhm eylə, apar məni özünlə.

 

Yer yoxdur, qalmayıb heç, təknəm çox balacadır”.

Mənim qızıl çəltiyim təknədə dolub daşır.

Yağışlı göy üzündə qalın buludlar qaçır,

Boş sahildə qaldım mən, təknəsə uzaqlaşır,

Yenə təkəm, məhsulum - nəyim vardısa, getdi -

Qızıl təknə özüylə harasa sürüklədi.

Sima

Hiç yorum yok:

Yorum Gönder