tərcümə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
tərcümə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

20 Temmuz 2026 Pazartesi

Tərcümələrimdən. Rabindranat Taqor. Qızıl təknə (1894).

 Rabindranat Taqor  (1861 – 1941) - dahi hind və benqal şairi, yazıçısı, filosofu, Nobel mükafatçısı (1913)


 Göydə bulud çağlayır, yağış tökür sel kimi,

Çay kənarında təkəm, qəmliyəm, ümidsizəm..

Biçin bitdi, yığıldı xırmanlara çəltiklər,

Çay da daşıb kükrəyir, sanki dəli olubdur,

Məhsulu yığan zaman yağış dövrü doğuldu.

 

Bir kiçicik tarlada tamam yalqız qalmışam,

Hər tərəfdə sel axır, burulğanlar fırlanır.

Qarşı sahildə yaman kölgələr var, qapqara,

Dumanlı sübh çağında kənd üstündə buludlar –

Çayın bu sahilində tək qaldım mən tarlada.

 

Gələn kimdir görəsən, təknəylə yaxınlaşır, -

Nəğmə səsi uzaqdan, tanış gəlir oxuyan.

Yelkənlərini gərib, təknə üzür irəli,

Vurur dalğa təknəni, dalğalar dəli kimi,

Tanıyıram təknəni.  

 

Ey təknəçi,  sən indi səfər edirsən hara? 

Yaxınlaş  bu sahilə, lövbəri sal yanımda.

Haraya istəsən get, kimə istəsən pay ver,

Bircə anlıq bura gəl, sevinclə sən gülümsə,

Mənim qızıl düyümü apar ver sən hər kəsə.   

 

Götür, nə qədər tutur, yüklə sən bu qayığa,

"Yenə varmı?" – soruşdun. Qalmadı, verdim daha. 

Çay kənarında qalıb, uzun müddət gözləyib,

Nəyim varsa yığaraq,  çəltiyimi düzləyib,

Gərgin əmək sərf edib, verdim sənə büsbütün.

İndi mənə rəhm eylə, apar məni özünlə.

 

Yer yoxdur, qalmayıb heç, təknəm çox balacadır”.

Mənim qızıl çəltiyim təknədə dolub daşır.

Yağışlı göy üzündə qalın buludlar qaçır,

Boş sahildə qaldım mən, təknəsə uzaqlaşır,

Yenə təkəm, məhsulum - nəyim vardısa, getdi -

Qızıl təknə özüylə harasa sürüklədi.

Sima

18 Temmuz 2026 Cumartesi

Tərcümələrimdən. Robert Börns. Ürəyim dağlardadır

 Robert Börns   (1759 — 1796)  - Şotlandiyanın milli şairidir. "Ürəyim dağlardadır" şeirində o, dağlara sevgisini, vətən həsrətini ön palan çəkir, Şotlandiyanın təbiətini və dağların əzəmətini göstərir.


Ürəyim dağlardadır, burda deyil ürəyim,

Ürəyim dağlardadır, maral qovmaq diləyim.

Vəhşi maral iziylə, ceyranlar sorağında,  

Ürəyim dağlardadır, hara getsəm bu yurdda. 

 

Əlvida, uca dağlar, əlvida, şimal eli,

İgidliyin vətəni, şərəf, vüqar məskəni;

Harada dolaşsam da, hara getsəm də hər gün

O uca dağları mən sevəcəyəm büsbütün.

 

Əlvida ağ qarla örtülmüş dağa,

Əlvida o yaşıl dərəyə, bağa.

Əlvida o vəhşi, sıx meşələrə,

Əlvida çağlayan, coşan sellərə.

 

Ürəyim dağlardadır, burda deyil ürəyim,

Ürəyim dağlardadır, maral qovmaq diləyim.

Vəhşi maral iziylə, ceyranlar sorağında, 

Ürəyim dağlardadır, hara getsəm bu yurdda.  

6 Mart 2024 Çarşamba

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 

Son dərs günündə yenə də Verterlə mən Naokigilə getdik. Axşam saat altı radələri idi, amma günəş üfüqdən yüksəklikdə dayanmışdı. Naokinin evləri qarşısında tamam tər içində idim.

Həmin gün Naokiyə qan analizinin nəticələrinə aid məktub gətirmişdim. Fikirləşdim ki, Süya həqiqəti bilirsə, Naoki də bilməlidir. İnanmırdım ki, məktubumdan sonra Naoki məktəbə qayıdacaq, qayıtsa ya qayıtmasa, vecimə deyildi. Mən sadəcə istəyirdim ki, Naoki daha həyəcan keçirməsin. Naokinin anası qapını azacıq araladı, Verter konspektləri və sinif yoldaşlarımın çəkdiyi açıqcanı hədiyyə kimi ona uzatdı. Təəccübləndim ki, açıqcanı indi verir. Onu tamam unutsaydı!

Gördüm ki, isti havaya baxmayaraq, Naokinin anası uzunqol yun köynəkdədir, bəlkə evdə kondisioner işləyirdi. Ananın üzünə fikir vermədim. Ona Naokiyə yazdığım məktubu ötürmək istəyirdim ki, Verter çəkməsini qapı arasına soxub qışqırdı:

-         Naoki, oradasansa, məni eşit! Əzab çəkən təkcə sən deyildin. Süya da əzab çəkirdi. Sinif yoldaşları ona işgəncə verirdilər. Çox qəddarcasına! Amma mən onları inandırdım ki, belə etmək olmaz. Və onlar islah oldular. Naoki, bilirəm, ağır günlər keçirirsən, amma dinlə! Sənə kömək edəcəm. İnan mənə! Sabah mütləq məktəbə gəl! Gözləyəcəyik!

Onu dinləyərkən, əsəb keçirirdim. Məgər Verter demirdi ki, guya kimsə Süyaya paxıllıq edir? İndisə deyir ki, uşaqlar Süyaya işgəncə veriblər. Başımı qaldırıb yuxarı baxdıqda, ikinci mərtəbənin pəncərə pərdəsi, Naokinin otağının pərdəsi xəfifcə tərpəndi.

Verter çox coşqulu, həyəcanlı idi, gözləri dəli gözü kimi parlayırdı. O, Naokinin anasına yüngül təzim etdi. Qonşular səs-küyə çıxıb nə baş verdiyni bilmək istədilər. Verter geniş təbəssümlə mənə dedi:

-               -     Çox sag ol ki, Midzuho, mənimlə gəlirdin!

O mənə müraciət edirdi, amma səsi gərəksiz dərəcədə zil çıxırdı, qonşular onu eşitmişdilər. Bu bir aktyorun oyunu idi. Mən də tamaşaçı rolunda idim. Mən əvvəldən axıra kimi şahid idim ki, nümunəvi müəllim problemli şagirdin evinə necə gəlib-gedir.

Naokiyə ünvanlanmış məktub cibimdə qaldı. Onu var gücümlə əzdim.

Həmin gecə Naoki anasını öldürdü.

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 


Ertəsi gün sinfə gəldikdə, bir neçə oğlan fit çaldı, qızlar da lövhəyə baxıb gülürdülər. Lövhədə təbaşirlə ürək şəkli çəkilmişdi, içində mənim və Süyanın adı yazılmışdı. Gözlərimi endirib sakitcə yerimə keçdim. Partamın üstündə də markerlə ürək şəkli çəkilmişdi.

-         Sabahın xeyir, Midzuho! – Ayako əlindəki telefonu yellədərək, qışqırdı. Ona fikir vermədən əyləşib kitabı açdım, oxumağa başladım.

Süya peyda olanda, onu da gülüşlə qarşıladılar. O, lövhəyə qısa nəzər salıb çantasını partaya qoydu və hamıdan bərk fit çalan Takaxiroya yaxınlaşdı.

-               -     Nədi, qatil, deməyə nə sözün var? – Takaxiro saymazyana gülümsəyərək soruşdu.

Süya cavab vermədi. Əlini uzadıb dırnağının ucu ilə Taxakironun üzündə bir cızıq açdı, bu qırmızı xətt bütün işgəncələrə son qoydu. Cızıq Süyanın qanı ilə çəkilmişdi. Oğlanlardan bir neçəsi qışqırdı, sonra sakitlik çökdü.

-         Midzukini tutan sən idin? Onun qarşısında yaltaqlanırdın? – Süya Ayakonu göstərdi. Sonra o, Ayakoya yaxınlaşıb yaralı barmağını yuxarı qaldırdı. Qan onun biləyinə qədər axmışdı. Ayako qorxub əlləri ilə üzünü qapadı, amma Süya qanlı əlini onun parta üzərindəki telefonuna toxundurdu. Ayako qışqırdı.

-         Qorxaq! - Süya dedi. – Özün çirkli işləri görmürsən, başqalarına etdirirsən? O qədər avamsan ki, anlamırsan ki, səndən sui-istifadə edirlər?

Sonra Süya Yusukenin partasına yaxınlaşdı. Yusuke baş verənləri səssizcə izləyirdi.

-               -      Sən də bu gic qızı mənə yönəltdin, cırnatdın onu? – Süya soruşdu.

Bu sözlərdən sonra Süya əyilib Yusukenin dodaqlarından öpdü. Bütün sinif nəfəsini qısdı. Yusuke, idmançı oğlan, birdən-birə ağardı.

-         Nədi, xoşuna gəldi? – Süya təbəssümlə dedi. – Cəza vermək? Siz ədalət qurumu deyilsiniz! Bilirdiniz ki, Moriqutinin qızı hovuza tərəf gedib. Vaxtında hər şeyi danışsaydınız, qız tələf olmazdı! Hamınız günahkarsız! Elə bilirsiniz, məni cəzalandırmaqla günahlarınızı yuyursunuz? Nə oldu? Siz əsil riyakarsınız! Əgər bu şəkildə davam etsəniz, gələn dəfə hər birinizi, dilimi ağzınıza salaraq, öpəcəm!

O vaxtdan Süyadan hamı əl çəkdi.

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 


Konspektləri Naokiyə may ayının sonlarından verməyə başladıq. Keçmişdə mən Naokigildə çox olmuşdum, mən balaca olanda, Naokinin bacısı mənə dayəlik edərdi.

Məni və Verteri qapıda Naokinin anası qarşıladı. Mən çoxdan onu görmürdüm, amma o əla görünürdü – şıq geyimi, makiyajı.

“Naoki kökələri çox sevir. Bir dəfə anası soğan doğramaqdan ağlayırdı, Naoki ona burun dəsmalı gətirmişdi! Xəttatlıq müsabiqəsində Naoki üçünçü yeri qazanıb!”

Uşaqlıqdan Naokiyə tərifləri eşidirdim: Naoki bunu etdi, onu etdi!

Elə bilirdim, konspektləri verib qayıdacağıq, amma Naokinin anası bizi içəri dəvət etdi, qonaq otağındakı divanda əyləşdik. Verter razı görünürdü, amma Naokinin anasında narazılıq hiss edilirdi.

Qonaq otağı mənə tanış idi. Uşaqlıqda biz burada loto və kart oynayardıq. Naokinin otağı ikinci mərtəbədə, qonaq otağının düz üstündə yerləşirdi. Gözümü tavana zilləyərək, düşünürdüm ki, görəsən, Naoki otağındadır?

Ana bizə çay verdi və Verterə dedi:

-         Naoki hələ əvvəlki müəlliməyə görə əzab çəkir. Hamı sizin kimi enerjili olsaydı, heç nə baş verməzdi...

Anladım ki, Naoki anasına sonuncu dərs günü haqqında heç nə deməyib, yoxsa anası sizin haqqınızda bu qədər sakit və yekəxana danışmazdı.

Deməli, Naoki anasına heç nə deməyib və təklikdə iztirab çəkir. Olanlardan xəbərsiz ana sizin dalınızca yaman danışırdı, qızınızın ölümü haqqında bir kəlmə də demədi! Yəqin, ana ağlına gətirmirdi ki, oğlunun bu işdə əli var.

Naoki aşağı enmədi. Deyəsən, anası bizi içəri dəvət etmişdi ki, ancaq şikayər etsin. Verter üzündəki axmaq ifadə ilə başını yellədirdi, sanki hər sözüylə razılaşırdı. Məncə, Verter ananı dinləmirdi.

-               -      Xahiş edirəm, Naokini mənə həvalə edin! – qadın, nəhayət, susanda,Verter dedi.

Yuxarıdan səs-küy eşidildi, deyəsən, Naoki deyiləni duymuşdu.

Lakin Naoki nə ertəsi gün, nə də sonralar məktəbə gəlmədi. Biz özümüzü elə aparırdıq ki, sanki heç nə baş verməyib, Süyanı da sanki görmürdük.

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

II. Əzabkeş

İki ay əvvəl mən sizi, Moriquti-sensey, hər gün məktəbdə görürdüm, amma indi bilmirəm, sizinlə necə əlaqə saxlayım. Siz sinfimiz qarşısında etiraf etdiniz ki, qızınızın qatilləri olmuş iki şagirdin cəzasını qanuna həvalə edə bilməzsiniz, ona görə özünüz onlara cəza verəcəksiniz. Sonra da yox oldunuz. Düşünürəm, bu sizin tərəfdən çox məsuliyyətsiz hərəkətdir. Siz qalıb sonrakı hadisələri, günahkar uşaqların taleyini öyrənməliydiniz.

Siz yox olandan sonra sinifdə baş verənlərdən danışmaq istəyirəm. Sizə uzun-uzadı bir məktub yazdım, sonra anladım ki, onu oxumayacaqsınız. Sonra öyrəndim ki, bir jurnal tərəfindən həvəskar yazarlar üçün müsabiqə elan edilib, siz o jurnalı tənəffüslərdə müəllimlər otağında tez-tez oxuyardınız. Bu müsabiqələrdə adətən istedadlı yeniyetmələr qalib gəlir, mən də bəxtimi sınamaq istədim.

Bir az həyəcan keçirirəm ki, Sakuranomi-senseyin populyar olmuş aylıq köşəsini aprel ayından bəri çap etmirlər,  deməli, siz daha o jurnalı oxumursunuz. İndi məktubumu çap etsələr də, heç nə bilməyəcəksiniz. Amma yenə də cəhd edirəm.

Bunu ona görə etmirəm ki, köməyinizə ehtiyacım var. Sizə sadəcə bir sualım olacaq.

16 Haziran 2022 Perşembe

Tərcüməm. Patrik Züskind. Qumru (davamı)

 


Pillələri düşə-düşə İonatan sakitləşirdi. Üçüncü mərtəbənin meydançasında, tər axıda-axıda birdən ağlına gəldi ki, hələ də əynində qış paltosu, şərf və içi tüklü çəkmələr var. İstənilən an aşağıdakı bahalı mənzillərdən bazarlıq etməyə gedən xidmətçi qadın, və ya boş şərab şüşələrini pilləkənə düzməyi sevən müsyö Riqo, və ya madam Lassalın özü çıxa bilərdi, madam çox tez yuxudan oyanır, yəqin indi oyaqdır, bütün mərtəbə onun səhər qəhvəsinin şirnikdirici ətri ilə dolmuşdur... Birdən madam Lassal mətbəx qapısını açıb pilləkəndə  qəribə qış geyimindəki İonatanı gördü? Amma indi axı avqust ayıdır, günəş adamı yandırır... O zaman İonatan madam Lassala nəsə izah etməliydi. Yalan deməliydi, amma nə desin? İonatanın indiki görünüşünə ağlabatan izah yoxdu. Elə biləcəklər ki, o dəli olub. Bəlkə də həqiqətən dəli olmuşdu.

Tərcüməm. Patrik Züskind. Qumru

 


İonatan Noeli yeknəsək həyatdan qoparan qəza - qumru əhvalatı baş verəndə, onun yaşı əllini keçmişdi, son iyirmi ilini o, tamamilə hadisələrsiz yaşamışdı, və ağlına da gətirmirdi ki, ölümdən başqa onun həyatında maraqlı nəsə baş verə. Bu cür həyatdan Noel  məmnun idi, o, hadisələrə nifrət edirdi, çünki bu zaman daxili tarazlıq pozulur və həyat hərc-mərcliklə dolurdu.

7 Eylül 2018 Cuma

Виктор Цой. Звезда по имени Солнце/Viktor Tsoy. Günəş adlanan ulduz


Картинки по запросу Звезда по имени солнце

https://www.youtube.com/watch?v=GNpy6PQJpXE


Белый снег, серый лед, 
На растрескавшейся земле.
Одеялом лоскутным на ней –
Город в дорожной петле.
А над городом плывут облака,
Закрывая небесный свет.
А над городом - желтый дым,
Городу две тысячи лет,
Прожитых под светом Звезды По имени Солнце...
И две тысячи лет - война,
Война без особых причин.
Война - дело молодых,
Лекарство против морщин.
Красная, красная кровь –
Через час уже просто земля,
Через два на ней цветы и трава,
Через три она снова жива
И согрета лучами Звезды По имени Солнце...
И мы знаем, что так было всегда,
Что Судьбою больше любим,
Кто живет по законам другим
И кому умирать молодым.
Он не помнит слово "да" и слово "нет",
Он не помнит ни чинов, ни имен.
И способен дотянуться до звезд,
Не считая, что это сон,
И упасть, опаленным Звездой По имени Солнце...  

***

Bəyaz qar, bozumtul buz,
Çatlamış torpaq üstündə
Yamaqlı yorğanla örtülmüş
Şəhərim yollarla dolu.
Şəhərin üstü buludlu,
Göy işığı görünmür,
Şəhər üzərində sarı toz,
Şəhərin iki min yaşı var  -
Günəş adlanan ulduzun nuruyla yaşanmış onlar.
Iki min ildir ki, hərbdir,
Səbəbsiz bir savaşdır.
Hərbçilik gənclər üçündür,
Qırışlara dərmandır.
Qırmızı, qıpqırmızı qan
Bir saatdan sonra yenə torpaq,
Iki saatdan sonra ot və çiçəklər,
Üç saatdan sonra torpaq canlanır
Və günəş adlanan ulduzun şüasıyla qidalanır.
Bilirik, həmişə belədir,
Fərqli qanunla yaşayanlar
Talenin sevilmlisi olur
Və gənc yaşında ölür.
“Hə” və “yox” sözünü xatırlamır,
Nə rütbə yadındadır, nə adlar.
Yuxunu gerçək bilərək
Ulduzlara can atır
Və Günəş adlanan ulduzdan yanıb yerə yuvarlanır...

Çevirdi: Sima

1 Eylül 2018 Cumartesi

Yelena Roq. Mənim hər şeyim olan zamanlar...

57570655pw2
Ərimlə kafedə, ayaqüstə dayanıb, qəhvə içirdik.
Ərim gənc və yaraşıqlı idi, onu sevirdim.
Əynimdə həyatımı korlayan nimdaş palto vardı. Özümü dəyərsiz sanırdım, bu paltoya nifrət edirdim, o, məni isitmirdi,  eybəcərləşdirirdi ancaq.
Kafe ucuz kafelərdəndi, qəhvə də dadsızdı.
Xəyal edirdim ki, bir gün gözəl restoranda  yaxşı qəhvə içəcəyik, mən də dəblə geyinmiş olacam. Ərim parlayan gözlərilə mənə baxırdı, o, məni sevirdi və nədən kədərli olduğumu bilmirdi.
... O, gənc yaşında vəfat etdi. Mən isə qaldım.
Sonralar həyatımda xeyli kafelər, qəhvələr oldu, xeyli dəbli paltolar geyindim.
O isə yox idi.
Tez-tez ucuz kafedəki epizodu xatırlayıram - o zamanlar hər şeyim vardı, mənsə bundan xəbərsizdim...

Çevirdi: Sima

23 Ağustos 2018 Perşembe

Valeri Mixalisın. Ətirli ədəbiyyat (ətirlər bədii ədəbiyyatda)


Картинки по запросу ətirlər əttarlıq
Tərcüməçidən: İnternetdə gəzişərkən, təsadüfən (bilirsiniz də, ən yaxşı nələrisə təsadüfən əldə edirik J) ətirlərə və müasir əttarlara həsr edilmiş bir səhifəyə gəlib çıxdım. Ətirləri sevdiyimdəm (hansı qadın ətir sevməz ki?), səhifədə yerləşdirilmiş yazılara ötəri nəzər salarkən, rus əttarı, əttarlıq icmalçısı Valeri Mixalisını kəşf etdim. Bu gənc adam həm özünün ətir biznesini qurmuş, həm də ətirlər, əttarlıq haqqında  xeyli yazılar yazmışdır, və yazmaqdadır. Onun ətirlər və ədəbiyyatla bağlı  yazısını müəyyən ixtisarlarla təqdim edirəm.

6 Mayıs 2014 Salı

Qısa hekayələr - 2

Bir dəfə "New Time"  jurnalının redaktoru Stiv Moss ən qısa hekayə müsabiqəsini keçirmək istədi. Lakin bu, dağınıq cümlələr deyil, 55 sözdən ibarət, süjetli, personajlı və qəfil sonlu mətnlər olmalıydı. Redaksiyaya o qədər hekayə göndərildi ki, onların ən yaxşıları "Dünyanın ən qısa hekayələri" kitabında toplandı.
*
Görüş (Nikol Vedl)
Telefon zəng çaldı.
- Allo, - qadın pıçıldadı.
- Viktoriya, mənəm. Gəl bu gün gecəyarısı görüşək.
- Yaxşı, əzizim.
- Xahiş edirəm, unutma, özünlə şampan götür.
- Gətirərəm, əzizim, mən bu gecə səninlə olmaq istəyirəm.
- Tələs, məni gözlətdirmə! - kişi dedi və dəstəyi asdı.
Qadın köksünü ötürüb gülümsədi:
- Görəsən, o qadın kimdi...
*
Gizlənqaç (Kurt Homan)
- 99, 100! Kim gizlənə bilmədisə, özündən küssün!
Gizlənənləri axtarmağı sevmirəm, amma bu mənə daha rahatdı. Qaranlıq otağa daxil olarkən, içəridə gizlənənlərə pıçıldayıram: "Gəlirəm haaa..."
Onlar gözləri ilə məni uzun dəhliz boyu ötürürlər, və divarlarda asılmış güzgülərdə mənim qara çuxalı bədənim, dəryazlı əlim əks olunur.
*
Bədbəxt (Den Endrüs)
Deyirlər, şərin sifəti yoxdur. Həqiqətən, kişinin üzündən heç bir hiss duyulmurdu. Bir damçı mütəəssirlik yoxdu onda, hərçənd ağrı dözülməzdi. Məgər o, gözlərimdəki dəhşəti, üzümdəki həyəcanı görmürmü? Kişi sakitşə, hətta deyərdim, peşəkarcasına çirkli işini görürdü, sonda dedi: "Hə, indi ağzınızı yaxalayın..."

12 Haziran 2012 Salı

Riçard Makkeyn (1947). İlham Pərim



Səlim Babullaoğlunun tərcüməsində


İlham Pərimi gerçəkdən əyləndirmək istəsəydim -
Əlbəttə, sözlərlə indikitək oynamağı bir yana buraxıb -
Ya bir komediya, yaxud bir faciə qoyardım ortaya,
Uzaqbaşı bir dəftər əyazma, ya bir email, ya da ki, bir vərəq.

Hardasa qara sayıla biləcək, xallı,
               tünd lacivərd geyimləri var onun,
Yanıma gəlir kafedəki masaya,
Ağız-ağıza öpüşür və yenə birlikdə
işləməyə dönürük - Qabilin Habili öldürməsindən
əvvəlki dünyaya.

İlham Pərinə həyat verməkçün yazırsan,
- Sən mənimçün əsla o bəlli qafiyələr olmayacaqsan,
xoşbəxtliyə-bədbəxtliyə gəlincə isə,
zamanın içində də,
                çölündə də mənimlə bərabər yaşayacaqsan.

Saçlarıma dən düşüb, səninki tünd şabalıdıdır.
Heç kimi vecimizə almadan birlkdə gözəlliyi axtarırıq...

"525-ci qəzet",  N 101, 09.06.2012

2 Ocak 2012 Pazartesi

Unudulmayan mahnılar



“Besame, besame muço...”... bu sözləri dəfələrlə Dalidanın, Plasido Dominqonun, Sofiya Rotarunun, Elvis Preslinin və digər tanınmışların ifasında çox eşitmişik. 1941-ci ildə 16 yaşlı meksikalı pianoçu və bəstəkar Konsuelo Velaskes tərəfindən yazılmış bu mahnı, 1944-cü ildə ABŞ hit-paradında qalib gəlmişdi. Və o zamandan dünyanın bütün səhnələrində sənətkarlar bu mahnını sevə-sevə oxuyurlar.


Bésame mucho

Bésame, bésame mucho
Como si fuera esta noche la última vez
Bésame, bésame mucho
Que tengo miedo perderte, perderte después

Quiero tenerte muy cerca
Mírarme en tus ojos
Verte junto a mí
Piensa que tal vez mañana
Yo ya estaré lejos
Muy lejos de ti...

Bésame, bésame mucho
Como si fuera esta noche la última vez
Bésame, bésame mucho
Que tengo miedo perderte, perderte después

Bésame, bésame mucho
Que tengo miedo perderte, perderte después
Que tengo miedo perderte, perderte después

*
Məni ehtirasla öp

Öp məni, məni dəli kimi öp,
Son gecəmiz kimi öp məni bu gecə,
Öp məni, məni ehtirasla öp,
Qorxuram səni itirməyə,
Çox qorxuram.

Sənə sığınmaq istərəm,
Gözlərinin içinə baxmaq istərəm.
Bəlkə sabah mən
Səndən çox uzaqda oldum, bilmirəm.

Öp məni, məni dəlicəsinə öp,
Bəlkə bu gecə son gecəmizdir bizim,
Öp məni, məni ehtirasla öp,
Səni itirməyə qorxuram,
Qorxuram yaman.

Öp məni, məni dəlicəsinə öp,
Səni itirməyə qorxuram,
Qorxuram yaman.

Çevirdi: Sima Ənnağı, 2011

9 Kasım 2011 Çarşamba

Emili Dikinsondan bir şeir


Еmili Dikinson (Dickinson, Emily) - (1830-1886) - Amerika şairəsidir. Sağlığında cəmi 7 şeirini çap etdirmişdir. Qapalı həyata üstünlük verdiyindən, ailə qurmamış, bacısı və qardaşının ailəsi ilə birgə yaşamışdır. Bütün ömrünü doğulduğu Amherstdə keçirmişdir. Mədəniyyət mərkəzlərindən uzaqda olduğuna görə, zəmanəsinin fəal ədəbiyyatçıları ilə tanış deyildi. Ölümündən sonra Emilinin masa siyirməsində mindən artıq şeirləri aşkar edildi. Kitabı 1955-ci ildə çap olunub.

*
Emily Dickinson

The Heart asks Pleasure -- first --
And then -- Excuse from Pain --
And then -- those little Anodyness
That deaden suffering --

And then -- to go to sleep --
And then -- if it should be
The will of its Inquisitor
The privilege to die –

*

Emili Dikinson

Öncə ürək əyləncə istər,
Sonra ağrıdan imdad diləyər.
Sonra da xırda Anodyness həblərini
Ki, iztirabları susdursun.

Sonra da – yuxuya gedər,
Varlığına inanmadığı Tanrıdan
Ölüm imtiyazı istəyər...

Çevirdi: Sima Ənnağı

8 Kasım 2011 Salı

Müasir rus hərbi poeziyası

(Əfqanistan veteranlarının yaradıcılığından)


Mixail Koşkoş (1964 təvəllüdlü)
*
Əgər qayıtsam
Əgər qayıtsam...
Heç inanmıram ki, qayıda biləm,
Əgər qayıtsam...
Sevincdən ölərəm,
Əgər qayıtsam...
Allaha şükür edərəm
Əgər qayıtsam
Yad eldən doğma qapıma.
Fərəhlə
Qapını açıb
Inanaram qayıtdığıma...
Göy səmalı pəncərəyə söykənərəm,
Göz yaşlarımı kobud ovuclarımda gizlədərəm
Əgər qayıtsam...
*
Hekayət
Evə qayıdarkən, dəstəmiz tələyə düşdü.
Maşın partladı. Məni zirehdən kənara atdı
Böyük üzüm kolluğuna.
Məni görmədi düşmənlər...
Yadımdadı – üç nəfərdi –
Belibükük üç nəfər.
Boğuq səslərini eşidirdim mən.
Və gördüm ki,
Öldürdülər dostlarımı,
Düz gözlərinə baxaraq...

Tozlu günəşli tikili,
Xəstə sarı çöhrələr.
Pəncərədə pərdələr – hərbi rahatlığın rəmzi.
Yalnız bunu arzulardım: yatib hər şeyi unudum.
Bir şeyi xatırlayım – məni hələ sevən var,
Məni gözləyənlər var...
Bahram altındakı sanbat əsgər üçün bir cənnətdir.
Mənsə yuxularımda da döyüşürəm hər gecə,
Quru yemək payım hər gün boğazımda tıxanır,
Öz dəstəmi axtarıram
Hər gün yuxularımda.

İndi deyirlər ki, guya o müharibə səhv imiş.
Bizə o müharibə xədimə sik kimi lazımmış.
Belə deyən zamanlar mən
Protez ayağımı taxan tək
Boş təbəssümü üzümə yapışdırıram.

Yuri Beridze (1956 təvəllüdlü)
*
Piyada alayı
Kirli gölməçələrdən,
Bataqlıqdan,
Yaz çaylarından su içmişəm.
Dözməyərək, dözmüşəm
Ki, alt paltarım batmasın -
Dağlardan güllələr açılanda,
Avtomatlar düz üzümə tuşlananda,
Dekabr şaxtasında ayaqlarımda yaralar donanda.
Hə, çovğun, başla,
Yağış, islat məni,
Günəş – sən də yandır...
Onsuz da piyadanın günü qaradır –
Onun bəxti qandır, tərdir, yaralardır.
Nədir, xoşun gəlmir?
Pah, neçə də zərifsiz...
Əlbət, biz kimə lazım...
Ancaq sizə borcluyuq,
Borcluyuq
Və borcluyuq...
Soyuqda və istidə
Marş,
Marş,
Marş!
Alnımızda güllə izi,
Bədənimizdə deşiklər.
Torpağa yatııb,
Səngərlər qazıb,
Sizin götünüzü qorumaq üçün
Həlak olmaqdır borcumuz!
Siz nə bilirsiz
Piyadanın nələr çəkdiyini...
*
Müharibə aldadar
Müharibə
Bütün gözləntiləri
Aldadacaq.
Kimsə əclaf olacaq,
Kimsə burda heç olmayacaq,
Kimsə döyüş meydanında qalacaq,
Sülhə çatmayacaq...
Müharibə bir seçimdir:
Ya sən onu,
Ya o səni.
Sağ qalanlar da burda
Ruhunu qoyub gedər
Uduzduğunu görmədən.
Dualar səslənər
Döyüşdən əvvəl
Və sonra:
Allahım, qoy ürəyim ağrısın,
Ağrıyırsa, demək, sağam...
*
Hər şey qaydasındadır
Hər şey qaydasındadır,
Qaydasındadır,
Qaydasındadır...
Əlimin altında qara avtomat,
Arxamda – dağların keçilməz layı.
Hər şey qaydasındadır,
Qaydasındadır,
Qaydasındadır...
Bərk döyünən ürəyim də
Yəqin, gecə sakitləşər.
Düzdür, nəfəs almaq çətin,
Hava şüşə kimidir,
Düşmənlərdən xətər yoxdur -
Hamısını öldürmüşəm –
Əcəb eləmişəm.
Nəsə ürəyim dayanır
Yavaş-yavaş.
Bəlkə sanitarlar məni taparlar.
Cibimə məktubu qoydum –
Hər şey qaydasındadır,
Qaydasındadır,
Qaydasındadır...
*
Yuxular
Yaxşı yuxularım olur –
Müharibə yoxdur daha.
Tər içində oyanıram –
Patronum avtomatda ilişib qalıb...
Ay işığında
Gecə nəmliyi pambıq tək şişir.
Lənət şeytana,
Yenə müharibə
Yuxuma girir.

İqor Nekrasov (1966 təvəllüdlü)
*
Şəfqət bacısına
Geyimli insanlar sağ olanlardır.
Lütlər – soyumuş meyidlərdir.
Ağ geyimli bacılar
Cərrahiyyə əsgəridir
Sağ qalmışlarla ölənlər arasında.
Ağrilarla doludur məkan.
Lütlər o dünyaya inanmır artıq – onlar heç yerdə yoxdu...
Ruhları da sürətlə buludlara uçubdur.
Geyimi olanları
Kəsir, mişarlayırlar –
Cəhənnəmə vasil olur talelər.
Yenidəndoğulma? Yox, cərrahiyyə -
Xilas üçün cəhənnəm əzabları.
Çılpaqlar sağ qalanlara həsəd aparmır.
Sağ qalanlar ölənlərə həsəd aparır.
Xalatlı insanlar allaha həsəd aparır –
Istərlər palçıqdan yaradalar kimisə...
Bu həsəddə şəfqət bacısının günahı yoxdur.
İnsanlar vuruşur, yaralanırlar,
Ağrıdan, qəzəbdən bağırırlar...
Bağırtılar zərif çiyinlərə çökür...
Allah var olsaydı, insanları dərddən qurtarardı -
Lütlərə əbədilik lazım deyil,
Əgər insanlıq soyumuşsa...
İnsan həyatına zaman çatmayır.
Dünyanı fillər deyil,
Zərif çiyinlər saxlayır...

Çevirdi: Sima Ənnağı, 2011

12 Ekim 2011 Çarşamba

Tomas Tranströmer. Haykular



Tomas Tranströmer (1931) - Norveç şairi, 2011-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçısı

*
Tutdum qaçqını -
Göbələklə dolu ciblərimi
Boşaltdı.
*
Gecə yük maşını keçir,
Məhbusların yuxusu əsir.
*
Kül rəngli sükut...
Göy yekəpər yanımdan ötür -
Dənizin soyuq küləyi.
*
Günorta təpəyə qalxdım
Keçilər alovu didir
*
Sürünənlər
Terrarium şüşəsi arxasında
Tamam donuq,
Qəribə.
*
Sükutda qadın paltar asır.
Ölüm sakitdir.
*
Ənginliyin dərinlyində
Ruhum uçur –
Ulduz kimi astaca...

Çevirdi: Sima Ənnağı