16 Haziran 2022 Perşembe

Tərcüməm. Patrik Züskind. Qumru

 


İonatan Noeli yeknəsək həyatdan qoparan qəza - qumru əhvalatı baş verəndə, onun yaşı əllini keçmişdi, son iyirmi ilini o, tamamilə hadisələrsiz yaşamışdı, və ağlına da gətirmirdi ki, ölümdən başqa onun həyatında maraqlı nəsə baş verə. Bu cür həyatdan Noel  məmnun idi, o, hadisələrə nifrət edirdi, çünki bu zaman daxili tarazlıq pozulur və həyat hərc-mərcliklə dolurdu.

Bu cür hadisələrin əksəriyyəti, Tanrıya şükür, Noelin maraqsız uşaqlıq və gənclik dövrünə təsadüf etmişdi, Noel o hadisələri xatırlamaq istəmirdi, və ya böyük narazılıqla xatırlayırdı, məsələn, 1942-ci ilin bir yay günündə o, balıq ovundan qayıdırdı, hava bürkülü idi, sonra yağış yağdı, Noel çəkmələrini çıxarıb  ilıq yaş asfalt ilə ayaqyalın gedirdi, həvəslə gölməçələri şappıldadırdı. Evə çatanda, Noel mətbəxə qaçdı, anası həmişə  orda vurnuxurdu. Amma anası yox idi, onun önlüyü  kətilin üstünə atılmışdı. Noelin atası dedi ki, ana çıxıb gedib.  Uzun müddətə. Qonşular dedilər ki, ananı Dransi yaxınlığındakı düşərgəyə, sonra da şərqə göndərəcəklər, oradan isə heç kim geri qayıtmır. İonatan başa düşmürdü  ki, nə olub, lap karıxmışdı. Bir neçə gündən sonra ata da yox oldu. Noeli və bacısını yad adamlar gecə vaxtı meşədən keçirib, harasa uzaqlara, çox uzaqlara, cənub istiqamətində gedən qatara mindirdilər, uşaqların heç vaxt görmədikləri   əmilərinin yanına yola saldılar. Əmi uşaqları müharibənin sonunadək  öz fermasında gizlətdi, sonra bostanlarda işləməyə göndərdi.

Əllinci illərin əvvəllərində Noel nökərlik həyatından məmnun olmağa başlarkən, əmisi tələb etdi ki, o, hərbi xidmətə getsin. Noel üçillik əsgərliyə yazıldı.  Əsgərliyin birinci ilində o, insan sürüsü və kazarma həyatının iyrəncliklərinə öyrəşməyə çalışırdı. İkinci il onu Çinə göndərdilər. Üçüncü ilin xeyli hissəsini Noel ayağındakı güllə yaraları və qarın yatalağı ilə xəstəxanada keçirtdi. 1954-cü ildə İonatan əmisinin yanına qayıtdı. Noelin bacısı Kanadaya köçmüşdü. İndi də əmisi tələb edirdi ki, İonatan qonşu kənddən olan Mari Bakuş aldı qızla evlənsin.  Noel qızı heç görməsə də, evlənməyə həvəslə razılıq verdi, onun nikah haqqında dumanlı anlayışı vardı, amma ümid edirdi ki,  evlənsə, nəhayət ki, sabit  rahatlıq tapacaq və həyatı hadisələrsiz davam edəcəkdi.  Evləndikdən dörd ay sonra Mari bir oğlan uşağı doğub, meyvə satan  tunisli bir kişiyə qoşulub qaçdı.

Bütün bu hadisələrdən Noel anladı ki,  insanlara etibar etmək olmaz, sakit yaşamaq üçün insanlardan uzaqlaşmaq lazımdır. Arvadı başqa kişiylə qaçdığına görə Noel kənd camaatı qarşısında gülünc vəziyyətə düşmüşdü, bu da onu əsəbiləşdirirdi, - şit zarafatlara görə yox, diqqət mərkəzində olduğuna görə, - odur ki, ömründə ilk dəfə olaraq o, müstəqil qərar qəbul etdi: “Kredi aqrikol” bankına gedib, hesabındakı bütün pullarını çıxartdı, çamadanını yığıb Parisə yollandı.

Burada Noelin bəxti iki dəfə yaxşı gətirdi.  De Sevr küçəsində yerləşən bankda gözətçi işini tapdı və bir pansionun 7-ci mərtəbəsində otaq kirayələdi. Otağına getmək üçün Noel arxa həyətdən keçib dar pilləkənlə qalxırdı, sonra da cəmi bir pəncərəsi olan alaqaranlıq dar dəhlizlə gedirdi. Nömrələnmiş 20-dən artıq boz qapı dəhlizə çıxırdı, Noelin 24 saylı  darısqal otağı dəhlizin lap ucunda yerləşirdi. Otaqda çarpayı,  masa, kətil, elektrik lampası və asılqandan başqa heç nə yox idi.  Yalnız 60-cı illərin sonunda  elektrik xətləri dəyişdirildi, otaqlarda peç və qızdırıcılar  peyda oldu, su çəkildi, əl-üzyuyanlar qoyuldu. O zamana qədər çardaq mərtəbəsinin bütün əhli  quru yeməklər yeyirdi, soyuq otaqlarda yatırdı, ümumi ayaqyolunda soyuq su ilə corablarını, qabları yuyurdu. Bütün bunlarla Noel razılaşırdı, o rahatlıq deyil, yalnız və yalnız ona məxsus olan etibarlı bir sığınacaq axtarırdı, elə bir yer ki,  Noeli həyatın xoşagəlməz qəfilliklərindən müdafiə etsin və heç kim onu qova bilməsin.  24 saylı otağa ilk  dəfə qədəm qoyanda, Noel anlamışdı ki, həmişə arzuladığı və əbədi qalacağı yeri, nəhayət ki, tapıb. (Deyirlər ki, ilk baxışdan aşiq olan bəzi kişilərlə də buna oxşar hal baş verir, onlar ilk dəfə gördükləri qadın barəsində ildırım sürəti ilə qərar qəbul edib anlayırlar ki, məhz bu qadın onların olacaq və  son günədək birlikdə qalacaqlar).

İonatan Noel bu otağı beş min köhnə franka kirayələdi, hər səhər işə getdi, axşam çörəklə, kolbasa ilə, alma və pendirlə qayıtdı. Şam yeməyini yeyib yatdı. Noel xoşbəxt idi. Bazar günləri o, heç evdən çıxmırdı, otağını yığışdırıb, yatağına təmiz mələfə salırdı. Beləcə sakit və razı şəkildə illərlə, on illərlə yaşadı.

Zaman ərzində bəzi şərtlər dəyişirdi, məsələn, kirayə haqqı,  sakinlərin tipi. 50-ci illərdə  qonşu otaqları xidmətçilər, gənc  ailələr, təqaüdçülər kirayələyirdilər. Sonralar  ispanlar, portuqallar, şimali afrikalılar gəlib-getməyə başladılar. 60-cı illərin sonunda tələbələr peyda oldular, lakin onlar da getdilər. Nəhayət, bəzi otaqlar daha kirayə verilmədi, boşaldı və aşağı mərtəbələrdə yaşayan sakinlərin anbarlarına və ya qonaqlar üçün əlavə  yataq otaqlarına çevrildi. İonatanın 24 saylı otağı rahat bir yaşayış yeri oldu. O, özünə yeni çarpayı, şkaf aldı, yeddi metr yarımlıq yerə boz xalça döşədi, peç və əl-üzyuyan quraşdırılmış küncə laklanmış qırmızı divar kağızı  yapışdırdı.  Onun radiosu, televizoru və ütüsü vardı.  Ərzaqları əvvəlki kimi kisədə, pəncərənin arxasında asmırdı, balaca soyuducuda saxlayırdı, və, beləliklə, ən isti havada nə yağ əriyirdi, nə vetçina quruyurdu. Noel çarpayının baş tərəfində kitab rəfini yerləşdirmişdi, 17-dən çox kitabı  - üçcildli tibbi cib lüğəti, kromanyonlar, tunc dövrünün əritmə üsulları, Qədim Misir, etrusklar, Fransız inqilabı haqqında nəfis tərtibatlı kitabları, yelkənli gəmilər haqqında bir kitabı, bayraqlar haqqında daha bir kitabı, tropik ölkələrin faunası  haqqında başqa bir kitabı, Aleksandr Düma-atanın iki romanı, Sen-Simonun xatirələri, qatı şorba reseptləri kitabı,”Kiçik Laruss” və “Şəxsi tapançadan istifadə üzrə mühafizə işçilərinin qısa sorğu kitabı”  vardı. Çarpayının altında  bir düjin qırmışı şərab şüşələri  saxlanırdı, onların arasında bir şüşə Şate Şeval şərabı vardı, onu Noel 1998-ci ildə, təqaüdə çıxan gün içəcəkdi. Otaqda lampalar elə quraşdırılmışdı ki, Noel otağın üç yerində - çarpayının başında və ayağında, eləcə də masa arxasında oturub rahatca qəzet oxuya bilirdi, işıq gözünə vurmurdu, qəzetə kölgə düşmürdü.

Düzdür, əlavə əşyalardan otaq, içi sədəflə dolu balıqqulağı kimi daralmışdı, gəmi kayutasına, və ya qatar kupesinə oxşayırdı. Lakin İonatan üçün 30 il ərzində bu otaq həqiqi məğzini dəyişməmişdi: bura Noel üçün etibarsız dünyanın  etibarlı adası idi, möhkəm dayağı, sığınacağı, sevgilisi idi, bəli, sevgilisi, çünki axşamlar Noel işdən qayıdanda, bu balaca otaq onu  incə şəkildə qucaqlayırdı, qızdırırdı, müdafiə edirdi, ruhunu və bədənini qidalandırırdı, otaq həmişə Noeli qəbul etməyə hazırdı və heç vaxt ondan üz döndərməzdi. Həqiqətən otaq Noelin həyatinda  etibar ediləcək yeganə yer idi. Noel bir an olsa belə, ağlına gətirmirdi ki, nə vaxtsa otağı tərk edə bilər, hətta indi, Noelin  yaşı əllini ötsə də, yeddinci mərtəbəyə qalxmaq çətinləşsə də, daha rahat, mətbəxli-hamamlı mənzil kirayələməyə imkanı olsa da.  Noel öz sevgilisinə sadiq qalırdı və otağa daha çox bağlanmağı, otağı özünə daha çox bağlamağı düşünürdü.  Noel otaqla münasibətini  əbədi qırılmaz etmək, yəni, otağı almaq istəyirdi. O, evin sahibəsi madam Lassal ilə artıq müqavilə də bağlamışdı. Otaq ona 55 min yeni franka başa gələcəkdi,  Noel 47 min frankı artıq ödəmişdi.  Qalan 8 min frankı ilin sonunadək ödəyəcəkdi. Və o zaman otaq yalnız Noelə məxsus olacaqdı və ölümə qədər onları – İonatanı və sevimli otağını  – heç nə bir-birindən ayıra bilməyəcəkdi.

1984-cü ilin avqust ayında, cümə gününün səhəri qumru ilə bağlı hadisəyə qədər Noelin həyatı bu cür idi.

*

İonatan təzəcə yuxudan oyanmışdı. O, ev başmaqlarını və xalatını geyib həmişəki kimi, üzünü təraş etməzdən əvvəl, mərtəbədə yerləşən ayaqyoluna getməliydi. Qapını açmadan, Noel qulağını qapiya dirədi ki, dəhlizdə kiminsə olub-olmadığını bilsin. O, qonşularla rastlaşmağı sevmirdi, xüsusilə səhərlər, pijamada və hamam xalatında, özü də ayaqyoluna gedərkən. Kiminləsə ayaqyolu qarşısında rastlaşmaq fikri Noeli dəhşətə gətirirdi. Belə bir hadisə bircə dəfə, 1959-cu ilin yayında, 25 il əvvəl baş vermişdi, həmən hadisəni xatırlayarkən, Noel səksənirdi: bu həm başqa insanı görüb qorxmaq idi, həm də anonimliyin itirilməsiydi, həm də hər iki tərəfin bir-birinə nəzakətlə yol verməsiydi – ah, buyurun, ah, yox, siz keçin, müsyö... yox, mən tələsmirəm, yox, yox, siz keçin... özü də pijamada! Noel heç vaxt belə hissləri bir də yaşamaq istəmirdi, ona görə səsləri dinləyirdi, o, mərtəbədəki hər səsə bələd idi. Noel hər səsi, hər taqqıltını, hər xışıltını, hətta səssizliyi izah edə bilirdi.  İndi də qulağını bir neçə saniyəlik qapiya dirəyəndə dəqiq bildi ki, dəhlizdə heç kim yoxdu, ayaqyolu boşdur, hamı yatıb. Noel sol əliylə  cəftəni  astaca burub, sağ əliylə qapını yüngülcə itələdi, qapı açılanda sol ayağını kəndara qoyub addım atmağa hazırlaşırdı ki, - birdən onu gördü.

O, qapı ağzında, təxminən iyirmi santimetrlik məsafədə, pəncərədən süzülən ağımtıl sübh işığı altında dayanmışdı.  O - qurğuşunlu-boz lələkli, qırmızı caynaqlı qumru.

Qumru boynunu yana əyərək, sol gözü ilə İonatana baxırdı. Bu balaca yumru kürə - qara bəbək dəhşətə gətirirdi. Qumrunun gözü sanki düymə kimi başına tikilmişdi,  quşun kirpikləri, qaşları yoxdu,  çılpaq gözü həyasızcasına baxırdı və dəhşətli şəkildə açıqdı, eyni zamanda göz cansız idi, kənar işığı udub içəridən  bir şüa da buraxmayan fotoaparatın şüşəsi kimi. Bu gözdə nə parıltı, nə işıq, nə də canlı nəsə vardı. Bu baxışsız bir göz idi. Və göz İonatana zillənmişdi.

İonatan dəhşətli dərəcədə qorxdu, bəlkə də  sonralar bu anı qorxu kimi izah edərdi, amma hal-hazırda hissin izahı dəqiq deyildi, çünki qorxu sonra yarandı, indi Noel ölümcül sarsılmışdı. Əbədiyyət kimi görünən 5-10 saniyə ərzində o, qapının kəndarında donub qaldı. Sonra cüzi bir hərəkət oldu, ya qumru pəncələrini tərpətdi, ya lələklərini əsdirdi, hər halda onun bədəni tərpəndi  və eyni anda göz qapaqları – biri yuxarıdan, biri aşağıdan – qapandı, bir anlıq göz yox oldu. Və İonatanı qorxu bürüdü, dəhşətdən saçları biz-biz oldu. O, geriyə, otağa çəkilərək, qumrunun gözü açılmamış, qapını çırpdı. Qıfılı bağladı, üç  addım atıb çarpayıya əyləşdi. Ürəyi dəlicəsinə döyünürdü, bədəni əsirdi. Alnı buz kimi idi, boynunun arxasından, onurğa sütunu boyu tər axırdı.

İlk fikri bu idi ki, indicə ya infarkt olacaq, ya iflic, yaşım da uyğundur , - İonatan düşündü. Adamın yaşı əllini keçəndə, bu cür bədbəxtliyin zamanı çatır. O, çarpayıya yanakı uzanıb yorğanı soyuq çiyinlərinə çəkdi, bərk ağrını, sinəsində və kürəyində sancmaları gözlədi (tibbi cib lüğətində oxumuşdu ki, infarkt və ya şüurun yavaş-yavaş sönməsi bu cür danılmaz əlamətlərlə özünü göstərir). Amma heç nə baş vermədi. Nəbzi sakitləşdi, qan rəvan şəkildə damarlarında axdı, iflicin əlamətləri görünmədi. İonatan barmaqlarını, üz əzələlərini  tərpədə bilirdi, demək, üzvi və nevroloji cəhətdən hər şey qaydasındaydı.

Lakin beynində idarəolunmaz  qorxulu fikirlər nizamsız şəkildə artırdı, sanki başında bir dəstə qara qarğa qışqırıb çırpınırdı. Qarğalar qırıldayırdı: “Sənin işin bitib! Qocasan, gücsüzsən! Qumru səni ölümcül qorxudacaq, sən ondan qorxursan, o səni otağa qovdu, səni məhv edəcək, əsir alacaq. İonatan, sən öləcəksən. Indi də olmasa, tezliklə öləcəksən, həyatın bir səhv idi, səni hansısa qumru dəhşətə gətirirsə, sən mənasız həyat yaşamısan. Qumrunu öldürməlisən, amma sən öldürə bilmirsən, bir milçəyə də əl vurmamısan, hə, bəlkə  milçəyi, ya cücünü öldürə bildin, amma istiqan, bir funtluq çəkisi olan canlını öldürə bilməzsən, sən təsadüfən insanı öldürə bilərsən, paf-paf, bu ani olur, balaca deşik açılır, səkkiz millimetrlik, müdafiə üçün adam öldürməyə icazə var, buna silahlı daxili və xarici mühafizə işçilərinin vəzifə təlimatının birinci maddəsi ilə icazə verilir, və heç kim, bir şəxs də adamı güllələdiyinə görə sənə irad tutmaz, əksinə, amma qumru? Qumrunu necə güllələməli?  Axı o, qanadlarını əsdirir, güllə hədəfə dəyməyə bilər, qumruya güllə atmaq kobudluqdu, pozğunluqdu, bu qadağandır, buna görə  xidməti silahdan məhrum edərlər, iş yerini itirərsən, həbs olunarsan, yox, qumrunu öldürə bilməzsən, amma onunla yaşamaq, yaşaya da bilməzsən, heç vaxt. Quşun yaşadığı evdə insan yaşaya bilməz, quş nizamsızlıq və anarxiyadır, quş ora-bura uçur, hər şeyə ilişir, adamın gözlərini dimdikləyir, hər yeri batırır, ziyanlı bakteriyaları və meningit virusunu yayır, o, tək qalmır, digər qumruları da cəlb edir, onlar arasında cinsi əlaqələr olur, quşlar artır, dəli sürətlə çoxalır,  böyük bir göyərçin dəstəsi səni dövrəyə alır, daha otaqdan çıxa bilmirsən, acından ölürsən, öz ifrazatında boğulursan, bir çarən qalır ki, özünü pəncərədən atıb, səkiyə çırpılasan, yox, hardan, sən qorxaqsan, otağında qalıb köməyə çağıracaqsan, qışqıracaqsan ki, yanğınsöndürmə komandası pilləkənlərlə qalxsın və səni quşun əlindən, qumrudan xilas etsin! Bütün ev sənə güləcək, məhəllə güləcək, barmaqla səni göstərib deyəcəklər: “Bu müsyö Noeldir! O, quşdan xilas olmaq üçün yalvarırdı!” və səni dəlixanaya aparacaqlar, ah, İonatan, İonatan, sən ümidsizsən, sən məhv oldun, İonatan!”.

Bax beləcə onun başında nəsə qışqırıb uğuldayırdı, İonatan elə xəcalət çəkirdi ki, uşaqlıqdan etmədiyini etdi: əllərini dua üçün cütləyib dedi: “Aman allah, nə üçün məni tərk etdin, Tanrım? Niyə məni cəzalandırırsan? Məni bu quşdan xilas et! Amin!”. Göründüyü kimi, bu dua həqiqi dua deyildi, dini tərbiyənin keçmiş qırıq xatirələri idi. Amma bu kömək etdi, İonatan fikrini cəmləyə bildi, nizamladı. Dua bitəndən sonra İonatan hiss etdi ki, təcili ayaqyoluna getməlidir, yoxsa yatağını,  gözəl döşəyini və xalçasını isladacaq. Bu fikir onu tamam özündən çıxartdı.  İnilti ilə ayağa qalxıb  qapıya baxdı... yox, qapıdan keçə bilməyəcəkdi, quş uçub gedibsə də, İonatan ayaqyoluna özünü çatdıra bilməyəcək.  O, əl-üzyuyana yaxınlaşdı, xalatını çıxarıb atdı, şalvarını aşağı çəkib kranı açdı və əl-üzyuyana işədi.

Əvvəllər o heç vaxt belə şey etməmişdi. Ağ, qəşəng, parıldayana qədər təmizlənmiş əl-üzyuyan ancaq  yuyunmaq və qab yumaq üçündü. Və əl-üzyuyana işəmək fikri dəhşətli idi! Heç vaxt, heç vaxt İonatan təsəvvür etməzdi ki, belə  vəziyyətə düşəcək, fiziki cəhətdən o, bu naqisliyi edə bilməzdi. Amma indi, sidiyin su ilə qarışıb axmasına, qaynayaraq dəlikdə yox olmasına utanmadan baxarkən, qarnının altında   rahatlıqla yanaşı elə xəcalət hissi duydu ki, hönkürdü. Hər şey qurtarandan sonra o hələ də kranı açıq saxlamışdı, sonra duru yuyucu ilə əl-üzyuyanı səylə təmizlədi ki, sidiyin izi də qalmasın. “Bir dəfə sayılmaz, - İonatan əl-üzyuyan, otaq və özü qarşısında üzr istəyirmiş kimi, donquldanırdı, - bir dəfə sayılmır, mən unikal böhran vəziyyətindəydim, və, əlbəttə, bu hal bir də təkrar olunmayacaq...”.

İndi o, bir qədər sakitləşmişdi.  Əl-üzyuyanın yuyulması, duru yuyucu şüşəsinin yerinə qaytarılması, əsginin sıxılması –  vərdiş etdiyi və sakitləşdirici hərəkətlər yenidən ona zamanın duyumunu qaytardı. O, saata baxdı. Saat səkkizə işləyirdi, adətən bu vaxtlar İonatan üzünü təraş etdikdən sonra yatağını yığmağa başlayardı. Bu gün isə gecikirdi,  səhər yeməyini yeməsə, hər şeyi çatdırardı. Əsas odur ki, otaqdan doqquza 5 dəqiqə işləmiş çıxasan, çünki 10 dəqiqə sonra işdə olmaq lazımdı. İonatanın cəmi 45 dəqiqəsi vardı. Ölümün gözünə baxıb infarktdan qurtulmuş insan üçün 45 dəqiqə çox böyük zaman kəsiyidir.

Beləliklə, o, heç nə olmamış kimi davranmaq qərarına gəldi, əl-üzyuyana isti su doldurub üzünü qırxdı. Üzünü təraş edə-edə dərin düşüncələrə daldı: “İonatan Noel, iki il Çində əsgər oldun və sağ qaldın. Bütün iradəni, kişiliyini topla və otaqdan çıx. Tutaq ki, qapı ağzındakı o iyrənc quşun yanından keçə bildin, arxa pilləkənə və təhlükəsiz yerə çatdın. İşə gedə bilərsən, günün sonunadək sağ qalarsan, amma bəs sonra? Sonra nə edəcəksən? Axşam hara gedəcəksən? Harda gecələyəcəksən?”.  Artıq aydın idi ki, qumrunun yanından birtəhər sivişib kecəndən sonra İonatan quşu ikinci dəfə görmək istəmirdi, o, quşla bir dam altında bir gün də, bir  gecə də, bir saat da yaşaya bilməzdi. Deməli, bu gecəni, və bəlkə də, növbəti gecələri hansısa pansionda keçirməli olacaqdı. Bu o deməkdi ki, gərək özüylə ülgüc, diş fırçası,  dəyişik alt paltarı götürsün. Bundan əlavə, çek kitabçası və əmanət kitabçası da lazım olacaqdı. Ucuz otel tapsa, iki həftə yaşaya bilər. Əgər qumru yenə də onun otağını tutsa, onda bütün pulları bankdan çıxarmaq lazım gələcək. İonatanın 6 min frankı vardı, böyük məbləğ idi. Bu pula oteldə bir neçə ay yaşamaq olar. O həm də  maaş alır, ayda 4 min franka yaxın. Digər tərəfdən, ilin sonunda madam Lassala 8 min frank, otağın son haqqını ödəməlidir. Onun otağının. Daha yaşaya bilməyəcəyi otağın. Bəs madam Lassala ödənişin gecikməsi haqqında necə desin? “Madam, mən sonuncu ödənişi edə bilməyəcəm, çünki artıq bir neçə aydır ki, başqa oteldə yaşayıram, çünki sizdən almaq istədiyim otağı bir qumru zəbt edib”?  Onun belə sözü deməyə cürəti çatmaz.  Birdən xatırladı ki, 5 qızıl sikkəsi var, onları 1958-ci ildə Əlcəzair müharibəsi zamanı almışdı, təkcə onları götürməyi unutmasın,  unutmasın... Bir də anasından ensiz qızıl bilərzik qalmışdı. Və tranzistorlu radioqəbuledicisi vardı. Və diyircəkli gümüş qələmi vardı, milad bayramında bütün işçilərə hədiyyə vermişdilər. Bu qiymətli əşyaları sata bilsə, çox qənaətlə xərcləsə, Yeni ilə qədər oteldə yaşamaq  və madam Lassala son ödənişi etmək olar. Yanvarın birindən isə vəziyyət dəyişməlidir, axı o, otaq sahibi olacaqdı və daha kirayə pulu verməyəcəkdi. Bəlkə də qumru qışlamadı. Görəsən, qumruların ömrü nə qədərdir? Neçə il yaşayırlar? İki il? Üç? 10 il? Bəlkə qumru  qocadır? Bəlkə, bir həftədən sonra öləcək? Bəlkə elə bu gün öldü? Bəlkə o, elə ölmək üçün peyda olub...

İonatan üzünü təraş edib bitirdi, suyu əl-üzyuyandan buraxdı, onu yaxaladı, yenə su yığdı, qurşağa qədər yuyundu, ayaqlarını yudu, dişlərini təmizlədi, yenə suyu buraxıb əl-üzyuyanı əsgi ilə quruladı. Sonra yatağını yığdı.

Şkafın altında çirkli pal-paltar yığdığı köhnə taxta çamadanı vardı. Ayda bir dəfə həmin çamadanla camaşırxanaya gedirdi. İndi çamadanı çıxarıb boşaltdı və çarpayıya qoydu. Bu çamadanla o, 1954-cü ildə Parisə gəlmişdi. Çamadanı yatağın üstündə görəndə və ona çirkli deyil, təmiz pal-paltarı, bir cüt ayaqqabını, ülgücü, ütünü,  çek kitabçasını və zinət əşyalarını yığanda, - sanki səyahətə hazırlaşırdı, - İonatanın gözləri yaşla doldu, amma bu xəcalətdən deyil, səssiz ümidsizlikdəndi. Ona elə gəlirdi ki, həyat onu 30 il geriyə atıb və o, ömrünün 30 ilini itirib.

Çamadan hazır olanda, artıq saat səkkizə qalırdı. İonatan geyindi: əvvəlcə, həmişə olduğu kimi, iş formasını geydi (boz şalvar, göy köynək, dəri gödəkçə, dəri  tapança qabı, boz papaq). Sonra  qumru ilə görüşə hazırlaşdı. Onu dəhşətə gətirən ən müdhiş fikir qumru ilə mümkün ola biləcək fiziki təmas idi, məsələn, quş  onun ayağını dimdikləyə bilərdi, və ya qanadlarını açıb İonatanın əlinə ya boynuna toxunardı, və ya bəlkə onun üstünə qonub caynaqları ilə bərk-bərk  yapışardı.  Bu səbəbdən İonatan yüngül ayaqqabı əvəzinə hündürboğaz, kobud qoyun dərisindən tikilmiş, altıqalın çəkmələrini geyindi, onları adətən qışda geyirdi, sonra qış paltosunu əyninə keçirtdi, yuxarıdan aşağıya qədər düymələndi, yun şərfi boynuna kip doladı, əllərini astarlı dəri əlcəklə müdafiə etdi.  Sağ əlinə çətiri götürdü. Və bu şəkildə hazırlanaraq, otaqdan çıxmağa qərar verdi. Səkkizə yeddi dəqiqə qalırdı.

İonatan forma papağını çıxarıb qulağını qapıya tutdu. Sakitlikdi. Yenə papağı başına qoydu, onu alnına çəkdi, çamadanı götürüb qapının ağzında yerləşdirdi. Sağ əlini azad etmək üçün çətiri qolundan asdı, ehtiyatla qapının  cəftəsini açaraq, qapını azacıq araladı və dəhlizə boylandı.

Qapı ağzında qumru yoxdu.  Onun oturduğu yerdə, döşəmədə yaşıl ləkələr qalmışdı, havada xırda  ağ lələk əsirdi.  İkrah hissiylə İonatan diksindi.  Həmən an qapını çırpıb otaqda gizlənmək istədi.  Bütün bədəni ilə arxaya, arxadakı etibarlı otağa çəkildi ki, dəhlizdəki müdhiş canlıdan uzaq olsun.  Bir də gördü ki, yaşıl ləkələrin sayı çoxdur, bütün dəhliz nəm yaşıl ləkələrlə doludur. Və qəribə  nəsə baş verdi: bu qədər iyrənc işarələr  İonatanın nifrətini artırmadı, əksinə, mübarizə əzmini möhkəmlətdi: yeganə yaşıl ləkə qarşısında o, bəlkə də geri çəkilib qapı arxasında gizlənərdi. Amma qumrunun bütün dəhlizi batırması, bu hadisənin adiliyi İonatanı cürətləndirdi. O, qapını geniş açdı.

Və qumrunu gördü.  Qumru sağ tərəfdə, bir metr yarımlıq məsafədə, dəhlizin küncünə qısılmışdı.  O küncə işıq az düşürdü, İonatan ora ani nəzər saldi, bilmədi, qumru yatıb ya oyaqdır, onun gözü bağlıdır, ya açıqdır.  Heç bunu bilmək də istəmirdi.  İonatan ümumən qumrunu görmək niyyətində deyildi.  Tropik fauna haqqında kitabda oxumuşdu ki, bəzi heyvanlar, məsələn, oranqutanqlar, insan onların gözünə baxarkən, adamın üzərinə atılırlar, onlara fikir verməyəndə isə səni rahat buraxırlar. Bəlkə bu, qumrulara da aiddir.  Hər halda, İonatan qərara gəldi ki, özünü elə aparsın ki, sanki qumru yoxdu, yəni, qumru tərəfə baxmasın.

İonatan ehtiyatla çamadanı qapıdan çıxartdı və yaşıl ləkələr arasından keçdi. Sonra çətiri açıb sol əliylə onu sinəsinə və üzünə qalxan kimi tutdu, qapını örtdü. Nə qədər özünü heç nə olmamış kimi aparmağa çalışsa da, yenə də qorxdu, ürəyi ağzından çıxacaqdı, əlcəkli barmaqları ilə  açarı cibindən çıxartdı, İonatan elə əsəb hissi keçirirdi ki,  çətiri az qala əlindən salacaqdı, açar yaşıl ləkənin yanına düşdü,  İonatan aşağı əyilməli oldu, və nəhayət, açarı götürüb əsəbindən üç dəfə onu kilid yerinə sala bilmədi, nəhayət, qapını bağladı. Həmən an arxadan qanadların xışıltısını eşitdi... ya bəlkə çətirlə divara toxunmuşdu? Sonra qanadların ani quru xışıltısını aydın eşitdi və İonatanı dəhşət bürüdü. O, dərhal açarı dartıb çıxartdı, çamadanı qapıb, çətiri divara sürtərək, çamadanı taqqıltı ilə digər qapılara  çırparaq, qaçdı. Dəhlizin ortasında  o, taybatay açılmış pəncərəyə ilişdi, arxasınca çətiri sürüyə-sürüyə elə sürətlə uzaqlaşırdı ki, çətirin parçası çırılıb dağıldı, amma Noel heç  nəyə fikir vermədən sürətlə dəhlizdən qaçıb getdi,  buralardan uzaq, uzaq olmalı...

Pilləkənə çatıb bir an dayandı ki, ona mane olan çətiri bağlasın, və arxaya baxdı:  səhər günəşinin parlaq şüaları  pəncərədən dəhlizə süzülüb, dəhlizin kölgəsində  işıqlı bir kvadrat  yaratmışdı.  İşıq gözünə düşdüyündən, İonatan gözlərini qıydı və gördü ki, hardasa çox uzaqda qumru qaranlıq küncdən çıxdı, bir neçə addım irəlilədi və yenidən İonatanın düz qapısı önündə oturdu.

İonatan ikrah hissi ilə üzünü çevirdi və pillələri düşdü. Artıq qəti əmin idi ki, bir daha bura qayıda bilməyəcək.

(ardı var)

Çevirdi: Sima

Hiç yorum yok:

Yorum Gönder