16 Haziran 2022 Perşembe

Tərcüməm. Patrik Züskind. Qumru (davamı)

 


Günün ikinci yarısını İonatan dərd və qəzəb içində keçirtdi.  O, bankın qarşısında, ən yuxarı pillədə, sütuna yaxın yerdə dayanmışdı, amma sütuna söykənmirdi, zəifliyinə tabe olmaq istəmirdi.  Sütuna söykənmək çətin idi, bunun üçün gərək əllərini arxada cütləyəsən, bu da mümkün deyildi, çünki İonatanın sol əli deşikli budundan aşağı sallanıb deşiyi gizlədirdi. Müvazinətini saxlamaq üçün o, ayaqlarını çox aralı açmışdı, gənc mühafizəçilərin duruşu kimi nifrət etdiyi şəkildə dayanmalı olmuşdu. Hiss etdi ki, onurğası əyilir, dik və sərbəst saxladığı boynu isə çiyinləri arasına düşür, başı papaqla bərabər aşağı enir və günlük altından baxışı qəzəbli və şübhəli görünür, üzündə digər gözətçilərdə nifrət etdiyi qaraqabaq ifadə yaranır. İonatana elə gəlirdi ki, şikəstdir, gözətçiyə karikaturadır, özünün təhrif olunmuş təsviridir. O, bu saat özünə nifrət edirdi. Özü-özünə nifrəti elə aşıb-daşırdı ki, dərisindən çıxmağa hazır idi, çünki hər yeri qaşınırdı, dərisinin hər məsaməsindən tər axırdı, geyimi bədəninə ikinci dəri kimi yapışırdı. Geyimin bədənə yapışmadığı yerdə də, dəri ilə paltarı arasında bir az hava olan yerlərdə: baldırlarında, qoltuq altında, hülqumunun altındakı çökəklikdə...dəhşətli qaşınma vardı, çünki tər iri damlalarla çökəklikdən axırdı, məhz buranı İonatan qaşımaq istəmirdi, özünə yüngüllük gətirmək istəmirdi, çünki bu, onun ümumi dərdinə kömək edə bilməyəcəkdi, əksinə, gülünc vəziyyətə salacaqdı. İndi İonatan dərd çəkmək istəyirdi. Nə qədər dərdi böyük olsaydı, daha yaxşı idi. Dərd onun nifrətini və qəzəbini gücləndirirdi və onlara bəraət qazandırırdı, eyni zamanda nifrət və qəzəb dərdini artırırdı, çünki onlar qanı həyəcanlandırır və dəridən yeni tər dalğalarını sıxışdırıb çıxarırdı. İonatanın üzü islanmışdı, çənəsindən və saçlarından tər damırdı, papağının kənarı şişmiş alnını kəsirdi. Lakin o, bir anlıq da papağı çıxartmaq istəmirdi. Papaq buxar qazanının qapağı kimi, İonatanın başında qalmalı, başı partlayana qədər dəmir halqa kimi gicgahlarını sıxmalıdır. İztirablarını azaltmaq üçün heç nə etmək istəmirdi. O, tərpənməz halda saatlarla dayandı. Yalnız hiss edirdi ki, onurğası, çiyinləri, boynu və başı necə əyilir, bədəni iyrənc  şəkildə necə bükülür.

Və nəhayət, - o, buna da qarşılıq vermək istəmirdi və bacarmırdı, -  özü-özünə olan hirsi o qədər artmışdı ki, qəzəb papağın altından nifrətlə baxan gözlərinə qədər qalxdı və dünyaya olan ən miskin hiss kimi içindən çölə axdı. Gözünə dəyən hər şeyə İonatan nifrətini yağdırırdı; demək olar ki, real dünya onun gözlərində inikas etmirdi, şüalar əks istiqamətliydi və gözlər xaricə açılmış pəncərələr kimi daxildəki təhrif olunmuş obrazları dünyaya tüpürürdü:  məsələn, bax, kafenin ofisiantları səkidədirlər, gənc axmaq avaralar masalar arasında gəzişirlər, qeybət edirlər, çımxırırlar, yoldan keçənlərə mane olurlar, qızların arxasınca fit çalırlar, axmaq məzhəkəçilər, ancaq onu bilirlər ki, qapını açıb-bağlayaraq, bağırsınlar: “Bir qəhvə! Bir pivə! Bir limonad!”, sonra da yellənə-yellənə sifarişin dalınca gedirlər, artistsayağı jestlər edərək, siniləri atıb-tuturlar, fincanı şəstlə masaya qoyurlar, koka-kola şüşəsini dizləri arasında sıxıb dərhal açırlar, kassa çekini dişlərində tuturlar, sonra çeki ələ tüpürüb,  külqabının altına qoyurlar, o biri əli ilə qonşu masadan xırda pulları yığırlar, xeyli puldur, qiymətlər, axı, astronomikdir,  bir ekspresso qəhvəsi – 5 frank, balaca pivə - 11 frank, üstəlik küçədə əzilmə-büzülmə xidmətə görə 15 faiz əlavə haqq, üstəlik, çay pulu, bəli-bəli, bu avaralara, qaniçənlərə, gopçulara, xüsusi çay pulu vermək lazımdır, yoxsa müştəri ilə heç sağollaşmazlar; çay pulu verməyən müştərini onlar görmürlər, arxa çevirirlər, sən kafedən çıxıb gedirsən, bu avaralar isə sənə həyasız dallarını və pulla dolu qara pulqabını nümayiş etdirirlər və qəsdən pulqabını kəmərdə bərkidirlər, axmaqlar, yağlı qoyun dalı kimi şişmiş pulqabını hamıya göstərirlər...ah, İonatan sərin rahat qısaqol köynək geymiş bu təlxəkləri, bu burnu fırtıqlı uşaqları baxışları ilə öldürməyə hazırdı! Küçəni qaçaraq keçib, kölgə salan örtüyün altında bu gənclərə qulaqburması vermək, camaatın gözü qarşısında sifətlərini şillələmək, özü də düz küçənin ortasında, sol yanağına bir zərbə, sağ yanağına, sola, sağa, şap, şap, sonra da qarnına, sonra da ayağıyla dalına bir təpik...

Təkcə onları deyil! Təkcə ofisiantların deyil, bütün müştərilərin, yüngül yay geyimlərində və həsir şlyapalarda gəzişən, bahalı limonadlar içən gicbəsər turistlərin də mitilini bayıra atmaq, dallarını təpikləyə-təpikləyə qovmaq lazımdır. Bu axmaqlar əylənən zaman başqa insanlar ayaqüstə tər içində işləməli olurlar. Hələ avtomobilçilər! Üfunətli dəmir qablara minmiş bu küt meymunlar, havanı zəhərləyənlər, iyrənc davakarlar hər gün de Sevr küçəsi ilə yuxarı-aşağı şütüyürlər. Onsuz da burda hər şey üfunətlə dolub! Bəs küçədəki səs-küy? Şəhərdəki səs-küy? Bir tərəfdən, dözülməz isti, göydən od yağır, hələ bir bunlar da motorları ilə bütün havanı udub bizi zəhərləyirlər, his, qara tüstü ilə ləyaqətli vətəndaşların burnunu doldururlar! Əclaflar! Nəcis kisələri! Cinayətkarlar! Hamınızı yer üzündən silmək lazımdır! Bəli! Qanına qəltan olana qədər qamçılamaq və məhv etmək. Güllələmək. Hamısını son adama qədər. O! İonatan tapançasını çıxarıb kafedə oturanlardan kimisə necə də güllələmək istəyirdi, şüşə vitrinləri elə dağıtmaq istəyirdi ki, qırıntılar cingilti ilə tökülsün, və ya avtomobilləri, üzbəüz  yerləşən eybəcər, hündür, təhlükəli böyük binaları güllə atəşinə tutmaq istəyirdi, və ya sadəcə havaya, isti səmaya, insanı əzən, dumana bürünmüş, göyərçin kimi boz səmaya güllə atmaq istəyirdi ki, səma partlasın, güllədən onun qurğuşun qatı tökülüb hamını əzsin, hamını, hər şeyi, bu iyrənc pozğun üfunətli dünyanı öz altında məhv etsin. İonatan Noelin nifrəti bu gün elə böyük, elə nəhəng idi ki, şalvarındakı bir deşiyə görə o bütün dünyanı xarabalığa çevirmək istəyirdi!

Lakin o, Tanrıya şükür, heç nə etmədi. O nə səmaya güllə açdı, nə üzbəüz yerləşən kafeyə, nə də şütüyən avtomobillərə. O dayanıb tərləyirdi və yerindən tərpənmirdi. Onu cuşa gətirən və dünyaya nifrətini gözlərindən tökdürən qüvvə elə iflic etmişdi ki, o, bir əzələsini də tərpədə bilmirdi, bu vəziyyətdə əlinə silah alıb tətiyi basa bilməzdi, bu nədir ki, o, heç başını tərpədib burnunun ucundakı əzablı tər damlalarını silə bilmirdi. Bu qüvvə onu daşa döndərmişdi. Bu saatlar ərzində bu qüvvə  onu  sfinksin qorxunc-gücsüz heykəlinə çevirmişdi. Bu qüvvə dəmiri maqnitləşdirən və havada saxlayan elektrik gərginliyi kimi idi, yaxud hündür tavanın hər daşını müəyyən yerdə saxlayan təzyiq qüvvəsi kimi idi. Onun bütün potensialı “edərdim, edərəm” sözlərində cəmləşmişdi, ən ağır lənətləri və hədələri donquldayan İonatan eyni zamanda yaxşı anlayırdı ki, heç vaxt istədiklərini edə bilməyəcək. O elə adam deyildi. O, qarışıq hisslərindən dəli olmuş və ya qəfil nifrətdən ağlını itirərək cinayət törətmiş fanatik deyildi; bu cinayət ona əxlaqsızlıq kimi görünmürdü, sadəcə o, özünü nə bir hərəkətlə, nə bir sözlə ifadə edən adamdı. İonatan fəaliyyətli deyildi. O, dözən idi.

Axşam saat beşə qədər İonatan elə vəziyyətə gəlmişdi ki, portalın üçüncü pilləsindəki öz iş yerini nə vaxtsa tərk edəcəyinə inanmırdı. O burda öləcəkdi. İonatan sanki 20 il qocalmışdı,  boyu 20 santimetr qısalmışdı, qızmar günəş altında saatlarla dayanması və boğduğu daxili nifrəti onu əritmiş və tamamilə zəiflətmişdi, bəli, elə zəiflətmişdi ki, o, artıq tərin nəmliyini hiss etmirdi, tamam tükənmiş, diri-diri yanmış, beş min ildən sonra dağılmış sfiks kimi parçalanmışdı; bir azdan İonatan tamam quruyacaqdı, büzüşəcəkdi, dağılıb toz və ya kül olacaqdı, və burada, bu yerdə xırda palçıq topası kimi qalacaqdı, sonra onu külək sovuracaq, və ya  süpürgəçi süpürüb atacaqdı, və ya yağış yuyub aparacaqdı. Bəli, İonatanın həyatına belə son qoyulacaqdı: təqaüdə çıxmış hörmətli cənab kimi öz evində, öz yatağında deyil, burada, bankın darvazası önündə zibil topası şəklində öləcəkdi. Və İonatan arzuladı ki, bu hadisə artıq baş versin, dağılma prosesi başlansın və ölümü gəlsin. O istəyirdi ki, şüuru onu tərk etsin, dizləri qatlansın və o, yerə yıxılsın. İonatan çalışırdı ki, huşunu itirib yıxılsın. Uşaqlıqda buna oxşar nəsə edə bilirdi. İstədiyi vaxt ağlayırdı, nəfəsini qısıb, huşsuz halda yerə yıxılırdı, və ya ürəyinin döyüntüsünü zəiflədirdi. Amma indi bunların heç birini edə bilmirdi. O, ümumiyyətlə özünü idarə edə bilmirdi. Yerə oturmaq üçün dizlərini qatlaya bilmirdi. O yalnız dayanıb baş verənləri qəbul edə bilirdi.

Bu an İonatan müsyö Redelin limuzininin sakit uğultusunu eşitdi. Siqnal səsini yox, sakit bir uğultunu. Avtomobil həyətdən darvazaya yaxınlaşırdı. Bu səs İonatanın qulağına çatan kimi bütün bədəninin sinirlərindən cərəyan keçdi, İonatan hiss etdi ki, dizlərində nəsə şaqqıldadı, onurğa sütunu düzləndi. O hiss etdi ki, kənara qoyduğu sağ ayağı sol ayağa birləşdi, sol ayaq dabanı üstə fırlandı, sağ dizi yeriş üçün qatlandı, sonra sol ayağı, sağ, sol...və o getdi, yox, qaçdı, bir atımla üç pilləni keçib, darvazaya tərəf qaçdı, dik dayanıb barmaqlığı qaldırdı, əlini papağına aparıb salamladı və limuzini buraxdı. Bütün bunları İonatan avtomatik şəkildə, iradəsinin iştirakı olmadan yerinə yetirirdi, sadəcə şüuru ilə hərəkətlərini və jestlərini qeydə alırdı. Bu hadisədə yeganə şəxsi iştirakı - müsyö Redelin limuzininin arxasınca nifrət dolu nəzərlər salmaq və xeyli səssiz lənətlər yağdırmaq oldu.

Lakin sonra, yenə də öz postuna qayıdanda, bu qəzəb, son şəxsi impuls sönmüşdü. İonatan mexaniki şəkildə üçüncü pilləyə qalxana qədər nifrətinin qalıqları yox oldu, artıq gözləri nifrət , zəhrimar saçmırdı, laqeyd və küt şəkildə küçəyə, aşağıya baxırdı. Sanki bu gözlər İonatana məxsus deyildi, o, gözlərin arxasında əyləşib cansız yumru pəncərələrdən baxırmış kimi, baxırdı. Bədəni də onunku deyildi, İonatandan qalmış, özgə bədənində sığınacaq tapmış cılız qurumuş bir cırtdan kimiydi,  sanki idarə edə bilmədiyi nəhəng  və mürəkkəb insan maşınının içində köməksiz bir cırtdan vardı. İonatan sütunun yanında sakitcə dayanmışdı, lakin indi sfinks sakitliyini itirdiyindən, lazımsız kukla kimi kənara atılmışdı. Beləliklə, o, daha 10 dəqiqə dayandı, düz saat altının yarısında xarici zirehli qapıda müsyö Vilman görünüb, “Bağlayırıq!” qışqırana qədər.  Həmin an kukla İonatan Noel adlı insan mexanizmi itaətkarcasına hərəkətə gəldi, banka daxil olub, qapıları bağlayan elektrik qurğunun idarə lövhəsinin qarşısında dayandı və növbə ilə iki düyməni basdı – biri daxili zirehli, digəri xarici zirehli qapını idarə edirdi. İşçilər bankdan çıxmağa başladılar. Sonra İonatan madam Rok ilə birgə odadavamlı saxlanc qapısını kilidlədi, sonra müsyö Vilman ilə birgə siqnal sistemini qoşdu,  sonra müsyö Vilman və madam Rokla birgə bütün qapıları bağlayıb, bankı tərk etdi. Xarici hərəkətli barmaqlığı təlimata əsasən bağladı. Madam Roka və müsyö Vilmana yüngülcə təzim edib ağzını açdı, sağollaşıb,  həftə sonunu yaxşı keçirməyi arzuladı, onlar da cavabında İonatanla vidalaşdılar. Hər iksi çıxıb gedənə qədər İonatan gözlədi və piyada axınına qarışaraq, əks istiqamətdə getdi.

*

Addımlamaq insanı sakitləşdirir. Piyada getməyin müalicəvi təsiri vardır. Ayaqların növbəli hərəkəti, bir-iki, bir-iki, eyni anda əllərin ritmik tərpənişi, nəfəsin sürətlənməsi, ürək fəaliyyətinin yüngül artması, görmə və eşitmənin itiliyi, dərinin hiss etdiyi sərin hava – bütün bunlar bədənə və ruha elə təsir edir ki, insanın əzilmiş üzgün qəlbi ruhlanıb genişlənə bilir.

Pərişan İonatanla, böyük kukla bədənin cırtdanı ilə də bu hal baş verdi. Addımladıqca, o, yenidən öz bədən ölçülərini aldı, daxilən onu doldurdu, ona hakim oldu və tamamilə onunla birləşdi. O, küçələri gəzərək Lüksemburq bağına gəlib çatdı. Bağın ən uzun yolunda addımlayaraq, üç dəfə dövrə vurdu, sonra yuxarı istiqamətdə gedərək, Monparnas qəbiristanlığına çatdı, bir-iki dəfə oranı da dövr edib, Sena çayına qədər getdi, addımladıqca, daha da uzaqlaşırdı, yaxşı ki, yay axşamları bu qədər uzundur, -  sonra yenidən Lüksemburq bağına gəlib çatdı. Bağ bağlanırdı. İonatan böyük darvaza qarşısında dayandı. Yəqin, saat doqquz olardı, amma hava hələ açıq idi. Qaranlığın düşməsi  işığın incə qızılı rəngindən və kölgələrin bənövşəyi kənarlarından bilinirdi.  Vojirar küçəsində avtomobil sıraları seyrəlməyə başladı.  İnsan kütləsi küçələrə səpələndi. Parklarda və küçələrin künclərində dayanmış qruplar sürətlə ayrı-ayrı fiqurlara bölünürərək, Odeon teatrı və Sen-Sülpis kilsəsi çevrəsində gözdən itirdi. İnsanlar bara gedirdilər, restorana gedirdilər, evə gedirdilər. Hava yumşaqdı, gül ətri gəlirdi. Sakitlik çökmüşdü. Paris şəhəri şam yeməyi yeyirdi.

İonatan hiss etdi ki, çox yorulub. Ayaqları, kürəyi, çiyinləri saatlarla piyada gəzməkdən ağrıyırdı, ayaqlarının altı yanırdı. İonatan elə acmışdı ki, mədəsi burulurdu. O, şorba, təzə ağ çörəklə salat, bir tikə ət yemək istədi. Yaxınlıqdakı restoranda bunların hamısı vardı, yemək dəstinə 47 frank vermək lazımdı. Amma tər iyi gələn çırıq şalvarlı İonatan bu vəziyyətdə restorana gedə bilməzdi.

O, otelə qayıtmaq qərarına gəldi. Yolda hələ açıq olan tunis ərzaq dükanından bir qədər yağlı siyənək balığı, balaca yumru keçi pendiri, armud, bir şüşə qırmızı şərab və ərəb çörəyi aldı.

*

Otel otağı çox balaca idi: eni giriş qapısı enində,  uzunluğu üç metrə yaxın. Bu otaq  tabut kimi dar idi. Uzun divar boyu çarpayı, qarşı divarda - əl-üzyuyan, qapı ilə üzbəüz bir kətil vardı. Tavan altında balaca şüşə pəncərəyə oxşar bir deşik vardı, o, iplə açılıb-bağlanırdı. Bu deşikdən tabuta isti hava dolaraq, ətraf dünyanın səslərini gətirirdi: boşqabların cingiltisini, ayaqyoluda suyun şırıltısını, ispan və portuqal sözlərini, kiminsə qəhqəhəsini, uşağın ağlamasını və uzaq bir avtomobil siqnalını.

İonatan alt köynəyində çarpayının kənarında əyləşib yemək yeyirdi. Masa kimi kətildən istifadə etdi, onun üzərinə çamadanı qoydu, çamadanın üzərində ərzaqlı paketi yerləşdirdi. Cib bıçağı ilə  siyənəkləri ortadan kəsib, bıçağın ucu ilə balıq tikəsini götürüb çörəyə yaxır və ağzına dürdürtü. Balığın zərif yağlı əti şit çörəyin dadıyla qarışıb əla dad yaradırdı. Bir damla limon şirəsi yerinə düşərdi, İonatan düşündü, amma bu əsil israfçılıq olardı, çünki hər tikədən sonra o, bir qurtum şərab içirdi, gözləyirdi ki, şərab dilindən axsın, dişləri arasında hərəkət etsin,  balığın metal dadı ilə şərabın turş dadı qarışsın, və bu qarışıq elə dadlı idi ki, İonatana elə gəldi ki, bu ana qədər bundan dadlı yemək yeməmişdi. Tənəkə qabda 4 balıq vardı, onları yarı böləndə səkkiz tikə alınırdı, üstəlik səkkiz qurtumluq şərabı da vardı. İonatan çox ləng yeyirdi. Qəzetdə oxumuşdu ki, ac adam tələsik yemək yeyəndə, qida pis həzm olunur, adamın halı pisləşir, ürəyi bulana bilər, qusa bilər. Bir də İonatan elə bilirdi ki, bu yemək – onun son yeməyidir, ona görə  yavaş-yavaş yeyirdi.

Balıqları yeyib qurtaran İonatan qabdakı yağı çörəklə sıyırdı, sonra keçi pendirinə və armuda keçdi. Armud çox şirəli idi ki, qabığını soyarkən, az qaldı, əlindən sürüşüb düşsün. Pendir isə elə sıxılmışdı ki, bıçağa yapışırdı, dadı  elə turş-acı idi ki, İonatanın dərhal ağzı qurudu, damaqları sanki qorxudan iflic oldu,  pendirdən sonra armudu dişlədi, şirin şirəli armuddan ağzı, dili yenidən nəmləndi, dadlar qarışdı, damağından və dişlərindən ayrılaraq dili ilə sürüşdü və aşağı getdi... Yenə pendirdən dişlədi, qorxu, sonra armud, razılıq, pendir, armud... elə dadlı idi ki, İonatan  pendir qırıntılarını kağız üzərindən bıçaqla qaşıyıb yedi, armudun əvvəldən kəsib götürdüyü çeçəsini də.

İonatan daha bir qədər  yerində oturdu,  dilini dişlərinə sürtdü,  çörək qalığını yeyib şərabı içdi.  Sonra tənəkə qabı, armud  qabığını, pendir kağızını paketə qoydu,  yemək qırıntılarını da paketə çırpıb, onu qapının arxasındakı vedrəyə atdı, çamadanı götürüb kətili yerinə qoydu,  əllərini silib yatmağa hazırlaşdı. Yun yorğanı  qatlayıb ayağının altına qoydu, mələfəni üstünə çəkib uzandı. Lampanı söndürdü. Zil qaranlıq çökdü. Hətta yuxarıdakı şüşəli deşikdən bir işıq şüası da düşmürdü, yalnız zəif nəm hava axını duyulurdu və çox-çox uzaqlardan ətraf dünyanın səsləri gəlirdi.

İçəri çox bürkü idi. “Sabah özümü öldürəcəm”, - İonatan düşündü və yuxuya getdi.

*

Gecə şimşək çaxmışdı.  Bu, qəfil ildırımlarla çaxan şimşək deyil, tədricən güc toplayan şimşəklərdən idi. İki saat o, göydə qərarsız şəkildə görünürdü, zəif işartı saçırdı, astadan deyinirdi, şəhərin bir tərəfindən digərinə keçirdi, sanki bilmirdi, harda çaxsın, getdikcə genişlənirdi, böyüyürdü, və, nəhayət, bütün şəhəri  nazik boz qatla bürüdü, yenə də tərəddüd etdi,  gərginliyi artdı,  amma hələ də başlamamışdı... Qurğuşun kimi boz qat altında hər şey donub qaldı. Boğucu havada  kiçik bir əsmə yox idi, nə bir yarpaq, nə də bir tozcuq tərpənirdi, şəhər donmuşdu, şəhər iflicli gərginlikdə əsirdi, sanki özü şimşək idi və səmanı sarsıdaraq, partlayacaqdı.

Və, nəhayət, səhərə yaxın, dan yeri söküləndə, bir dəfə şimşək çaxdı, amma elə güclü idi ki, bütün şəhəri silkələdi. İonatan yatağında səksəndi. O, şüuru ilə bu partlayışı eşitməmişdi, bilmirdi ki, şimşək çaxır, amma gurultu onu elə qorxutdu ki, bütün bədənini dəhşət bürüdü. O, yalnız  uzaqlaşan gurultunu eşitdi. Səs elə güclü idi ki, sanki binalar kitab rəfləri kimi, düşüb dağılırdı. İonatanın ilk fikri bu oldu: bitdi, hər şey bitdi, bu sondur. O, yalnız öz sonu haqqında deyil, dünyanın sonunu düşündü, atom bombasını, zəlzələni, yəni tam sonu.

Lakin sonra ölü sakitlik çökdü. Nə bir gurultu eşidildi, nə dağıntı səsi, sanki heç bir əks-səda olmamışdı. Və bu qəfil və uzun sakitlik məhv olan dünyanın uğultusundan daha dəhşətli idi.  İonatanın özü hələ sağ idisə,  hesab edirdi ki, ətraf aləm yoxdu, heç nə qalmayıb, nə yuxarı var, nə aşağı, ümumiyyətlə, istiqamətləndirici heç nə yoxdu. Bütün duyğular, görmə, eşitmə, tarazlıq hissi – onun kim olduğunu deyə biləcək nə vardısa, tam zülmət və səssiz boşluğa düşürdü. İonatan yalnız ürəyinin dəli döyntüsünü və bədəninin əsməsini hiss edirdi. Anlayırdı ki, hələ yataqdadır, amma bilmirdi, bu nə yataqdır və çarpayı hansı tərəfdədir, bəlkə çarpayı da boşluğa düşür, çünki tərpənir. İonatan ikiəlli döşəyindən yapışdı ki, yıxılmasın, həm də əlindəki yeganə  əşyanı itirmək istəmirdi. Qaranlıqda görə biləcəyi nəyisə axtardı, səssizlikdə - eşitmək üçün nəyisə axtardı, amma heç nə eşitmədi, heç nə görmədi, tamamilə heç nə, mədəsi sıxıldı, siyənək balığının iyrənc dadı qida borusu ilə yuxarı qalxdı. “Təki qusmayım, - İonatan düşündü, -  təki özümü batırmayım!”. Bu dəhşət əbədi çəkdi, sonra yuxardakı şüşəli deşikdən zəif işıq düşdü. İonatan gözlərini o işığa dikib, diqqət mərkəzində saxladı, bu balaca deşik, dördkünc işıq ləkəsi onunla ətraf aləm arasında sərhəd kimiydi, sanki otağa pəncərə açılırdı... hansı otağa? Axı bura onun otağı deyil!  Və bura heç vaxt sənin otağın olmayıb! Sənin otağında pəncərə yatağın yanındaydı, tavanda yox. Bura otağım deyil, əmimin evindəki otaq da deyil, valideynlərimin Şarantondakı evidir, yox, o da deyil, zirzəmidir, hə, zirzəmidir, valideynlərimin yaşadığı evin zirzəmisi. Sən uşaqsan hələ, sən yuxuda görmüsən ki, böyümüsən, Parisdə iyrənc bir gözətçi olmusan, amma sən uşaqsan, zirzəmidəsən, müharibə gedir, səni əsir alıblar, dağıntılar altında qalmısan, unudulmusan.  Niyə adamlar gəlmir? Niyə belə ölü səssizlik var? İnsanlar haradadır? Aman Tanrım, insanlar hanı? Axı mən başqa adamlarsız yaşa bilmirəm!

İonatan bağırmağa hazırdı. Onun başqa insanlara ehtiyacı elə böyük idi ki, İonatan Noel adlı bu qoca uşağın ümidsiz qorxusu elə dərin idi ki, bu yeganə fikri  - təklikdən qorxu hissini səssisliyə qışqırmaq istəyirdi. Bunu qışqırmaq istədiyi an cavab gəldi. İonatan bir xışıltı eşitdi.

Qapını döydülər. Çox astadan. Yenə döydülər. Sonra yenə, yenə. Bu dəfə yuxarıda. Sonra qapının döyülməsi kəsilməz taqqıltıya çevrildi, getdikcə sürətləndi, güclü xışıltıya çevrildi və İonatan anladı ki, yağış yağır.

Həmin an otaqda hər şey dəyişdi, yerini aldı, və yuxarıdan düşən işıqda İonatan otağı tanıdı: əl-üz yuyan, çarpayı, kətil, çamadan, divarlar.

O, caynaq kimi əyilmiş barmaqlarını açıb döşəyi buraxdı, ayaqlarını sinəsinə yaxınlaşdırıb, qolları ilə tutdu. Və beləcə uzun müddət qalaraq, yağışın səsini dinlədi.

Sonra ayağa qalxıb geyindi. İşığı yandırmadı, alatoranlıqda yaxşı görürdü. Çamadanı, paltosunu, çətirini götürüb otaqdan çıxdı. Gecə növbətçisi hollda yatırdı. İonatan barmaqları ucunda onun yanından elə keçdi ki, oyatmasın, özü iki dəfə giriş qapısının düyməsini basdı. Qapı qısa “çıq!” səsi ilə açıldı. İonatan çıxdı.

*

Küçədə onu sərin bozumtul-mavi səhər bürüdü. Yağış kəsmişdi. Təkcə damlardan  və örtüklərdən  damırdı, səkidə gölməçələr yaranmışdı. İonatan de Sevr  küçəsinə tərəf getdi. Ətrafda ins-cins yox idi, bir avtomobil də görünmürdü. Binalar  həyalı kimi sakit dayanmışdı. Sanki yağış binaların təkəbbürünü, qürurunu və qorxunc görünüşünü yuyub aparmışdı. Küçənin o biri tərəfində yerləşən ərzaq dükanının vitrinindən bir pişik atılıb, kənarda qalaqlanmış tərəvəz yeşiklərinin altına girdi. Soldaki kiçik parkda ağaclar nəmlikdən şaqqıldayırdı. Bir neçə qara quş civildədi, onların səsi binaların divarlarında əks-səda yaradaraq, şəhərin üzərindəki səssisliyi daha da artırdı.

İonatan de Sevr küçəsini keçib evinə qayıdırdı. Hər addımda  yaş çəkmələri yaş asfaltı şappıldadırdı, sanki ayaqyalın idi, o, corablarındakı nəmi deyil, ayaqyalın gəzdiyi zaman həmin səsi xatırlayırdı. O, çəkmələrini və corablarını çıxarıb ayaqyalın getməyi dəhşətli dərəcədə istədi, amma bunu əxlaqsız hesab etdiyindən yox, tənbəlliyindən etmədi.

O, səylə gölməçələri şappıldadaraq gedirdi, düz gölməçələrin ortasına addımlayırdı, hərdən də bir gölməçədən digərinə atılırdı, hətta küçənin o biri tərəfində gördüyü gözəl enli gölməçənin xətrinə ora qaçıb yastı ayaqqabı altlığı ilə suyu şappıldatdı, suyu fəvvarə kimi qaldırdı, vitrinlərə və səkidə dayanmış avtomobillərə, öz şalvarına su çiləndi; bu, çox gözəl bir hissdi, İonatan uşaq dəcəlliyindən həzz alırdı, sanki yenidən  nəhəng, sərhədsiz azadlığını əldə etmişdi. Sanki qanadlanmışdı və xoşbəxtliklə dolmuşdu. O, Planş küçəsindəki binaya daxil olub, madam Rokarın bağlı daxmasının yanından sürətlə keçdi və arxa girişin dar pillələri ilə yuxarı qalxdı.

Yalnız yuxarıda, yeddinci mərtəbədə İonatanı qorxu bürüdü, ona elə gəldi ki, qumru lələkləri ilə, qorxunc çılpaq gözləri ilə onu gözləyir ki, lələklərini həmən dikəldib, qanadlarını çırpa-çırpa İonatana hücum etsin. Və dar dəhlizdə bu qanadlardan xilas olmağa yer olmayacaqdı...

İontan çamadanı yerə qoyub dayandı, ona cəmi beş pillənı keçmək lazım idi. Geriyə qaçmaq istəmirdi. O, yalnız bir dəqiqə dincəlib nəfəsini dərmək, döyünən ürəyini sakitləşdirmək istəyirdi. Sonra yolun son hissəsini keçməliydi. Onun baxışları pilləkən məhəccərinin oval spiralı üzrə sürüşdü və o, hər mərhələdə yan tərəfdən düşən işıq şüasını gördü. Səhər işığı göyümtüllüyünü itirib saralmışdı, və sanki istiləşmişdi. Otaqlardan yuxudan oyanmış ilk səslər – boşqabların cingiltisi, soyuducu qapısının boğuq taqqıltısı, sakit radio musiqisi eşidilirdi. Və qəfildən İonatan tanış ətri, madam Lassalın dəmlədiyi  səhər qəhvəsinin ətrini hiss etdi, bir-neçə dəfə nəfəs alıb-verdi, sanki qəhvədən daddı. O, çamadanı götürüb yoluna davam etdi. Nədənsə  daha qorxu hiss etmirdi.

Dəhlizə ayaq basan kimi elə ilk baxışdan iki şeyə fikir verdi: pəncərə bağlı idi və ayaqyolunun yanındakı zibil çəninin üzərinə qurumaq üçün nəm əsgi sərilmişdi. Dəhlizin sonu hələ görünmürdü, pəncərədən düşən  gözqamaşdırıcı işıq yolu kəsmişdi. İonatan qorxmadan yoluna davam etdi, işıq sütununu adlayıb kölgəyə keçdi. Dəhliz tamam boş idi. Qumru yox olmuşdu. Döşəmədəki nəcis ləkələri silinmişdi. Nə bir lələk vardı, nə də bir tük. Qırmızı döşəmə plitələri üzərində daha heç nə əsmirdi.

s o n

Çevirdi: Sima


Hiç yorum yok:

Yorum Gönder