Düz saat
8-15-də İonatan bankda peyda oldu, - direktor müavini müsyö Vilman və baş xəzinədar
madam Rokdan beş dəqiqə əvvəl. Onlar əsas portalı birgə açdılar: İonatan açılıb-yığılan
xarici barmaqlığı, madam Rok – xarici zirehli şüşə qapını, müsyö Vilman –
daxili zirehli şüşə qapını. Sonra İonatan və müsyö Vilman siqnal sistemini söndürdülər, İonatan və
madam Rok zirzəmi mərtəbəsinin odadavamlı ikiqat qapısını açdılar, madam Rok və
müsyö Vilman zirzəmiyə düşüb bir-birini əvəz edən açarlarla saxlanc yerini
açdılar. Ayaqyolu yanındakı tikilidə
çamadanı, çətiri və qış paltosunu artıq gizlətmiş İonatan daxili zirehli şüşə
qapının yanında dayanıb işə gələn işçiləri
içəri buraxırdı, iki düyməni növbə ilə basırdı, onlardan biri avtomatik
şəkildə xarici, o birisi isə daxili zirehli şüşə qapını açırdı. 8-45-də bütün
işçilər gəlmişdilər, hər kəs pəncərə önündə, kassa zalında və ya kabinetlərdəki
iş yerində idi, İonatan bankdan çıxıb əsas portalın qarşısındakı mərmər pillələrdə
öz yerini tutdu. Onun əsas işi elə bu idi.
30 il idi
ki, İonatan saat doqquzdan günorta birə qədər və saat 14-30-dan altının
yarısına qədər əsas portal qarşısında ayaqüstə
dayanırdı, və ya mərmər pilləkənin üç
pilləsi ilə yuxarı-aşağı addımlayırdı. Təxminən saat onun yarısında və saat beşə
yaxın onun işi bank müdiri müsyö Redelin qara limuzininin gəlməsi və getməsi ilə
qısa müddətə kəsilirdi. Bu zaman İonatan
mərmər pilləkəndəki yerini tərk edib, tələsik halda bina divarından 12 metr kənara
gedib ağır polad barmaqlığı qaldıraraq, limuzini bankın həyətinə buraxırdı. “Qiymətli yüklərin daşınması” üzrə Brink şirkətinin
zirehli avtomobili peyda olanda, buna oxşar əməliyyat səhər tezdən və ya günorta da yerinə yetirilirdi. Avtomobil qarşısında
da polad barmaqlıq qaldırılırdı, və İonatan şəhadət barmağını papağına
yaxınlaşdırmaqla, ehtiramını bildirirdi.
Onun başqa işi olmurdu. İonatan dayanıb irəli baxırdı və gözləyirdi. Bəzən
o, ayaqlarına baxırdı, bəzən – səkiyə, bəzən – küçənin o biri tərəfindəki kafeyə.
Bəzən o, ən aşağı pillədə gəzişirdi, 7 addım sağa, 7 addım sola, və ya ikinci
pilləyə qalxırdı, günəş yandıranda və papağı altından tər axanda, İonatan
üçüncü pilləyə qalxıb binanın kölgəsində
dayanırdı, papağını çıxarıb alnının tərini silirdi, yenə də yerində dayanıb
gözləyirdi.
Bir dəfə
hesablamışdı ki, təqaüdə çıxana qədər bu üç mərmər pilləkən üzərində 75 min saat
dayanmalıdır. O zaman İonatan Parisdə, bəlkə
də bütün Fransada bir yerdə bu qədər dayanmış yeganə adam olacaqdı. Bəlkə elə indi, pillələrdə 55 min saat dayanmış
yeganə adamdır. Axı şəhərdə ştat gözətçiləri çox azdır. Bankların əksəriyyəti
obyektlərin mühafizəsi üzrə şirkətlərlə müqavilələr bağlamışlar, həmin şirkətlər
ayaqlarını geniş açıb dayanan, alnının altından baxan gənc oğlanları göndərirlər,
həmin oğlanları bir neçə aydan, bəzən bir neçə həftədən sonra guya əməyin
psixoloji səmərəliliyi üçün başqaları ilə - əvvəlki oğlanlar kimi cavan və
qaradinməz mühafizəçilərlə əvəz edirlər.
Deyirlər ki, bir yerdə uzun müddət işləyən mühafizəçinin diqqəti zəifləyir,
ətraf hadisələri qavramır, o süstləşir, laqeydləşir və vəzifəsinə əməl edə bilmir...
Yalandır!
İonatan daha yaxşı bilir: mühafizəçinin diqqəti bir neçə saatdan sonra kütləşir.
Ətrafını, yəni banka gəlib-gedən yüzlərlə adamı İonatan ilk gündən şüurlu şəkildə dərk etmirdi, buna ehtiyac yoxdu, çünki qarətçini
adi müştəridən seçmək mümkün deyil. Hətta gözətçi qarətçini tanıya bilsə və onu
dayandırmaq istəsə, tapançaya əl atana qədər onu öldürərlər, axı qarətçidə qəfillik
üstünlüyü vardır.
İonatan
hesab edirdi ki, mühafizəçi sfinks
kimidir. O, hərəkətləri ilə deyil, adi fiziki varlığı ilə təsir edir. O, qarətçiyə
yalnız öz varlığı ilə qarşılıq verə bilər.
Bir kitabda oxuduğu kimi, “sən mənim yanımdan keçməlisən, - sfinks məzarları
murdarlayana deyir, - səni dayandıra
bilmərəm, amma sən mənim yanımdan keçməlisən; buna cürət etsən, məni öldürməlisən,
o zaman qətlə görə ədalət səni ittiham edib intiqam alacaqdır!”.
Əlbəttə,
İonatan yaxşı bilirdi ki, sfinks daha təsirli
vasitələrə malikdir. Gözətçi allahların intiqamına güvənə bilməz. Hətta qarətçi
cəzaya tüpürsə də, sfinksə təhlükə yoxdur. Sfinks bazaltdan yonulub, bütöv
qayadan çapılıb, metaldan tökülüb, betonlaşdırılıbdır. Sfinks beş min il ərzində
məzarların murdarlanmasına əziyyətsiz dözə bilər. Mühafizəçi isə bankın qarət
olunduğu halda, cəmi beş saniyə ərzində həyatını itirər. İonatan hesab edirdi ki, sfinks və mühafizəçi
oxşardırlar, hər ikisinin hakimiyyəti rəmzidir. Və rəmzi hakimiyyətin dərki
İonatana qürur verir, onu gücləndirir və möhkəmləndirirdi, onu diqqətdən, silahdan
və ya zirehli şüşədən daha yaxşı müdafiə edirdi. İonatan mərmər pillələr üzərində
bankın keşiyində 30 il qorxusuz, tərəddüdsüz,
narazılıqsız və üzündə qaraqabaq ifadəsiz xidmət edirdi, - bu günə qədər.
Bu gün hər
şey başqa idi. Bu gün İonatan sfinks sakitliyini əldə edə bilmirdi. Artıq bir neçə dəqiqədən sonra o, bədəninin ağırlığını ayaqlarına
ağrılı təzyiq kimi hiss etdi, ağırlıq mərkəzini sağ ayağından sola keçirtdi,
bir az səndirlədi, kənara bir neçə xırda addım atdı ki, tarazlığını saxlasın,
amma əvvəllər o həmişə bədənini tam
şaquli vəziyyətdə saxlaya bilirdi.
Bundan başqa, birdən-birə budu,
sinəsi, və boynu qaşınmağa başladı. Qısa müddətdən sonra ona elə gəldi ki, qışda olduğu kimi, alnı quruyub qabıq tökür,
amma indi yaydır, iş saatı təzə başlansa
da, dözülməz isti var, alnı tamam tər içindədir, sanki artıq günortadır...
qolları, sinəsi, kürəyi, ayaqları, hər yeri gicişirdi, İonatan bütün bədənini qaşımaq istəyirdi, amma gözətçi hamının gözü
qarşısında qaşına bilməzdi! O dərindən nəfəs alıb sinəsini qabartdı, kürək əzələlərini gərib boşaltdı, çiyinlərini
qaldırıb endirdi və beləliklə içdən geyiminə sürtüşdü ki, bir az yüngülləşsin. Bu hərəkətlər İonatanı yenidən nataraz vəziyyətə
saldı, kənara xırda addımlar artıq kömək edə bilməzdi və o, müsyö Redelin
limuzininin görünməsinə qədər heykəl kimi dayanmaqdan vaz keçdi, yeddi addım
sağa, yeddi addım sola addımlamağa başladı.
Bu zaman diqqətini ikinci pillənin dəmir kənarına yönəltdi, gözlərini bu
dəmir üzrə, qatar relslə hərəkət edən kimi, sürüşdürdü ki, daxilindəki sfinks
sakitliyini bərpa edə bilsin. Lakin heç nə alınmadı. Qatar daim relsdən kənara
çıxırdı. Baxış daim lənətə gəlmiş dəmir
kənardan yayınırdı və gözünə başqa şeylər sataşırdı: səkidəki qəzet parçası,
mavi corablı ayaq, qadın kürəyi, çörəklə dolu zənbil, zirehli şüşə qapının dəstəyi, üzbəüzdəki
kafenin tütün köşkünün işıqlanan qırmızı rombu, velosiped, həsir
şlyapa, kiminsə üzü... Lakin baxışı dayandırmaq, özünə bir obraz hopdurmaq
alınmırdı. Gözünə solda həsir şlyapa görünən kimi, sağda avtobus peyda olurdu,
baxışı özüylə küçəboyu aşağı aparırdı, bir neçə metrdən sonra avtobusu ağ idman “kabrioleti” əvəz edirdi,
bu dəfə baxışları küçəboyu yuxarı yönəlirdi, bu zaman həsir şlyapa yox olurdu:
İonatanın gözləri piyadalar arasında əbəs yerə onu axtarırdı, şlyapalar
çoxluğunda onun gözü tamam başqa bir şlyapa üzərində titrəyən qızılgülə
dikilirdi, sonra yenə pillənin dəmir kənarına, dayana bilmirdi, uzağa yönəlirdi,
sakitləşmirdi, nöqtədən nöqtəyə, ləkədən ləkəyə, xətdən xəttə sıçrayırdı...
Sanki havadan qızmar iyul ayındakı qaynar işartı asılmışdı. Bütün əşyaları titrək
şəffaf tüstü bürümüşdü. Evlərin xətti, damların kənarları səmanın fonunda aydın görünürdü, eyni zamanda sacaq kimi sallanırdı. Adətən düz olan yağış navalçalarının kənarları
və səki daşları arasındakı aralar indi əyilirdi. Bütün qadınlar parlaq donlar
geyinmişdilər, onlar alov dilimləri kimi yandan keçirdilər, İonatanın
baxışlarını aparırdılar, amma bu, müvəqqəti olurdu. Hər şey əriyirdi. Aydın şəkildə
heç nəyi görmək olmurdu. Göz qabağında hər şey bir-birinə qarışmışdı.
“Gözlərimə
nəsə olub, - İonatan düşündü, - bir gecədə pis görməyə başladım. Eynək
lazımdır”. Uşaqlıqda o, bir dəfə zəif dioptrili eynək taxmışdı. Qəribədir ki,
indi ahıl çağında zəif görmə yenə əziyyət verir. O, oxumuşdu ki, yaşlandıqca,
insanlar uzağı daha yaxşı görürlər. Bəlkə, o, klassik görmə zəifliyindən əziyyət
çəkmir, bəlkə dərdi elədir ki, eynək kömək etməz, bəlkə gözünə pərdə gəlib, bəlkə
tor qişası qopub, bəlkə göz xərçənginə tutulub, ya da beynində şiş var və şiş
göz sinirinə təzyiq edir...
İonatan bu
dəhşətli fikirlərə elə aludə olmuşdu ki, avtomobilin təkrarlanan qısa səsini
eşitmədi. Yalnız dörd-beş siqnaldan sonra eşidib başını qaldırdı: həqiqətən, darvaza
qarşısında müsyö Redelin qara limuzini artıq dayanmışdı! Yenə siqnal eşidildi,
avtomobildən İonatana əl etdilər, deməli, limuzin bir neçə dəqiqədir ki, buradadır.
Bağlı barmaqlıqlı darvaza qarşısında! Müsyö Redelin limuzini! Necə olub ki, İonatan avtomobilin
yaxınlaşdığını görməyib? Adətən o, baxmadan da, motorun cüzi uğultusundan limuzini duyurdu, it kimi, hətta yuxuda belə onu
eşitsə, ayılardı...
İonatan tələsmədi,
yox, avtomobilə sarı qaçdı, az qaldı yıxılsın, tez darvazanı geniş açdı,
salamlamaq üçün əlini papağına qaldıranda hiss etdi ki, ürəyi necə döyünür və əli
necə əsir.
Darvazanı
bağlayıb yerinə qayıtdı. Tərdən tamam islanmıdı. “Müsyö Redelin limuzinini gözdən
qaçırtdın, - İonatan peşmanlıq hissindən titrəyən səslə sanki sayıqlayırdı, - sən
müsyö Redelin limuzinini gözdən qaçırtdın, sən gözdən qaçırtdın, yaxşı xidmət
göstərmədin, vəzifəni kobud şəkildə pozdun, sən korsan, karsan, acizsən,
qocasan, sən gözətçi olmağa daha yaramırsan”.
İonatan mərmər
pilləkənin aşağı pilləsinə çatdı, ləyaqətli şəkildə dayanmağa cəhd etdi. Anladı
ki, bacarmır. Çiyinləri düz qalmaq istəmirdi,
qolları halsız şəkildə aşağı sallanırdı. İonatan bilirdi ki, gülünc görünür,
amma bununla nə edə bilərdi? O, dərin ümidsizliklə səkiyə, küçəyə, kafeyə
baxırdı. Havanın işartısı azalmışdı. Əşyalar yenidən şaquli vəziyyəti aldı, xətlər
düzləndi, dünya göz qarşısında aydın göründü. İonatan nəqliyyatın səsini,
avtomobil təkərlərinin xışıltısını, kafedəki ofisiantların qışqırığını, qadın
dikdabanlarının taqqıltısını eşidirdi. Eşitməsi və görməsi zəifləməmişdi. Lakin
alnından tər sel kimi axırdı. İonatan özünü halsız hiss etdi. Dönüb, ikinci
pilləyə qalxdı, sonra üçüncüyə, və zirehli şüşə qapının yanındakı sütunun kölgəsində
dayandı. Əllərini arxada cütləyib, 30 ildə ilk dəfə olaraq sütuna söykəndi, bir
neçə saniyəlik gözlərini yumdu. Xəcalət çəkirdi.
*
Nahar
fasiləsində İonatan çamadanı, çətiri və paltosunu götürüb yaxınlıqdakı Sent
Plasid küçəsində yerləşən kiçik otelə getdi. Oteldə tələbələr və xarici fəhlələr
yaşayırdılar. İonatan ən ucuz otaq istədi, otağa baxmadan 55 frank ödəyib, əşyalarını
inzibatçının yanında saxladı. Bir köşkdən iki kişmişli kökə və bir paket süd alıb, küçəni keçdi, univermağın
yanındakı balaca parkda əyləşib yeməyini yedi.
Skamyaların
birində bir səfil oturmuşdu. Dizləri
arasında ağ şərab şüşəsini sıxmış səfilin əlində yarım çörək, skamyanın üstündə
isə hisə verilmiş siyənək balıqları vardı. Səfil siyənək balıqlarını bir-bir
götürüb, başlarını dişləyib atır, qalan hissəni ağzına dürtürdü. Sonra çörəkdən dişləyib çaxırdan bir böyük
qurtum alırdı və həzzdən inildəyirdi.
İonatan bu səfili tanıyırdı. Səfil
qışda istixananın yerdəki barmaqlığı üstündə əyləşərdi, yayda - Sevr küçəsindəki xırda dükanların və ya
poçtun qarşısında. O, bu məhəllədə İonatan kimi, on illərlə yaşayırdı. İonatan
xatırladı ki, ilk dəfə, 30 il əvvəl bu səfili görəndə, dəhşətli paxıllıq hissi
duymuşdu, bu adamın qayğısız həyatına paxıllıq etmişdi. İonatan hər gün düz
saat doqquzda işə gəlirdi, səfil isə - saat onda, ya on birdə parkda görünürdü;
İonatan şalban kimi dayanmalı idi, səfil isə bir karton parçası üzərində rahatca
yayxanırdı, üstəlik, siqaret də çəkirdi.
İonatan həyatı ilə risk edərək, hər gün, hər saat bankı qoruyurdu və çörəyini
alın təri ilə qazanırdı, bu səfil isə başqalarının mərhəmətindən və yardımından
- papağına atılan qəpiklərdən yararlanırdı.
Səfil heç vaxt qanıqara olmurdu, papağı
boş qalsa da, kefini pozmurdu, iztirab çəkmirdi, qorxmurdu, darıxmırdı. Həmişə özündən müştəbeh və inamlı,
azadlığından razı idi.
Lakin bir
dəfə, 60-cı illərin ortasında, payızda
İonatan Düpen küçəsindəki poçta gedərkən, ayağı karton parçası üzərindəki çaxır
şüşəsinə ilişdi, içində bir neçə qəpik olan tanış papağı gördü. İonatan qeyri-ixtiyari olaraq səfili gözləri
ilə axtardı, ona görə yox ki, onu görmək istəyirdi, yox, sadəcə karton parçası,
şərab şüşəsi və papaqdan ibarət natürmortun əsas elementi yox idi. Səfil küçənin
o biri tərəfində, iki avtomobilin arasında çömbəlib oturmuşdu, şalvarı aşağı çəkilmişdi, çılpaq
dalı İonatana tərəf idi, onun yanından keçən adamlar göy və qırmızı ləkəli, un kimi ağ dalı
görürdülər, bu dal yatağa düşmüş qoca xəstənin dalı kimi miskin idi, hərçənd səfilin
o zaman otuz, bəlkə də otuz beş yaşı olardı. Və bu əziyyətlər görmüş daldan səkiyə
qəhvəyi maye axırdı, böyük miqdarda, böyük güclə. Maye axdıqca gölməçə yaranırdı,
adamların çəkmələrinə sıçrayırdı, corabları, ayaqları, şalvarları, köynəkləri -
hər şeyi batırırdı...
Bu görüntü
elə dözülməz, elə müdhiş idi ki, indi də
onu xatırlayarkən, İonatanın əti ürpəşirdi.
Həmin an o, dəhşətdən yerində donub qalmışdı, sonra qaçaraq poçtda
sığınacaq tapdı, elektrik enerjisinə olan borcunu ödədi, ona lazım olmayan
markalar aldı. Təki poçtda çox qalsın və oradan çıxanda, səfili görməsin. Poçtdan
çıxan İonatan gözlərini yerə dikib gedirdi ki, küçənin o biri tərəfini görməsin,
qətiyyətlə əvvəlcə üzü yuxarı getdi, sonra sola burulub qaçdı, etibarlı sığınacağına,
otağına çatana qədər dolanbac yollarla böyük bir məsafəni qət etdi.
Həmin gündən
sonra İonatanın ürəyində səfilə qarşı paxıllığı qalmadı. Bəzən, daxilində yaranan tərəddüd hissi sual
verəndə ki, insanın illərlə bir yerdə dayanıb, limuzin üçün darvazanı açmaqda,
hər gün eyni işi yerinə yetirməkdə, bu işə görə qısa məzuniyyətə çıxmaqda, az
maaş almaqda və bu maaşın çox hissəsinin vergilərdə, kirayə pulunda, sosial
sığortada xərclənməsində bir məna varmı, - belə anlarda o, Düpen küçəsində müşahidə
etdiyi dəhşətli görüntünü xatırlayıb, anlayırdı ki, bəli, məna var. Çox böyük məna var, çünki belə həyat İonatanı
camaatın gözü qarşısında dalını hamıya göstərməkdən və küçəni batırmaqdan qoruyurdu. Bundan dəhşətli daha nə ola bilərdi? Aşağı çəkilmiş şalvardan, bu iyrənc
çılpaqlıqdan dəhşətli nə ola bilərdi? Hamının gözü qabağında bağırsaqlarını
boşaltmaqdan xəcalətli nə ola bilərdi? Bağırsaqları boşaltmaq! Bu sözün özündə
bir məcburiyyət vardı, və bu hərəkət gizli edilməliydi: şəhər kənarındakı meşədə,
tarladakı kolun altında, yaxud, qaranlıqda, və ya bir kilometrlik hasarın
dibində. Lakin şəhərdə? İnsanların arasında? Zülmət qaranlığın olmadığı yerdə?
Hətta çöllükdəki xarabalıqda kiminsə zəhlətökən gözlərindən qurtula bilmədiyin
yerdə? İnsanlardan uzaqlaşmaq üçün qıfıllı otaqda gizlənməyə məcbur olduğun bir
şəhərdə? Əgər sizin təbii ifrazat üçün
belə bir etibarlı sığınacağınız yoxdursa, siz dünyanın ən miskin insanısınız.
İonatan özünə daha az pul xərcləyə bilərdi, nimdaş gödəkçə və şalvar geyərdi,
romantik təxəyyülü ilə karton parçasında yatdığını, hansısa bir küncdə,
istixananın yerdəki barmaqlığı və ya metro pilləkəni üzərində gecələdiyini təsəvvür
edə bilərdi. Lakin əgər böyük bir şəhərdə, siz bağırsaqları boşaltmaq üçün bir
qapı tapıb arxanızca bağlaya bilmirsinizsə, əgər insan belə mühüm azadlıqdan, yəni istədiyi vaxt
insanlardan uzaqlaşmaq azadlığından məhrumdursa,
o zaman digər azadlıqların mənası yoxdur. O zaman ölmək yaxşıdır.
İnsan
azadlığının mahiyyəti ayaqyoluna malik olmaqdadır, - bu fikir
İonatana dərin məmnunluq hissi gətirdi. Bəli, o, həyatını düzgün
qurmuşdu! O, həqiqətən xöşbəxt ömür sürürdü. Təəssüflənməyə, və ya digər
insanlara paxıllıq etməyə heç bir səbəb yox idi.
Həmin gündən
sonra İonatan bank qarşısındakı yerində
tam təsdiqləndi. O, sanki tuncdan tökülmüş heykəl kimi yerində dayanırdı. O zamana qədər səfildə güman etdiyi razılıq və
özünə inam hissi İonatanın içinə ərinmiş metal kimi axdı, dondu, daxilində
zirehli qat yaratdı və ona çəki verdi. Bundan sonra heç nə İonatanı sarsıda
bilməyəcəkdi, heç bir tərəddüdü olmayacaqdı. O, sfinks kimi təlaşsız və sakit oldu. İndi, hardasa səfili görəndə, ona qarşı
dözümlülük adlanan hisslər keçirirdi: soyuq ikrah hissi, nifrət və halına
acımaq. Səfil İonatanı daha maraqlandırmırdı.
İonatan bu adama laqeyd idi.
İonatan
parkda əyləşib kişmişli kökə və südlə nahar edən günə qədər səfilə laqeyd idi.
Adətən nahar fasiləsində İonatan evə gedərdi. Axı o, yaxınlıqda yaşayırdı. Evdə
o, omlet bişirir, ya da vetçina ilə yumurta qızardırdı, və ya pendirli vermişel
hazırlayırdı, və ya dünənki şorbanı qızdırırdı, salat yeyib, qəhvə içirdi. O günlərdən, parkda oturub kişmişli kökə və
südlə nahar edən günədək sanki əbədiyyət keçmişdi. İonatan şirni sevmirdi. Südü
də xoşlamırdı. Amma bu gün otelə 55 frank xərcləmişdi, odur ki, kafeyə gedib
omlet, salat və pivə ilə nahar etmək bədxərclik olardı.
Səfil öz
skamyasında yeməyini yeyib qurtardı. Siyənək balığı və çörəkdən sonra o,
pendir, armud və keks yedi, şüşədən böyük qurtum içib razılıqla dərindən nəfəs
aldı, gödəkçəsini qatlayıb başının altına qoydu və doymuş tənbəl bədəni ilə
skamyada uzandı. İndi səfil yatırdı. Sərçələr yerə tökülmüş qırıntıları dimdikləyirdi,
sərçələri görən göyərçinlər skamyaya yaxınlaşıb siyənək balıqlarının başlarını
qara dimdikləri ilə götürürdü. Quşlar səfilə
mane olmurdu. O, bərk yatmışdı.
İonatan səfilə
baxırdı. Və baxdıqca, qəribə narahatlıq hissi onu bürüyürdü. Bu narahatlığı
paxıllıq hissi yaratmırdı, İonatan təəccüb edirdi: axı necə ola bilər ki, bu
adam, 50 yaşlı səfil, hələ də sağdır? Axı belə məsuliyyətsiz həyat tərzi ilə o,
çoxdan acından ölməliydi, ya soyuqdan donmalıydı, ya qara ciyər sirrozundan məhv
olmalıydı! Əvəzində səfil böyük iştahla yeyib-içirdi, rahat yatırdı, və yamaqlı
şalvarında, - təbii ki, əynindəki Düpen küçəsində dalını açıb hamıya göstərdiyi
şalvar deyildi, bir qədər nimdaş velvet şalvardı, - və pambıq gödəkçədə o,
dünya ilə razılaşan və həyatdan zövq alan, müəyyən qədər uğurlu bir varlıq kimi
görünürdü. Amma İonatan... beynində əsəbi
fikirlər dolaşan İonatan, ömrü
boyu dürüst, sadə, iddiasız, kasıbyana və
təmiz yaşayan, qanunları pozmayan, dəqiq, sanballı, etibarlı olan, hər qəpiyini
özü qazanan, istifadə etdiyi hər şeyin – elektrikin, evin, xadimə üçün milad hədiyyəsinin
haqqını ödəyən, heç vaxt borca girməyən, heç kimə yük olmayan, heç vaxt xəstələnməyən,
sığorta pulunu gecikdirməyən, heç kimə pislik etməyən, heç vaxt, heç vaxt öz
kiçik şəxsi ruhi rahatlığının qorunub saxlanmasından başqa heç nə istəməyən
İonatan... 53 yaşında uçuruma düşür, dəqiqliklə düşünülmüş həyat proqramının tənəzzülünü
yaşayır. Dolaşıq hisslərə qərq olur,
ağlını itirir və utanc və qorxu hissi ilə
kişmişli kökə yeməyə məcburdur! Bəli, o qorxurdu! Tanrı şahiddir ki, yatmış səfilə baxan
İonatan necə titrəyir və qorxurdu! O qorxurdu ki, skamyada yatmış səfilin gününə
düşəcək. Nə tez kasıblaşmaq və həyatın dibinə düşmək olarmış! Şəxsi həyatının möhkəm görünən özülü necə də tez dağılarmış! “Sən müsyö Redelin limuzinini görmədin, -
beynində yenə bu fikir canlandı, - heç vaxt baş verə bilməyəcək hadisə bu gün
baş verdi, sən limuzini görmədin! Bu gün
limuzini görmədin, sabah bəlkə işini və ya darvazanın açarlarını itirdin, gələn ay səni işdən biyabırçılıqla qovdular və sən yeni iş tapa bilmədin, axı sənin
kimi əbləh kimə lazımdır? İşsizlik
müavinətinə yaşaya bilməyəcəksən,
otağını itirmisən, indi orda qumru yaşayır, bütöv bir göyərçin ailəsi otağını tutub,
batırır və dağıdır, ödəmə qəbzlərinin sayı artır. Dərddən hər gün içirsən,
bütün pullarını içkiyə sərf edirsən, qurtuluşu
olmayan bataqlığa batırsan, xəstələnirsən, həyasızlaşırsan. Pis günə qalırsan, səni bit basır, səni ən
ucuz sığınacaqdan da qovurlar, bir qəpiyin də qalmayıb, qarşında yalnız boşluq
var, səni küçəyə atırlar, sən küçədə yaşayırsan, küçədə yatırsan, küçədə
bağırsaqlarını boşaldırsan, artıq işin bitibdir, İonatan, ilin sonunadək hər
şeyə son qoyulacaqdır, sən bu səfil kimi parkdakı skamyada uzanıb qalacaqsan,
bax, o səfil kimi!
İonatanın
ağzı qurudu. O, yatmış səfil qismində müdhiş xəbərdarlıqdan gözlərini çəkdi,
kökənin son tikəsini çətinliklə uddu.
Tikə mədəyə çatana qədər uzun müddət keçdi, tikə ilbiz kimi asta-asta
qida borusundan keçirdi, bəzən ilişib qalırdı, əziyyət verirdi, sanki iti
mismar İonatanın sinəsini deşirdi. İonatan elə bildi ki, boğulur, amma tikənin
hərəkəti davam edirdi, və, nəhayət mədəyə çatanda, ağrı kəsdi. İonatan nəfəsini
dərdi. Getmək lazımdı. O, burada qalmaq istəmirdi, hərçənd fasilə yarım saatdan
sonra bitəcəkdi. Bəsdir. Bu yer iyrəncdir. İonatan forma şalvarının üstünə
tökülmüş qırıntıları əlinin arxası ilə çırpdı,
ayağa qalxıb, səfilə baxmadan çıxıb getdi.
Sevr küçəsinə
qayıdarkən, İonatan xatırladı ki, skamya üzərində boş süd paketini
unutmuşdur. Ona bu, xoş deyildi, çünki
o, başqalarının zibili lazım olan yerə, yəni bunun üçün hər yerdə qoyulmuş
zibil qablarına atmaq əvəzinə, skamyalarda qoymasına və ya səkiyə atmasına dözə bilmirdi. O özü hələ bu
vaxta qədər zibili səkiyə atmamışdı, skamyada qoymamışdı, heç vaxt belə bir şey
etməmişdi. Və indi o istəmirdi ki, belə bir hərəkətə məhz bu gün, bu ağır gündə,
bu qədər bədbəxtliklər baş verən gündə yol versin. Axı o, artıq məcradan
çıxmışdır, özünü axmaq kimi, dəli kimi aparmışdır, o, asosial bir tipdir...
Müsyö Redelin limuzinini görməmək! Parkda skamyada oturub nahara kişmişli kökə yemək! Əgər o, qətiyyətlə
özünü ələ ala bilməsə, özünə baxmasa, xüsusilə də xırda məsələlərdə, ən cüzi bir qəbahət etsə, skamyada boş paketi unutduğu
kimi bir qəbahət, o zaman tezliklə bütün dayağını itirəcək və artıq dünyada heç
nə onun miskin sonunun qarşısını ala bilməyəcəkdir.
Bu səbəbdən
İonatan geri dönüb parka qayıtdı. Uzaqdan gördü ki, bayaq oturduğu skamya hələ
boşdur, yaxınlaşanda, paketin ağ kartonunun skamyanın hündür söykənəcəyinin
tünd-yaşıl taxtaları arasında ilişib qaldığını gördü. İonatanın səhvini hələ
heç kim görməmişdi, və o, bu yolverilməz səhvi düzəldə bilərdi. O, arxadan
skamyaya yaxınlaşıb əyildi, sol əli ilə
paketdən yapışıb enerjili hərəkətlə sağa buruldu, orda, o istiqamətdə zibil
qabı olmalıydı... və birdən hiss etdi ki, şalvarını kəskin və güclü şəkildə nəsə
dartdı, İonatan bu qəfil dartmaya reaksiya verə bilmədi, həmin an iyrənc
“tr-rrr” səsi eşidildi və o, sol budunun
dərisində yüngül sərinlik duydu, bu da o demək idi ki, buduna hava dəyir.
İonatanı elə böyük dəhşət bürüdü ki, o, buduna baxa bilmədi, “trrrr” səsi hələ
də qulaqlarında cingildəyirdi, bu səs elə ucadan idi ki, sanki şalvarı
cırılmamışdı, əksinə, İonatanın özünün içindən, parkın içindən nəhəng bir çapıq
keçmişdi, sanki zəlzələdən sonra yer yarılmış və dərin uçurum yaranmışdı, və
dözülməz “trrrrrrrr” səsini eşitmiş ətrafdakı bütün insanlar qəzəblə İonatana, qəzanın günahkarına baxırdılar.
Amma heç kim ona baxmırdı. Qoca qarılar toxuyurdular, qoca kişilər qəzet
oxuyurdular, oyun meydançasındakı uşaqlar balaca oyun dağından sürüşürdülər, səfil
yatırdı. İonatan asta-asta gözlərini endirdi. Şalvarında 12 santimetrlik bir
cırıq vardı. Cırıq xətti sol cibdən başlayıb, budla aşağı istiqamətlənmişdi,
amma tikiş ilə yox, şalvarın gözəl qabardin parçası ilə, özü də sonda xətt iki
barmaq yana əyilib böyük bir deşik açmışdı və deşiyin üstündə bayraq kimi
üçkünc parça tikəsi yellənirdi.
İonatan
hiss etdi ki, adrenalin qanında coşur, o, bu ehtiraslandırıcı maddə haqqında
hardasa oxumuşdu, adrenalin böyük fiziki təhlükə anlarında və ruhi düşkünlükdə
ifraz olunur və orqanizmin son
ehtiyatlarını ölüm-dirim mübarizəsinə səfərbər edir. İonatana elə gəlirdi ki, yaralanıb. Sanki
şalvarı deyil, onun bədəni cırılmışdı və 12 santimetrlik cırıqdan qanı, həyatı axıb
gedirdi, və o, yaranı tezliklə bağlamasa, qan itkisindən öləcəkdi. Amma buna rəğmən qan içində olan adamı qəribə
tərzdə ehtiraslandıran adrenalin də vardı. İonatanın ürəyi sürətlə döyünürdü, qətiyyəti
qayıtdı, fikirləri aydınlaşdı və məqsədli
oldu. “Sən nəsə etməlisən, dərhal, - o, daxili səsini eşitdi, - nəsə etməlisən
ki, deşik bağlansın, yoxsa öləcəksən!”. Bu məsələ hələ peyda olmamışdan qabaq
İonatan artıq həll yolunu bilirdi – bax, adrenalin, bu əla narkotik maddə, bax,
belə təsir edir, bax, beləcə qorxu əqlə
və enerjiyə qanadlandırıcı təsirini göstərir. İonatan qətiyyətlə süd paketini
götürdü, əzdi, baxmadan atdı, vecinə deyildi, hara düşəcək, - otlara, ya qum səpilmiş
yola. Sol əli ilə o, budundakı deşiyi tutdu, və sol ayağını qatlamadan sürətlə
uzaqlaşdı, topal addımlarla parkdan güllə kimi çıxdı, sonra de Sevr küçəsi boyu
qaçdı. Onun hələ yarım saat vaxtı vardı.
Dü Bak küçəsində
yerləşən univermağın ərzaq şöbəsində bir dərzi işləyirdi. İonatan dərzini iki
gün əvvəl görmüşdü. Dərzi girişin yaxınlığında, ərzaq arabalarının saxlandığı
küncdə əyləşmişdi. Onun tikiş maşınının üstündə, divardan yazı asılmışdı,
İonatan yazını yaxşı yadda saxlamışdı: “Janin Topel – təmir və düzəliş –
keyfiyyətli və təcili”. Bu qadın ona kömək edər. Kömək etməlidir, əgər indi
nahar fasiləsində deyilsə. Təki nahara getməsin, yox, yox, qadın yerində
olmasa, bu ən böyük bir uğursuzluq olardı. Bir gündə bu qədər uğursuzluğa İonatan
dözə bilməzdi. Yox. İndi yox. Bu qədər ehtiyacı olan zaman – yox. Ehtiyac çox
böyük olanda, bəxtin gətirməyə başlayır, kömək gəlir. Madam Topel yerində
olacaq və ona kömək edəcəkdir.
Madam
Topel öz yerində idi! İonatan dükana daxil olan kimi onu gördü. Qadın tikiş
maşını arxasında əyləşib nəsə tikirdi. Bəli, madam Topelə güvənmək olardı, o, hətta
nahar fasiləsi zamanı keyfiyyətli və təcili işini görürdü. İonatan qadına tərəf
qaçıb tikiş maşınının yanında dayandı, əlini budundan çəkib, qol saatına ani nəzər
saldı, üçə beş dəqiqə işləyirdi, nəfəsini dərib, “Madam!” – müraciət etdi.
Madam
Topel tikdiyi qirmızı ətəyin tikiş xəttini sona çatdırdı, maşını söndürdü, iynətutanı
yuxarı qaldırıb parçanı azad etdi və sapı
kəsdi. Sonra başını qaldırıb İonatana baxdı. Qadının gözündə qalın şüşəli
böyük, qalın sədəf eynək vardı, onun gözləri nəhəng görünürdü, gözaltı
çuxurlar isə dərin qara gölməçə kimiydi.
Dərzinin yaşı qırxı keçmişdi, bəlkə 55 yaşı olardı, onun çiyinlərinə
tökülmüş hamar tünd-şabalıdı saçları vardı, dodaqlarına gümüşü-bənövşəyi boya çəkmişdi. Onun oturuş tərzi şüşə kürələrlə və
ya kartla fala baxan qadınları xatırladırdı, bu elə qadınlardı ki, onları qadın
kimi qəbul etməsən də, etibarını göstərirsən. Dərzinin barmaqları, - o,
barmaqları ilə eynəyini burnunun ucuna sürüşdürdü ki, İonatanı daha yaxşı
görsün, - onun qısa, sosislərə oxşar barmaqları, çox işləsələr də, qulluq
görmüşdülər və indi dırnaqları gümüşü-bənövşəyi rəngdə idi, və bütün bunlar
yarızadəganlıq əlaməti kimi insanda etibar
yaradırdı.
“Sizə nə
lazımdır? “ – Madam Topel xırıltılı səslə soruşdu.
İonatan
ona tərəf böyrünü çevirib, şalvardakı
deşiyi göstərdi və soruşdu: “Bunu düzəldə bilərsiniz?”. Ona elə gəldi ki, sualı
kobud tərzdə verib, bununla da adrenalinin ifrazı ilə bağlı ehtirasını göstərib,
və daha yumşaq şəkildə davam etdi: “Bu
balaca bir deşikdir, madam, kömək edə bilərsinizmi?”.
Madam
Topel nəhəng gözlərini İonatana dikdi,
sonra buddakı deşiyi gördü və ona yaxından baxmaq üçün aşağı əyildi. Bu zaman
onun hamar şabalıdı saçları irəli tökülüb, qısa, ağ və dolu boynunu açdı, qadından ağır, şirin və dumanlandırıcı ətir
iyi gəldi, İonatan qeyri-ixtiyari olaraq başını geri çəkdi və baxışlarını
qadının başından yayındırdı, dükanın uzaq guşələrinə baxdı; satış zalı bütövlükdə onun gözü qarşısında
idi, - rəflərlə, soyuducularla, kolbasa və pendirli piştaxtalarla, qəlyanaltı
düzülmüş lövhələrlə, şüşələr yığılmış piramidalarla, tərəvəz dağları ilə,
ora-bura gedən, arabaları itələyən, arxasınca kiçik uşaqları dartıb aparan müştərilərlə,
satıçılarla, mal gətirənlərlə, kassirlərlə, -
eşələnən, dözülməz dərəcədə uğuldayan insan kütləsi və onların diqqəti
qarşısında dayanmış çırıq şalvarlı İonatan... Beynindən ani fikir keçdi ki, bu
kütlə arasında, məsələn, müsyö Vilman, və ya madam Rok, və ya müsyö Redelin özü
ola bilər, onlar camaatın gözü qarşısında İonatanın bədəninin müəmmalı yerinin natəmiz
tündsaçlı qadın tərəfindən müayinə edildiyini
görə bilərlər. İonatanın ürəyi bulandı, çünki məhz indi
budunun dərisində madam Topelin sosisə oxşar barmağını hiss etdi, bu
barmaq çırılmış parçanı işarə bayrağı
kimi qaldırıb-endirirdi.
Madam
Topel İonatanın budundan ayrıldı, stulun söykənəcəyinə söykəndi, ətirinin hucumu
kəsildi, İonatan başını aşağı salıb gözlərini
satış zalının qarışıqlığından çəkərək, dərzinin etimad yaradan böyük eynəyinə
baxdı.
“Hə, nə
deyirsiz? Nə etmək olar?” – İonatan
ölümcül diaznozunu qadın-həkimdən eşitməli olan xəstə kişinin hiss
etdiyi qorxu ilə təkrar soruşdu.
“Problem
yoxdu, - madam Topel dedi, - altdan bir yamaq qoymaq lazım gələcək. Və kiçik
tikiş xətti bilinəcək. Başqa cür alınmaz”.
“Fərqi
yoxdur, balaca tikiş əhəmiyyətli deyil,
kim onu belə yerdə görə bilər ki? – İonatan saatına baxdı, üçə 14 dəqiqə işləyirdi,
- demək, siz mənə kömək edə bilərsiniz?”
“Əlbəttə”,
- madam Topel cavab verdi və söhbət zamanı burnunun ucuna sürüşmüş eynəyini
arxaya itələdi.
“O, təşəkkür
edirəm, madam, çox minnətdaram. Siz məni böyük bir narahatlıqdan xilas edirsiniz.
İndi daha bir xahişim var... mən tələsirəm... cəmi..., - İonatan saatına baxdı,
- cəmi 10 dəqiqə vaxtım var, siz elə indicə tikə bilərsinizmi? Təcili?”
Elə
suallar olur ki, özlərində inkar cavabı var, çünki sualı elə verirlər. Və elə
xahişlər var ki, onların yerinə yetirilməsinin mümkünsüzlüyünü bir-birinin
gözünə baxarkən, anlayırsan. İonatan madam Topelin eynək arxasındakı nəhəng
gözlərinə baxıb anladı ki, hər şey mənasızdı, ümidsizdi. O, sualını verməzdən əvvəl
də bunu anlamışdı, bunu fiziki şəkildə, saata baxıb, 10 dəqiqə qaldığını görən
andan qanında adrenalinin aşağı düşməsindən bilmişdi. Ona elə gəlirdi ki, özü
düşür, dərinliyə qərq olur, sanki kövrək buzun üzərindədir və buz suda əriyib
yox olur. Axı kim 10 dəqiqə ərzində bu boyda deşiyi tikə bilər? Bu mümkün
deyil! Elə əvvəl də mümkün deyildi. Tamamilə. Axı bədəndə tikmək olmazdı. Yamaq
qoymaq üçün şalvarı çıxartmaq lazımdır. Özü də ərzaq dükanının ortasında başqa
şalvarı hardan götürə bilərdi? Şalvarı çıxarıb, alt paltarında qalmaq?
Ağlasığmazdır. Tamamilə ağlasığmazdır.
“İndi?” –
madam Topel soruşdu, və İonatan hər şeyin ümidsiz olduğunu anlayaraq, dərin kədər
içində başı ilə təsdiqlədi.
Madam
Topel gülümsədi: “Baxın, müsyö, burda gördüyünüz nə varsa, - o, uzunluğu iki
metr olan, don, gödəkçə, şalvar və koftalarla dolu paltar dayağını göstərdi, -
bütün bunları mən elə indi tikməliyəm. Mən sutkada 10 saat işləyirəm”.
“Bəli, əlbəttə,
sizi anlayıram, madam, həqiqətən axmaq sual verdim. Sizcə, deşiyi tikməyə nə qədər
vaxt lazımdır?”
Madam
Topel tikiş maşınına tərəf çönüb, iynəni qırmızı ətəyə yaxınlaşdırdı və ayaq
pedalına basdı. “Əgər bu şalvarı mənə gələn bazar ertəsi gətirsəniz, üç həftə
sonra hazır olacaq”.
“Üç həftə
sonra?” – İonatan eşitmirmiş kimi, təkrar etdi. “Bəli, üç həftə sonra. Bundan
tez olmaz”.
Qadın
yenidən maşını işə saldı, iynə uğuldadı, İonatana elə gəldi ki, yox olur. O hələ
də yaxından madam Topeli, onun şabalıdı başını, sədəf eynəyini görürdü, sürətli kök barmağını və qırmızı ətək üzrə
tikiş salan iynəni görürdü... arxa planda dükandakı qarışıqlığı görürdü...
lakin birdən-birə özünü bu dünyanın bir hissəsi kimi qavramadığını anladı, ona
elə gəldi ki, bu dünyadan kənardadır, çevrilmiş durbinlə çox uzaqlardan bura
baxır. Səhər olduğu kimi, yenə də başı gicəlləndi, İonatan səndirlədi. Kənara
bir addım atdı, çönüb çıxışa tərəf getdi. Məkanda fiziki hərəkət onu dünyaya
qaytardı, çevrilmiş durbin effekti yox oldu. Lakin İonatanın içi əsim-əsim əsirdi.
Dəftərxana
malları şöbəsində İonatan yapışqanlı lent
aldı, onunla şalvarındakı deşiyi tutdu ki, hər addımda üçkünc parça tikəsi
yellənməsin. Sonra iş yerinə qayıtdı.
(ardı var)
Çevirdi: Sima
Hiç yorum yok:
Yorum Gönder