16 Haziran 2022 Perşembe

Tərcüməm. Patrik Züskind. Qumru (davamı)

 


Pillələri düşə-düşə İonatan sakitləşirdi. Üçüncü mərtəbənin meydançasında, tər axıda-axıda birdən ağlına gəldi ki, hələ də əynində qış paltosu, şərf və içi tüklü çəkmələr var. İstənilən an aşağıdakı bahalı mənzillərdən bazarlıq etməyə gedən xidmətçi qadın, və ya boş şərab şüşələrini pilləkənə düzməyi sevən müsyö Riqo, və ya madam Lassalın özü çıxa bilərdi, madam çox tez yuxudan oyanır, yəqin indi oyaqdır, bütün mərtəbə onun səhər qəhvəsinin şirnikdirici ətri ilə dolmuşdur... Birdən madam Lassal mətbəx qapısını açıb pilləkəndə  qəribə qış geyimindəki İonatanı gördü? Amma indi axı avqust ayıdır, günəş adamı yandırır... O zaman İonatan madam Lassala nəsə izah etməliydi. Yalan deməliydi, amma nə desin? İonatanın indiki görünüşünə ağlabatan izah yoxdu. Elə biləcəklər ki, o dəli olub. Bəlkə də həqiqətən dəli olmuşdu.

İonatan çamadanı yerə qoyub əlcəkləri, paltonu, şərfi, qış çəkmələrini çıxartdı, yay ayaqqabısını geyindi. İndi o, heç kimi öz görünüşü ilə təəccübləndirməzdi. Lazım gələrsə, deyə bilər ki, camaşırxanaya gedir, paltonu isə təmizlətdirmək istəyir. Bu fikir ona yüngüllük gətirdi, və İonatan pillələri düşməyə davam etdi.

İonatan həyətdə təmizlik işlərinə baxan qadınla rastlaşdı, qadın boş zibil qutularını əl arabasında aparırdı.  İonatan yerə mıxlandı, nə irəli, nə də geri addımlaya bildi. Qadın onu görmüşdü, İonatan qaça bilməzdi, odur ki, yoluna davam etməliydi.  “Sabahınız xeyir, müsyö Noel”, -  həyasız addımlarla onun yanından ötüb keçən qadın dedi.

“Sabahınız xeyirli olsun, madam Rokar”, - İonatan mızıldadı. Daha kəlmə kəsmədilər. 10 il burda işləyən qadınla Noel “Salam-sağol, axşamınız xeyir” sözlərindən başqa bir ifadə işlətməmişdi. Qadına qarşı pis niyyəti yoxdu, qadın elə də xoş insan deyildi, bu qadın  əvvəllər burada işləyən qadınlar kimi idi: qeyri-müəyyən yaşdaydı, yeriyəndə ayaqlarını sürüyürdü, dolu bədənli idi, sifətinə sanki un səpilmişdi, qadından kif iyi gəlirdi. Qadın daim ya zibil atırdı, ya boş zibil qutularını aparırdı, pilləkəni  yuyurdu, bazarlıq edirdi, ya da öz daxmasında oturub, televizora baxa-baxa süni işıq altında tikiş tikirdi, paltar ütüləyirdi, nəsə bişirirdi və ucuz qırmızı şərab içib dəmlənirdi. Yox, həqiqətən İonatan bu qadına qarşı deyildi, sadəcə təmizlik işlərinə baxanları sevmirdi, çünki bu insanların peşəsi başqalarını güdməkdi. Madam Rokar daim İonatanı güdürdü. Madam Rokarın yanından keçərkən, həmişə qadının oğrun baxışlarını hiss  edirdi. Qadın öz daxmasında kətilin üstündə mürgüləyərkən də, ən zəif qapı cırıltısından gözlərini açıb gələnə baxırdı. İonatana madam Rokardan başqa heç kim bu qədər çox və diqqətlə baxmamışdı. İonatanın dostu yox idi. Bankda o, əşya kimiydi. Müştərilər ona əşya kimi baxırdılar. Supermarketdə, küçədə, avtobusda (avtobusda da gedirmiş nə vaxtsa!) insan kütləsi onun anonimliyinə zəmanət verirdi. Təkcə madam Rokar İonatanı üzdən tanıyırdı və ən azı gündə iki dəfə utanmadan açıq diqqətini ona yetirirdi. Bu zaman o, İonatan haqqında çox intim məlumatlar əldə edə bilirdi: necə geyinir, həftədə neçə dəfə köynəyini dəyişir, başını yuyubmu,  şam yeməyinə nə alıb, məktub alırmı, alırsa, kimdəndi... İonatanın, deyildiyi kimi, madam Rokara heç bir şəxsi iddiası yox idi, amma o yaxşı bilirdi ki, qadının həyasız baxışları adi maraq deyil, peşəkar vəzifə borcudur, hər dəfə madam Rokarın yanından keçəndə, illər ərzində, İonatanı qısamüddətli isti etiraz dalğası bürüyürdü: “Nədir, yenə bu qadın gözlərini niyə zilləyib? Niyə məni yoxlayır? Niyə məni rahat buraxmır? Niyə hər dəfə məni tanıyır? Niyə insanlar bu qədər zəhlətökəndirlər?”.

Bu gün baş vermiş hadisədən sonra İonatan xüsusilə əsəbi olduğundan, hesab edirdi ki, çamadan və qış paltosu ilə özünün miskin varlığını hamıya büruzə verir, - madam Rokarın diqqətli baxışlarında xüsusi nifrət, “Sabahınız xeyir, müsyö Noel!” – sözündə isə açıq istehza duydu. Bu zamana qədər nəzakətin möhkəm səddi arxasında saxladığı etiraz dalğası qəfil qəzəb şəklində kükrəyib daşdı: və Noel heç vaxt etmədiyini etdi. Madam Rokarın yanından keçərkən, çamadanı yerə qoydu, qış paltosunu çamadanın üstündə yerləşdirib qadının həyasız baxışlarına qarşılıq vermək üçün qətiyyətlə geri döndü, hələ bilmirdi, nə deyəcək, nə edəcək. Daxilindəki qəzəb dalğası onu irəli aparırdı, qoçaqlığının da sərhədi yoxdu.

Madam Rokar zibil qablarını qoyub öz daxmasına getmək istəyərkən, İonatan onu həyətin ortasında saxladı. Onlar bir-birindən yarım metr aralı, üzbəüz dayandılar. İonatan bu qadının unlu sifətini bu qədər yaxından görməmişdi. Qadının məsaməli yanaqları zərif, köhnə papiros kağızı kimi idi, qonur gözlərində, yaxından baxarkən, istehzalı həyasızlıq yoxdu, nəsə yumşaq, qız baxışı kimi utancaqlıq vardı. Madam Rokar haqqında təsəvvürlərinə zidd olan bu cəhətləri görən İonatan özünü çaşdırmağa qoymadı. Nitqinə rəsmiyyət vermək üçün barmaqlarını forma papağına toxundurub kəskin səslə dedi: “Madam! Sizə nəsə deməliyəm!” (Bu ana qədər hələ də nə deyəcəyini bilmirdi).

“Nə demək istəyirsiz, müsyö Noel?”, - madam Rokar soruşdu və sezilməz əsəbi hərəkətlə başını arxaya çəkdi.

O, quşa oxşayır, - İonatan düşündü, - qorxmuş balaca quşa. Və yenə də kəskin səslə dedi: “Madam, sizə bunu demək istəyirəm ki...” və etiraz hissinin onun iştirakı olmadan bu ifadəylə tamamlanmasına sarsıldı: “Otağımın qarşısında bir quş var, madam, göyərçindi. Otağımın qarşısında əyləşib”. Və sonra şüuraltından qopmuş nitqini müəyyən səmtə yönəltdi: “Bu quş, madam, yeddinci mərtəbədə bütün dəhlizi batırıb”.

Madam Rokar yerində ayaq döydü, başını arxaya daha çox çəkib, “Göyərçin burda hardandı?” – soruşdu.

“Bilmirəm, bəlkə quş pəncərədən gəlib. Dəhlizdəki pəncərə açıqdır. Pəncərələr həmişə bağlı olmalıdır. Bu binadaxili qaydalarda göstərilmişdir”.

“Bəlkə, tələbələr açıblar, hava istidir”, - madam Rokar cavab verdi.

“Ola bilər, amma pəncərə bağlı olmalıdır. Xüsusilə də yayda.  Şimşək çaxsa, pəncərə çırpılar, şüşə sınar. Bir dəfə, 1962-ci ildə belə bir hadisə olmuşdu. Şüşənin dəyişməsinə 55 frank verdilər. O vaxtdan binadaxili qaydalarda göstərilir ki, pəncərələr həmişə bağlı olmalıdır”.

İonatan hiss etdi ki, binadaxili qaydalara daim ünvanlanması gülməli görünür. Qumrunun dəhlizə necə düşməsi onu maraqlandırmırdı. O, ümumən qumru haqqında danışmaq istəmirdi, bu dəhşətli problem yalnız onun özünə aid idi. İonatan madam Rokarın zəhlətökən baxışlarına  etirazını bildirmək istəyirdi, vəssalam, və bunu ilk sözlərdə dedi. Artıq etiraz hissi yatmışdı. İndi deməyə sözü yox idi.

“Qumrunu qovub pəncərəni bağlamaq lazımdır”, - madam Rokar dilləndi. Elə dedi ki, sanki bu çox asan bir işdi və sonra hər şey qaydasında olacaqdı. İonatan qadının qonur gözlərində boğulurdu, o, bir anlıq gözlərini yumdu ki, bu dərinlikdən çıxıb nəfəsini dərsin və yenidən sözünü deyə bilsin.

“Məsələ ondadır ki, ora nəcislə doludur. Hər yerdə yaşıl  izlər var. Və lələklər. Quş hər yeri batırıb. Əsas problem budur”, - İonatan dedi.

“Bəli, müsyö, dəhlizi yumaq lazımdır. Amma əvvəlcə quşu qovmalıyıq”.

“Bəli, - İonatan dedi, - Bəli, bəli...”. Və düşündü: “Qadın nə demək istəyir? Niyə deyir ki, qovmalıyıq? Elə bilir ki, quşu mən qovacam?”. İonatan madam Rokara müraciət etdiyinə peşman olmuşdu.

“Bəli, bəli, - o mızıldandı, - quşu qovmaq lazımdır. Mən... mən özüm onu çoxdan qovardım, amma vaxtım olmadı. Görürsüz, özümlə pal-paltar və qış paltosunu götürmüşəm. Paltonu təmizləməyə, pal-paltarı camaşırxanaya aparıb işə getməliyəm. Çox tələsirəm, madam. Ona görə quşu qova bilmədim. Mən sadəcə sizə məlumat verdim. İzlərə görə. Dəhlizin quş nəcisi ilə çirklənməsi əsas problemdir, binadaxili qaydaların pozulmasıdır. Binadaxili qaydalarda deyilir ki, dəhliz, pilləkən və ayaqyolu həmişə təmiz olmalıdır”.

İonatan həyatında bu qədər  geniş və dolaşıq danışdığını xatırlamırdı. Sanki yalanı gözə girirdi, yalanın ört-basdır etdiyi yeganə həqiqət isə bu idi ki, o, heç vaxt qumrunu qova bilməzdi, əksinə, artıq qumru onu qovub, və bu həqiqət ağrılı şəkildə özünü göstərirdi. Madam Rokar  İonatanın sözlərindəki həqiqəti eşitməmişdi, yəqin indi bu həqiqəti onun üzündən oxuyacaqdı, çünki İonatan hiss edirdi ki, bədəni istilənir, qan başına vurur  və xəcalətdən yanaqları od tutub yanır.

Lakin madam Rokar özünü görməməzliyə vurdu, bəlkə həqiqətən, heç nə görməmişdi? Və dedi: “Göstərişə görə minnətdaram, müsyö. İmkan olanda, bu işlə məşğul olacam”. Qadın başını aşağı saldı, İonatanın yanından keçib, başmaqlarını sürüyərək, daxması yanındakı ayaqyolunda gözdən itdi.

İonatan onun arxasınca baxdı. Əgər əvvəl kiminsə onu qumrudan xilas edəcəyinə ümidi vardısa, indi həmin ümid, madam Rokar kimi, itmişdi. “Heç nə etməyəcək, - o düşündü, -  nəyinə lazımdı. O bir xadimə kimi pilləkənlə dəhlizi süpürməlidir, həftədə bir dəfə də ümumi ayaqyolunu yumalıdır, qumrunu qovmalı deyil. Axşam vermut içib dəm olacaq və hər şeyi unudacaq, bəlkə elə indi, bu an artıq hər şeyi unutmuşdur”...

(ardı var)

Çevirdi: Sima

Hiç yorum yok:

Yorum Gönder