*(Coğrafi adlar şərtidir)
Dəmir on səkkiz yaşının tamam olmasını böyük
intizarla gözləyirdi ki, ailəsinin basqısından – səfeh, əyyaş atasından və
hiperqəyyum anasından qurtulsun və sərbəst yaşasın. Yeniyetməlik dövründən
etibarən hər gecə o füsunkar anı – ailədən
qaçdığı günü dönə-dönə xəyal edir, sonda qurtuluşu qazanmış kimi gülümsəyib
yuxuya gedirdi. Hər il, ad günü ərəfəsində, xəyalına bir il, 365 gün, 52 həftə
daha yaxın olduğunu dərk edib sevinirdi, bu anlarda nə anasının eqoist münasibəti,
nə atasının bayğın baxışları vecinə olmurdu – qarşıda böyük bir hədəf vardı, və
o hədəf əlçatan idi.
Dəmirin Boran şəhərinə getməsi taleyin böyük
bir lütfü idi – gözləmədiyi halda sinif yoldaşı təklif etdi ki, ora getsinlər,
orada böyük tikintilər başlayırdı və fəhlələrə ehtiyac vardı, üstəlik qalmağa
yer, yemək də verilirdi, təki gəl işlə! Bu təklifi Dəmir qaçıra bilməzdi və təbii
ki, razılaşdı. Onsuz da iki aya 18 yaşı düzəlirdi, orta məktəbi bitirmişdi, əsgərliyə getməyəcəkdi. Dəmir
uşaqlıqdan şəkər xəstəsi idi, anası hesab edirdi ki, sevgisi Dəmiri sağaldar, axı ana sevgisi hər
şeyə qadirdir, yalan olmasın, oxu göydə tutar, lazım olsa, dənizi qurudar! Dəmir
anasının bu irrasional güvəninə ürəyində gülərdi, qadın nəyəsə əmin olurdusa, heç vaxt fikrindən
dönməzdi - ən obyektiv faktlar ana üçün subyektiv və ağlasığmaz idi.
