Hekayəm etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Hekayəm etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

8 Ekim 2026 Perşembe

Akvarium balığı (hekayəm)


 

     Hə, bu gün işim başımdan aşır. Leylagilə gedəcəyəm, xanım yenə təzə sevgili tapıb özünə. Leylanın 45 yaşı var, hələ də nağıllardakı o saf, təmiz sevgiyə inanır. Nə qədər deyirəm ki, ay qız, oyan, bu qədər saf, avam olma, 45 yaşında nə sevgi, nə məhəbbət? Bu yaşda adamın ürəyi yox, təzyiqi döyünər. Gülür. Deyir ki, ay Səkinə, sən də aşiq olanda, biləcəksən sevginin dadını, qiymətini.

     Danışır da... Guya mən sevməmişəm. Sevmişəm. Ərdə də olmuşam. Amma bir gün anladım ki, mənimlə ərim fərqli insanlarıq, tamam yadıq – bir dam altında yaşayan, bir yataqda yatan iki yad adam. Düşünürdüm boşanam, amma ərim məndən zirək tərpəndi, tez boşandı və təzə sevgilisinin qoynuna qaçdı. Təsəvvür edirsiniz? Bu həyasız adam üzümə gülə-gülə, demə, qaçmağı çoxdan planlamışdı, o mənəm ey, yatmışdım fil qulağında. Amma yaxşı ki, rədd oldu həyatımdan. Yoxsa hələ də onunla sürünəcəkdim... Uşağım olsaydı, bəlkə də mehrimi ona salardım, dözərdim, hətta xəyanətlərə göz yumardım. Amma o istəmədi bunu, getdi.

7 Ekim 2026 Çarşamba

Qatar Borana gedirdi (hekayəm)


 *(Coğrafi adlar şərtidir)

     Dəmir on səkkiz yaşının tamam olmasını   böyük intizarla gözləyirdi ki, ailəsinin basqısından – səfeh, əyyaş atasından və hiperqəyyum anasından qurtulsun və sərbəst yaşasın. Yeniyetməlik dövründən etibarən hər gecə  o füsunkar anı – ailədən qaçdığı günü dönə-dönə xəyal edir, sonda qurtuluşu qazanmış kimi gülümsəyib yuxuya gedirdi. Hər il, ad günü ərəfəsində, xəyalına bir il, 365 gün, 52 həftə daha yaxın olduğunu dərk edib sevinirdi, bu anlarda nə anasının eqoist münasibəti, nə atasının bayğın baxışları vecinə olmurdu – qarşıda böyük bir hədəf vardı, və o hədəf əlçatan idi.

     Dəmirin Boran şəhərinə getməsi taleyin böyük bir lütfü idi – gözləmədiyi halda sinif yoldaşı təklif etdi ki, ora getsinlər, orada böyük tikintilər başlayırdı və fəhlələrə ehtiyac vardı, üstəlik qalmağa yer, yemək də verilirdi, təki gəl işlə! Bu təklifi Dəmir qaçıra bilməzdi və təbii ki, razılaşdı. Onsuz da iki aya 18 yaşı düzəlirdi, orta məktəbi  bitirmişdi, əsgərliyə getməyəcəkdi. Dəmir uşaqlıqdan şəkər xəstəsi idi, anası hesab edirdi ki,  sevgisi Dəmiri sağaldar, axı ana sevgisi hər şeyə qadirdir, yalan olmasın, oxu göydə tutar, lazım olsa, dənizi qurudar! Dəmir anasının bu irrasional güvəninə ürəyində gülərdi,  qadın nəyəsə əmin olurdusa, heç vaxt fikrindən dönməzdi - ən obyektiv faktlar ana üçün subyektiv və ağlasığmaz idi.

17 Haziran 2025 Salı

KUKLA (hekayəm)

 #mistika #horror



     Şəhərin kənarında çoxdan tərk edilmiş bir ev vardı — ot basmış həyət, boyası qopub tökülmüş divarlar, qurumuş ağaclar. Yaz aylarında həyətdə pişiklər əylənirdi, sonra uzun müddətə yox olurdu. Bu evdə əvvəllər varlı bir ailə yaşayırdı, lakin onların kiçik qızı Leyla itkin düşəndən sonra ailə başqa şəhərə köçmüşdü. Ailənin köçməsi ilə ruhunu itirmiş ev zamanın basqısı altında dağılırdı.

     Bir gün Murad təsadüfən şəhərin bu hissəsinə gəldi, burada tərk edilmiş bir evin olduğunu heç bilmirdi, sevindi, sanki gizli bir xəzinə tapmışdı. Murad tənha birisi  idi, az sosiallaşdığına görə xanımlarla uzunmüddətli tanışlıq qura bilmirdi, içindəki boşluğu doldurmaq üçün köhnə binaları, tikililəri öyrənirdi, bu hobbisi ilə toz qatı altında yatan məişət tarixinə, insanların həyat tərzinə bələd olurdu, hesab edirdi ki, hər qədim əşya unudulmuş günlərin tarixçəsini qoruyub saxlayan lal şahiddir. Muradın beynində bir ideya vardı – keçmişin insanları haqqında bir kitab yazmaq. Hər kitab hər hansı fikirlə başlayır, və yalnız çalışqanlıq, cəsarət nəticəsində beynindəki düşüncədən kağızdakı son sətrin nöqtəsinə qədər davam edən yolu qət edə bilərsən.

      Boş evi görən Murad içəri gedib baxmaq qərarına gəldi, adətən belə yerlərdə maraqlı tapıntılar olurdu, və artıq köhnə kitablar, məişət əşyaları və fotoşəkillərdən ibarət kiçik bir kolleksiya toplaya bilmişdi.

     Yarımqaranlıq otağa daxil olan Murad kəskin toz və kif iyini duydu. O sanki xatirələrin izini gizlədən dünyaya addım atmışdı. Otağın qaranlıq künclərində xışıltı ilə eşələnən siçovullar  onu bir qədər qorxutdu, elə bil canlı kimsə qaranlıqda Muradla təmas qurmaq istəyirdi.

     Aşağı mərtəbədə ətrafa nəzər salandan sonra Murad  macəra ruhunun təsiri ilə çardağa çıxmaq qərarına gəldi, təcrübəsindən bilirdi ki, ən maraqlı şeylər adətən orada, sandıqlarda və rəflərdə saxlanır. Və yanılmadı. Çardaqda xeyli köhnə əşya yığılmışdı — paslı mexanizmlər, kitablar, işlənmiş mebellər, güzgülər. Hər əşyanın bilinməyən tarixçəsi vardı. Küncdə, tozlu pəncərədən düşən gün işığı altında qaralan döymə naxışlı sandıq Muradın diqqətini çəkdi. Murad sandığa yaxınlaşıb qapağı açdı, cır-cındırın altında gözəl bir kukla tapdı. Kukla sanki canlı idi, uzun qıvrım saçları, cəhrayı dodaqları, toppuş əl-ayağı onu balaca qıza oxşadırdı, elə özü də balaca uşaq boydaydı. Muradın övladı yox idi, balaca bir qız tanımırdı ki, kuklanı ona versin. Murad kuklanı elə oradaca, sandıqda qoymaq istədi, qəfildən ona elə gəldi ki, kukla gözlərini açıb-yumdu. Murad kuklaya xeyli diqqətlə baxdı, qeyri-adi heç nə tapmadı və onu özü ilə aparmaq qərarına gəldi.

20 Temmuz 2022 Çarşamba

Sədə (hekayəm)

 

Mən uşaq olanda, hər yay anam məni kəndə, nənəmin yanına göndərərdi. Kəndi sevirdim, çünki orada sərbəst idim, uşaqlarla oynayırdım, ağaclara çıxırdım, nə vaxt acsaydım, o vaxt da yemək yeyirdim, əksər halda da bir dilim isti təndir çörəyi və yetişmiş, dişlərimi qabığına batıran kimi, ətrafa şirəsini sıçradan pomidor ilə kifayətlənirdim.