8 Ekim 2026 Perşembe

Akvarium balığı (hekayəm)


 

     Hə, bu gün işim başımdan aşır. Leylagilə gedəcəyəm, xanım yenə təzə sevgili tapıb özünə. Leylanın 45 yaşı var, hələ də nağıllardakı o saf, təmiz sevgiyə inanır. Nə qədər deyirəm ki, ay qız, oyan, bu qədər saf, avam olma, 45 yaşında nə sevgi, nə məhəbbət? Bu yaşda adamın ürəyi yox, təzyiqi döyünər. Gülür. Deyir ki, ay Səkinə, sən də aşiq olanda, biləcəksən sevginin dadını, qiymətini.

     Danışır da... Guya mən sevməmişəm. Sevmişəm. Ərdə də olmuşam. Amma bir gün anladım ki, mənimlə ərim fərqli insanlarıq, tamam yadıq – bir dam altında yaşayan, bir yataqda yatan iki yad adam. Düşünürdüm boşanam, amma ərim məndən zirək tərpəndi, tez boşandı və təzə sevgilisinin qoynuna qaçdı. Təsəvvür edirsiniz? Bu həyasız adam üzümə gülə-gülə, demə, qaçmağı çoxdan planlamışdı, o mənəm ey, yatmışdım fil qulağında. Amma yaxşı ki, rədd oldu həyatımdan. Yoxsa hələ də onunla sürünəcəkdim... Uşağım olsaydı, bəlkə də mehrimi ona salardım, dözərdim, hətta xəyanətlərə göz yumardım. Amma o istəmədi bunu, getdi.

     Leylaya məəttələm. İyirmi ildi ki, rəfiqəyik, tələbə vaxtlarımızdan, hələ də onu tanıya bilmirəm. Hər dəfə hansısa hərəkətlə məni təəccübləndirir. Məsələn, ərə gedən kimi, tez uşaq dünyaya gətirdi, dedim, tələsmə, gənc həyatını yaşa, dinləmədi, öz bildiyini edir hər zaman.

     İndi də özündən neçə yaş kiçik kişiylə münasibətdədir. Başa düşmürəm, nə tapıb cavanda? Əbəs yerə demirlər ki, cavana gedən yumruq yeyər, qocaya gedən – quyruq, amma Leylanın bəxti kişi sarıdan yaman gətirir - ərləri ona həmişə quyruq yediriblər, az qala qucaqda gəzdiriblər, nə sirrdir, anlamıram – mən Leyladan beş yaş cavanam, daha yaraşıqlıyam, evim-eşiyim, malım-pulum. Amma mənə quyruq yedirən yoxdu.

      Bu gün məni təzə əri ilə tanış edəcək. Nolsun ki, cavandır, yəqin ya bomjdur, ya da türmədən çıxan. Yəni avara tin uşağı. Hansı ağlı başında olan kişi özündən yaşca böyük qadınla evlənər?  İndi Leyla gənc deyil, bədəni ağırlaşıb, fiziki işdən əlləri qabar-qabardır, yorğun gözləri iki kömür qırığı kimi görünür. Amma maraqlıdır ki, həmişə üzü gülür. Həmişə şükr edir. Həmişə yaxşı nəyəsə inanır. Axmaq.

     Hə, axşam getdim Leylagilə. Mustik (Mustafa) ordaydı. Tam düşündüyüm kimiydi – hündür, yaraşıqlı, gülərüz. Yaşlı qadınları sevən gənc kişi kimi. Həmən bildim nə yuvanın quşudur – belələrinin dabbaqda gönünə bələdəm, zəngin qadın ovçularıdır belələri! Amma axı Leyla indi zəngin deyil, adi maaşla, türklər demiş, əsgəri ücrətlə yaşayan qadındı, amma bax da, Mustik ona aşiqdi (guya)! Heç vaxt onun təmiz hisslərinə inanmaram!

     Çay içirdik. Mustik gözünü Leyladan çəkmirdi, elə bil Məcnundu! Artist!

     Tanışlıq tarixçəsini danışdılar, daha doğrusu, Leyla danışırdı, Mustik isə qaşlarını qaldırıb-endirib, dodaqlarını büzüb-açıb onun sözlərini təsdiqləyirdi. Deməli, bir gün Leyla həyətindəki quru ağaçı kəsmək üçün qonşuya müraciət etmişdi, Aslan kişi pensiyada olsa da, canı möhkəm, enerjili idi, və hamının, xüsusilə də tək yaşayan qadınların köməkçisi, himayədarı idi, əlindən hər fiziki iş gəlirdi – ev təmiri, ağac kəsmək, mebel daşımaq, boruları dəyişmək... Bu dəfə Aslan kişinin işi vardı, ona görə bacısı oğlu Mustafanı göndərmişdi, o da sağ olsun, beş dəqiqədə ağacı kəsdi, budaqları həyətin bir küncünə yığdi, tökülmüş quru yarpaqları süpürdü, dayısı kimi zirək idi. Leyla onu masaya dəvət etdi, kotlet bişirmişdi, Mustafanın ağzını geniş açaraq iri kotletləri iki dişləməyə necə hopp eləyib yediyinə baxırdı, və qarşısındakı ac, gənc oğlana qarşı içində qəribə, mülayim bir ana şəfqəti, yox-yox, qadın hissi yarandığını duymuşdu. Mustafanın öz evi yoxdu, anasıyla qalırdı, işsizdi, dayısı Aslan kimi qonşularda işləyib pulunu qazanırdı.

     O gündən Mustafa tez-tez Leylagilə gəlirdi, hər dəfə də Leyla onu dadı yeməklərə qonaq edirdi, bir də ayıldı ki, Mustafanın gəldiyi gün onun üçün internetdən xüsusi reseptlər axtarıb tapır – dadlı ət yeməkləri, şorbalar, şirniyyat... Anasının bişirmədiyi yeməkləri Mustafa Leylagildə yeyirdi, kökəlmişdi də.

     Mustafa Mustik olan zamandan Leylagildə yaşamağa başladı. İndi də Leyla Mustikə yaxşı bir iş axtarırdı, Səkinə, siz tərəflərdə yaxşı iş var? – soruşdu.

     Olsa da, demərəm. Nəyimə lazımdı qadın ovçusunu işə düzəldim, sonra özümü zibilə salım. Leylaya qaş-göz etdim ki, ehtiyatlı ol, gecə Mustik qır-qızılını oğurlayib qaçar, xəbərin olmaz. Amma Leyla xoşbəxt təbəssümlə məni dinləyirdi, bilirdim ki, sözüm vecinə deyil. Leylaya acıyıram, 45 yaşında aşiq olasan, adam səni talayıb qaçsın, gec-tez elə olacaq, əminəm.

     10 il əvvəl Leylaya paxıllıq edirdim. İndi, illər sonra bunu özümə etiraf edə bilərəm, amma o zamanlar bunu danırdım, axı biz rəfiqəyik, illərdir bir-birimizin yanındayıq, heç vaxt paxıllıığımız olmaz! Demə,  olurmuş. Leyla bilmirdi bunu. Axmaq deyiləm ki, ona paxıllıq etdiyimi büruzə edəm. Mən ağıllıyam. Leylasa axmaqdır, yox, axmaq deyil e, sadəlövhdür, hamıya inanır, hamını özü kimi saf bilir, axmaq.

     Hə, on il əvvəl Leyla ikimərtəbəli villada şahzadələr kimi yaşayırdı. Evdə qulluqçusu vardı. Əri onu yağ-bal içində saxlayrdı. Oğlu isə İngiltərədə, ən nüfuzlu universitetdə oxuyurdu. O vaxtlar Leylanın hər şeyi vardı, brend geyimləri, hər il Bali adasında istirahəti, altında bahalı maşını. O zamanlar mən təzə ayrılmışdım, ərimin, o alçağın  adıma götürdüyü kreditləri təkbaşına ödəyirdim, demək olar ki, soğan çörəklə dolanırdım, istəyirdim borcümu tez verəm bitirəm, kredit bataqlığından çıxam. Evimi satıb şəhərin ucqar yerinda balaca bir ev aldım, sınıq-salxaq, düşünürdüm ki, vaxt gələr, təmir edərəm, Leyla kimi villada yaşayaram, təki həyatımda zəngin bir kişi peyda olsun. Leyla eləsini tovlayıbsa, mən dünəndən taparam, axı mən gözələm, ağıllıyam.

     Amma olmadı. Hələlik olmadı. Amma olacaq!

     Nəsə. Hə, günlərin bir günü Leylanın o zəngin əri qəfildən ürəktutmasından öldü. Leyla da mənim kimi sadə həyatın dibinə yuvarlandı, düzdü, borcları yox idi, amma nə qulluqçusu vardı, nə ikimərtəbəli villası. Satmışdı. Mən olsaydım, xaricə köçüb firavan yaşayardım. Amma bu axmaq Leyla neyləsə yaxşıdır? Getdi özünə kiçik bir şirniyyat sexi, bir də təndirxana açdı. Təndirdə iki qadın çörək bişirirdi, Leyla özü isə böyük sobaların qabağında durub gecə-gündüz şirniyyat sexində tər tökürdü.  Axmaqlıqdı. Bu boyda şəhərdə kimdir sənin şirniyyatını, təndir çörəyini alan? Amma inanırsınız, növbəyə dururdular! Camaatın başı xarab olub e, vallah! Maqazinlər zavod çörəyi ilə, hazır şirniyyatla doludur, amma bunlar gedib Leylanın bahalı təndir çörəyinə pul tökürlər.

     Mustik də şikar görmüş tula kimidir, Leylanı ələ keçirib, bu sənə qadın, bu biznesi, bu evi – gir yaşa, şellən!

     Evə qayıdanda Leylanın qulağına pıçıldadım:

-          Ehtiyatlı ol, bu oğlandan gözüm su içmir.

     Mustik yaxınlıqda fırlanırdı, quzğun çüçəni pusan kimi, fikri bizdəydi, yəqin duyuq düşmüşdü ki, Leylanın gözünü açacam, Mustiki qovduracam.

*

     Mustik Səkinənin xoşuna gəlmədi, hiss etdim. 20 illik rəfiqəmdi, onun sözü mənim üçün çox dəyərlidir, amma bəzi hallarda öz ağlımla, ürəyimin səsini dinləyərək, hərəkət etməyə üstünlük verirəm. Səkinə küssə də, incisə də, mən buyam. Mustik yüzdəyüz mənə uyğun olmasa da, bir xasiyyətini çox bəyənirəm – inandırma qabiliyyəti güclüdür, hamıyla dil tapır, kin saxlamır, gərək siyasətçi olaydı, böyük kütləni asanlıqla öz arxasınca aparmağa qadirdi. Keçən gün bir müştəri təndirxanaya gəlib dava salmaq istədi, isti çörək aldı, çörək də təzə təndirdən çıxmşdı, əlini yandırdı, bağırdı ki, neynirsiz, camaatı öldürmək istəyirsiz! Yaxşı ki, Mustik oradaydı, kişini sakitləşdirdi, çörəyin pulunu almadı, dedi ki, arada gəl, söhbət edək, çay içək, qulluğundayam.

     O gündən sonra Mustik işlərdə  mənə kömək eləməyə başladı, hər şeyi tez qavrayırdı, axı zırək idi. Tez bir zamanda biznesimi ona verəcəm, qoy işləsin, mən isə dincələcəm, yorulmuşam. Qoy ər çörəyi yeyim, əvvəlki kimi.

     Eh, Səkinə, Səkinə! Gözəldi, amma bəxtsizdi. Tək qalıb. Deyirəm gəl mənimlə işlə, gəlmir, deyir, mən niyə işləyim, qoy kişi işləsin, pulunu mənə gətirsin. Parazit kimi yaşamaq ona daha xoşdu. Amma ona pərəstiş edirəm. Elə bil 25 yaşlı qızdır, fiqurası, çəkisi əla! Gözəl geyinir, zövqlə, ədalıdır, aktrisadır elə bil! Mustikdən soruşdum, Səkinəni bəyəndin? Dedi, yox. Yalan dedi, istəmədi məni küsdürsün. “Axı gözəldi... gör necə də cavan qalıb...” dedim. Mustik də söylədi ki, sənin Səkinən akvarium balığı kimidir, gözəldir, amma bir faydası yoxdu, elə boş-boş yaşayır.

Hm.. qəribə fikirdi. Akvarium balığı... 

*

     Leyla əslində zəhmətkeş qızdı, ikimərtəbəli qulluqçulu evdə yaşayrkən də boş oturmurdu, həmişə nəynənsə məşğul idi, ona görə onun əməyinə heyfim gəlir, Mustik hazırın nazırıdir! Bunu niyə Leyla görmür! Mən görürəm!

     Hə. Bu gün əsil qış havasıdır. Hələ dünən qısaqol köynəkdəydim, bu gün xəz kürkümü geydim. Ah, dünyada nə qədər gözəl əşya, geyim, bəzək var! Mustik olmasaydı, Leyladan borc götürərdim, bahalı nəsə alardım, bəlkə avtomobil alım? Maraqlı fikirdi, görəsən, sürə bilərəm? Leyla həmişə mənə borc verib, sonra da unudub, mən də görmüşəm ki, pulu geri istəmir, qaytarmamışım. Mən axı təkəm! Onun isə o vaxtlar zəngin əri vardı! İndi də Mustiki var.

     Belə baxanda, Leyla yaxşı qızdır. Səxavətlidir. Mərhəmətlidir. Lənətə gəlsin Mustik! Haradan peyda oldu axı? İndi ona görə Leyla mənə kömək etməyəcək. Yəqin, hamı gülür ki, Leyla, bu əxlaqlı ev qadını oğlu yaşda adama aşiqdi! Hələ bu azmış kimi, evlənib də! Axmaqlar!

     Oğlu da elə Mustikin tayıdır. Londonda oxuyur, hərdən anasını görməyə gəlir – saqqallı uşaq! Əynində şortik. Ayağında tennis ayaqqabısı. Uzun saçlarını qız kimi rəngli rezinlə təpəsində yığır. Yəqin, gecə yatanda anasının üz kremlərindən sürtüb yatır. Tfu!

     Heyif, heyif səndən, ay Leyla! Mənim saf, axmaq rəfiqəm! Axı səni sevirəm, illərin rəfiqəsiyik. Məndən başqa kim sənə həqiqəti deyər? Heç kim! Mustikin öz planları var, oğlun  gənc həyatını Londonda yaşayır. Sənə qalan elə mən olacam, iyirmi illik rəfiqən!

*

     Ah, necə də gözəl gündür! Qış gəlib. Mustik həyətdə tonqal qaladı, samovar çayı qoydu. Soyuq olsa da, külək yoxdu. Həyətdə oturub samovar çayı içdik, Mustiklə üstümüzə yun şal salmışdıq, necə də romantikdi! Tonqalın narıncı dilləri mənə uşaqlığımı xatırlatdı, o gözəl qayğısız günləri!  Sonra evə keçdik, bir-birimizə sarılıb film izlədik. Heç bilmədim nə filmdir. Hey Mustikin nəfəsini dinlədim, çiyninin istisini hiss etdim. Qolları da güclüdür, Mustik mənim əsil dayağım, sirdaşımdır!

     Elə bilirdim ki, Səkinə Mustikə görə daha bizə gəlməz. Gəldi. Hiss edirdim ki, sözlü adama oxşayır. Demə, yenə borca pul istəyirmiş, özü də Mustik eşitməsin deyə, pıçıltı ilə. Mustik də duyuq düşdü, göz-qaş elədi ki, vermə! Necə verməyim, axı Səkinə rəfiqəmdir! Yaxşı, heç olmasa yüz manat verim. Mustik inciməz. 10 il əvvəl, dul qalanda, Səkinə gecə-gündüz bizdəydi. Bazarlıq edirdi, o qədər şey alırdı ki! Düzdü, ehtiyac yoxdu, evdə hər şey vardı, amma məni məcbur etdi ki, pərdələri yeniləyim, evə təzə xalça alım... Bəlkə də bu qayğılar məni iztirablardan qurtardı, yoldaşımın qəfil ölümü məni sarsıtmışdı, birdən birə dayaqsız, sirdaşsız, köməksiz qalmışdım... Səkinə olmasaydı, bəlkə də depressiyaya uğrayardım, amma o, demək olar ki, məni xilas etdi. Hər gün “cır-cır-cır” cır səsiylə nəsə danışırdı, darıxmağa qoymurdu.

     Aman allah, mən demə, xoşbəxtəm! Şükürlər olsun! Şükürlər olsun!

*

     Dünən Leylagildəydim, məcburən. Pul lazımdı. O da verdi, heç soruşmadı, nə üçün borc götürürsən? Elə bilirdim ki, Mustikə görə borc verməz, o gədə bütün pulları ələ keçirib, hər qəpiyi güdür, başqa cür ola bilməz!

     Gəldim gördüm film izləyirlər, gənc aşiqlər kimi qucaqlaşıb oturublar. Ay-hay! Haranıza yaraşır qucaqlaşmaq? Nəvə oynadan vaxtındı, ay Leyla, amma sən Mustiklə eşq yaşayırsan, zavallı qadın!

     Nəsə. Evlərində elə gözəl ab-hava vardı, ev isti, rahat. Masada meyvə, çay. Televizorda film. Divanda sevgililər. Utanmırlar! Adamda həya-abır olar! Mənim yanımda az qalırlar qucaqlaşıb öpüşsünlər. Dözürəm. Pul lazım olmasaydı, Leylaya da, Mustikə də bir-iki ağır söz deyib silkələyərdim onları, yoxsa tamam başlarını itiriblər!

*

     45 yaşdan sonra qadınlar çaşır, elə eşitmişdim. Amma razı deyiləm belə fikirlə. Məsələn, mən. Niyə çaşım? Məgər sevmək çaşmaqdı? Evli olsaydım, xəyanət etsəydim, ayrı məsələ. Amma dulam. Mənim də xoşbəxt olmağa haqqım var! Oğlum böyüyüb, yekə kişidir, bu gün-sabah evlənəcək. Onsuz da öz həyatını çoxdan yaşayır. Bəs mən? Mənim kimi tək qadınlar neyləsin? Yetkin yaş həyatın səhifələrini vərəqləyib təhlil etmək vaxtıdır – nəyi düz etmisən, nəyi səhv; nə qazanmısan, nələri itirmisən; hansı zirvələrə yüksəlib hansı qaranlıq uçurumlara düşmüsən... Heç kimin ömür yolu buz bağlamış göl səthi kimi hamar deyil. Əsla! Çoxu uçurumdan çıxa bilmir, qanadlarını gərib irəli uça bilmir.

     Səkinə tapşırmışdı ki, borc aldığını Mustikə deməyim, amma mən hesab edirəm ki, ər-arvad arasında gizli bir şey olmamalıdır. Borc verdiyimi dedim. Elə bildim Mustik məni danlayacaq. Düzdü, narazı olduğunu bildirdi, dedi ki, Səkinə səndən sui-istifadə edir, amma pul sənindi, hara, kimə istəsən xərclə, amma bil ki, bir gün bu Səkinə sənə balta vuracaq.

     Sözdü deyir də. Nə balta. İyirmi ildir ki, bir-birimizin yanındayıq. Mustik Səkinəni tanımır. Aaaa... bəlkə Mustik Səkinəyə padxod edib, o da onu qovub, bəlkə buna görə Mustik Səkinəni pisləyir, gözümdən salır? Yox, ola bilməz. Mustik mənə aşiqdi. Nolsun ki, Səkinə gözəldi, cavan qız kimidir. Belə bir şey olsaydı, Səkinə mənə deyərdi, Mustikin iç üzünü açardı.

     Əslində Səkinə də Mustiki tanımır, elə bilir ki, Mustik puluma görə mənimlədir. Özü indiyənə qədər neçə kişiyə aşıq olub...  hər biri bir qəpiyə dəyməz! Səkinəyə həmişə iztirab veriblər. Gözəlliyinə dəyər verməyiblər. İncidiblər. Aldadıblar. Xəyanət ediblər. Hər dəfə də mən onun yanında olmuşam. Yaxşı ki, Səkinə heç nəyi ürəyinə salmır, mənim kimi deyil. Mən çox fikir edirəm, o isə kəpənək kimi yüngül, şən və gözəldir. Və o cür yaşamağa üstünlük verir.  Gözəllik də lənətdir, vallah. Gözəl olunca, adamın gözəl baxtı ola.

*

     Mat qaldım ki, Leyla belə asanlıqla mənə borc pul verdi. Tapşırdım, Mustikə deməsin. Görəsən, deyib? Hm... Mustikə nə dəxli var, pul onun deyil ki! Leyla kimə istəyər, pul verər! Mustik qoy özü qazansın, gözünü də Leylanın cibinə, puluna dikməsin. Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım! Mustik belələrindəndir!

     Amma düzünü düsəm... bir-birlərinə çox yaraşırlar, yaş fərqi olsa da. Hətta deyərdim ki, Leyla sanki cavanlaşıb. Cavan qız kimi nazlanır, Mustik də onun nazıyla oynayır. Axı bu Leylada nə var ki, kişilər onunçün sino gedirlər? Niyə mənim bəxtimə yaxşı kişi çıxmır, bu nə sirrdir? Bəlkə Leyla o kişiləri ovsunlayır? Cadu-piti edir? Bu sirri Leyla deməz. Gərək Mustikdən soruşam. Mütləq bilməliyəm – o nədir ki, Leylada var, məndə yoxdu?

*

     Axşam Səkinə zəng etdi, Mustiki çağırdı evinə. Qapısının kilidi xarab olub. Açar qırılıb, oyuqda qalıb. Mustik gəlsin kilidi düzəltsin. Təklif etdim ki, gəl gecəni bizdə qal. Səkinə istəmədi. Ayrı vaxt qaça-qaça gələrdi, indi evinə bağlanıb.

     Mustik, alətlərini götürüb getdi, iki saata qayııtdı. Nəsə qanıqara idi. Soruşdum, demədi. Sabah Səkinədən öyrənərəm.

*

     Mustiki çağırdım, dedim gəl qapının kilidini düzəlt. Gəldi. Kilidi özüm qırmışdım. Otağa keçən kimi tez bir badə şərab süzüb verdim Mustikə. İçmədi. İş başında içmirəm. Yaxşı, sonra içərik. İçərik, dedim, gözlərimi Mustikə zillədim. Bilmədim, anladı ya yox.  Dodaqlarını kip qapayıb kilidlə məşğul idi, mən də onun çevik barmaqlarına baxırdım, xəyal edirdim ki, bu barmaqlar Leylanın bədənində necə gəzir... İçimdə bir həyəcan qopdu. Mən də elə istəyirəm! Bu cür toxunuş, hiss, ehtiras istəyirəm! Leylanın heç ağlı yoxdu. Mənim kimi gözəlin yanına Mustik kimi gənc, yaraşıqlı oğlanı göndərərlər? Mustik mənim gözəlliyimə, cazibəmə tab gətirərmi?

     Anam da gözəl idi. Amma bəxtsizdi. Xalası oğluyla zorla evləndirilmişdi, həyatı elə küskün keçdi – hər kəsdən, atamdan, bəxtindən, məndən küsmüşdü. Məndən ona görə küsmüşdü ki, atama çox oxşayırdım. Anam son nəfəsində pıçıldadı ki, həyatım necə də tez sonlandı, heç yaxşı bir şey görmədim. Qızım, sən mənim kimi bəsit həyat yaşama. Gəz, əylən. Dadlı ye, gözəl geyin. Bu gözəllik ki, səndə var, kişilər sənin üçün sino gedəcəklər, ən yaxşısını seçərsən.

     Yaman da sino getdilər... Mən də anam kimi bəxtsiz oldum.

-          Hazırdır, - Mustik alətləri kiçik əl çantasına yığmağa başladı. Gedir? Qoymaram!

-          Mustik... Görürəm sən yaxşı oğlansan. Leyla sənə layiq deyil, əsla!

          Mustik gözlərini qırpa-qırpa sözümün davamını gözləyirdi. Elə şey deməliydim ki, inandırıcı olsun.

-         O gün Leylanı başqa kişiylə gördüm. Sonra notarius gəldi. Malını-mülkünü o kişiyə verəcək. Oğlunu lüt qoydu, təsəvvür edirsən? Bax, mən olsaydım, əgər sən mənim ərim olsaydın, mən bütün varidatımı yarı bölərdim – sənə və oğluma, ən sevdiyim adamlara. Leyla oğlunu sevmir. Doğma oğlunu sevməyən qadın ərini sevəcək? De də, sevəcək? Fikirləş!

Mustik susmuşdu. Alətləri çantaya yığıb boşaldırdı, yığıb boşaldırdı.

Davam etdim:

-         Bilirsən niyə belə etdi? Leyla xərçəngdi. O kişi də cərrahdı, onu əməliyyat edəcək, söz verib ki, Leylanı ölməyə qoymayacaq, əvəzində Leyla hər şeyini ona verdi, təsəvvür edirsən? Hər şeyini! Can şirin şeydi də!

*

Səhər Mustikdən soruşdum ki, niyə qanıqara idin dünən. Məni qucaqlayıb qulağıma pıçıldadı:

-         Səni sevirəm. Nə olursa olsun, yanındayam. – Susdu, sonra davam etdi – xəstə olduğunu niyə məndən gizlətmisən? Mən yuxusuz qalıb körpə uşaq kimi sənə qulluq etməyə həmişə hazıram, qorxma, sən yaşayacaqsan! Səni ölməyə qoymayacam!

Dəli ağlamaq tutdu məni. Mustikin məni sevdiyinə  tam inandım. Amma o hansə xəstəlikdən danışır?

*

     Gecə zəng gəldi. Xəstəxanadandı. Səkinə bir şüşə yuxu dərmanı içibmiş. Sonra da təcili yardıma zəng vurubmuş. Həkimlər onu xilas etmişlər. Amma indi o, xəstəxanada bir neçə gün qalmalıdır.

     Mustikə dedim:

-         Gedək xəstəxanaya, Səkinəni görək, intihara cəhd edib, yəqin növbəti eşq oxu daşa dəyib, zavallı... gedim ona dəstək olum.

-          Sən get, mən getməyəcəm.

Nə qədər dil töksəm də, Mustik mənimlə getmədi. İncidim ondan. 20 illik rəfiqəm intihara cəhd edir, demək ki, o qədər stress keçirib ki, bu qorxulu yola əl atıb, amma sən, Mustik, mənimlə gəlmirsən! Eybi yox, səninlə sonra danışaram!

Palatada Səkinə tək idi, ağ mələfə altında uzanmışdı. Mənə elə balaca, cılız göründü ki, elə bil pişikdi – bədbəxt pişik. Məni görçək ağladı. Hönkürə bilmirdi, göz yaşları sakit damlalarla çənəsinə axdı. Ah, Səkinə, zavallı rəfiqəm, niyə belə etdin... Necə yəni yaşamaq istəmirəm? Yaşayacaqsan! Birgə gəzintiyə gedəcəyik, Mustik bizi teatra, konsertə aparacaq. İstəsən, Türkiyəyə gedərik, Qara dəniz sahillərinə, oralar çox gözəldi. Tez sağal! Darıxma! Bəsdi, ağlama! Ölümün pəncəsindən qurtulmusan, bu böyük lütfdür! Ağlama! Hər şey yaxşı olacaq, inan...

2011

Hiç yorum yok:

Yorum Gönder