Mən uşaq
olanda, hər yay anam məni kəndə, nənəmin yanına göndərərdi. Kəndi sevirdim,
çünki orada sərbəst idim, uşaqlarla oynayırdım, ağaclara çıxırdım, nə vaxt
acsaydım, o vaxt da yemək yeyirdim, əksər halda da bir dilim isti təndir çörəyi
və yetişmiş, dişlərimi qabığına batıran kimi, ətrafa şirəsini sıçradan pomidor
ilə kifayətlənirdim.
Nənəmin məhəlləsində bir xala
yaşayırdı. Yaşı vardı, amma ağlı uşaq ağlı kimiydi. Görürdüm ki, boyca, bədəncə
bizlərdən, balaca qızlardan, fərqlənir, elə davranışı da fərqliydi. Daim
bizimlə oynamaq istəyirdi, amma qızlar onu qovurdular.
-
Sədə oynamaq istəyir, - xala deyirdi. - Sədə oynamaq istəyir. – Dayanmadan
bu cümləni təkrar edirdi.
-
Yox, olmaz! – qızlar qışqırır, Sədəyə acıqlanırdılar. Sədə incik halda
kənarda bir daşın üstündə əyləşib oynayan uşaqlara baxırdı, burnunun altında
nəsə donquldanır, hərdən başını arxaya atıb gülürdü.
İlk dəfə Sədəni görəndə mat
qalmışdım. Əynində qara-qırmızı güllü, rəngi solmuş çit xalat, ayaqlarında üstü
muncuqlu məxmər başmaqlar, başında qırmızı lentli həsir çimərlik şlyapası
vardı. Baş tərəfdən kübar fransız qadınına, orta hissəsi – kənd qadınına, aşağı
hissəsi şərq nağıllarındakı şahzadələrə oxşayırdı. Sədə küçədə peyda olanda,
böyüklər mülayimcə gülümsəyib keçər, uşaqlar isə ona gülərdilər.
- - Başı çatmır, - deyərdilər. – Sən də ona fikir vermə, Leyla.
Amma Sədə mənə maraqlı idi. Bəlkə ona
görə ki, mən onun kimi adamı hələ görməmişdim. Şəhərdə qapalı həyat yaşayırdım,
ev – məktəb. Anam mühafizəkar qadın idi, və hesab edirdi ki, qız uşağının çöldə
işi olmaz, qaxılsın evdə otursun. Amma kəndə həvəslə göndərirdi məni, elə
bilirdi ki, daim nənəmin nəzarəti altında olacam. Nənəmin isə öz işi-gücü
qurtarmırdı, mənə diqqət ayırmağa vaxtı yox idi, qarnım toxdu, salamatam, -
deməli, hər şey yaxşıdı, düşünərdi.
Sonradan bildim ki, Sədənin əsil adı Səidədir,
yaxşı danışa bilmədiyini görə Sədə deyir, elə hamı da onu Sədə çağırır. Sədə
qırx günlük olanda, anası, zahı qadın, onu əlindən yerə salmışdı. Payız idi.
Gur yağışlar yağır, şimşək çaxırdı. Bir dəfə şimşək qəfildən elə guruldadı ki,
sanki göy üzü parçalandı, şaqqalandı. Gözqamaşdıran işıq zülmətli gecədə ani
parlayaraq söndü. Sədənin anası diksindi, qolları sustaldı və qucağındakı çağa
taxta döşəməyə çırpıldı.
Qorxudan ana süddən kəsildi. Sədə
gecə-gündüz acından ağlayırdı. Qonşular, kimdə vardısa, inək ya keçi südündən
gətirib verirdilər. Sədə beləcə yarıac, yarıtox böyüdü. Boyu uzandı, yaşı
artdı, amma ağlı uşaq ağlı kimi qaldı.
Sədə bizimlə oynamaq istəyirdi. Biz
hara gedirdik, arxamızca gəlirdi, kənarda dayanıb gülümsəyərək baxırdı,
gözləyirdi ki, onu çağıraq. Biz dənizdə çiməndə, Sədə sahildə oturub gözünü
suda çığıran, atılıb-düşən uşaqlardan çəkmirdi. Əlləri ilə narın isti qumu
ovuclarına yığıb tökürdü.
Sudan çıxan qızlar dəsmallara bürünüb,
isti qumun üzərində otururdular. Kimsə özünü günə verir, kimsə balaca termosdan
çay töküb içirdi. Sədə konfet sevirdi, həmişə onun ovcuna bir neçə şüşə konfet,
ya meyvəli karamel basardıq, o da sıxıla-sıxıla gülümsəyərək, konfetli ovcunu
güllü xalatının cibinə soxurdu və əlini çıxartmırdı, sanki qorxurdu ki,
konfetləri geri alacayıq.
Bir dəfə yenə bir dəstə qızla dənizə
getmişdim. Üzə bilənlər bir az dərinə gedir, üzə bilməyənlər sahilə yaxın yerdə
çimirdilər. Sədə sahildə oturub bizi müşahidə edirdi.
-
Ay, batıram! Kömək edin! – Qızlardan birinin səsi məni qorxutdu, gözlərimlə
kimin qışqırdığını görmək istədim, ora-bura baxdim, suyun səthindəki qara
başlardan bilmədim, batan kimdi. Bir də gördüm xalatlı-şlyapalı Sədə suya
cumdu, özünü suya atdı, çapalayaraq irəli üzdü. Şlyapası başından qopub
dalğaların üzərində yellənirdi. Güllü xalatının ətəyi pambıq xaralı kimi şişib
boşalırdı. Sədə batan qızın qolundan tutub sahilə tərəf dartdı, sudan çıxartdı.
O biri qızlar ciyilti ilə qaçıb sahilə çıxdılar.
Batan qız qumun üstündə gözüyumulu
uzanmışdı. Əynindəki çit donu bədəninə yapışmışdı.
-
Öldü? Suğra öldü? – qızlar həyəcanla bir-birindən soruşurdular. Sədə
Suğranın yanında əyləşib gözünü ona zilləmişdi. Yaş saçlarından su axırdı,
xalatı quma batmışdı, islanmışdı.
-
Nə dayanmısız? Onu xilas etmək lazımdır! – qızlardan biri dedi. – Çəkilin
kənara! – Qız Suğranı böyrü üstə çevirib kürəyini şappıldatdı.
-
Suğra! Suğra! Nəfəs al! Eşidirsən? Suğra!
Suğra gözünü açıb öskürdü, nəfəs
almağa başladı. Qızlar sevincək hay-küy saldılar:
- - Sağdı, ölməyib! Sədə Suğranı xilas etdi!
Qızlar Sədəni dövrəyə alıb
qucaqladılar, sevincək halda didişdirdilər:
- - Suğranı xilas etmisən, başa düşürsən? Yoxsa, qız batacaqdı...
Sədə çəkingən təbəssümlə qızlara
baxırdı, bilmirdi, bunlar nə istəyirlər? Yenə məni qovurlar?
Hamı yığışıb evə qayıtdı. Həmin gün
məhəllədə hər kəs bildi ki, Sədə qızlardan birini xilas edib. Həmin qızın anası
Sədəyə təzə, mavi zolaqlı don və ağ naxışlı ləçək bağışladı, nənəm Sədəgilə
mürəbbə göndərdi, başqaları da xeyli pay-puş verdilər. Sədə məhəllənin
qəhrəmanı oldu.
İllər keçdi. Mən böyüdüm. Kəndə az-az
getdim. Hər dəfə orada gözüm Sədəni axtarırdı. O məni görən kimi tanıyaraq, -
Lela, Lela! – həmişəki kimi çəkingən təbəssümü ilə çağırırdı.
Sədənin anasından başqa heç kimi yox
idi. Ana-bala xırda həyətli evdə kasıbyana yaşayırdılar. Həyətin ortasına
hündür tut ağacı kölgə salırdı, ağacın dibində 2 toyuq daim eşələnir, ora-bura
qaçırdı.
Ana qocalmışdı, zəifləmişdi. Səidədən
yaman nigaran idi, “öləcəm, qız tək qalacaq...” – düşünürdü, amma nə edə
bilərdi? Zamanı saxlamaq olmur, hamı bu dünyada qonaqdı...
Anası öləndən sonra Sədə, demək olar
ki, həyətdən küçəyə çıxmırdı. Yaxın qonşular ona yemək, çörək gətirəndə, “anam
ordadır”, - Sədə barmağını göyə tuşlayar və gülümsəyərdi. “Anam ordadır... Mən
də ora istəyirəm..”. Qonşuların gətirdiyi yeməklər, çörək elə orada, eyvanın
döşəməsində qalıb quruyar, ya da həyasız toyuqların yeminə çevrilərdi. Sədə
günlərlə gözlərini buludlara dikib oturardı.
O, gündən günə zəifləyirdi, heydən
düşürdü. Hamı ona deyirdi ki, Sədə, ac qalmaq olmaz, ölərsən, yemək ye. Sədə
isə:
- - Anamı istəyirəm, - deyərdi. Və dönə-dönə təkrar edərdi: - Anamı istəyirəm.
Tezliklə Sədə anasına qovuşdu.
Növbəti dəfə kəndə gələndə, gözüm
yenə də Sədəni axtardı. Elə bilirdim ki, indi başı şlyapalı, muncuqlu başmaqlı
və çəkingən təbəssümlü Sədə hardansa peyda olub, - Lela! – çağıracaq.
Tozlu küçələr üfüqə qədər uzanırdı...
Sima
Hiç yorum yok:
Yorum Gönder