hekayə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
hekayə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

21 Ekim 2025 Salı

Sonuncu hədiyyə (hekayəm)

 #SimaEnnagi #proza #hekaye


Aygül hardasa oxumuşdu ki, hədiyyə — hissləri sözsüz ifadə edən ürək dilidir, hər hansı bir etirafdan daha təsirli, ən gözəl ifadələrdən daha güvənli işarətdir.  O,  sosial şəbəkələrdə gəzişərkən qarşısına bir reklam çarxı çıxmışdı — kiborq-ev köməkçiləri. Bu kiborqlar  kişi və qadın qismində idilər, hər işi görürdülər. İdarə proqramına süni zəka inteqrasiya edilmişdi, çox sürətlə yenilənən və sahibinin xarakterinə uyğunlaşan qurğulardı.

Reklamda hər şey cazibəli görünürdü: budur, qadın-kiborq  yemək bişirir, kişi-kiborq mebel daşıyır, balkonu rəngləyir, daha nələr, nələr... Aygül atasına kiborq hədiyyə etmək qərarına gəldi.

—    Əla seçimdir! — Dükanın meneceri Aygüldə alıcı potensialını duyub dil-dil ötürdü. — Bizdəki   mal heç yerdə yoxdu!  Hərəsi bir aləmdir  — hər biri müştərinin emosional vəziyyətinə uyğunlaşır, düz sözə nə deyəsən, adamın əvəzinə düşünür! Möcüzədir e, möcüzə! Ən yaxşı dostdur,   həmsöhbətdir! Alın, peşman olmazsınız! Qiyməti? Su qiymətinədir, vallah! Amma bu cür mal tapılmaz! Özü də az sayda gətirmişik!

Aygül qulaqucu dinləyirdi, gözü isə kiborqlarda idi. Görəsən, hansı daha yaxşı modeldi? Təbii ki, istifadəsi rahat, idarə proqramı asan və mükəmməl olmalıydı. O, salonda düzülmüş kiborqları bir-bir nəzərdən keçirdi, onlar canlı insanlar kimi müxtəlif pozlarda dayanmışdılar: kimisi masa arxasında əyləşib nəsə yazırdı, kimisi taxta yonurdu, kimisi piano çalırdı, yanındakı “dostu”  zərli qotazlı təbili tappıldadırdı.

20 Nisan 2025 Pazar

Sandıqça (hekayəm)

 


     Nəhayət, çoxdan gözlənilən bahar şəhəri bürüdü. Bir neçə gün əvvəl yağan qar erkən çiçəkləmiş budaqlara şəkər tozu kimi səpilmişdi, qara buludlar şişmiş lopalarla günəşi udmuş, mülayim bahar günəşindən tam zövq almağa imkan verməmişdi. Ancaq bu gün qar demək olar ki, hər yerdə əriyib, havada incə, şirin qatran və nəm torpaq qoxusu var.

     Zərnişan bu cür havanı çox sevirdi. İşdən çıxıb qızı Leylanın oxuduğu məktəbə gedirdi. Küknar və şam ağaclarının sıralandığı parkda addımlayarkən, ayazlı-qatranlı qoxunu ciyərlərinə çəkib gülümsəyirdi. Kefi kök idi. Niyə də olmasın? Ailəsi, qızı, həyat yoldaşı vardı. Qalmağa evi, yeməyə çörəyi vardı. Daha insana nə lazımdı ki? Bir kəlam yadına düşdü: əgər gözlərin görürsə, yeriyə bilirsənsə, danışırsan, sevirsən və hər səhər yatağından qalxa bilirsənsə, sən düşündüyündən daha zənginsən!

     Cib telefonu zəng çaldı. Tanımadığı nömrə idi.

—        —    Allo, kimdir? – Zərnişan soruşdu.

—    Qızın bizdədir. Polisə zəng etmə. Bir saatdan sonra ev telefonuna zəng gələcək,  — xışıltılı metal səs dedi. Dud-dud-dud... xəttin o tərəfində telefon susdu. Zərnişan dayandı. Əvvəlcə səhv eşitdiyini düşündü. Necə? Qızı təhlükədədir? Onu oğurlayıblar? Kim? Bu təşvişli fikirlərlə Zərnişan bayaqkı nömrəyə zəng etdi, amma zəng çatmadı, görünür, telefonu ya söndürmüş, ya da qırıb tullamışdılar.

Zərnişan fikrini toplamağa çalışdı. Sonra  Leylanın sinif rəhbərinə zəng etdi:

—             — Salam, Zeynəb müəllimə, Leyla haradadır?

—            — Bu gün Leylanı bir qadın götürdü.

—            — Niyə? Niyə icazə verdiniz? Bilmirsiniz ki, Leylanı ancaq mən götürürəm?

—    Leyla o qadını görcək yanına qaçdı, soruşdum, tanıyırsan onu, dedi, bəli. Mən də düşündüm ki, kimsə qohumlardandır, ona görə Leylanı aparmağa icazə verdim.

—    Nahaq yerə! Gərək mənə xəbər verərdiniz! – Zərnişan qəzəblə telefonu söndürdü. Bir an sonra ərinə zəng etdi:

—       — Kənan, Leyla yoxdu. Deyəsən, oğurlayıblar.

—    Nə? Sən nə danışırsan? — Kənan dedi. Zərnişan hadisəni ona danışdı. Qərara gəldilər ki, polisə müraciət etsinlər.

8 Mart 2023 Çarşamba

Hekayəm: Bir şənbə günü

 (hekayənin rus variantı burada  https://proza.ru/2023/03/08/1417 ) 


     Zərifə bacısı ilə bərk dalaşıb evdən qəzəb içində çıxmışdı. Əlbəttə, bacılar əlbəyaxa döyüşə girməmişdilər, amma bir-birinə söyüşlə yoğrulmuş xeyli ittihamlar, tənqid yağdırmışdılar.

     Bacıda əsəb xəstəliyi vardı, çox zaman anlaqsız vəziyyətdə olur və ya ağzına gələni danışaraq hamını əsəbiləşdirirdi. “Köpəyin qızı, keçib boğazımıza, - Zərifə sürətli addımlarla pillələri düşürdü. – Nəyin çatmır? Yeməyin-içməyin var, əyin-baş alıram sənə, qayğına qalıram, yaşa da sakit! Bizi də rahat burax!”. Amma yox, bacı  xəstə beyninin törəmə şübhələrini evdəkilərin üzünə çırpmasaydı, onların sinirlərini yüksək cərəyan məftilləri kimi tarıma çəkməsəydi, kefinə zəqqum kimi acı soğan doğramasaydı, rahat olmurdu.

     Həmin gün bacısı ilə söz tufanını kəsmək üçün (“Günah məndədir, dəlinin biri ilə nədir ağız-ağıza verirəm”) Zərifə neylon torbalara yığdığı zibili  götürdü. Zibili həyətin küncündəki yaşıl və narıncı rəngli, təkərli-qapaqlı konteynerlərə atıb, marketə bazarlığa gedəcəkdi. Hava küləkli olduğu üçün köhnə qalın kürkünü geymişdi. Evdən çıxanda  acıqlı baxışla bacısını uzun-uzadı süzdü, sanki gözlərindəki nifrini və qəzəbi telepatiya ilə ona ötürmək istəyirdi,  pırpızsaçlı bacı  rəngsiz dodaqlarını aşağı əymiş şəkildə dəhlizdə dayanaraq, gözlərini ona zilləmişdi. Onun gözlərinin dərinliyindəki qaralıqdan Zərifə ürpəndi, qapını çırpıb çıxdı.

     Pillələri düşərkən, sol ayağının pəncəsi qəfildən alt tərəfə qatlandı, Zərifə öz boyu hündürlüyü ilə tarrap! – pilləkənlərdən yerə, naxışlı metlax düzülmüş mərtəbəarası meydançaya yıxıldı.  Bir anlıq gözləri qaraldı, nəfəsi tutuldu, böyründə yüngül ağrı hiss etdi. Əli ilə özünə dayaq verərək, ayağa qalxmağa çalışdı, sol ayağını yerə qoyarkən, baldırın aşağı hissəsində kəskin ağrı hiss etdi. Qız əli ilə zibil torbalarını kənara atıb dartındı, məhəccərdən tutaraq, salamat ayağı üstündə hoppana-hoppana pillələri bir-bir qalxdı, qapını döydü.

-          - Kimdi? – bacısı soruşdu.

-          - Mənəm, aç, - əlini məhəccərə qoymuş, bir ayağı üstündə dayanmış Zərifə dedi.

-          - Yox, Zərifə dükana getdi, sən kimsən?

-          - Ay qız, qapını aç! – Zərifə səsini qaldırdı. – Tez ol!

     Atanın səsi gəldi:

-          - Kimdi ki? Zərifədi? Aç da...

     Qapı arxasından çaqqıltı eşidildi, bacı qapını azca aralayıb  başını çıxartdı:

-          - Sənsən? Niyə gəldin?

     Zərifə cavab vermədən içəri hoppandı, dəhlizdəki balaca, bacının uşaqlığından qalmış stula əyləşdi. Bacı çoxdan böyümüşdü, amma stulu illərlə dəhlizdə qalaraq dolab kimi istifadə edilirdi, daim üzərinə qutular, çantalar qoyular, və ya əyləşərək, rahatca ayaqqabıları geyinərdilər.  

     Zərifə çəkmələrini  və kürkünü çıxardı, ağrıyan ayağını yüngülcə massaj etdi. Otağından çıxan ata əlindəki əsanı yerə vura-vura dəhlizə gəlib həyəcanla soruşdu:

-          - Nolub?

-          - Bilmirəm... Yıxıldım...

-          - Bərk əzilmisən?

-          - Yəqin... Ayağımı yerə basa bilmirəm...

-         Oturduğumuz yerdə zibilə düşdük də... – Ata deyindi. – Yeriyəndə ayağının altına bax da... Mənə həmişə deyirsən, asta yeri, yıxılma, özün yıxılırsan...

-         Oldu da... Qəsdən yıxıldım? – Zərifə əsəbi halda cavab verdi. – Telefonu ver, təcili yardıma zəng edim.

     Bacı susqun halda çiynini divara söykəyərək dəhlizdə dayanmışdı, gözlərindəki qaralıq dərinləşirdi, və aydın idi ki, fikri başqa yerdədir, baş verənlər onun vecinə deyil.

     Zərifə təcili yardıma zəng etdi. Həkimlər gələnə qədər özünü səliqəyə saldı, saçını daradı, corablarını dəyişdi. Əl telefonunu, şəxsiyyət vəsiqəsini çantasına qoydu, atasından 200 manat götürdü:

-         Xəstəxanada lazım olar... Pulunu verəcəm, darıxma. – Ata pensiyaçı idi, və hər pensiyadan bir az pul saxlayıb yığırdı və həmişə deyirdi ki, adamın gərək ehtiyatda pulu ola, kapitalizmdə yaşayırıq, kimsə gəlib bir manat verməyəcək ki, əlindən tutsun. Zərifəyə əlimyandıda pul lazım olanda, atasından götürürdü və hökmən də qaytarırdı, beləcə ata-qız bir-birinə çətin anlarda dəstək olurdular.

-          - Əşşi, pulu düşünmə, əsas sənsən... Təki ciddi bir şey olmasın.

     10-15 dəqiqədən sonra təcili yardımin iki qadın işçici – həkim və tibb bacısı – gəldi. Həkim qarayanız bir qadındı, tibb formasının üstündən qalın yun şal salıb bürünmüşdü. O,

-          - Nolub, şikayətiniz nədəndi? – soruşdu.

21 Temmuz 2022 Perşembe

Hekayəm Hekayələr toplusunda

2021-ci il, aprel ayında VK sosial şəbəkəsində hekayə müsabiqəsi keçirilirdi. Rusca yazdığım bir hekayəm müsabiqədə iştirak etdi. Düzü, o müsabiqə, internetdə gəzişərkən, təsadüfən qarşıma çıxmışdı. 

Mən özümdə belə bir hal kəşf etmişəm: gərək qarşımda konkret məsələ və icra müddəti qoyula, o zaman bütün potensialımı səfərbər edib yazıram.

O müsabiqədə iştirak etmək bir də bu məqamla maraqlı idi ki, təşkilatçılar müəyyən şəkil təqdim edirdilər və iştirakçılar da o təsvirə rəğmən hekayə yazırdılar.

Həmin hekayəmi burda oxumaq olar: https://proza.ru/2021/06/03/1691 

Və həmin hekayəm bu topluda işıq üzü görəcək (müsabiqənin admini mənə kitabın elektron variantını hədiyyə edib).





16 Aralık 2018 Pazar

Yolka (hekayə)

Картинки по запросу ветка `елка

Fatimə yenə də gözünü qapıya zilləmişdi, atasını gözləyirdi. Atası söz vermişdi ki, gələndə ona yolka gətirəcək. Əvvəllər evdə sintetik yolka bəzədilərdi, Fatimə anası ilə birgə parıltılı plastik oyuncaqları həmin yolkadan asar, atası da kənarda əyləşib yolka bəzəmə prosesini müşahidə edərdi. Bir gün ana dedi ki, dekabrın axırına az qalıb, bəlkə yolkanı quraq?
Yolka söhbəti şam yeməyindən sonra açılmışdı. Ata Fatiməyə tərəf dönüb soruşdu:
- Hə, qızım, nə deyirsən, yolkanı quraq?
- Əlbəttə! - Fatimə sevincək əl çaldı. Yolka! Yolka qurulacaq, otağa xüsusi gözəllik verəcəkdi! Gecə isə Şaxta Baba yolkanın altında hədiyyə gizlədəcəkdi!
Ata gülümsədi. Özünün uşaqlıq xatirələrindən danışdı, o zamanlar hər evdə yolka qurmazdılar. Yolkalar baha idi, az satılırdı.  Amma atanın atası həmişə əsil yolka alıb gətirərdi. Sonra uşaqlar yolkadan konfet, qoz, peçenye, kağız qarcıqlar asardılar. Yolkanın ətri evə dolardı...
Ata elə maraqla danışırdı ki, Fatimə də əsil yolka istədi.
- O yolka üçün oyuncaqlarımız yoxdu, - ana dedi.
- Eybi yox, oyuncaqsız olsun, atacan, yolka alarsan?
Ata vəd etdi. Həmin gündən Fatimə hər gün yolkanı gözlədi, amma ata evə yolkasız gəlirdi. Gileylənirdi ki, yaxşı yolkalar yoxdu, ya da hamısını alırlar, ataya yolka qalmır.

Kilkələr

Картинки по запросу килька

90-cı illərdə Mehmanın 12 yaşı olardı. 
Ata-anası məktəbdə müəllim işləyirdi. Sosializm quruluşu dağılırdı, xeyli insanın taleyində möhtəşəm mənfi dəyişikliklər baş verirdi. Mehmanın ziyalı valideynləri çörək pulu qazanmaq, ailəni aclıqdan qorumaq üçün gecələr də işləyirdilər. Ana hansısa sex üçün bazar zənbilləri, yataq ağları tikirdi, ata köhnə "Moskviçi" ilə taksi sürücüsü işləyirdi, xəcalətdən (amandı, şagirdlər görməsin) maşını şəhərin elə yerində saxlayırdı ki, kimsə onun sürücülük etdiyini bilməsin.
Mehman ata-anasının nə qədər əziyyət çəkdiyini görürdü. Yuxusuzluqdan və yorğunluqdan atanın gözlərinin altı qaralmış, üzünün qırışları artmışdı. Anası da sanki 10 il qocalmışdı. Amma Mehman ata-anasının dilindən şikayət, giley eşitmirdi. Bəlkə də öz aralarında nəsə danışıb bölüşürdülər, amma Mehmanın yanında heç vaxt heç nəyi müzakirə etməzdilər.
Mehmanın 12 yaşı vardı, özünü böyük oğlan sayırdı. Kasıbçılığın nə olduğunu yaxşı bilirdi. Bəzən şam yeməyi bir tikə boz çörəkdən və soğançadan ibarət olurdu. Bir qaşıq günəbaxan yağında qovrulmuş sarı-qızılı soğanla dolu tavanı ana süfrəyə verəndə, hamı əlindəki çörəyi tavaya batırıb yeyərdi, şam yeməyinin sonuna qədər heç kim başını qaldırıb baxmaz, hamı susardı...
Mehman dostu Əli ilə səhər tezdən limana gedərdi, balaca gəmiləri gözləyərdi. Hər səhər limanda dənizçilər kilkə balığı satardılar. Balıq az, alıcı çox olardı, bəzən alverçilər adi adamlara kilkə almağa imkan vermirdilər - eləcə  kilkəni tonla alıb aparır, məyus və ac alıcıları veclərinə də almırdılar. Amma bəzən bir neçə adam alverçiləri qabaqlaya bilirdi,  cibindəki pul 3-5 kilo kilkə almağa çatardı.  Mehman aldığı boz, sürüşkən kilkələri neylon torbaya doldurub, sevincək halda evə qayıdırdı, bəlkə də mamontu ovlamış ibtidai insanın sevinci bu qədər olmazdı...
Barmaq boyda kilkə balığı böyük bir sərvətə çevrilmişdi. Kim kilkə ala bilsəydi, evində  bir neçə gün bayram olurdu - kilkədən kotlet, şorba bişirirdilər, kilkəni qızardırdılar, kilkəni ocaqda şişə çəkirdilər və bu çəlimsiz, 5-10 qramlıq əti olan balıq dünyanın ən ləziz neməti idi ac adamlar üçün...

31 Ağustos 2018 Cuma

Sayman Aruzdan bir hekayə. Bir payız günündə

18157789_1709455655736394_5302158098919721851_n

http://senet.az/bir-payiz-gunund%C9%99-sayman-aruz/


Payızın qərib bağrı çatladan günlərinin biri idi. Adəti üzrə payız fəslinə məxsus darıxdırıcı yağış yağırdı. Yağış elə həvəssiz və sərgərdan səpələnirdi ki, adamın göydəki vətənsiz buludlara yazığı gəlirdi. Gör o yazıq buludlar da mənim kimi həyatlarından necə beziblər ki, Allahın yağışını da düz-əməlli bəndələrinin başına səpmirlər. Həmin gün mənim də ruh halım o sərgərdan yağışlar kimi idi. Nə dərimdə, nə də evimdə özümə yer tapa bilmirdim. Kompüteri yandırdım ki, bəlkə bir hekayədən-şeirdən yazıb rahatlaşdım. Nəsə yazandan sonra doqquz ay qarnında xələf və ya naxələfliyi bilinməyən uşağı daşıyan qadınlar kimi içimdəki yükümü yerə qoymuş hiss edirəm özümü. “Doğub”, sonra da, yalan olmasın, saatlarla oturub üzünə baxıram ki, görüm bu “uşaq” hansı sevdiyim qadına, hansı ürəyimi tinlərinə məhkum elədiyim küçələrə oxşayır. Mən həmişə beləyəm, yəni, mənə elə gəlir ki, çoxumuz beləyik. Daxilimizdəki uşaq ölənə qədər böyümür, hətta bizimlə məzara tapşırılır. Sadəcə, bu cismimizdir ki, qarıyır, qoturlaşır, sonra da bu boyda kainatın içində bir-iki metrlik torpağa basdırırlar ki, haçansa xortlayıb sərgərdan yaşadığın həyatında görmədiyin xoş günlərin, çəkdiyin əzab-əziyyətlərin, sürgünlərin, yoxsulluqların, arada vaxt tapıb bəzən də üzünün hüceyrələrinə təbəssüm bəxş elədiyin saniyələrin cəzasını görəcəksən.

5 Ekim 2015 Pazartesi

Virtual ədəbi mətnlər silsiləsindən. Bilal. Dəli kişi

Bilalın "Dəli kişi" hekayəsini internetdə tapdım, oxudum və müəllifin icazəsi ilə bloqumda yerləşdirirəm.
*
Dəli kişi (hekayə)

Mənim heç zaman “dəli” sözündən xoşum  gəlməyib.  Səbəbini özüm də tam bilmirəm. Amma qəlbim bu sözü  həzm edə bilmir. Bu söz qulaqlarımı kəsir. Əsəbiləşdirir məni. Cinlədir. Nə bilim, incidir. Qabadır. Sanıram ki, çox iyrəncdir.  Ruhi xəstə,  əqli cəhətdən qüsurlu insanlara qarşı sanki bir ədəbsizlikdir bu söz. 
Sanki onların haqqını tapdalayır. Alçaldır. Təhqir edir. Mənə elə gəlir ki, bu sözlə cəmiyyət onları özündən ayırır, xətt çəkir üstlərindən, mağaralara qovur, tənhalığa sövq edir, cılızlaşdırır.
Elə dəlixana sözünün özü də.
Qədim əcdadlarımız  tənbəlliyin dərdindən hər sözün axırına bir “xana” kəlməsi atıb dilimizi yola veriblər. Kitabxana, toyxana, çayxana, xəstəxana, qəhbəxana, dəlixana...

(fikir verməyin, müəllif özüdə sizin kimi bir dəlidir)
*
Ona bu ayamanın kim tərəfindən, nə vaxt verildiyi məlum deyildi.  Yalnız uzun illər sonrası oğlundan dürüst adını öyrənə bilmişdim. O, mənim uşaqlıq dövrümün ən qorxulu yuxusu, ən dəhşətli kabusu, poltrqeysti, qulyabanısı, damdabacası, nə bilim, lap elə çupakabrası idi. Əbası hər zaman, hər fəsildə eyni, dəyişməz idi.  Əzik-üzük “ayradrom” papaq,  illərnən ütülənməmiş, yamaqlı, yuyulub-sərilməkdən  qısalmış şalvar, üstü ləkəli, ətəkləri  açıq, bir neçə düyməsi itmiş köynək.  Çəkmə əvəzinə rezin şəp-şəpi geyinərdi.  Xırda gözləri bir an belə dayanmadan kimisə axtarar,  soyuq küləkdən çatlamış dodaqları altında nə isə mızıldanardı. Mən heç zaman onun üzünü təraş edilmiş görmədim. O, bizim binayla üzbəüz binanın birinci mərtəbəsində yaşayırdı.  Səhər hələ dan yeri ağarmamış küçəyə çıxar, düz eyvanının qarşısında, bir neçə kubikdən tikilmiş daş skamyada əyləşərdi. Əlində həmişə qalın budaqdan yonulmuş çomaq olardı. Ara-bir çomağı qırağa qoyub, yoğun, qaralmış, qaba barmaqları ilə təsbeh çevirərdi.  Düzəltdiyi skamyası arxasında taxtadan hasara alınmış balaca bağçası var idi. Əgər buna bağ-bağça demək olarsa. Eni-uzunu dörd addımlıq olan yerdə yalnız bir söyüd ağacı vardı. Həmin ağaca  çox diqqətlə baxdıqda, ağaca bənzətmək olardı.  Çün ilk  baxışdan bu ağac adi taxta dirəyə bənzəyirdi. Dəli kişi  bu ağacın bütün budaqlarını  salofana, əsğiyə, parçaya bürümüşdü. Ağac kökündən ən uca yarpağına qədər bürünmüş, qurumuş mumiyaya bənzəyirdi. Dəli kişi onu qoruyurdu, sanki  donmaqdan, soyuqdan, quşların nəcisindən, insanların qəzəbindən,  uşaqların dəcəlindən, küləyin əcəlindən qoruyurdu o ağacı. Yatdığı otağın pəncərəsi çöl tərəfdən dəmir barmaqlarla hörülmüşdü.  Çox nadir hallarda, əsasən qış aylarında, çovğunlu, qarlı-boranlı, tozlu-torpaqlı,  tərs küləkli havalarda onun xırda gözləri həmin dəmir barmaqlar arasından  mumiya-ağacın keşiyini çəkirdi.