8 Mart 2023 Çarşamba

Hekayəm: Bir şənbə günü

 (hekayənin rus variantı burada  https://proza.ru/2023/03/08/1417 ) 


     Zərifə bacısı ilə bərk dalaşıb evdən qəzəb içində çıxmışdı. Əlbəttə, bacılar əlbəyaxa döyüşə girməmişdilər, amma bir-birinə söyüşlə yoğrulmuş xeyli ittihamlar, tənqid yağdırmışdılar.

     Bacıda əsəb xəstəliyi vardı, çox zaman anlaqsız vəziyyətdə olur və ya ağzına gələni danışaraq hamını əsəbiləşdirirdi. “Köpəyin qızı, keçib boğazımıza, - Zərifə sürətli addımlarla pillələri düşürdü. – Nəyin çatmır? Yeməyin-içməyin var, əyin-baş alıram sənə, qayğına qalıram, yaşa da sakit! Bizi də rahat burax!”. Amma yox, bacı  xəstə beyninin törəmə şübhələrini evdəkilərin üzünə çırpmasaydı, onların sinirlərini yüksək cərəyan məftilləri kimi tarıma çəkməsəydi, kefinə zəqqum kimi acı soğan doğramasaydı, rahat olmurdu.

     Həmin gün bacısı ilə söz tufanını kəsmək üçün (“Günah məndədir, dəlinin biri ilə nədir ağız-ağıza verirəm”) Zərifə neylon torbalara yığdığı zibili  götürdü. Zibili həyətin küncündəki yaşıl və narıncı rəngli, təkərli-qapaqlı konteynerlərə atıb, marketə bazarlığa gedəcəkdi. Hava küləkli olduğu üçün köhnə qalın kürkünü geymişdi. Evdən çıxanda  acıqlı baxışla bacısını uzun-uzadı süzdü, sanki gözlərindəki nifrini və qəzəbi telepatiya ilə ona ötürmək istəyirdi,  pırpızsaçlı bacı  rəngsiz dodaqlarını aşağı əymiş şəkildə dəhlizdə dayanaraq, gözlərini ona zilləmişdi. Onun gözlərinin dərinliyindəki qaralıqdan Zərifə ürpəndi, qapını çırpıb çıxdı.

     Pillələri düşərkən, sol ayağının pəncəsi qəfildən alt tərəfə qatlandı, Zərifə öz boyu hündürlüyü ilə tarrap! – pilləkənlərdən yerə, naxışlı metlax düzülmüş mərtəbəarası meydançaya yıxıldı.  Bir anlıq gözləri qaraldı, nəfəsi tutuldu, böyründə yüngül ağrı hiss etdi. Əli ilə özünə dayaq verərək, ayağa qalxmağa çalışdı, sol ayağını yerə qoyarkən, baldırın aşağı hissəsində kəskin ağrı hiss etdi. Qız əli ilə zibil torbalarını kənara atıb dartındı, məhəccərdən tutaraq, salamat ayağı üstündə hoppana-hoppana pillələri bir-bir qalxdı, qapını döydü.

-          - Kimdi? – bacısı soruşdu.

-          - Mənəm, aç, - əlini məhəccərə qoymuş, bir ayağı üstündə dayanmış Zərifə dedi.

-          - Yox, Zərifə dükana getdi, sən kimsən?

-          - Ay qız, qapını aç! – Zərifə səsini qaldırdı. – Tez ol!

     Atanın səsi gəldi:

-          - Kimdi ki? Zərifədi? Aç da...

     Qapı arxasından çaqqıltı eşidildi, bacı qapını azca aralayıb  başını çıxartdı:

-          - Sənsən? Niyə gəldin?

     Zərifə cavab vermədən içəri hoppandı, dəhlizdəki balaca, bacının uşaqlığından qalmış stula əyləşdi. Bacı çoxdan böyümüşdü, amma stulu illərlə dəhlizdə qalaraq dolab kimi istifadə edilirdi, daim üzərinə qutular, çantalar qoyular, və ya əyləşərək, rahatca ayaqqabıları geyinərdilər.  

     Zərifə çəkmələrini  və kürkünü çıxardı, ağrıyan ayağını yüngülcə massaj etdi. Otağından çıxan ata əlindəki əsanı yerə vura-vura dəhlizə gəlib həyəcanla soruşdu:

-          - Nolub?

-          - Bilmirəm... Yıxıldım...

-          - Bərk əzilmisən?

-          - Yəqin... Ayağımı yerə basa bilmirəm...

-         Oturduğumuz yerdə zibilə düşdük də... – Ata deyindi. – Yeriyəndə ayağının altına bax da... Mənə həmişə deyirsən, asta yeri, yıxılma, özün yıxılırsan...

-         Oldu da... Qəsdən yıxıldım? – Zərifə əsəbi halda cavab verdi. – Telefonu ver, təcili yardıma zəng edim.

     Bacı susqun halda çiynini divara söykəyərək dəhlizdə dayanmışdı, gözlərindəki qaralıq dərinləşirdi, və aydın idi ki, fikri başqa yerdədir, baş verənlər onun vecinə deyil.

     Zərifə təcili yardıma zəng etdi. Həkimlər gələnə qədər özünü səliqəyə saldı, saçını daradı, corablarını dəyişdi. Əl telefonunu, şəxsiyyət vəsiqəsini çantasına qoydu, atasından 200 manat götürdü:

-         Xəstəxanada lazım olar... Pulunu verəcəm, darıxma. – Ata pensiyaçı idi, və hər pensiyadan bir az pul saxlayıb yığırdı və həmişə deyirdi ki, adamın gərək ehtiyatda pulu ola, kapitalizmdə yaşayırıq, kimsə gəlib bir manat verməyəcək ki, əlindən tutsun. Zərifəyə əlimyandıda pul lazım olanda, atasından götürürdü və hökmən də qaytarırdı, beləcə ata-qız bir-birinə çətin anlarda dəstək olurdular.

-          - Əşşi, pulu düşünmə, əsas sənsən... Təki ciddi bir şey olmasın.

     10-15 dəqiqədən sonra təcili yardımin iki qadın işçici – həkim və tibb bacısı – gəldi. Həkim qarayanız bir qadındı, tibb formasının üstündən qalın yun şal salıb bürünmüşdü. O,

-          - Nolub, şikayətiniz nədəndi? – soruşdu.

     Zərifə hadisəni izah etdi. Həkim uzaqdan-uzağa Zərifənin sol ayağına baxıb:

-         Deyəsən, sınıqdır, sümük sınığına oxşayır - dedi. -  Aşağı üçdə bir hissədə. Sol tərəfdə kiçik şiş var. – Həkim sənədi doldurmağa başladı. – Sabunçu xəstəxanasına aparmalıyıq. Hələ bilinmir, yer olacaqmı... Razısız? Gedirsiz?

-         Hə, - Zərifə cavab verdi. Onsuz da tanış həkimi yox idi, ilkin yardım üçün bəxtəbəxt çıxan həkimə razı olmalıydı. Salamat ayağına altıyastı ayaqqabısını geydi, əyninə köhnə kürkünü keçirib, çantasını sinəsindən aşırdı. Həkim bir saçıdağınıq, dodaqları büzük, üzündə heç bir emosiya olmayan heykəlləşmiş bacıya, bir də əli əsalı, belibükük ataya baxdı. Bir söz demədən qapıdan çıxdı, tibb bacısına tapşırdı:

-         Xəstənin əlindən tut. Qoyma yıxılsın.

     Zərifə bir ayağı üstə hoppana-hoppana, məhəccərdən tutaraq, pillələri bir-bir düşməyə başladı. Tibb bacısı, əlində dərman çantasını tutmuş orta yaşlı qadın, qıza kömək üçün yanında dayanaraq, bilmirdi necə kömək etsin.

-         Siz düşün, mən gəlirəm, özüm düşəcəm, - Zərifə dedi. Tibb bacısı bir addım irəlidə gedərək, tez-tez arxaya dönüb Zərifəyə baxırdı.  

-               - Tərslikdən beşinci mərtəbədə yaşayırsız, yorulsanız, deyin.

     Üçüncü mərtəbədə Zərifə hiss etdi ki, yorulub. Məhəccərdən bərk-bərk yapışaraq pillələri düşməyə davam etdi. Birinci mərtəbədə cəmi beş pillə vardı. Zərifəni ağlamaq tutdu:

-          - Ayağım yorulub. Düşə bilmirəm.

-          - Cəmi beş pillə qalıb, gəlin kömək edim sizə, - tibb bacısı Zərifənin qolundan tutdu.

-         Yox, düşə bilmirəm, - Zərifə hönkürdü. – Bəyəm sizdə təkərli nəsə yoxdu? Araba, ya xərək? – Səsindəki isterik notlar blokda cingildədi.

-         Dayanın, həkimə deyim, - tibb bacısı Zərifəni pilləkəndə qoyub blokdan çıxdı. Bir neçə dəqiqədən sonra sürücü ilə qayıtdı. Sürücü əlində narıncı rəngdə plastmas, qatlanmış  əlil arabası tutmuşdu.

-         Gözləyin, bunu tarazlayım, - sürücü əlindəki arabanı açdı, təkərləri bərkitdi, Zərifəyə əyləşməyə kömək etdi.

Birgə blokdan çıxdılar.

     Blokun ağzinda da bir neçə pilləkən, sol tərəfdə isə pandus vardı. Sürücü:

-         -  Hə, indi möhkəm dayanın, - deyib arabanı quru budaq şaqqıltısı ilə bir pillə aşağı saldı.

-          - Neynirsiz? – Zərifə qışqırdı. – Pandusdan niyə enmirsiz?

-         Əli, o tərəfdən düş də... – Tibb bacısı məzəmmətlə dilləndi. Həkim təcili yardım avtomobilinin pəncərəsindən sakitcə müşahidə edirdi.

     Sürücü Əli arabanı qaldırdı və pandusdan yavaş-yavaş endirdi. Zərifə əli ilə məhəccərin şaquli dəmir çubuqlarından tutmuşdu ki, birdən Əli yenə naşı davranar, heç olmasa, özünü yıxılmaqdan sığortalasın.

     Pandusu enib avtomobilə tərəf yönəldilər. Zərifə başını qaldırıb gözlərini beşinci mərtəbəyə dikdi. Belibükük qoca atası, göy ev köynəyində, toxunma papaqda eyvandan boylanıb baxırdı. Zərifə göz yaşları içində atasına əl etdi. Soyuq havada qoca atasının tək-tənha eyvanda dayanıb qızının dalınca baxması Zərifəni elə incitdi ki...

     Sürücü avtomobilə minməyə Zərifəyə kömək etdi. Yola düşdülər. Yolboyu Zərifə tibb bacısı ilə bir az söhbət etdi ki, ayağının sızıltısını unutsun.

-         Oğlum da ayağını sındırmışdı, - tibb bacısı dərdi ilə bölüşdü. – O vaxtdan kim əl-ayağını sındırırsa, halına acııyıram, göz yaşımı tuta bilmirəm...

-          - Oğlunuza nə olmuşdu ki?

-         Tikintidə işləyirdi, hündürlükdən yıxıldı, ombasını qırmışdı. Necə əziyyət çəkdik... 6 ay yataqda qaldı...

-          - İndi necədir? Gəzir?

-         Axsaya-axsaya gəzir indi. Evləndirə də bilməmişəm hələ. İşsizdi. Necə evləndirim? Yaşı da ötür...

Susdular.

-         Bəxtimə yaxşı həkim çıxsaydı... – Zərifə dilləndi. – Evdəkilər məndən asılıdırlar, gördüz də...

-          - O qız kimdi?

-         -  Bacımdı.

-          - Deyəsən, xəstədir...

-         Hə... Ardıcıl bir neçə ağır stress keçirdi, sonra belə oldu... O vaxt atama dedim, xəstəxanaya qoyaq, atam razı olmadı ki, qızıma dəli deyəcəklər... Özümüz baxırıq ona. Bəzən yaxşı olur, bəzən də anlaqsız... Xasiyyətini bilirik, dilini tapmışıq, amma yenə də adam əsəb olur...

-          -  Elədi... Xəstə ilə yaşamaq çətindir... Allah köməyiniz olsun.

-          - Allah hamıya kömək olsun. Hamıya çətindir.

-          - Elədi...

     Təcili yardım Zərifəni xəstəxanaya təhvil verib getdi. Zərifəni köhnə bir əlil arabasında rentgen otağına apardılar.

     Sənədləşmə işi, qeydiyyat, rentgen şəklinin çəkilməsi vaxt apardı. Zərifə soyuq uzun dəhlizdə əyləşib həkimi gözləyirdi. Əlil arabasında başqa bir xəstəni gətirib dəhlizin küncündə qoyub getdilər.

     Otaqdan çıxan həkimlərdən biri, əynindəki açıq tibb xalatının ətəkləri yellənə-yellənə dəhlizin boşluğuna qışqırdı:

-          - Bu bomju bura kim gətirib? Onu sığınacağa yerləşdirin! Aparın buradan!

     Bomj, başını sinəsinə əyərək, burnunun altında nəsə donquldanırdı. Həkim:

-         Sizi bura kim gətirib? Təcili yardım? Bura niyə gətirib? Kim var orda? Gəlin, bunu aparın buradan! Bura travmatologiyadır!

     Bomj burnunun altında donquldamağa davam edirdi. Həkimlər, tibb bacıları ona əhəmiyyət vermədən yanından ötüb keçirdilər.

     Yaşlı tibb bacısı gəlib Zərifəni içəri apardı. Həkim, 35-40 yaşında enerjili bir qadın idi, telefon əlindən düşmürdü. Telefona cavab verir, vatsapda yazışırdı. Və bununla yanaşı, Zərifənin başı üstündə dayanıb, sorğu-sual edirdi:

-          - Hə, adınız nədir? İşləyirsiz?

-          - Zərifə Əsədzadə. İşləyirəm, müəlliməyəm.

-         Hə, Zərifə xanım, rentgenə baxdım, qamış və incik sümükləriniz sınıb. Əməliyyat lazımdır.

-         Mən burda qala bilmərəm. – Zərifə dilləndi, göz yaşları yenə axıb çənəsindən süzüldü, üzü tamam yaş olmuşdu. Aşağıdan yuxarı həkimə baxaraq, – Himayəmdə 80 yaşlı atam, psixiatrik bacım var. Məndən asılıdırlar. Qala bilmərəm...

     Həkim Zərifənin göz yaşlarına fikir vermədən, bir gözü telefonda:

-         Deməli, əməliyyatdan imtina edirsiz, - dedi. – Yaxşı. O zaman gips qoyaq. Amma baxın da... Əməliyyat daha yaxşıdır.

-          - Yoxsa ayağımı kəsəcəklər?

-          - Yox, ayağınız sizinlə olacaq, - həkim gülümsədi.

-          - Gəzə bilməyəcəm?

-         Gəzəcəksiniz... Amma sümük ki, qırıldı, hər an yıxılıb yenə ayağınızı sındıra bilərsiniz. Yeni texnologiya əməliyyat təklif edir. İmtina edirsinizsə, imtina sənədi imzalayarsınız. Əkbər, gips hazırla, - həkim gənc, möhkəm bədənli köməkçisinə tapşırıb, özü liftlə yuxarı mərtəbəyə qalxdı.

     Yenə tibb bacısı gəlib Zərifəni sarğı otağına apardı. İçəridəki köməkçi həkim gips sarğısını hazırlayırdı. Neylon torbadan un kimi narın, sarımtıl gipsi metal səthli masaya töküb öz işi ilə məşğul idi. Bir neçə dəqiqədən sonra həkim gəldi, assistenti ilə köməkləşib Zərifənin ayağına gips sarğısı qoydular. Zərifə baldırı üzərində çevik barmaqların hərəkətinə baxırdı, sanki ayağı piano idi, sürətli barmaqlar da eşidilməyən musiqi çalırdı... Sonra həkim masa arxasına keçib siyirmədən bloknotunu çıxartdı, vərəqləri xışıldadıb resept yazdı:

-         Zərifə xanım, bu iki dərmanı yazıram. Biri qan dövranı üçündür, o birisi sümüklər üçün, kalsiumdur, D vitaminidir. Söz verin ki, dediklərimi edəcəksiniz. Ayağınızı qoruyun,  zərbə almasın.Yataqda qalın.  Dərmanları için. Bir aydan sonra gələrsiniz.

     Həkim nəsə gözləyirmiş kimi, gözlərini Zərifəyə dikdi. Zərifənin beynindən ani fikir keçdi ki, bəlkə həkimə pul vermək lazımdı... Amma stress tezliklə bu fikri beynindən yayındırdı. Sınmış ayağı ağrayırdı. Bir neçə saniyəlik əngəllikdən sonra tibb bacısı arabanı dəhlizə sürdü. Zərifə:

-          - Məni darvazaya qədər aparın, - xahiş etdi, - hörmətinizi edərəm.

     Tibb bacısı Zərifənin arabasını xəstəxananın darvazasına qədər sürdü. Xəstəxananın həyətində görünən tək-tük adamlar əlil arabasındakı Zərifəyə təəssüf hissi ilə baxırdılar, sanki qıza dəstək olmaq istəyir, sağalacaqsan, - deyə təsəlli verməyə çalışırdılar.

     Darvazanın düz yanında ağ rəngli bir taksi dayanmışdı. Sükan arxasındakı 30-35 yaşlı sürücü maraqla yaxınlaşan əlil arabasına baxırdı. Zərifə:

-          - Taksi! Boşsan? – soruşdu.

-          - Sifariş etmisiz?

-          - Yox.

-         Hə, boşam.  Burada sifarişli taksilər də olur, ona görə soruşdum. – Sürücü maşından çıxdı. Zərifə tibb bacısının cibinə 5 manat basıb sürücüyə dedi:

-         Kömək edin, maşına minim. – Sürücü yüngül gödəkşəsini çıxarıb, arxa oturacağa atdı, Zərifəni maşına mindirdi, əyilib hansısa düyməni basdı və oturacağı arxaya tərəf çəkdi. Zərifə gipsli ayağını irəli uzadıb yarı uzanılı vəziyyətdə əyləşdi. Tibb bacısı arabanı xışıltı ilə sürüyüb apardı və xəstəxananın şüşəli qapılarında gözdən itdi.

     Yola düşdülər.

-           - Siz mənə aptekdən dərman alarsınız? – Zərifə sürücüdən soruşdu.

-         Alaram. – Gözünü yoldan çəkməyən sürücü cavab verdi. Zərifə hiss etdi ki, nəsə bu oğlan ondan çəkinir. Amma bu haqda dərin düşünməyə Zərifənin halı yox idi. Fikri gips altında zoqquldayan ayağında idi.

     Zərifə çantasının zəncirini açdı, səssiz salonda zəncirin “cııırrr” səsi gurultu kimi eşidildi. Çantadan bir yüzlük çıxarıb reseptlə birgə sürücüyə verdi. Apteklərin birinin yanında sürücü maşını saxlayıb düşdü, bir neçə dəqiqədən sonra əlindəki dərmanları Zərifəyə ötürdü.

-          - Buyurun, du dərmanlar, bu çek, bu da pulun qalığı.

-         -  Minnətdaram. Allah razı olsun. – Zərifə təşəkkür etdi.

     Yola davam etdilər. Şəhər öz həyatını yaşayırdı. İşıqforların qırmızı-sarı-yaşıl işıqları bir-birini əvəz edir, dükanların iri vitrinləri və binaların işıqları yollları işıqlandırır, avtomobillər, motolar,avtobuslar, insanlar gündəlik qayğılarını azaltmaq üçün yalnız onlara məlum olan hədəflərə yönəlirdilər. Zərifə taksinin pəncərəsindən kənardakı həyatı müşahidə edirdi, ona elə gəlirdi ki, bu qaynar həyatdan qırağa qovulub, şəhər öz həyatı, Zərifə də öz həyatı ilə əlləşirdi.

     Evə çataçatda Zərifə sürücüyə dedi:

-         Şofer, siz məni bloka qədər ötürə bilərsiniz? Bu ayaqla pillələri necə qalxacam, bilmirəm. – Zərifə cibindən 20 manat çıxarıb sürücüyə verdi.

-          - Bu çoxdur. – Gözucu əskinasa baxan sürücü dilləndi.

-          - Eybi yox, dərman aldınız, məni rahat gətirdiniz, qoy pul qalsın sizə.

-         Yaxşı, - Sürücü narazılığını sezdirmədən başını tərpətdi. Tez çıxıb getmək istəyirdi, amma ayağı gipsli Zərifəni köməksiz halda qoymağı özünə sığışdırmırdı.

     Sürücü taksini blokun düz ağzında dayandırdı. Zərifənı maşından ehtiyatla düşürtdü.

     Hava qaralmışdı. Həyətdə heç kim yox idi. Tək-tük qar dənəcikləri havada əsirdi.

     Zərifənin sınmış ayağı gipsin altında gizildəyirdi. Yorulmuşdu. Acmışdı. Stresdən özünü qocalmış hiss edirdi. Amma yox, ağrıya, xəstəliyə tabe olmaq istəmirdi, nə olursa-olsun, günlərin adi axarını pozmuş hadisələrə tab gətirmək lazımdı...

     Zərifə məhəccərdən tutdu. Amma bir pillə yuxarı hoppana bilmədi.

-          - Düşmək asan idi, - dilləndi. – Amma yuxarı çıxa bilmirəm...

-          - Bəs necə gedəcəksiniz?

-          - Nə bilim...

     Sürücü bir anlıq fikrə getdi.

-          - Məndən yapışın, sizə kömək edim.

-          - Beşinci mərtəbədə yaşayıram e, - Zərifə dedi.

-          - Qonşular necə, kömək etməz?

-          - Bu vaxt kişilər işdədir. Həm də qonşular təzədir, çoxunu tanımıram...

-         Tutun məndən, qalxaq. – Zərifə və sürücü bir-birinin qollarından tutub hərəkət etdilər. Bloka daxil oldular. Birinci mərtəbənin beş pilləsi qarşısında dayanan Zərifə:

-          - Qalxa bilmirəm, - dedi.  - Beşinci mərtəbəyə qədər heç gedə bilməyəcəm...

     Onların səsinə qonşu qadın qapını açdı. Zərifəni gipsdə, cavan oğlanla görüb təəccüb içində gözlərini onlara zillədi.

-          - Yoldaşınız evdədir? – Zərifə ümidlə soruşdu. – Sürücü ilə məni yuxari qaldırardı...

-          - Yox, evdə yoxdu...Nə olub sizə?

-          - Ayağım sınıb...

-          - Deyəsən, beşinci mərtəbədə qalırsız?

-          - Hə...

-          - Vay-vay... Necə qalxacaqsız?

Zərifə çiyinlərini çəkdi.

-          - Gəlin, sizi qucağımda qaldırım, icazə versəniz, - sürücü təklif etdi.

-          - Ağıram e... Beliniz sərpər sonra.

-          - Neçə kilosuz ki? – Sürücü gülümsəyərək  soruşdu.

-          - Nə bilim... Altmış olar.

-          - Eybi yox, qaldıraram. Güclüyəm.

-          - Yaxşı. Başqa çarə yoxdur onsuz da...

-         Verin pencəyinizi, siz də çantanızı, kürkünüzü verin, bir az yüngül olasınız, - qonşu qadın təklif etdi. Sürücü və Zərifə üst geyimlərini qonşu qadına verdilər. Sürücü Zərifəni qoynuna alıb pillələri qalxdı:

-         Boynumdan tutun, - Sürücü dedi. Zərifə qolunu onun boynuna saldı, sürücünün tütünlü-sitruslu odekalonunun ətrini duydu.

-         Hərdən ayaq saxlayın, dincəlin, - Zərifə təklif etdi. Sürücü təngnəfəs olmuşdu. Yenə pillələri qalxdılar. Qonşu qadın da arxadan gəlirdi.

-         Sizin heç belə müştəriniz olmuşdu? – Zərifə zarafatla soruşdu. Stressə baxmayaraq, gülməyə çalışırdı, elə bilirdi ki, zarafat edirsə, gülə bilirsə, deməli, ciddi bir şey yoxdu.

-          - Yox...

-         Bu yaxşılığınızın əvəzində Allah 50 günahınızı sildi...

-         Günah etmirəm... – Sürücü utancaq baxışlarını yana tutdu. Bu cür söhbətlərdən çəkinirdi.

-         Təki elə olsun. Yaxşı insanlar indi azdır.

     Nəhayət, beşinci mərtəbəyə çatdılar. Sürücü vidalaşıb getdi. Qonşu qadın da evinə qayıtdı. Səs eşidən ata tez qapını açdı.

-          - Gəldin? Keç içəri, ehtiyatlı ol. Hə, danış, görək, nə dedilər?

-          - Heç... Dedilər sınıb, gips qoydular.

-          - İndi yaxşısan?

-          - Hə, narahat olma.

-          - Çay verim sənə? Yatağını hazırlayım?

-          - Yox, lazım deyil. Hələ yatmıram. Yadına gəlir, bizdə yüyrəc vardı, onu gətir.

     Ata eyvana çıxıb, oradan  üstünü toz basmış yüyrəci gətirdi. Neçə il əvvəl o yüyrəci Zərifə anası üçün almışdı, amma özü işlətməli olur indi. Zərifə  köhnə dəsmal ilə yüyrəcin tozunu sildi, yan dayaqlarını bir neçə dəfə açıb-yığdı – yüyrəc illərlə işlənməsə də, yaxşı vəziyyətdə idi.

-         Yüyrəc yaxşıdı, rahatdı, - qızının hərəkətlərini izləyən ata dedi. – Yıxılmazsan. Amma amanın günüdü, tələsmə! Yeriyəndə ayağının altına bax!

-          - Yaxşı.

     Zərifə yüyrəcdən tutub bir ayağı üstə hoppanaraq zala keçdi, divana əyləşdi. Gec olduğuna görə ata yatmağa hazırlaşırdı, otağında vurnuxurdu. O biri otaqda bacı yorğanı başına çəkib, yatağında yatmışdı.

     Zərifə elə hiss edirdi ki, sanki bu bir gün ərzində on il yaşayıb. Evdə olduğuna sevinirdi. “Xəstəxanada kim mənə baxacaqdı? Gigiyena məsələsi, ayaqyolu... yox, çətin olardı. Evdə yenə də müəyyən mənada sərbəstəm, hər şey əlimin altındadı, hərəkətdə məhdud olsam da...”.

     Gipsli ayağı zoqquldayırdı. Zərifə ağrıkəsici içib divanda uzandı. Dama-dama yüngül yorğanı üzərinə çəkdi. Stressonrakı əsəbdən bədəni əsirdi. “Bəlkə durum, bir stəkan isti çay içim? Eh, çaydanı qaynatmaq, çay dəmləmək lazım olacaq... Yaxşısı budur yatım...”.

     Gözlərini yumdu. Yuxusu yoxdu. Qaranlıqda gözüyumulu şəkildə bugünkü hadisələri, sanki bir film izləyirmiş kimi xatırladı, burnuna tütünlü-sitrus ətri gəldi...

Hiç yorum yok:

Yorum Gönder