15 Şubat 2024 Perşembe

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR

 


Bu roman Yaponiyada son 20 ilin ən tanınmış romanı, Alex Award mükafatının qalibidir.

Anons: müəllimə Yuko Moriqutinin dördyaşlı qızı tələf olur. Faciəni bədbəxt hadisə kimi qələmə verirlər. Lakin ana əsil həqiqəti bilir – onun qızını iki şagird öldürüb. Və son iş günündə Yuko həmin qatillərin dərsini verəcəkdir. Hər kəs etirafını edəcək və cəzasını alacaqdır.

Bu roman insanın qorxuları, nifrəti və tənhalığı haqqındadır. Xarici tənqidçilərin fikrincə, “Etiraflar” romanı ən gözəl “zalım” kitabdır; “çox dərin və genişmiqyaslı əsərdir”; “tükürpədən psixoloji dramdır”.

***

1.      Müqəddəs qadın 

Südü içən kimi, zəhmət olmasa, qabı qutuya, adınız və nömrəniz yazılmış siyirməyə qoyun. Sonra öz yerinizə qayıdın. Görürəm, hamı yeməyini yeyib. Bu gün ilin son dərs günüdür, deməli, sizə sonuncu dəfə süd verilib. Eksperimentin bitməsi ilə hamını təbrik edirəm! İştirak etdiyiniz üçün minnətdaram. Bilirəm, əksəriyyət davamını istəyir, lakin gələn il, bu, bəlkə də mümkün olmadı. Gənclərin süd məhsullarına üstünlük verməsi məqsədilə Səhiyyə Nazirliyinin həyata keçirdiyi proqrama görə bizim məktəb digərlərinin arasından seçilmişdi, hər gün sizə iki yüz millilitr inək südü verilirdi ki, içəsiniz. Proqramın birinci mərhələsi bitdi. İndi apreldə keçiriləcək tibbi müayinəni gözləmək qalır ki, bilək, sizin boyunuz və sümük kütləniz ölkədəki uşaqların göstəricilərindən nə qədər fərqlənir.

Anlayıram ki, sizin aranızda elələri vardı ki, eksperimentdə iştirak etmək istəmirdi, və ya süd içməyi sevmirdi. Sizi inandırıram ki, məktəbimiz eksperiment üçün təsadüfən seçilib. Sinfimizə hər gün südlə bərabər sizin adınız və nömrəniz yazılmış xüsusi qutu gətirirdilər ki, bilinsin, kim südü içib, kim içməyib. Qəribədir,  bir dəqiqə əvvəl məmnuniyyətlə süd içənlər, eksperiment sözünü eşidən kimi niyə indi göz süzür? Hər gün süd içməyin nəyi pisdir? Siz yeniyetməlik çağına qədəm qoyursunuz. Bilirsiniz ki, süd sümükləri möhkəm edir, amma sizlərdən neçəniz evdə süd içir? Kalsium skeletə və sinir sisteminə çox faydalıdır. Kim əsəbidirsə, yaşından asılı olmayaraq, ilk növbədə, orqanizmdəki kalsium çatışmazlığını yoxlatmalıdır.

Eşitmişəm ki, Vatanabe atasının elektronika dükanında bir porno-videonu redaktə edib. Oğlanlar o video ilə bir-biri ilə dərsimdə bölüşüblər. Bəli, sizin təkcə bədəniniz inkişaf etmir! Ağlınız, istəkləriniz daha sürətlə dəyişir. Bəlkə də uğursuz nümunə gətirdim. Bəli, cinsəl inkişaf  budur. Siz hər şeyə həssas yanaşırsınız, ən xırda bir şey, söz sizi küsdürür, hər hansı hadisə böyük təsir göstərir. Ətrafdakı hər şey özünü dərk üçün bir alətdir. Siz bu dəyişiklikləri duyursunuzmu? Məsələn, kimsə pulsuz süd içdiyinə görə sevinərkən, narazı yoldaşlarının təsiri altında, fikrini dəyişib, düzdür?

Söhbət yalnız yeniyetməlikdən getmir, yox. Bütün ömrünüz boyu siz dəyişəcəksiniz! Müəllimlər qeyd edir ki, bu sinif başqalarından daha sakit və intizamlıdır, ona görə deyə bilərəm ki, bu, eksperimentin yaxşı nəticəsidir.

Sizə daha bir sözüm var. Bu ayın sonunda mən işdən çıxıram. Yox, başqa məktəbə getmirəm, müəllimlikdən tamamilə  uzaqlaşıram. Deməli, siz mənim son sinfimsiniz, sizi ömrümün sonuna kimi xatırlayacağam. Mənim işdən getməyimə təəssüflənən şagirdlərimə minnətdaram. Səbəbini bilmək istəyirsiniz? Mən baş verənlərə görəmi işdən çıxıram? Düşünürəm ki, bu haqda geniş danışmalıyam.

***

İşdən çıxmağa tam qərar verdikdən sonra niyə müəllim olduğum haqda yenidən düşünürəm.

Yox, həyatımda mənə yol göstərən birisi olmayıb. Çox kasıb ailədə doğulmuşdum. Valideynlərim daim deyirdilər ki, qız uşağına oxumaq lazım deyil, çünki onlar məni universitetdə oxutdura bilməyəcəkdilər, amma mən oxumağı sevirdim. Mən dövlət universitetində təhsil almaq hüququnu verən təqaüdü qazandım, yəqin məni yaxşı qiymətlərimə görə yox, məhz kasıb olduğuma görə seçmişdilər. Kimyanı və təbiət elmlərini çox sevirdim, yuxarı kursda oxuyarkən, repetitorluğa başladım. Bilirəm, elə uşaqlar var ki, dərsdən sonra əlavə məşğələlərə qaçırlar, amma mən əlavə imkanlara malik uşaqlara həmişə həsəd aparmışam.

Universiteti bitirəndən sonra iş axtarmağa başladım. Mənə elmi sahədə işləmək təklif edilmişdi, amma mən praktiki fəaliyyət istəyirdim. Başqa səbəb də vardı: təqaüd şərtlərinə görə mütləq məktəbdə işləməliydim, əks halda təhsil pulunu qaytarmalıydım. İxtisasımı təsdiqləmək üçün dərhal imtahana yazıldım.

Elə bilirsiz, bu kifayət deyil? Əmin olun ki, hər şeyi mükəmməl yerinə yetirməyə çalışırdım. Kimsə yaxşı iş tapmayanda, bəxtindən küsür, amma mən həyatın təklif etdiyi hər şeyə canla-başla razı idim.

Yəqin, maraqlanırsınız ki, niyə orta məktəbi seçdim. Deyə bilərəm ki, icbari təhsildə iştirak etmək istəyirdim. Tam orta məktəbdə şagird nə istəyirsə, edə bilər, təhsili yarımçıq qoya bilər. Mən isə elə uşaqlarla işləmək istəyirdim ki, onlar məktəbi ata bilməsinlər! Mən bu fikirlə alışıb yanırdım! Ay uşaq, Tanaka, Oqava, gülməli heç nə yoxdur!

1998-ci ildə müəllim oldum və ilk iş yerim M. orta məktəbi oldu. Orada üç il işlədim, sonra bura, sakit əyalət məktəbinə keçdim, dörd ildir ki, burada işləyirəm. Demək, yeddi ildir ki, müəlliməm.

M. məktəbi haqqında danışım? Bəli,  televizorda gördüyünüz Masayösi Sakuranomi-sensey o məktəbdə işləyirdi. Sakit olun. Nədir, o bu qədər məşhurdur? Mən onunla tanış idimmi? Bəli, tanış idim, axı eyni məktəbdə üç il işləmişik, o vaxtlar o, hələ tanınmış müəllim deyildi. Bəlkə də siz onun haqqında məndən çox bilirsiniz.

Nədir, Maekava, onun haqqında heç nə eşitməmisən? Qısa deyim. Uşaqlıqda Sakuranomi adlı şagird  məktəbdə bir kriminal dəstə yaratmışdı və daim başına iş gəlirdi, tam orta məktəbdə isə bir müəllimə hücum etmişdi, buna görə onu məktəbdən qovdular. O avara kimi dünyanı gəzib dolaşdı, müharibələr gördü, səfalət içində yaşayan insanları gördü və dərk etdi ki, həyatı düzgün deyil, Yaponiyaya qayıtdı, imtahan verib ən yaxşı universitetə qəbul olundu, ingilis dili müəllimi oldu. Özü də orta məktəbdə işləməyə başladı, çünki uşaqları təhlükədən, səhv addımlardan qorumaq istəyirdi. Bir neçə il əvvəl Sakuranomi-sensey vaxtını oyun klublarında və kriminal rayonlarda keçirirdi, rastlaşdığı uşaqlarla danışırdı, islah olmağa şans təklif edirdi. Ona “İkinci şans müəllimi” deyirdilər, haqqında sənədli film də çəkildi! Sakuranomi televiziyada çıxış edirdi, kitablar yazırdı, hər şey edirdi ki, gənclər onu eşitsin. Nə? Keçən həftə onu televiziyada görmüsünüz? Hə... Mən vacib detalı unutdum. Keçən il Sakuranomi-senseyin otuz üç yaşı tamam olanda, bildi ki, ağır xəstədir və bir neçə aylıq ömrü qalıb. Amma özünə acımaq əvəzinə o bütün günlərini şagirdlərinə sərf edirdi. O, yalnız istedadlı müəllim deyildi, o bir müqəddəs idi! Nə deyirsən, Abe? Ona hörmət edirəmmi? Onun kimi olmaq istəyirəmmi? Bilmirəm... Ondan çox şey öyrənə bilərdim, ən azından, islah olduqdan sonra necə yaşadığını bilmək istərdim.

Yaxşı, kifayətdir. Sakuranomi-sensey ilə müqayisədə mən bəlkə də pis müəlliməm. Demişdim axı, mükəmməlçi idim. Hər şagirdə kömək etmək istəyirdim. Sonra anladım ki, heç kim mükəmməl deyil. Mən də həmçinin! Uşaqla müəllim kimi davrananda, vəziyyət lap pisləşir. Müəllim nüfuzuyla uşağa öz fikrini sırımaq dəhşətdir. Bu bir eqoistlikdir, yekəxanalıqdır! Özümə müəyyən qaydalar qoydum – şagirdlə həmişə hörmətlə davranmaq, ona şəxsiyyət kimi yanaşmaq. İki sadə qayda. İnsanlar bunu həmən duyurlar. Nəyi? Özünə hörmətlə davranmağı. Hər gün xəbərlərdə eşidirik ki, uşaqlarla qəddar davranırlar, amma mənim fikrimcə, onları ərköyün böyüdürlər. “Yaxşı oxu və vaxtında yeməyini ye!” – valideyni yalnız bu düşündürür. Bəlkə buna görə uşaqlar valideyninə hörmət etmir? Uşaqlar böyüklərlə kobud davranırlar. Elə müəllim var ki, şagird ona “sən” müraciət edəndə, sevinir, sanki uşağın dostudur, filmlər də bunu təbliğ edir, süjet sizə tanışdır: müəllim hər hansı siniflə dil tapa bilmir, hamı çətinlikləri birgə ram edir, müəllim şagirdlərlə o qədər yaxındır ki, filmin sonunda pis uşaq səhvini başa düşür, üzr istəyir... Lakin həyatda belə olurmu? Kim ən ciddi bir məsələni sinif qarşısında etiraf etməyə hazırdır? Mən intizamlı uşaqları sevirəm, amma həyatda və filmlərdə onlara əsas rollar verilmir. Ona görə zamanla o yaxşı uşaqlar da pisliyə meyl edir...

(ardı var)

Çevirdi: Sima Ənnağı

Hiç yorum yok:

Yorum Gönder