15 Şubat 2024 Perşembe

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 




Mən müəllimlə şagird arasında yaranan etimad hissi haqqında çox eşitmişəm. Mobil telefonlar peyda olandan sonra şagirdlərdən daim mesajlar alıram, biri yazır, ölmək istəyirəm, o birisi yazır ki, yaşamaq istəmirəm... Bəzən şagirdim gecəyarısı bizə gəlirdi, heç vaxt eləsini uzaqlaşdırmırdım. Daha dəhşətli hadisələr baş verirdi. Bir dəfə bir kişi müəllimə xəbər verdilər ki, şagirdi bəladadır, xilas etmək lazımdır. Müəllim göstərilən ünvana getdi, demə, ora görüş oteli imiş... Orada müəllimin qız şagirdi ilə fotosunu çəkib yayımladılar, biyabır etdilər... Məktəbə polis, valideynlər tökülüşdü. Müəllimlər bilirdilər ki, bu iş quramadır, məsələ bundadır ki, müəllim transgender idi – onun bioloji cinsi sənədlərində yazılan cins deyildi, biz bu sirri aça bilməzdik. Amma o özü, ləyaqət və şərəfini qorumaq üçün şagirdlərə, valideynlərə həqiqəti söylədi. Münaqişənin səbəbi isə xırda bir şey idi – nə var, nə var, müəllim qız şagirdinə deyib ki, dərsdə sakit otursun!

Cəza? Yox, olmadı. Bütün hiddət məktəb rəhbərliyinin üzərinə düşdü, valideynlər məktəbi ittiham etdilər ki, hər cür cinsəl pozuntularla saf uşaqlara təsir edirlər. Mənim kimi tək ananı da... Öz qızının hərəkəti valideynin vecinə deyildi. Valideynlər məktəbə, müəllimlərə qarşı çıxdılar və qalib gəldilər. Bəs müəllimin taleyi necə oldu? Onu başqa məktəbə göndərdilər. O, orada işləyir. Qadın qismində.

Bilirəm, bu nümunə qeyri-adidir, amma son zamanlar müəllimlər, xüsusilə kişi müəllimlər, şagirdlərin əsassız ittihamlarına məruz qalırlar. Bu cür hadisələrin qarşısını almaq üçün bizim məktəbdə xüsusi qayda yaratdılar: qız şagirdlərə kömək üçün qadın müəllim göndərirlər, oğlanlara isə kişi müəllim kömək edir. Bunu bilmirdiniz? İndi bildiniz. Odur ki, oğlanlar, mənə yazmaq lazım deyil, çünki yanınıza kişi müəllim gələcək. Kimsə canına qəsd etmək istəyəndə, inanmıram ki, bunu həqiqətən istəyir. Sizə elə gəlir ki, bu boyda dünyada təksiniz, sizin probleminiz hər şeydən vacibdir! Amma bir az böyüyəndə, başa düşəcəksiniz ki, başqalarının da hissləri var -  gecəyarısı kiməsə qorxulu bir mesaj yazmaq nə deməkdir? İntihar etmək istəyən şagird, düşünürəm ki, bu haqda müəlliminə yazmaz.

***

Mən o müəllimlərdən deyiləm ki, şagirdləri haqqında sutkanın iyirmi dörd saatı düşünsün. Həyatımda daha vacib şeylər var. Bilirsiniz ki, evli deyiləm və təkbaşına qızımı böyüdürəm. Qızım Manaminin dörd yaşı var. Onun atasına dərin hörmət hissi bəsləyirəm, biz evlənməliydik, hamilə idim. Hər ikimiz xoşbəxt idik. Mən hamiləlik üçün vacib olan müayinələrdən keçirdim. Bir müddət sonra məlum oldu ki, sevgilim ağır xəstədir. Toy haqqında söhbət ola bilməzdi. Bəli, biz toydan, evlənməkdən vaz keçdik. Bəli, adam var, ağır xəstə olsa da, evlənir. Amma mənim sevgilim HİV xəstəsi idi. Siz bu halda nə edərdiniz, xəstə adamla evlənərdinizmi?

HİV – immun çatışmazlığı virusudur, ölümcül QİÇS xəstəliyinə gətirib çıxarır. Yenə izah edimmi? Siz yayda bir roman oxumusunuz, orada gənc qız fahişədir və QİÇS-ə yoluxub ölür. Baxın, qarşınızda o ölümcül xəstəliyə yoluxmuş insanın sevgilisi dayanıb. Gördüm, stulları kənara çəkdiniz. Hamazaki, qorxma, nəfəs al, virus hava ilə ötürülmür. Məndən uzaq dayanmağa ehtiyac yoxdu,  adi fiziki kontakt ilə - əl verib görüşmək, asqırmaq, öskürmək, hovuzda çimmək, kafedə bir masa arxasında oturmaq – bunlarla yoluxmaq olmaz. Hətta adi opüşlə də yoluxmazsınız. Xəstə adamla birgə yaşasanız da, hətta bir sinifdə otursanız da, yoluxmazsınız. İnanmırsınız? Mən yoluxmamışam. Hamilə olanda, çoxlu müayinələrdən keçdim, cavab mənfi idi. Buna inanmaq çətindir? Dəfələrlə yoxlanmışam. Cinsəl əlaqə yoluxma yollarından biridir, amma yüz faiz deyil. Özünüz də bu xəstəlik haqqında məlumatı toplaya bilərsiniz.

Sevgilim HİV xəstəliyinə coşqulu gənc yaşlarında, xaricdə olarkən tutulmuşdu, çünki ehtiyatlı deyildi. Onun xəstə olduğunu biləndə, şok oldum, qorxurdum ki, məni də yoluxdurub. Hətta analizlərdən sonra gecələr yuxudan oyanıb hələ doğulmamış uşağımın gələcəyini düşünürdüm. Sevgilimi sevirdim, ona hörmət edirdim, amma bəzən də nifrət edirdim ki, mənə ağır günlər yaşadıb. O daim onu bağışlamq üçün yalvarırdı, hamiləliyimi yarımçıq qoymağı təklif edirdi, amma mən uşağı doğmaq qərarına gəldim, çünki abortu cinayət hesab edirəm.

Sevgilim HİV xəstəsi olduğunu öyrəndikdə, deyirdi ki, gəncliyində etdiyi səhvlərin hesabını ödəyir. O çox iztirab çəkirdi. Mən ona ərə getməyə hazır idim, istəyirdim uşağımın sevən atası olsun. Amma sevgilim evlənməkdən imtina etdi. O, inadkardı, uşağın təhlükəsizliyini, xoşbəxtliyini üstün tuturdu. Xatırlayın, bir neçə dəqiqə əvvəl nəfəs almağa necə qorxurdunuz, çünki elə bilirdiniz ki, xəstəyəm. Bilirsinizmi, yoluxmuş insanlara ölkəmizdə necə münasibət bəsləyirlər? Qızım sağlam olsa da, atasının HİV olduğunu bildikdə, qızımla necə davranacaqdılar? Qızım dost tapsa da, valideynlər onunla dostluq etməyə icazə verməyəcəkdilər. Qızım məktəbə gedəndə, hamı ondan uzaq dayanacaqdı. Əlbəttə, nikahsız doğulmuş uşağın taleyi ağırdır, lakin cəmiyyət atasız uşağa daha mülayimdir. Ona görə qərara aldıq ki, evlənməyək, və mən uşağı tək böyüdüm.

Qızım Manami doğulduqda, dərhal araşdırdım ki, o sağlamdır! Elə sevindim ki! Qızımı sevgi içində, qayğısını çəkərək böyütdüm. Bütün sevgimi ona verdim. Soruşsaydılar ki, sənə kim daha vacibdir, qızın ya şagirdlərin? Deyərdim, əlbəttə, qızım Manami! Qızım yalnız bir dəfə atası haqqında sual verdi. Dedim ki, ata çox məşğuldur, görüşə bilmir. Yalan demədim. Həqiqətən sevgilim özünü işinə həsr etmişdi, sanki həyatı bu işdən asılı idi.

Amma Manami daha həyatda deyil.

***

Qızımın bir yaşı tamam olanda, onu uşaq baxçasına verdim ki, işləyə bilim. Böyük şəhərlərdə uşaqlar baxçada bütün günü, hətta gecəyə qədər qala bilərlər, amma bizim şəhərdə baxçalar saat altıya kimi işləyirdi. Mən bir agentliyə müraciət etdim, və mənə təqaüdçü Takenaka xanımı məsləhət bildilər. O, məktəbin yanında yaşayırdı, tüklü bir iti də vardı. Bilirəm, sizlər o itə yemək verirdiniz. Takenaka xanım Manamini baxçadan götürüb, mən işdən qayıdana qədər saxlayırdı. Qızım ona çox bağlanmışdı, hətta ona nənə deyirdi, hər gün itini yedizdirdiyinə görə qürür duyurdu. Üç il belə davam etdi, amma bir gün Takenaka xanım xəstələndi, xəstəxanaya düşdü. Mən onun əvəzinə heç kimi tapa bilməzdim, o sağalana qədər qızımı özüm baxçadan götürürdüm. Bəzən işdə yubanmalı olurdum, o zaman Manamini məktəbə gətirirdim, qızım tibb otağında sakitcə oynayırdı. Nayto-san, Masikava-san, qızlar, sizə minnətdaram ki, Manami ilə oynayırdınız. Siz demişdiniz ki, Manami dovşana oxşayır, qızım elə sevinmişdi ki...

Qızlar, ağlamayın!

Manami dovşanları sevirdi. O, yumşaq oyuncaqları sevirdi.  Geyimində, çantasında, corablarında dovşan şəkli vardı. Hər səhər dizlərimdə əyləşən qızım dovşanlı darağını uzadıb deyirdi ki, saçımı elə dara, dovşana oxşayım. Bazar günü alış-veriş edərkən, qızım dovşanlı nəsə bəyənərdi, mən də alardım...

Ölümündən bir həftə əvvəl yenə də Manami ilə alış-verişə getdik.  Müqəddəs Valentin günü ərəfəsində vitrinlər şokolad ürəklərlə doluydu. Onların arasında ağ şokoladdan dovşan vardı, o şokolad məxmər çantada idi. Manami o dovşanı istədi, amma bizim qaydamız vardı – hər dəfə yalnız bir hədiyyə almaq. Mən artıq dovşanlı çəhrayı gödəkçə almışdım, qızım boğulanda, həmin gödəkçə əynində idi. Manamiyə söz verdim ki, gələn dəfə məxmər çantanı alarıq. Adətən Manami sözəbaxan uşaq idi, sakitcə arxamca gedərdi. Amma bu dəfə qızım yerə oturub qışqırmağa, ağlamağa başladı ki, gödəkçəni istəmirəm. Şokolad dovşanı və məxmər çantanı istəyirəm! Amma qayda qaydadır. Mən uşaq isterikasına görə qaydanı pozmaq fikrində deyildim. Qərara almışdım ki, müqəddəs Valentin günü o dovşanı çantayla bərabər qızıma hədiyyə edəm. Qızıma dedim özünü yaxşı aparsın. Onu ərköyün böyütmək istəmirdim.

Yaxınlıqda şagirdim Sitamura peyda oldu, anasıyla gəlmişdi.

-         -  Şokolad cəmi yeddi yüz yendir, onu alın da! – dedi.

Mamani yad adamların yanında özünü yaxşı aparmaq istədi, göz yaşlarını sildi, ayağa qalxıb sakitləşdi.

-          - Yaxşı, gələn dəfə alarıq – dedi. Gülümsəyib, Sitamuraya balaca əli ilə əl etdi.

Amma Manami Valentin günündən əvvəl tələf oldu. Çox heyifsilənirəm ki, o şokoladı ona almadım...

(ardı var)

Çevirdi: Sima Ənnağı

Hiç yorum yok:

Yorum Gönder