Həmin gün müəllim iclası gec bitdi. Tibb bacısı da iclasda iştirak edirdi. Siz, qızlar, yaxşı ki, Manami ilə qalmağa razı olmuşdunuz. Amma Manami tibb otağında deyildi. Əvvəl elə bildim ki, başqa qızlarla hardasa oynayır, məktəbin geyim otağına, ayaqyoluna baxdım. Manami heç yerdə yoxdu. Qızlarla rastlaşdım, onlar dedilər ki, Manami tibb otağında olmayıb, qızlar da elə bilib ki, o, məktəbə gəlməyib. Birlikdə qızımı axtarmağa başladıq. Dərslər qurtarmışdı, amma məktəbdə xeyli adam vardı, hamı uşağı axtarırdı.
Manamini Hosino tapdı. O, beysbol klubunda məşqini
bitirib gəlirdi, xatırladı ki, Manami bəzən məktəbin hovuzu yanında olurdı.
Qapı zəncirli qıfılla bağlı idi, ona görə biz hasardan aşdıq, amma uşaq qapı
arasından keçə bilərdi. Üzgüçülük komandası məşqini çoxdan bitirmişdi,
hovuzdakı su qara və çirkli idi, hovuzu ilboyu boşaltmırdılar ki, yanğın vaxtı
sudan istifadə edilsin.
Manaminin bədəni qara suda üzürdü. Onu dərhal
hovuzdan çıxardıq, amma bədəni tamam soyumuşdu, balaca ürəyi çoxdan susmuşdu.
Amma mən dayanmadan ürək masajını edərək, qızımı
çağırırdım. Uşağın cəsədini tapdığına görə şok yaşayan Hosino kömək dalınca
qaçdı. Manamini xəstəxanaya apardılar və məlum oldu ki, o boğulub. Heç bir zədəni
aşkar etməyən polis bu qənaətə gəldi ki, bədbəxt hadisə baş verib, qızım hovuza
düşərək boğulub.
Manamini tapanda hava qaralmışdı, amma aydın
xatırlayram ki, Takenaka xanımın iti Muka hovuzun hasarı yanında sakitcə
dayanmışdı. Hasarın dibində polis çörək qırıntıları tapdı, Manami iti yemləmişdi.
Siz qızımı dəfələrlə hovuzun yanında görmüsünüz. Düşünürəm, qızım hər həftə
Mukanı yemləyirdi. Takenaka xanım xəstəxanada olduğu müddətdə qonşular itə
qulluq edirdilər, amma Manami bunu bilmirdi. Qızım əmin idi ki, o olmasa, Muka
acından ölər! Ona görə gizlicə tibb otağından çıxıb hovuzun yanına gələrdi. Mən
bunu bilmirdim. Manami, bəlkə də, qorxurdu ki, onu danlayaram, ona görə mənə yalan
deyirdi, deyirdi ki, guya qızlarla oynayır. Əgər mən bunu bilsəydim! Əgər
qızıma düzgün suallar versəydim! Manami hovuzun yanında olmazdı!
Qızım ona görə tələf oldu ki, mən ona pis baxırdım.
Çox təəssüflənirəm ki, hadisə məktəbin ərazisində baş verib və sizin hər
birinizə təsir göstərib. Bir ay keçib ki, qızım yoxdur, amma mən hər səhər ümid
edirəm ki, Manamini yanımda mışıl-mışıl yatan görəcəm. Bir yataqda elə yatırdıq
ki, bir-birimizi bədənimizlə duyaq. Bəzən özümü zarafatyana uzaq tuturdum,
qızım da yaxınlaşıb bərk-bərk mənə qısılardı. Yalnız o zaman rahat yuxuya gedərdi. Hər səhər ağlayıram ki, bir daha əlim qızımın
yumşaq saçlarına, isti yanaqlarına toxunmayacaq...
Direktora bildirəndə ki, işdən çıxıram, səbəbini
soruşdu. Kitahara-san, siz düz deyirsiniz, məhz Manami ilə baş verənlərdən
sonra işdən çıxmaq istəyirəm. Başqa səbəb olsaydı, hansısa məktəbdə müəllimliyə
davam edərdim. Bəs niyə müəllimliyi tamam atıram?
Məsələ budur ki, Manaminin ölümü bədbəxt hadisə
deyildi.
Manami bu sinfin şagirdləri tərəfindən öldürülüb.
***
Maraqlıdır, yaş qadağaları haqqında nə bilirsiniz?
Məsələn, neçə yaşdan etibarən alkohol, tütün məmulatlarını ala bilərsiniz? Hə,
Nisio? Düzdür, iyirmi yaşdan. Şadam ki, bunu bilirsiniz. İyirmi yaşdan sonra
siz rəsmən böyük hesab edilirsiniz. Yəqin televizorda görmüsünüz, hər il
yetkinlik yaşını xeyli gənc alkoholla qeyd edir. Alkoholun təsiri altında gənclər
o qədər axmaq hərəkətlər ediblər ki! Tutaq ki, bu qadağa yoxdu. O zaman alkohol
kimə maraqlı olardı? Əgər qadağa varsa, bu o demək deyil ki, yaşın çatdı, gərək
alkoholdan istifadə edəsən. Amma bu qadağaya görə sizlərə elə gəlir ki, həyatda
nəyisə yaşınıza görə itirirsiniz. Bu qadağa olmasaydı, sizlərdən bəziləri məktəbə
sərxoş halda gələrdi. Yəqin, artıq kimsə qohumu ya dostunun təklifi ilə
alkoholun dadını bilir. Heç kim kənardan müdaxilə olmadan özünün dəyərlər
sistemini və dünyagörüşünü yaratmır.
Nə demək istəyirəm?
Təəccüb edirəm ki, siz sakit oturmusunuz, halbuki
qatil sizin aranızdadır. Bəlkə də əvvəl qorxdunuz, amma indi maraq güc gəlib...
Görürəm, bilirsiniz söhbət kimdən gedir. Məni şok edən odur ki, qatillər sakitcə
oturub mənim hekayəmi dinləyirlər!
Yox, şok olmaq uyğun söz deyil. Çox gözəl bilirəm
ki, qatillərdən biri istəyir ki, onun adını deyim, o birisinin isə rəngi qaçıb.
Qorxmayın, sizin adınızı çəkməyəcəm.
Siz yuvenal hüquq haqqında eşitmisiniz? Qanuna görə
uşaq öz hərəkətlərinə cavabdehlik daşımır, axı o hələ şəxsiyyət kimi
formalaşmayıb. Bu halda dövlət, valideyn mövqeyindən çıxış edərək, azyaşlı
cinayətkarların reabilitasiyasının səmərəli yollarını axtarır. Əvvəllər on altı
yaşına çatmamış uşaq cinayət törədəndə, hətta kimisə öldürəndə, ailə işləri üzrə
məhkəməyə verilirdi və həbs olunmurdu. Amma bu yanaşma köhnəlib! İndi uşaqlar
heç də məsum deyillər. 90-cı illərdə, 14-15 yaşlı uşaqlar ən dəhşətli cinayətlər
törətdikdə, qanun öz səmərəsizliyini göstərdi! Siz uşaq olardınız, amma bəlkə də
K. şəhərindəki dəhşətli hadisəni eşitmisiniz – balaca uşaq bir uşağın başını kəsib,
bir neçəsini də qətlə yetirmişdi. Bu cür
hadisələr qanun dəyişiklikləri
haqqında xeyli mübahisələr doğurdu və nəhayət, cinayət məsuliyyətinə cəlb
olunma yaşı on dörd yaşa qədər endirildi.
Sizin əksəriyyətinizin on üç yaşı var. Həqiqətənmi
yaşın əhəmiyyəti var?
Keçən il baş vermiş hadisəni xatırlayırsınız? T. şəhərində bir ailə zəhərlənmişdi. Gənc
cinayətkar qız yay tətilində kimyəvi maddələrlə eksperimentlər edirdi, zəhəri
yeməyə töküb nəticəni internetdə, öz bloqunda yazırdı. Gözlədiyi nəticəni
almayan qız kalium-sianidin böyük dozasını yeməyə əlavə edir və ailəsini
öldürür – valideynini, nənəsini, kiçik qardaşını. Qızın da 13 yaşı vardı. Məktəbli
idi. Bloqundakı son yazıda yazmışdı: “Nəhayət! Zəhər məqsədinə çatdı!”.
Bəli, Sonedzaki, düz deyirsiniz, mən lunatik qız
haqqında danışıram. Roma miflərində Luna - Ay ilahəsi idi. Lunatizmi əvvəllər dəlilik
hesab edirdilər. Cinayətkar qız bu sözü bloqunda istifadə edirdi, deyirdilər
ki, o həqiqətən ruhi xəstə idi. Əks halda, sakit və ciddi şagird nədən qəddar dəlilik
ilahəsinə çevrilsin?
Əksəriyyət bilir iş necə bitdi. O qız həddi-büluğa
çatmadığına görə heç kim onun əsil adını bilmədi, fotosunu yayımlamadı – qanun
buna icazə vermir. Hamı bu cinayətdən danışdı, amma həqiqəti heç kim bilmədi.
Tezliklə hadisə ilə əlaqəli səs-küy də yatdı.
Bu cür hadisələrə diqqət etmək lazımdırmı? Mətbuat
ancaq onu edə bildi ki, dəhşətli cinayət törədə bilən gəncliyə ictimaiyyatın diqqətini
cəlb etdi və bu cür cinayətlərə marağı artırdı. Hesab edirəm ki, azyaşlı cinayətkarlar
haqqında şəxsi məlumatların yayılmasına qadağa qoyulduğu kimi, biz onların
cinayətlərinin mətbuatda işıqlandırılmasına da qadağa qoymalıyıq. Bloqda o
özünü Lunatik qız adlandırırdı, mətbuat isə onu yalnız “Şagird A. və ya qız A.”
kimi qələmə verə bilərdi. Bəlkə də onun ləqəbini təhqiramiz adla əvəz etmək olardı?
Maraqlıdır, Lunatik qız necə görünür? Bir az fikirləşin.
Gənc yaraşıqlı qız özünü Lunatik adlandırardımı? Qanunla fotoya icazə yoxdursa,
o zaman xəyal etməyə niyə imkan yaradılır? Saxta bir foto çap edin! İnsan xislətini
açıq göstərin! Uşaqları qoruyuruqsa, eyni zamanda onların cinayətlərindən
danışarkən, onların özünüifadəsini qidalandırmırıqmı? Görün, neçə avam uşaq bu
cür məlumatı heyranlıqla oxuyacaq? Əgər
uşaq cinayət törədirsə, böyüklər ona izah etməli, başa salmalı deyillərmi? Nəticədə
o qız azyaşlılar həbsxanasında bir neçə il yatdıqdan sonra etiraf məqaləsi
yazacaq və yenidən cəmiyyətə qayıdacaqdır. Ailəsinin ölümü onun vecinə də
olmayacaqdır! Bilirsiniz, hadisədə kim daha çox əziyyət çəkib? Lunatik qızın təbiət
müəllimi. O, peşəkar müəllimdir, dərsini də əla keçir. O müəllim daim narazı
idi ki, məktəb uşaqların təhlükəsizliyi naminə yalnız sadə və təhlükəsiz
eksperimentlərə icazə verir. Biz tanış idikmi? Mən o müəllimlə məktəblilərin milli
elmi yarmarkasında rastlaşmışdım. Demək, bir qız gəlib dedi ki, kimya dəftəri
sinifdə qalıb. Müəllim də açarı ona verir, özü konfransa gedir. Həmin qız,
ciddi və məsuliyyətli şagird, zəhərli maddələri aptekdən almışdı və onlayn
sifariş etmişdi, amma ən zəhərli, bütöv bir ailəni öldürən kalium-sianidi məktəb
laboratoriyasından oğurlamışdı. Və həmin müəllimi təhlükəli maddələrin saxlanmasında
səhlənkarlıq etdiyinə görə ittiham etdilər.
Bununla bitmədi! Şayiələr gəzdi ki, guya müəllim
özü bu cinayəti planlayıb və qızı da buna cəlb edib. Müəllimi işdən qovdular.
Onu hələ də təqib edirlər. Onun arvadı əsəb xəstəliyi ilə xəstəxanaya düşdü,
oğlu isə anasının soyadını götürüb başqa yerə köçdü. Məktəblərə məlumat göndərildi
ki, kimyəvi maddələrin ciddi hesabatını aparsınlar. Düzünə qalsa, məktəb
laboratoriyasında zəhərə yer yoxdur, amma görünür, o müəllimin həmin zəhərin
saxlanmasına hansısa səbəbi vardı. Müəllimi açarı şagirdə verməkdə
günahlandırırlar. Bizim məktəbdə də müəyyən kimyəvi maddələr var, onlar da
kimisə öldürə bilər. Maddələri xüsusi seyfdə saxlayırıq, amma kim zəmanət verə
bilər ki, şagirdlərdən kimsə onu sındırmayacaq? Bəs yeməkxanadakı bıçaqlar? Və
ya idman meydançasındakı iplər? Onlarla kimisə boğmaq olar! Biz, müəllimlər,
bilsək ki, kiminsə cibində silah var, onun şəxsi əmlakına toxuna bilmərik. O
zaman şagird deyər ki, silah özünü müdafiə üçündür. Bu haqda müdiriyyətə xəbər
versək, deyəcəklər ki, hələ müşahidə edin. Biz yalnız, həmin silah faciə törətdikdə,
onu götürə bilərik. Əlbəttə, gec olacaq! Kimsə ittiham edəcək ki, bilirdiniz
ki, silah var, tədbir görməmisiniz. Bəs günahkar kimdir? Heç nəyə fikir verməyən
müəllimlər?
Bəs Manami? Mən nə etməli idim?
(ardı var)
Çevirdi: Sima Ənnağı
Hiç yorum yok:
Yorum Gönder