16 Şubat 2024 Cuma

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 

Növbəti məktəb iclasında mən rəhbərliyə bildirdim ki, A. elektrik cərəyanı ilə vuran pulqabı ixtira edib və C.-nin dediyinə görə, hələ ibtidai məktəbdə təhlükəli işlərlə məşğul olub. Lakin rəhbərlik hesab etdi ki, “oyuncaq” təhlükəli deyil, mənə tapşırdılar ki, A.-ya xəbərdarlıq edim və onu cəzalandırım. Mən hətta A.-nın valideynlərinə zəng vurdum, onu ittiham etmək üçün yox, bildirdim ki, oğulları elektriklə təhlükəli eksperimentlər edir, buna diqqətli yanaşsınlar. A.-nın anası zəngimdən qəzəblənmişdi və məni sancmaq fürsətini əldən vermədi:

-          -  Çox maraqlıdır, bu cür zənglərə necə vaxtınız qalır, axı sizin uşağınız var və ona baxmalısınız!

Hər gün A.-nın internetdəki səhifəsini yoxlayırdım. O deyəndə ki, ixtirasını başqa adama da göstərəcək, elə bildim saytda peyda olacaq, amma heç bir yenilik yoxdu.

Növbəti həftə A. dərsdən sonra qalın bir zərflə mənə yaxınlaşdı və xahiş etdi ki, sənədləri imzalayım. Bu, məktəblilərin milli elmi sərgi-yarmarkasında iştirak üçün sifariş idi. Sifarişlərin qəbulu iyun ayının sonunda, yay tətili ərəfəsində bitirdi, düşünürdüm ki, kimsə iştirak etməyəcək. Heç ağlıma gəlməzdi ki, A. pulqabısını müsabiqəyə təqdim etmək istəyər!

Layihənin adı “Oğurluq əleyhinə pulqabı”, məqsədi – “pulumu cibgirlərdən qorumaq” idi. Sifariş tam doldurulmuşdu, təkcə bu layihəni təsdiqləyən müəllimin imzası və adı yoxdu.  Gördüm ki, A. ixtirasına düzəliş edib, pulqabının sahibi üçün qoruyucu əlavə edib, oğrunu isə cərəyan vuracaqdı. Sifarişdə ixtiranın yığılma prosesinin təsviri və ullüstrasiyalar vardı.

Sonda A. gələcəkdə işləyəcəyi problemi qeyd etmişdi: “pulqabı elektrik yükünü tək-tək verməlidir”. Bunun üçün yeni biliklər lazımdı, və A. uşaq saflığı ilə əlavə etmişdi ki, “nənəsi bu ixtiradan rahat istifadə etməyənə qədər” ixtirasını yeniləyəcək. Sifariş əllə doldurulmuşdu, hərçənd A.-nın evdə kompüteri vardı, o qəsdən belə etmişdi, çünki düzgün təəssürat yaratmaq istəyirdi – orta məktəb şagirdi hər şeyi müstəqil yerinə yetirir!

Sifarişi gözdən keçirdiyimdə, A. dedi:

-         -  Bilirəm, siz mənə bu ixtirada kömək etməmisiniz, amma burada müəllimin imzası olmalıdır, siz isə təbiət elmləri müəllimisiniz. Sinif rəhbərimsiniz, zəhmət olmasa, imzalayın.

Tərəddüd etdiyimi görən A.:

-         -  Pulqabını ən xoş niyyətlə ixtira etmişəm, amma siz onu təhlükəli hesab edirsiniz. Bəlkə mütəxəssislərin fikrini soruşaq? – dedi.

Bu meydan oxumaq, müharibə elan etmək kimi səsləndi. A. qalib gəldi, mən uduzdum. Pulqabı bələdiyyə səviyyəsində təsdiqləndi və milli mərhələyə çıxdı, mükafat alaraq, üçüncü fəxri yeri tutdu.

***

Manaminin ölümü haqqında həqiqəti öyrənmək üçün A.-nı məktəb laboratoriyasına dəvət etdim. O vaxt elə bilirdim ki, ədaləti əldə edəcəm. Görünür, bununla günah hissimi aradan qaldırmaq istəyirdim.

A. nahar fasiləsində gəldi, üzündə təbəssüm parlayırdı. Ona məxmər uşaq çantasını uzadıb, nə vaxtsa mənə dediyi sözləri təkrar etdim:

– Aç! İçində sürpriz var!

O, əlbəttə, imtina etdi. Çox təəssüf. Mən bəzi dəyişikliklər etmişdim, cərəyanın gücünü artırmışdım, içəridə elektrik şoker vardı. Bunu hər kəs bacarardı, başa düşmürəm, bu cür ixtira kimə lazım idi.

A. anladı ki, mən nə üçün onu çağırmışam, və həvəslə, sanki çoxdan bunu arzulayırmış kimi, hadisəni danışmağa başladı. Şübhələndiyim kimi, oğurluq əleyhinə pulqabı “ölüm maşınının” prototipi idi.

İxtiranı bitirdikdən sonra A. əvvəlcə onu dostları arasında sınaqdan keçirdi. Onlardan istədiyi reaksiyanı almadı. Dostları ixtiraya dəyər vermədilər, və A. dəyər verəcək birisinin, yəni mənim yanıma gəldi. Mənim reaksiyam da onu qane etmədi, amma o, reaksiyamı düz anlamamışdı. Məni pulqabı yox, A.-nın özü və dünyaya baxışı qorxutmuşdu. O elə bilmişdi ki, mən ixtiradan dəhşətə gəlmişəm, qəsdən məni cırnatmışdı ki, onun haqqında müəllimlərə və şagirdlərə danışım. Amma səhv etmişdi. Mən yalnız rəhbərliyə bildirmişdim, amma o da bu xəbərə biganə yanaşmışdı.

Ona görə A. elmi sərgi-yarmarkada iştirak etmək istəmişdi. Münsiflər heyətində yazıçı- fantastlar, tanınmış universitet alimləri vardı. A. əmin idi ki, onun ixtirasında və özündə qorxulu dahiliyi görəcəklər. Nəhayət ki, o, layiq olduğu diqqət mərkəzində olacaqdır! A. istəmirdi ki, ixtirasını ilkin mərhələdə rədd etsinlər, ona görə sifarişini uşaq şərhləri ilə yazmışdı. Nəticədə onun ixtirası münsiflər heyətində təşviş yaratmadı, elmi teleproqramlarda tez-tez qonaq kimi iştirak edən alimlərdən biri A.-nı və ixtirasını tərifləmişdi:

-          -  Mən belə bir şeyi ixtira edə bilməzdim.

Yarmarkada göstərilən müxtəlif köməkçi-robotlar arasında oğurluqdan qoruyan pulqabı münsiflər heyətinin diqqətini cəlb etmişdi. A. elə bilirdi ki, onun ixtiraçılıq qabiliyyətinə dəyər verilir! Amma yanılmışdı. A. zalım dahi nüfuzunu qazana bilməmişdi, amma yerli qəzetlər ondan müsahibə götürmüşdülər. Onun uğuru haqqında oxuyanda, rahat nəfəs aldım. Nəhayət, A. arzuladığı diqqətə layiq olmuşdu və bəlkə indi enerjisini yaxşı işlərə yönəldəcəkdi. Nahaq həyəcan keçirirdim, gərginliyə səbəb yoxdu.

Həmin yay yerli qəzet həqiqətən A. və onun ixtirası haqqında böyük material verdi. Heyif ki, həmin gün qəzetlərin birinci səhifələri Lunatik qız haqqında xəbərlə dolu idi. Bir neçə həftə hamı o qızın cinayətindən danışdı. İlk dərs günündə bütün məktəb A. və onun yarmarkadakı uğuru haqqında eşitdi, amma tanınmış alimin ixtira haqqındakı fikri heç kimin vecinə olmadı. Hamı Lunatik qızdan danışırdı. A. fikirləşirdi: “Heç kim görmədi ki, mən nəsə yaxşı bir şey yaratmışam. O zaman bunun mənası nədir? Lunatik qızda nə var ki, hamı ondan danışır? Ailəni zəhərləyib? O zəhəri Lunatik qız kəşf etməyib! Amma mən özüm ölüm alətini yaratmışam! Məgər bu əla deyil?”

Lunatik qızın cinayəti haqqında nə qədər çox danışılırdısa, A.-da paxıllıq hissi bir o qədər artırdı. O, daha böyük həvəslə “ölüm maşını” üzərində işləyirdi.

(ardı var)


Çevirdi: Sima Ənnağı


Hiç yorum yok:

Yorum Gönder