Manaminin dəfni sakit keçdi. Bilirəm, sizlərdən
kimsə dəfnə gəlmək istəyərdi, amma mən icazə verməmişdim. Bir tərəfdən, istəyirdim
ki, Manaminin dəfnində çoxlu adam iştirak etsin, digər tərəfdən, ən vacib olanı
atasının qızı ilə vidalaşması idi. Ata və qız yalnız bir dəfə, ötən ilin
sonunda görüşmüşdülər. Bundan xəbərim yoxdu, bir gün Manami televizor ekranını
göstərib, “dünən bu əmini gördüm” – dedi.
Elə bildim ürəyim dayandı. Qızım dedi ki, bu adam
uşaq baxçasının hasarından ona baxırdı, Manami yelləncəkdə yellənirdi. Kişi
qızımı adıyla çağırıb yaxın gəlməyi xahiş etdi. Manami ehtiyatla hasara
yaxınlaşdı, mat qalmışdı ki, adam onun adını haradan bilir. Həmin kişi soruşub
ki, qız xoşbəxtdirmi, Manami də geniş təbəssümlə təsdiqləyib. Kişi, “yaxşı”, -
deyərək uzaqlaşıb. Şübhəsiz, bu Manaminin atası idi. Baxçanın müdiriyyəti
mühafizəni gücləndirmişdi, hətta yaxın binalarda yaşayanlar baxçanın hasarı
yanında uzun müddət qalanda, yoxlanırdılar. Manaminin atası şübhə doğurmazdı,
onun adını eşidən mühafizəçi hətta onu içəri dəvət edərdi.
Qızımın dediklərindən sonra ilk dəfə düşündüm ki,
sevgilim bu illər ərzində, görəsən, necə yaşayıb. Beş il ərzində ilk dəfə
olaraq, ona zəng etdim. O zaman öyrəndim ki, QİÇS-in simptomları daha da artıb.
Sevgilimi yoluxduran qız dərhal xəstələnmişdi, amma gerçəkdə virusun inkubasiya
dövrü beş ildən on ilə qədərdir. Sevgilimdə xəstəliyin inkişafı on dörd il çəkdi.
Bilmirdim, nə deyim. O söz verdi ki, bir də Manami ilə görüşməyəcək. Onun həyatsız
səsində, sizin televiziyada gördüyünüz güclü və enerjili adamdan əsər-əlamət
qalmamışdı. Təklif etdim ki, qış tətilindən sonra üçümüz görüşək və birgə vaxt
keçirək. Bunu xəstəlikdən ölən adama yazığım gəldiyi üçün etmirdim, mən qısa
müddətli olsa da, həqiqətən əsil ailə kimi olmaq istəyirdim. Amma o imtina
etdi.
O, yalnız Manami öləndən sonra onu qucaqlaya
bilmişdi. Dəfn ərəfəsində o, bütün gecəni qızımı bağrına basıb hönkürür və
özünü, yaşadıqlarını günahlandırırdı. Biz elə hey ağlayırdıq, göz yaşlarımızı
tuta bilmirdik, təəssüf edirdik ki, bir ailə kimi ola bilmədik.
Bu gün sizə peşman olduqlarımdan xeyli danışdım.
Dəfndən sonra başsağlığı verməyə çoxlu adamlar gəldi.
Qızımın tərbiyəçiləri və dostları, mənim iş yoldaşlarım və şagirdlərim. Xahiş
etmişdik ki, heç kim pul (yas payı) gətirməsin, bunun əvəzinə Manaminin fotosu
önünə konfetlər, oyuncaq dovşanlar qoydular.
İnanmaq istəyirəm ki, sevdiyi əşyaların əhatəsində qızım xoşbəxtdir!
Ötən həftə xəstəxanadan cıxmış Takenaka xanım bizə gəlmişdi.
Evdəki mehrabın önündə diz çökərək, o, Manaminin ruhundan
bağışlanmasını dilədi. Qadın qəzetlərdən oxumuşdu ki, Manami iti məktəbin
hovuzu yanında yemləyərkən, suya düşüb boğulub, ona görə Takenaka xanım özünü
bu ölümdə günahkar bilirdi. Manami haqqında qəzetə veriləcək məlumatı yoxlamağı
məktəbin direktorundan xahiş etmişdim, indi, Takenaka xanımın iztirablarından
sonra xahişimdən peşiman oldum. Yenə də peşmanlıq hissi...
Takenaka xanım Manaminin əşyalarını kağız paketə
yığıb gətirmişdi. Manaminin geyimi, yemək çubuqları, qaşığı, yumşaq
oyuncaqları... İztirablı xatirələr oyadan əşyalar arasında mənə tanış
olmayanlar da vardı: dovşansifətli məxmər uşaq çantası. Bu çantanı Manami istəyirdi,
amma mən almamışdım. Bəs çanta haradan peyda olub? Manami mənə aldığı bütün hədiyyələrdən,
hətta bir konfet olsa da, danışardı. Takenaka xanım çantanı iti Mukanın damında
tapmışdı, görünür it çanta ilə oynayırdı, çünki çanta nimdaş və çirkli idi.
Əşyaları gətirdiyinə görə Takenaka xanıma minnətdar idim, onu evinə maşınla
apardım. Muka ot basmış bağçada beysbol topu ilə oynayırdı. Xanım dedi ki, bu
top məktəbin həyətindən bura düşüb. Bu mənə qəribə gəldi: ən güclü zərbə ilə
atılmış top Takenakanın bağçasına düşə bilməzdi, çünki beysbol meydançası torla
əhatə edilmişdi. Takenaka xanım dedi ki, məktəblilər hovuzu yığışdırdıqdan
sonra bəzən topla oynayırdılar, bəlkə də topu onlar hovuzun yanında qoyublar.
Xatırladım ki, bəzi intizamsız, dərsi pozan şagirdlər cəza qismində hovuzu
yaxud idman meydançasını təmizləməli idilər.
Manami həqiqətənmi o gün hovuzun yanında tək idi?
Buna şübhələrim yaranmışdı. Mən məxmər çantanı götürüb baxdım. Çanta Manaminin
idimi? Onu kim almışdı? Çanta nəsə ağır gəldi, açıb gördüm ki, astarın altında metal
detallar var. Qorxu hissi məni bürüdü. Özümü ələ alıb, iki şagirdimi növbə ilə
söhbətə dəvət etdim.
Dəhlizdən gələn səslərə görə, deyəsən, başqa siniflərin
iclası bitib. Biz də bitirə bilərik. Kim əlavə məşğələyə, fakultativə getməlidirsə,
gedə bilər. Söhbətimiz uzun və xoşagəlməz oldu, amma daha da xoşagəlməz
olacaq... Odur ki, getmək istəyən indi getsın. Hamı qalır? Yaxşı. Amma bilin
ki, siz burda qalmağı özünüz istədiniz. Davam edirəm.
O şagirdləri A.
və B. adlandıracam.
***
Əvvəllər A.
diqqətimi cəlb etməzdi. O, deyəsən sinfin oğlanları arasında hörmət sahibi idi,
amma mən ona rüb yoxlamalarına qədər fikir verməmişdim. O, nəinki sinifdə,
bütün parallel siniflər üzrə maksimal bal toplamışdı! Bilirəm, siz
sevinmişdiniz, amma başqa siniflərdə narazılıq vardı. Şagirdlərdən biri, tutaq
ki, adı C.-dir, mənə şikayət etdi.
O, A. ilə ibtidai məktəbdə oxumuşdu,
o zamanlar A. müxtəlif “eksperimentlər”
edirdi. Bu xəbər məni narahat etdi, söz verdim ki, heç kimə heç nə deməyəcəm,
amma C. gərək hər şeyi mənə danışsın.
C. dedi ki, ibtidai sinifdə A. küçə it və pişiklərini tutub işgəncə
verir və ixtira etdiyi “ölüm maşını” ilə onları öldürürdü. Əvvəlcə C. gözlərini partaya dikib astadan
danışırdı, sonra həyəcanlanaraq, səsini yüksəltdi. C. dedi ki, A. öldürdüyü
heyvanların fotosunu çəkib internetdəki saytına yerlşdirir. C. bunu elə danışırdı ki, sanki özü
bunu edir! Anladım ki, o, A.-ya
heyrandır. Bədənim əsdi.
Saytın ünvanını öyrənib müəllimlər otağına getdim və
məktəb kompüterindən sayta daxil oldum. Səhifə “Dahi ixtiraçının
laboratoriyası” adlanırdı və boş idi, təkcə qarışıq şriftlə yazılmış bir yazı
görünürdü – “yeni ixtiralar üzərində iş gedir”. Səhifədə heç nə tapa bilmədim, A.-nın keçmiş sinif rəhbəri ilə görüşmək
qərarına gəldim.
- - Yox,
mən bu haqda heç nə eşitməmişəm! O əla oxuyan nümunəvi şagird idi! – sinif rəhbəri
dedi.
Bir müddət A.-nı
müşahidə etdim, amma o, dərsə və həyata ciddi yanaşan nümunəvi şagird idi. Bir
az rahat oldum. Məni saf adlandırmaq olardı, amma fikrim başqa yerdə idi...
İyun ayının ikinci yarısında doqquzuncu siniflərin
laboratoriya işlərinə hazırlıq görürdüm. A.
qəfildən laboratoriyaya gəldi. Maraqla laboratoriyaya, cihazlara baxaraq,
ixtisasımı soruşdu. Dedim ki, universitetdə kimyanı öyrənmişəm. A. soruşdu ki, elektrotexnikadan başım
çıxırmı? Onun atasının elektronika dükanı vardı, dedim ki, atasından çox bilmərəm.
A. xırda pul üçün istifadə olunan
balaca qara pulqabını çıxarıb, geniş təbəssümlə mənə uzatdı:
- - Açın!
İçində sürpriz var!
Ehtiyatla pulqabını götürdüm, gözlədiyimdən ağır
idi, deməli, içində nəsə vardı. Pulqabını açmaq istəyirdim ki, barmaqlarımda
elektrik cərəyanı hiss etdim! Əvvəl elə bildim statik elektrikdir, amma çöldə
yağış yağırdı... Təəccüblə əlimdəki pulqabına baxırdım, A. dedi:
- - Təsirlidir,
gördünüz? Üç aydır bununla məşğulam. – O özü ilə fəxr edirdi. – Heyif ki, cərəyan
zəifdir, istədiyim kimi güclü deyil.
Qulaqlarıma inanmırdım!
- - Mən
səninçün təcrübə dovşanıyam? – qəzəblə soruşdum.
- - Nədir ki? İnsanlar daim elektrik cərəyanına, kimyəvi maddələrin təsirinə
eksperiment üçün məruz qalırlar, qorxulu heç nə yoxdur! – yenə də gülümsəyərək,
A. sakitcə cavab verdi.
C.-nin dediklərini və saytdakı “yeni ixtiralar üzərində
iş gedir” yazısını xatırladım, soruşdum:
- - Təhlükəli
nəyisə niyə ixtira edirsən? Neyniyəcəksən? Heyvanları öldürəcəksən?
Barmaqlarımı hələ də cərəyan vururdu.
A. artistlik edib, özünü elə göstərdi ki, guya təəccüblənir.
- - Necə də darıxdırıcısınız! İnana bilmirəm, siz mənim ixtirama dəyər vermədiniz! Unudun. Başqa adama göstərərəm. – A. əlimdəki pulqabını qapıb laboratoriyadan çıxdı. (ardı var)
ÇÇevirdi: Sima Ənnağı
Hiç yorum yok:
Yorum Gönder