Mən həqiqəti bilirdim, A. və B. də məktəbə gəlməyə
davam edirdilər. Onların vecinə deyildi ki, sinfə polis gələcək. A. qalib bir təbəssümlə məndən soruşdu
ki, nə üçün onun etirafından sonra polisə xəbər verməmişəm. Nə olub ki? Bu bədbəxt
hadisədir. Mən A.-nın etdiyi cinayət
haqqında hamıya danışıb ona şöhrət qazandırmaq istəmirdim. Bir ana kimi, A. və B.-nin ölməsini istəyirdim. Bir müəllim kimi gərək hər şeyi polisə
danışaydım, həmçinin bu uşaqları müdafiə etməliydim. Polis qərara gəldi ki,
Manami bədbəxt hadisə nəticəsində ölüb, mən B.-nin anasına söz verdim ki, hər şey bu cür qalacaq. Nə nəcib hərəkətdir,
deyilmi? B.-nin işdən gələn atası olanları
öyrənib mənə pul təklif etdi. Razılaşmadım. Pulu götürsəydim, B. hesab edəcəkdi ki, hər şeyi unuda
bilər. Mən isə istəyirdim ki, o ömrü boyu bunu xatırlasın, və gələcəkdə ləyaqətli
həyat sürsün. Əgər atası oğluna kömək etmək istəyirsə, qoy B.-ni həyatı boyu dəstəkləsin.
Əgər A.
başqa birisini öldürsə, onda necə?
Hm... siz mən gözlədiyimdən daha soyuqqanlı
imişsiniz... QİÇS haqqında dediklərim sizi şoka saldı, amma balaca qızın ölümü
vecinizə olmadı. Amma A. hələ heç
kimi öldürməmişdi. Takenaka xanım məxmər çantanı mənə gətirəndə, həmin gecə məktəbə
gedib çantadakı elektrik gücünü ölçdüm. Qısaca, bu güc nə dördyaşlı uşağı, nə də
ürəyi xəstə qocanı öldürə bilərdi. Cərəyanın gücünü özümdə yoxladım. Zəifdi.
Manami sadəcə huşunu itirmişdi. Demişdim ki, o suda boğulub. Hadisənin ertəsi
günü A. B.-dən soruşdu ki, qızı niyə
hovuza atıb? Mən də soruşmaq istəyirəm – niyə heç kimi köməyə çağırmadı? Niyə dərhal
qaçıb getmədi?
Axı Manami hələ sağ idi.
Özümü müqəddəs hesab etmirəm. Mən polisə A. və B.-nin kimliyini bildirmədim, çünki inanmıram ki, qanunla onlar cəza
alacaqlar. A. Manamini öldürmək istəyirdi,
amma sona qədər işi yerinə yetirmədi, B.
qızımı öldürmək istəmirdi, amma öldürdü. Onların hər ikisini polisdə qeydiyyata
alacaqlar və tezliklə bu hadisə unudulacaq. A.-nı elektrik cərəyanında qızartmaq, B.-ni isə suda boğmaq istərdim! Amma bu, Manamini qaytarmayacaqdı.
Bu oğlanlar ölsə, günahlarını necə yuyarlar? Mən insan həyatının nə qədər dəyərli
olduğunu onlara göstərmək istəyirdim, cinayətin nə qədər ağır olduğunu və bu
günahla ömür boyu yaşayacaqlarını anlatmaq istəyirdim. Amma bunu necə etməli?
Çevrəmdə kimsə bu cür ağır dərdlə yaşayırdımı?
Xatirlayırsınızmı, südlə eksperiment böyüyən
orqanizmdə kalsium çatışmazlığını aradan qaldırmaq üçün idi. Sizdə təkcə
kalsium çatmır. Sizdə həmçinin sink çatışmazlığı var. Maraqlıdır, dad
reseptorlarınız nə qədər həssasdır? Xüsusilə A. və B.-nin
reseptorları. Onlar südü içərkən, fərqli bir dad hiss etdilərmi? Məsələn, dəmir
dadını? Bu gün səhər onların süd paketlərinə bir az qan əlavə etmişəm. Yox, öz
qanım deyil. A. və B.-ni islah etmək üçün mən südə ən ləyaqətli
insanın, Sakuranomi-senseyin qanını əlavə etmişəm.
Görürəm, anladınız.
Bilmirəm, effekti nə zaman büruzə olacaq. Amma məsləhət
görərdim A. və B. üç aydan sonra qan analizi versin. QİÇS virusunun inkubasiya
dövrü beş-on ildir, deməli, sizin kifayət qədər vaxtınız var ki, insan həyatının
dəyərini anlayasınız. Ümidvaram ki, onlar dəhşətli cinayəti dərk edəcəklər və Manaminin
ruhundan bağışlanmalarını istəyəcəklər. Sinfə gəlincə, gələn il də siz bir yerdə
oxuyacaqsınız, inanıram ki, A. və B.-yə xüsusi münasibət bəsləyəcəksiniz.
Yeni müəlliminizi intihar edəcəyinizlə qorxutmayacaqsınız. Hələ bilmirəm, gələcəkdə
nə edəcəm. Bəlkə, qərar qəbul etməli olmayacam. Nəticə nə zaman bilinəcək? Gəlin,
inanaq ki, A. və B. özlərini qoruyacaq, yolu ehtiyatla
keçəcəklər...
Yaz tətilini ərə gedəcəyim adamla, Manaminin
atasıyla keçirəcəm. Biz faciədən sonra birgə yaşayırıq, hər dəqiqə mən onun
yanında olacam. Sizə şən və həyat dolu tətil arzulayıram.
Bu dərs ilinə görə təşəkkürlər.
(ardı var)
Çevirdi: Sima Ənnağı
Hiç yorum yok:
Yorum Gönder