ypon romanı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
ypon romanı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

16 Şubat 2024 Cuma

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 

Mən həqiqəti bilirdim, A.B. də məktəbə gəlməyə davam edirdilər. Onların vecinə deyildi ki, sinfə polis gələcək. A. qalib bir təbəssümlə məndən soruşdu ki, nə üçün onun etirafından sonra polisə xəbər verməmişəm. Nə olub ki? Bu bədbəxt hadisədir. Mən A.-nın etdiyi cinayət haqqında hamıya danışıb ona şöhrət qazandırmaq istəmirdim. Bir ana kimi, A.B.-nin ölməsini istəyirdim. Bir müəllim kimi gərək hər şeyi polisə danışaydım, həmçinin bu uşaqları müdafiə etməliydim. Polis qərara gəldi ki, Manami bədbəxt hadisə nəticəsində ölüb, mən B.-nin anasına söz verdim ki, hər şey bu cür qalacaq. Nə nəcib hərəkətdir, deyilmi? B.-nin işdən gələn atası olanları öyrənib mənə pul təklif etdi. Razılaşmadım. Pulu götürsəydim, B. hesab edəcəkdi ki, hər şeyi unuda bilər. Mən isə istəyirdim ki, o ömrü boyu bunu xatırlasın, və gələcəkdə ləyaqətli həyat sürsün. Əgər atası oğluna kömək etmək istəyirsə, qoy B.-ni həyatı boyu dəstəkləsin.

Əgər A. başqa birisini öldürsə, onda necə?

Hm... siz mən gözlədiyimdən daha soyuqqanlı imişsiniz... QİÇS haqqında dediklərim sizi şoka saldı, amma balaca qızın ölümü vecinizə olmadı. Amma A. hələ heç kimi öldürməmişdi. Takenaka xanım məxmər çantanı mənə gətirəndə, həmin gecə məktəbə gedib çantadakı elektrik gücünü ölçdüm. Qısaca, bu güc nə dördyaşlı uşağı, nə də ürəyi xəstə qocanı öldürə bilərdi. Cərəyanın gücünü özümdə yoxladım. Zəifdi. Manami sadəcə huşunu itirmişdi. Demişdim ki, o suda boğulub. Hadisənin ertəsi günü A. B.-dən soruşdu ki, qızı niyə hovuza atıb? Mən də soruşmaq istəyirəm – niyə heç kimi köməyə çağırmadı? Niyə dərhal qaçıb getmədi?

Axı Manami hələ sağ idi.