Simadan bir hekayə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Simadan bir hekayə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

20 Nisan 2025 Pazar

Sandıqça (hekayəm)

 


     Nəhayət, çoxdan gözlənilən bahar şəhəri bürüdü. Bir neçə gün əvvəl yağan qar erkən çiçəkləmiş budaqlara şəkər tozu kimi səpilmişdi, qara buludlar şişmiş lopalarla günəşi udmuş, mülayim bahar günəşindən tam zövq almağa imkan verməmişdi. Ancaq bu gün qar demək olar ki, hər yerdə əriyib, havada incə, şirin qatran və nəm torpaq qoxusu var.

     Zərnişan bu cür havanı çox sevirdi. İşdən çıxıb qızı Leylanın oxuduğu məktəbə gedirdi. Küknar və şam ağaclarının sıralandığı parkda addımlayarkən, ayazlı-qatranlı qoxunu ciyərlərinə çəkib gülümsəyirdi. Kefi kök idi. Niyə də olmasın? Ailəsi, qızı, həyat yoldaşı vardı. Qalmağa evi, yeməyə çörəyi vardı. Daha insana nə lazımdı ki? Bir kəlam yadına düşdü: əgər gözlərin görürsə, yeriyə bilirsənsə, danışırsan, sevirsən və hər səhər yatağından qalxa bilirsənsə, sən düşündüyündən daha zənginsən!

     Cib telefonu zəng çaldı. Tanımadığı nömrə idi.

—            Allo, kimdir? – Zərnişan soruşdu.

    Qızın bizdədir. Polisə zəng etmə. Bir saatdan sonra ev telefonuna zəng gələcək,  — xışıltılı metal səs dedi. Dud-dud-dud... xəttin o tərəfində telefon susdu. Zərnişan dayandı. Əvvəlcə səhv eşitdiyini düşündü. Necə? Qızı təhlükədədir? Onu oğurlayıblar? Kim? Bu təşvişli fikirlərlə Zərnişan bayaqkı nömrəyə zəng etdi, amma zəng çatmadı, görünür, telefonu ya söndürmüş, ya da qırıb tullamışdılar.

Zərnişan fikrini toplamağa çalışdı. Sonra  Leylanın sinif rəhbərinə zəng etdi:

             — Salam, Zeynəb müəllimə, Leyla haradadır?

            — Bu gün Leylanı bir qadın götürdü.

            — Niyə? Niyə icazə verdiniz? Bilmirsiniz ki, Leylanı ancaq mən götürürəm?

    Leyla o qadını görcək yanına qaçdı, soruşdum, tanıyırsan onu, dedi, bəli. Mən də düşündüm ki, kimsə qohumlardandır, ona görə Leylanı aparmağa icazə verdim.

    Nahaq yerə! Gərək mənə xəbər verərdiniz! – Zərnişan qəzəblə telefonu söndürdü. Bir an sonra ərinə zəng etdi:

—       — Kənan, Leyla yoxdu. Deyəsən, oğurlayıblar.

    Nə? Sən nə danışırsan? — Kənan dedi. Zərnişan hadisəni ona danışdı. Qərara gəldilər ki, polisə müraciət etsinlər.

19 Ekim 2012 Cuma

Sima Ənnağı. Gecə mesajı (mini-hekayə)

 


Zəhləsini tökmüş birisini rədd etmək üçün qız: “Sən mənim tipimdə deyilsən... bağışla. Gəl  daha görüşməyək” – dedi.
Səhər telefonunu açarkən, ekranın küncünə yetim uşaq kimi qısılmış sarı mesaj zərfini gördü:
“Bilirdim ki, məni bəyənməyəcəksən... Mən tək sənin deyil, heç kimin tipində deyiləm. Heyif. Sənə bəslədiyim ümidlərin hamısı puç oldu. Mən öyrəşmişəm təkliyə. Təki sən tək qalma. Allah səni xoşbəxt eləsin. Məni özünə yaraşdırmadın... Kaş öləydim, səndən bu sözləri eşitməyəydim.... Amma bilirsən, necə sevinmişdim mənə zəng vuranda - uşaq kimi. Xoşbəxtlikdən uçurdum “Salam, necəsən” sözlərini deyən səsini eşıtcək...

Allah mənə rəhmət eləsin”.