20 Nisan 2025 Pazar

Sandıqça (hekayəm)

 


     Nəhayət, çoxdan gözlənilən bahar şəhəri bürüdü. Bir neçə gün əvvəl yağan qar erkən çiçəkləmiş budaqlara şəkər tozu kimi səpilmişdi, qara buludlar şişmiş lopalarla günəşi udmuş, mülayim bahar günəşindən tam zövq almağa imkan verməmişdi. Ancaq bu gün qar demək olar ki, hər yerdə əriyib, havada incə, şirin qatran və nəm torpaq qoxusu var.

     Zərnişan bu cür havanı çox sevirdi. İşdən çıxıb qızı Leylanın oxuduğu məktəbə gedirdi. Küknar və şam ağaclarının sıralandığı parkda addımlayarkən, ayazlı-qatranlı qoxunu ciyərlərinə çəkib gülümsəyirdi. Kefi kök idi. Niyə də olmasın? Ailəsi, qızı, həyat yoldaşı vardı. Qalmağa evi, yeməyə çörəyi vardı. Daha insana nə lazımdı ki? Bir kəlam yadına düşdü: əgər gözlərin görürsə, yeriyə bilirsənsə, danışırsan, sevirsən və hər səhər yatağından qalxa bilirsənsə, sən düşündüyündən daha zənginsən!

     Cib telefonu zəng çaldı. Tanımadığı nömrə idi.

—            Allo, kimdir? – Zərnişan soruşdu.

    Qızın bizdədir. Polisə zəng etmə. Bir saatdan sonra ev telefonuna zəng gələcək,  — xışıltılı metal səs dedi. Dud-dud-dud... xəttin o tərəfində telefon susdu. Zərnişan dayandı. Əvvəlcə səhv eşitdiyini düşündü. Necə? Qızı təhlükədədir? Onu oğurlayıblar? Kim? Bu təşvişli fikirlərlə Zərnişan bayaqkı nömrəyə zəng etdi, amma zəng çatmadı, görünür, telefonu ya söndürmüş, ya da qırıb tullamışdılar.

Zərnişan fikrini toplamağa çalışdı. Sonra  Leylanın sinif rəhbərinə zəng etdi:

             — Salam, Zeynəb müəllimə, Leyla haradadır?

            — Bu gün Leylanı bir qadın götürdü.

            — Niyə? Niyə icazə verdiniz? Bilmirsiniz ki, Leylanı ancaq mən götürürəm?

    Leyla o qadını görcək yanına qaçdı, soruşdum, tanıyırsan onu, dedi, bəli. Mən də düşündüm ki, kimsə qohumlardandır, ona görə Leylanı aparmağa icazə verdim.

    Nahaq yerə! Gərək mənə xəbər verərdiniz! – Zərnişan qəzəblə telefonu söndürdü. Bir an sonra ərinə zəng etdi:

—       — Kənan, Leyla yoxdu. Deyəsən, oğurlayıblar.

    Nə? Sən nə danışırsan? — Kənan dedi. Zərnişan hadisəni ona danışdı. Qərara gəldilər ki, polisə müraciət etsinlər.

*

Leylanı aparan qadın kimdi görəsən? Leyla indi haradadır? Başına nə iş gəlib? Bu fikirlər Kənanı,           Zərnişanı çox narahat edirdi. Nə qədər düşünsələr də, cavab tapa bilmirdilər.

Artıq hava qaralmışdı. Zərnişan gözünü telefona dikərək masa arxasında əyləşmişdi, həyəcanla gah saçını dartır, gah barmaqlarını oynadırdı. Kənan da narahat halda otaqda var-gəl edirdi.

Telefon susurdu. Bir saat keçmişdi, amma zəng yoxdu. Noldu bu oğrulara, Leylaya nə etdilər, niyə zəng vurmurlar?

Polisdən Kənana zəng gəldi:

—         — Qızınız tapılıb, bizdədir, təcili bölməyə gəlin.

*

     Polis bölməsinin yanında bir neçə bloger oğurlanmış və sonradan tapılmış qızın valideynlərini gözləyirdi. Kənanla Zərnişan maşından düşdükdə, blogerlər onların fotosunu çəkməyə başladılar, kimsə müsahibə almağa can atırdı.

              — Uzaq durun! — Kənan qışqırdı. — Qarğa-quzğun kimi nə var tökülüşmüsüz!

     Kənanla Zərnişan bölmə binasına daxil oldular. Bura çox cansıxıcı bir yer idi. Divarlar solğun mavi rəngə boyanmışdı,  bağlı qapılar arxasında səslər eşidilirdi, kimsə ağlayırdı. Havaya tütün qoxusu hopmuşdu.

    Buyurun, keçin, — ağbaş müstəntiq onları içəri dəvət etdi. Onun masası önündəki  stulda Leyla oturub, ağ vərəqdə şəkil çəkirdi. Qızını görən Zərnişan ona tərəf atılıb qucaqladı, sinəsinə sıxdı:

    Qızım, yaxşısan, düzünü de, yaxşısan, sənə heç nə etməyiblər ki? Nolar, düzünü de! Hara getmişdin? Kimlə? Niyə?

    Ana, görürsən, şəkil çəkirəm. — Leyla heç nə olmamış kimi, rəsmə davat etdi. Ata-anasının narahatlığı, deyəsən, onun vecinə deyildi.

    Sizi gözləyirdim ki, Leyla ilə danışam, – müstəntiq dedi. Yorğunluqdan onun gözlərinin altı qaralmışdı, dərin qırışlar onun üzünə sərt ifadə verirdi.

     Kənanla Zərnişan əyləşib müstəntiqlə Leylanın dialoqunu dinlədilər. Məlum oldu ki, Leylanı Gülnarə adında bir xanım aparıb, gəzdirib, yelləncəkdə yelləndirib, yemək alıb yedizdirib, sonra da Leylanı ticarət mərkəzinə aparıb, orda da qızı itirib. Həmin gün dükanlarda böyük endirimlər olduğundan, ticarət mərkəzi alıcılarla dolu idi, hər yerdə növbə, səs-küy, izdiham... Leyla Gülnarəni yanında görmədikdə, ağlamağa başlayıb, mühafizəçi qızı tapıb sorğu-sual etdikdən sonra polisə təhvil verib.

                 — Bu Gülnarə kimdi? – Zərnişan müstəntiqdən soruşdu. Müstəntiq gözünü Kənana dikdi. Kənan:

—          — Tanımıram. – dedi.

—          Mən də tanımıram, — Zərnişan fikrə getdi. – Bu qadın kimdi, niyə Leylanı oğurlayıb?

— O qadını axtarırıq. Sizə məlumat veriləcək. – Müstəntiq vidalaşdı.

*

Gərgin narahat gün, nəhayət, sona çatmışdı. Leyla yatağında  rahat-rahat nəfəs alaraq, yatırdı. Kənan axşam yeməyindən sonra noutbukda işləyirdi. Zərnişan isə beynindəki fikirlərin əzabından qurtula bilmirdi. O, eyvana çıxıb hava aldı. Düşündü: Bu Gülnarə kimdisə, bizi tanıyandı, Leylanı tanıyandı. Bəlkə Kənan? Yox, Kənan dedi ki, onu tanımır. Yox, bu işdə bir qaranlıq var...

                Gecdir, gedək yataq, – Kənan Zərnişanı çağırdı.

        Sən Gülnarəni həqiqətən tanımırsan? — Zərnişan Kənanın çiyinlərini ovuşduraraq soruşdu.

–         — Tanımıram. Dedim axı.

                — Day niyə əsəbiləşirsən... tanımırsan tanımırsan da... Görək polis onu tapacaqmı...

        Gəl yataq, — Kənan Zərnişanı qucaqlayıb gözlərini yumdu. “Necə də rahat yata bilir...”, Zərnişan düşündü, gözlərini yumsa da, yuxusu gəlmirdi. Bir müddət sonra o, Kənanın aramla nəfəs aldığını duydu, demək, dərin yuxuya getmişdi, ehtiyatla yataqdan siyrılıb Kənanın noutbukunu  açdı, monitorun işığı otağa düşməsin deyə, noutbuku mətbəxə apardı. Brauzer tarixçəsinə daxil olub Kənanın izlədiyi saytları və səhifələri gördü. Şübhəli heç nə yoxdu. “Ya həqiqətən şübhəli səhifələrə girmir, ya da şifrələnir, gizli saxlayır, bəlkə də baxan kimi pozur...”. Bu günkü hadisədən sonra Zərnişanın içində şübhə yer almışdı, ərinə güvənən, inanan Zərnişan indi şübhəçi, xırdaçı birinə çevrilmişdi. Bu cəhəti özündə təzə kəşf etmişdi, və ona xoş deyildi, amma  ortada azyaşlı qızının taleyi dayanırdı, kim zəmanət verərdi ki, Gülnarə ya kimsə başqası yenə bir hoqqa çıxarmayacaqdı?

*

Ertəsi gün müstəntiq yenidən Kənanla Zərnişanı bölməyə dəvət etdi, onların qarşısına bir neçə fotoşəkil qoydu:

        Baxın, bu ticarət mərkəsinin kameralarından alınmış görüntülərdi. Bu qadını tanıyırsınızmı?

Kənan fotoşəkilləri bir-bir götürüb baxdı, Zərnişana ötürdü:

—        — Tanımıram, – dedi.

—        —  Mən də tanımıram, – Zərnişan söylədi.

Həmin axşam Kənan evə gec gələcəyini deyib, “işim var” bəhanəsiylə Gülnarəgilə yollandı.

Qapını açan Gülnarə Kənanın boynuna sarıldı, amma Kənan onu itələdi:

             — Sən nə etdin, Gülnarə? Dəli olmusan?

   Nolub ki? Qızınla bir az gəzib əyləndim. İstədim Zərnişandan hayıf çıxam, onu qorxutmaq üçün zəng etdim, qoy bir az ağlasın, yoxsa zəli kimi sənə yapışıb. – Gülnarə işvə-nazla gülümsəyib kresloya əyləşdi, ayağını ayağı üstünə aşırdı, qısa paltarı altında ağ budları göründü.

             — İndi uşaq oğrusu kimi cavab verəcəksən! Türməlik olacaqsan!

—        —  Yox a? Bəs sən məni xilas etməyəcəksən, cəngavərim? Hmmm?

    Sən başa düşmürsən ki, özünü də, məni də zibilə saldın? Adam kimi görüşürdük də... Nəyin çatmırdı? Zibil etdin hər şeyi!

    Sən çatmırdın! Anladın? Üç ildi söz verirsən ki, boşanacaqsan, amma hələ də Zərnişanın dizinin dibindəsən! Boşan! Xoşbəxt olaq!

—        — Axmaq! Nə boşanmaq! Elə bilirsən, asandır?

    Üç il əvvəl deyirdin ki, asandır, indi noldu, nə dəyişdi? Kənan, sən mənimsən, yalvarıram, boşan, gəl ailə quraq... İstəsən, gedək Türkiyəyə, xalam qızı oradadır, iş taparıq, rahat yaşayarıq...

—        —  Bəs Leyla, bəs Zərnişan?

    Leyla bizimlə qalar. Zərnişan da başqasına ərə gedər, yenə uşaq doğar, bəlkə oğlan doğdu, nə bilmək olar...

    Nə? — Kənan qəzəblə Gülnarənin çiynindən tutub silkələdi. — Zərnişan başqasına ərə getsin? Başqasından uşaq doğsun? Sən çaşmısan deyəsən! Çaşma!

    Nə var e! Əlini çək! – Gülnarə çiynini oynatdı. – Sənin Zərnişanın elə də mələk deyil! Onu sən mələk bilmisən!

—         Nə çərənləyirsən?

—       — Çərənləmirəm. Bəlkə Leyla heç sənin qızın deyil!

    Nə? Nə dedin? — Kənan Gülnarəyə şillə vurdu,  bir əli ilə onun saçlarından tutub, o biri əli ilə çiyninə, başına, üzünə yumruq yağdırırdı.

    Kömək edin! Kömək edin! — Gülnarənin fəryadı Kənanı sanki qəzəb tələsindən qopartdı, o, ağlayan Gülnarəni elə oradaca qoyub çıxdı.

Maşınına minib əllərini sükana qoyanda Kənan gördü ki, əlləri qəzəbdən əsir. Maşından çıxıb sakitləşmək üçün bir az gəzişdi, yaxınlıqdakı dükandan su alıb içdi, sudan üzünə vurdu. Yenə sükan arxasına keçdi. Gülnarə ilə münasibətə son qoymalı idi. Zərnişanın qulağına çatsa, ailəsi bir anda dağılacaqdı. Zərnişan Kənanı nə qədər sevsə də, xəyanəti və yalanı bağışlamayacaqdı, qürurlu və inadkar idi. “Mən axmaq nə etdim... Niyə Gülnarəni tanımadığımı dedim...”, — Kənan düşündü. Nə edəcəyini bilmirdi. Zərnişanın gözündən düşmək istəmirdi. Nə etsin? Nə etsin?

     Hər kəsin gizli bir sandıqçası var, acı xatirələr sandıqçası. Ölümə qədər bağışlanmayan hərəkətlər. Qırılmamış bağlar. Ölümcül səhvlər. Yanlış seçimlər. Vaxtaşırı bu acı xatirələr yaddaşın qaranlıq guşəsindən çıxır, sənin o qədər də dürüst, ədalətli, saf adam olmadığını göstərib əziyyət verir. Ömür boyu...

Evə qayıdarkən Kənan Gülnarənin sözlərini bir-bir xatırlamağa başladı. Leyla haqqında dedikləri ox kimi beynini incidirdi. “Yox, ola bilməz... Zərnişan heç vaxt mənə xəyanət etməz. Leyla mənə oxşayır, burnu, gözləri mənimdir, mənim kimi qarayanızdır... yox, ola bilməz... Gülnarə qəsdən bunu uydurub, məni itirməmək üçün...”.

Kənan maşını fırladıb geri, Gülnarəgilə döndü. Leyla haqqında hər şeyi bilmək isttəyirdi. İçində bir səs “Getmə! Yalandı!” deyirdi, amma Kənan bunun yalan olduğunu Gülnarənin dilindən eşitmək istəyirdi.

Gülnarə divanda üzüqoylu uzanıb hönkür-hönkür ağlayırdı, yəqin anlamışdı ki, Kənan daha gəlməyəcək. Hər şey bitmişdi! Amma Kənanı önündə görcək, tez ayağa qalxdı, göz yaşlarını ovcuyla üzündən sıyırdı.

Kənan həmən mətləbə keçdi:

              — Zərnişan haqqında nə bilirsən de. Düzünü de!

    Mən yalan demirəm, Kənan. Səni sevirəm, istəyirəm bir olaq, ailə quraq, axı söz vermişdin mənə...

—        —  Mətləbə keç. Danış! Nə bilirsən, düzünü de!

    Qonşum var, Ələsgər, o gün bir ofisdə printerləri təmir edirdi, Zərnişanı da orada görüb, köhnə xatirələri dirçəlib. Ələsgər bilmirdi ki, Zərnişanın qızı var, elə pis olmuşdu, gəlib burda ağlayırdı ki, niyə Zərnişanla o vaxt əlaqəni kəsib... Səndən əvvəl Zərnişanla Ələsgər görüşüblər, haradasa bir ilə yaxın, sonra araları dəyib, ayrılıblar, tez bir zamanda Zərnişan səni tapıb, evlənmisiz...

Kənan eşitdiklərinə inanmırdı. Necə inansın? Zərnişan onun gözündə bir mələkdi, pak mələk. Və kiminləsə sevgili olduğunu heç vaxt deməmişdi. “Demək, Zərnişanın həyatında başqa bir kişi olub... Bəs niyə bunu məndən gizlədib?”...

*

     Kənan evə qayıdanda Zərnişan yatmayıb onu gözləyirdi.

    Nə gec gəldin, acmısansa, yeməyi qızdırım, bəlkə çay hazırlayım? — Zərnişanın hər sözü Kənanda qıcıq yaradırdı.

    Lazım deyil. Yatacam. — Nədənsə Zərnişanın üzünə baxa bilmirdi. Kənan hamama keçib suyu açdı, əllərini suyun altına tutdu, sanki soyuq su ilə içindəki qısqanclığı, şübhəni yuyub təmizləmək istəyirdi. Yatağına uzanıb, yorğanı başına çəkdi.  

    Kənan, nəsə birtəhərsən, nolub sənə? — Zərnişan soruşdu. Kənan susmuşdu. Nə deyəydi? Nə edəcəyini hələ bilmirdi. Düşündü ki, səhər açıq zehinlə bir qərar qəbul edər.

    Mənə maraqlıdır, necə oldu ki, Leyla tanımadığı Gülnarə ilə getdi, bu necə ola bilər, yoxsa onlar bir-birini tanıyırdı? — Zərnişan havaya müraciətlə soruşdu. Kənandan səs çıxmadığını görüb gözlərini yumdu, amma suallar onu xeyli düşündürdü.

Səhər Zərnişan işə getmədi, Leylanı da məktəbə buraxmadı. Gecə ağlına gələn fikirlərə aydınlıq gətirmək isttəyirdi. Kənan evdən çıxandan sonra Zərnişan Leylanı sorğu-suala tutdu:

              —  Leyla, səni aparan o qadını haradan tanıyırsan, əvvəllər görmüşdün?

—            Hə. Hətta evlərində də olmuşam.

—         — Necə? Nə vaxt? Bəs mənə niyə deməmisən?

               — Atam tapşırdı ki, deməyim.

—           Nə vaxt onu görmüsən?

    Yadındadı, sirkə biletimiz vardı, sən gedə bilmədin, atamla getdik, sənin biletini atam Gülnarə xalaya verdi, üçümüz sirkdə olduq, sonra yeməyə getdik, kafeyə, Gülnarə xala mənə zərli pulqabı aldı, içinə də beş manat qoymuşdu.

               — Mənə göstərməmişdin...

    Atam dedi ki, göstərməyim. Dedi, sən də pulqabıdan istəyəcəksən, amma o ancaq uşaqlar üçündü, səninçün satılmır, yoxdu.

—        — Yaxşı, sonra noldu?

—        —  Heç.

    Bəs evlərinə nə vaxt getdin?

    Tətil vaxtı. Sən işdəydin, mən də evdə tək qalmışdım, atam məni Gülnarə xalagilə götürdü.

—        — Gülnarə harada yaşayır, yadındadı?

—        —  Yox, maşınla getmişdik, yadımda qalmayıb.

Zərnişan həyəcanla evdə var-gəl etməyə başladı. Demək, Kənanla Gülnarə arasında əlaqə varmış. Bəs deyirdi guya Gülnarəni tanımır? Şərəfsiz!

*

Axşam Kənan evə gələndə, Zərnişan mətbəxdə vurnuxurdu. Bütün günü başını qatmaq üçün evdə iş görmüşdü, yorulmamışdı, indi də mətbəxdə qabları neçənci dəfə idi ki, suya çəkirdi, təki Kənanla üz-üzə qalmasın.

Kənan Zərnişanın həyəcanını duymuşdu. Gözləyirdi. İstəyirdi ki, Zərnişan özü Ələsgər haqqında söz açsın.

Boşqabları taqqa-taraq yuyan Zərnişan isə Kənandan bir etiraf eşitmək istəyirdi. Bəlkə Kənan səhvini etiraf etsə, xəyanətini danmasa, Zərnişan onu bağışlaya bilərdi. Əks halda...

Zərnişandan səs çıxmadığını görən Kənanın səbri daşdı:

—        — Zərnişan, bura gəl.

Zərnişan keçib onun qarşısında əyləşdi, isti sudan qızarmış əllərini masanın üstünə qoydu. Ağ süfrənin üzərində qırmızı əlləri görən Kənan nədənsə üşəndi, ona elə gəldi ki, bu əllər özündə illərin sirrini qoruyub saxlayıb.

Ər-arvad rəqiblər kimi qarşı-qarşıya əyləşmişdilər. Kənan həmən həmlə etdi:

— Ələsgər kimdi? Onu haradan tanıyırsan?

                — Bir yerdə oxumuşuq, qrup yoldaşım olub. Bəs sən Gülnarəni haradan tanıyırsan?

            — Qonşumuz idi.

Susdular.

—      —  Bəs deyirdin, Gülnarəni tanımırsan?

           —  Sonradan xatırladım. Sən Ələsgərlə görüşmüsən?

—      —  Yox.

          — Yalan demə! O gün sizin ofisdə idi.

          —  Hə, xatırladım. Printerləri təmir edirdi. Ali təhsilin ola, özün də ustalıq edəsən...

—     —  Bəs deyirsən, görüşməmisən?

         — Salam-əleyk etdik, vəssalam.

         —  Amma o səni unutmayıb.

          — ??

—      —  Sənin xəyalınla yaşayır.

—      —   Nə demək istəyirsən?

—      — Demək isttəyirəm ki, elə bilirdim aramızda bir sirr yoxdur, etibar var, güvən var...

—      —  Mən də elə bilirdim...

     Yenə susdular.

    Sabah Leylanı da götür, gedək atalıq testi verək, — Kənan dilləndi, özü də anlayırdı ki, çox dərin bir uçurumun kənarındadır. Amma addımı atacaqdı.

            — Olar. Gedərik, — xeyli susduqdan sonra Zərnişan cavab verdi.

—       — Yəni özündən əminsən, eləmi?

            — Əlbəttə.

    Oldu. Yataq. Sabah işimiz var. – Kənan yataq otağına keçdi. Zərnişan isə yerindən tərpənmədi.

     Kənanın ona inanmadığı, güvənmədiyi aydın idi. Zərnişan da ona güvənmirdi. Bir-birinə inanmayan, güvənməyən insanlar niyə bir dam altında yaşayır, niyə bir yataqda yatırdılar? Qızı Leylaya görəmi? Övlada görə xəyanətkar ərlə yaşamaqmı? Bu suallar Zərnişanın beynini o qədər yordu ki, o, ayağa qalxıb eyvana çıxdı, üzünü sərin gecə küləyinə tutdu, sanki külək axtardığı cavabları verəcəkdi.

     Aşağıda, həyətdə qısa bir maşın siqnalı eşidildi, sonra Zərnişanın telefonuna mesaj gəldi: “Mənəm, Ələsgər, düş aşağı, həyətinizdəyəm”.

     Zərnişan duruxdu. Ələsgər niyə gəlmişdi, özü də gecənin bu vaxtı? Nə cürətlə evli qadını narahat edir? Zərnişan gözlərini mesajın mətninə dikmişdi, sanki mətn arxası mənanı tapmaq istəyirdi. Əvvəl ağlına gəldi nömrəni blok etsin, sonra içindəki narahat hiss cavab yazmağa vadar etdi: “Gəlirəm”.

     Zərnişan yataq otağına keçib qapının yanında dayandı. Kənanın nəfəsini dinlədi. Kənan yatmışdı.

     Zərnişan jaketini çiyninə atıb evdən çıxdı. Liftin uğultusu elə uca idi ki, sanki bütün qonşuları oyadacaqdı.

     Ələsgər siqareti tüstülədə-tüstülədə gözləyirdi, Zərnişanı görən kimi, siqareti kənara tulladı, qollarını açıb:

—        —   Nə yaxşı gəldin, əzizim... — dedi. Zərnişanla üzbəüz dayandılar.

    Heç dəyişməmisən, mələyim, — Ələsgər dedi. — İllər keçib, amma sən həmən Zərnişansan, unuda bilmədiyim Zərnişan.

     Zərnişan susurdu. Bu gün onun üçün susqunluq günü idi və bu, onu əsəbiləşdirirdi. Hayqırmaq, bağırmaq keçirdi içindən, Kənanın, Ələsgərin üzərinə cumub dırnaqları ilə yırtmaq, yortmaq istəyirdi. Onun gözlərindəki parıltını Ələsgər fərqli anlayaraq:

    Biz davam edə bilərik, — dedi. Zərnişanın çiyinlərindən tutub sinəsinə sıxdı. Onun tütünlü-odekalonlu ətri Zərnişanın burnunu qıcıqlandırdı.

—       —   Nə edirsən? Burax məni! — Zərnişan qışqırdı. Gəldiyinə peşman idi.

    Ərindən qorxursan? Qorxma! Gəl mənimlə. Qızını da götür. Qəbulumdur. Onsuz da o səni sevmir. Qonşum var, Gülnarə, ərin onunla görüşür. Sevgilidirlər, özü də neçə ildir.

Zərnişan, gözünü Ələsgərdən çəkməyərək, arxa-arxaya çəkildi. Bu günü unutmaq istəyirdi. İstəyirdi ona əzab verən hər kəs – Kənan, Gülnarə, Ələsgər yox olsunlar. Amma acı xatirələr sandıqçadan sıçrayıb çıxmışdı, qarşısını kəsmək mümkün deyildi.

—       — Qərarını ver. Səni sevirəm. Gedək.

—      —  Yox... yox... Yox! Yox!

—      — Qışqırma, Sakit ol. — Ələsgər Zərnişanı qolları arasına aldı.

    Yox! Yox! Yox! —Zərnişan hiss etdi ki, içində bir burulğan qaynamağa başlayır, yaralı quş kimi Ələsgərin qollarında çırpınırdı.

    Deməsən də, bilirəm, Leyla mənim qızımdır. Mənə desəydin, o vaxt... bəlkə də xoşbəxt olardıq, ikimiz... və qızımız...

—      —  Yox! Yox! – Zərnişan yumruqlarını elə sıxdı ki, dırnaqları ovuclarını qanatdı.

—      —  Axı niyə? Niyə yox, Zərnişan?

    Sən unutsan da, mən unutmamışam. Heç nəyi. Yəqin o gümüş alışqanı hələ də işlədirsən. Qrup yoldaşınla mərc gəlmişdin. Və mərci uddun.

            — Eh, gənclik zarafatı idi, sən hələ də xatırlayırsan?

            — Unutmadım. Heç vaxt.

    Aaaa, sən o mərcə görə məni rədd etdin? Əşşi, zarafat idi də... Gör neçə il keçib. Mən də deyirəm, niyə aramız dəydi. Dəfələrlə səni görmək istədim, alınmadı. Gör ha! Bir  mərcə görə sevgimizə xətt çəkdin! Zərnişan, mən səni ağıllı qız bilirdim! — Ələsgər cibindən gümüş alışqanı çıxarıb düyməsini çaqqıldatdı, alov çıxmadı. — Zəhrimara qalsın, qazı qurtarıb.

Zərnişan bir Ələsgərə, bir onun əlindəki gümüş alışqana baxdı, hıçqırıqlar onu boğdu. Əlləri ilə üzünü qapayıb evə tərəf qaçdı. Kənan, əlləri cibində, evin qarşısında dayanmışdı. Kənanı görən Ələsgər maşınına minib sürətlə gözdən itdi, çünki bilirdi ki, qan töküləcək. Zərnişan Kənanla üzbəüz, hərəkətsizdi, “bir söz de, bir söz de...” —  ona səssiz yalvarırdı. Kənan, onun üzünə baxmadan, dönüb evə getdi.

Zərnişan həyətdə tək qaldı. İçindən elə bil daş parçası sallanırdı. Nə ağlaya bilirdi, nə yeriyə bilirdi, nə düşünə bilirdi. Yorulmuşdu. Taqətdən düşmüş halda həyətin asfaltına oturdu, dırnaqlarını sərt asfalt qabığına sancdı, sanki onu qaşıyıb tökmək, bununla da xatirələrini param-parça etmək istəyirdi. Hər kəs həyatında elə bir insanla rastlaşır ki, o insanın təsiri ilə dəyişirsən, xoşbəxt də olursan, iztirab da çəkirsən, və anlayırsan ki, bir daha əvvəlki kimi olmayacaqsan.

Bir neçə gün əvvəl necə xoşbəxt idi. Baharın gəlişini, gözəl havanın ətrini duyurdu, həyatından məmnun idi, amma indi üfunətli zibillə dolu xəndəyə düşmüş kimi hiss edirdi özünü.

Zərnişan həyətdə, asfaltın üstündə xeyli qaldı. Evə gedə bilməzdi. Kənana nə deyəcəkdi? Yəqin o, hər şeyi eşitmişdi.

Zərnişan başını qaldırıb binanın pəncərələrinə baxdı. Təkəmseyrək pəncərələrdə işıq vardı, qalan pəncərələr qaranlıqdı, və kim bilir, hansı dramlar yaşanırdı hər biri arxasında...

Sima

Hiç yorum yok:

Yorum Gönder