2 Nisan 2025 Çarşamba

Alov İnannanın şeirlərindən

 



Yorulanda çadırlandığım,
İslananda çətirləndiyim ,
İstilənəndə kölgələndiyim,
Quşlarının nəğmələriylə
Ruhumu qanadlandırdığım,
Ağac anam,
Gəl, səni qucaqlayım.
Qollarım qollarına çatmasa da olar,
Saçlarım saçlarına dolaşmasa da olar,
Nəfəsinlə ciyərlərimi doldurum.
Ruhunu içimə çəkim.
Sənə söykənəndə,
Arxamda güvənlə durduğunu
bilməyim bəsimdi

***

Sən tək deyilsən ki.
İsti çayın
içini isitməyə hazırdı,
yumşaq divan səni qucaqlamağa.
Pəncərəni açsan,
yel girəcək içəri,
saçlarını oxşamağa.
Dibçəkdəki çiçəklərin
öpülməyi gözləyirlər –
burnunla.
Ayaqyalın gəzsən,
ayaqların döşəməylə öpüşəcək
və yerin sevgisini sənə verəcək.
Gözlərini yumsan,
istədiyin hər şeyi görəcəksən
sonsuz indilərin içində.

***

Dəhlizdə divar saatının eşidilməz çıqqıltısı,
Mətbəxdə soyuducunun həzin dırıltısı,
Yan otaqda televizor danışır.
Sağ otaqda pleysteyşn savaşı...
Hamamda paltaryuyanın təyyarə səsi,
Mətbəxdə çaydanın qəmli nəğməsi,
Qulaqlarda qulaqlıqlar,
İnsan səsinə darıxan ev...

Hiç yorum yok:

Yorum Gönder