3 Mayıs 2025 Cumartesi

Şeir dəftərçəmdən. Bir xəyal et: yuxudan oyandın, anladın təksən.

 


Bir xəyal et: yuxudan oyandın, anladın təksən,

Təkcə kürən günəş tərk etməyib səni,

İsti şüalarını tökür çiyninə, yandırır gecə yuxularını.

 

Nə bir səs var, nə bir rəng –

Boz olub dünyan, qaralıb,

Səssizlik qulaqlarını dağıdır.

“Lənətə gələsən!” deyib

Atılırsan pəncərəyə sarı,

Dünyanın hələ sənin olduğuna

Sübut axtarırsan.

 

Gözlərin nəmlənir,

Sükunətə bürünmüş küçələr

Keçmiş qorxularını yada salır.

 

Soyuq kölgə kimi sıyrılıb çıxırsan evdən,

Tozlu-dumanlı küçələrdə axtarırsan keçmişini,

Səni sənə qazandıran o günlərin izini.

 

Acı siqareti qurumuş dodaqlarına dürtüb,

Çəkirsən boz tüstünü ciyərlərinə -

Don Kixot dəyirmanla savaşırdı,

Sən də öz xatirələrinlə.

 

Üzünü sancan küləyə qəzəblənirsən,

Nursuz ürəyini dirçəltmək istəyirsən,

Bir isti sözə möhtac olduğunu danma.

 

Qorxma.


Təklik qorxulu deyil.


Sima

Hiç yorum yok:

Yorum Gönder