Arzu ögey anası Məsmənin yanına getməliydi
– arvad xeyli vaxt idi ki, zəng edib Arzunu yorurdu: gəl, gəl də... nə vaxt gəlirsən?
Arzunun gəlişini tezləşdirmək üçün ögey ana hərdən ağlamsınır, səsini titrədir,
gah məzəmmət edir, gah da köks ötürüb, “bir gün gəlib görərsən ki, ölmüşəm”, —
deyirdi. Arzu da ayda-ildə bir dəfə, ya bayramdan-bayrama Məsməni görməyə gələrdi,
özü də candərdi — sevmirdi Məsməni, illər keçsə də, sevə bilməmişdi. Məsməgildə
olanda gözucu onu süzürdü və anlamırdı ki, atası bu kənd arvadının nəyinə aşıq
olub evlənmişdi onunla.
Məsmə
mehrini Arzuya salmışdı, onunla yaxın münasibət qurmaq istəyirdi, amma
Arzu hesab edirdi ki, Məsmə ilə yaxınlaşsa, öz doğma anasına, onun xatirəsinə xəyanət
etmiş olar. Arzu anasından yadigar qalan yeganə fotonu pulqabının xırda cibində
saxlayır, darıxanda, qəmli anlarında
fotonu çıxarıb uzun-uzadı anasının təbəssümlü üzünə baxardı. Fotoda anası gəncdi,
gözəldi, qara saçları çiyinlərinə tökülmüşdü, əynində qısaqol paltar,
ayaqlarında yüngül yay başmaqları vardı, bir əlində hörmə zənbil tutmuşdu, o
biri əli isə dirsəkdən kəsilmişdi — o fotoda ata da vardı, ana əlini onun
çiyninə qoymuşdu, amma ata Məsməni evə gətirəndən sonra Arzu atasını fotodan kəsib
atmışdı. “Anama xəyanət edən kişinin anamın yanında yeri yoxdur!”.
Ana illər əvvəl Arzunun həyatından
sıyrılıb itmişdi, quru qum dənələri barmaqlar arasından süzülən kimi. O vaxt
Arzu kiçik qızdı, anasının xəbərsiz, vidalaşmadan getməsi onu çox incitmişdi,
günlərlə ağlamış, atasını “anam hanı,
haradadır, anamı istəyirəm!” fəryadları ilə yormuşdu. Ata susurdu. Ana yoxdu.
Bu ab-havada böyüyən Arzu özünü atılmış, istənilməyən uşaq kimi hiss edirdi.
Sonra evdə Məsmə peyda oldu. Hər şeyə
sahibləndi, ananın yatdığı yataqda yatdı, ananın qablarını işlətdi, ananın
qazanlarında yemək bişirdi və atanı da ələ keçirtdi. Təkcə Arzuya sahiblənə
bilmədi. Arzu bu ailədə özünü yad adam, hər hansı bir mexanizmin artıq və
lazımsız detalı kimi hiss edirdi. Bircə onu arzulayırdı ki, doqquzuncu sinifdən
sonra kollecə daxil olsun, bir sənətə yiyələnsin, işləsin, öz çörəyini özü
qazansın və nə atasını, nə də Məsməni görsün. Sıxılırdı bu iki, ruhları yalanla
dolu saxta valideynləri ilə.
Bəlkə də ailədə sıxıldığı, təkləndiyi üçün
Arzu evli bir kişi ilə münasibət qurmuşdu. Bəzən oturub fikirləşirdi ki, niyə
belə oldu? Bu qədər subay oğlanlar varkən, nədən o, evli kişini seçdi? Bəlkə
ona görə ki, atasından görmədiyi diqqəti, sevgini o kişi vermişdi? Bəlkə də
Arzu özü-özünü aldatmışdı, olmayan sevgiyə inandırmışdı özünü? O kişi də evli
ola-ola Arzunu cənginə keçirmişdi — sevgilisindən küsən anlarda Arzu bu cür
düşünürdü. O hesab edirdi ki, evli kişinin kənarda macəra yaşamağa haqqı
yoxdur. Amma gözü önündə doğma atasının nümunəsi vardı. “Bəlkə Məsmə də atama
inanıb, evli olduğunu bilməyib, aşiq olub ona”– bəzən Arzu Məsməyə bəraət
qazandırmaq istəyirdi, amma anasının fotosu xəyalında həmən canlanırdı. Ehh,
heyif deyil uşaq olmaq, həyatın düz xətt kimi sadə və aydın olur, böyüdükdə isə
elə çətinliklərlə rastlaşırsan ki, başını itirirsən...
Yaşadıqlarını unuda bilmirsən, Arzu buna
çoxdan əmin olmuşdu. Olanlar yox olmur, sadəcə içinə hopur, dənizə atılmış daş
kimi çökür yaddaşın dibinə. Bir insanı həyatına, ürəyinə daxil etdikdə, o daim
səninlə qalır, elə bilirsən unutmusan
onu, amma yox, o qəfil xatirələrdə, silib atdığın insanların xəyali kölgələrində,
nə vaxtsa duyduğun hisslərdə təzahür edir və bəzən incidir səni, bəzən, əksinə,
üzünə təbəssüm qondurur...
*
Məsmə Arzunu gözləyirdi, dolma bükmüşdü,
çay dəmləmişdi, masaya ağ naxışlı süfrə salmışdı. Arzu aldığı pay-puşu Məsməyə
verib masa arxasına keçdi, əyləşdi. Məsmə çoxdan görmədiyi Arzunu qucaqlayıb
öpmək istəyirdi, amma Arzunun soyuq baxışlarından çəkinib mətbəxdə vurnuxurdu,
dolmanın pıqqıldadığı qazanın qapağını açıb-örtür, stəkanları yuyub cingildədirdi.
—
Nə
yaxşı gəldin, qızım, çoxdandı görmürəm səni, darıxmışdım, — nəhayət Məsmə dilləndi.
— — İşim vardı, təzə işə keçmişəm, müdir bir dəqiqə kecikməyə icazə vermir.
—
Bilmirəm
niyə burada yaşamırsan, atanın evidi, gəl qal, niyə kirayələrə pul tökürsən, əziyyətlə
qazandığını başqasına niyə yedizdirirsən...
“Sənə nə var axı, get işinlə məşğul ol
da!” — Arzunun içindən bu fikirlər keçdi, amma susdu. Ata öləndən sonra Məsmə tək
qalmışdı, Arzudan başqa kimsəsi yoxdu. Arzu isə öz gənc həyatını yaşayırdı və
bundan məmnundu. Yalnız indi o sezdi ki, Məsmə necə qocalıb. Tək qalmış yaşlı ögey
anasını acılamaq istəmirdi.
Məsmə boşqablara yemək çəkdi, stəkanlara
çay süzüb gətirdi. Susaraq nahar etdilər. Məsmə Arzunun həyatı, dolanışığı ilə
maraqlanırdı, qızdan hər şeyi soruşmaq istəyirdi, eyni zamanda da qorxurdu ki,
Arzunun əsəbi reaksiyasına tuş gələr, onsuz da Arzu özü ilə Məsmə arasında sanki soyuq şüşə divar
qurmuşdu, bir-birlərini görsələr də, yaxınlaşa bilmirdilər.
Arzu dolmadan yeyə-yeyə düşünürdü ki, “gör
ha, Məsmə bilir ki, dolmanı sevirəm, bişirib, könlümü almaq istəyir”, məhz
indi, bu yaşında Arzu o vaxtkı Məsməni anlamağa başlamışdı, Məsmə bütün
qadınlar kimi təklikdən qurtulmaq, ailə, övlad sahibi olmaq, bir yuva qurmaq
istəyirdi, bəlkə o da Arzu kimi sevgiyə həsrət birisi idi...
Anası yadına düşdü. Fotodakı gülərüz anası
da sevirdi, sevilirdi, amma axı nə oldu ki, birdən-birə o yox oldu? Arzunu atıb
hara getdi? Bəlkə anası ruhi xəstə olub, xəstəxanaya qapadılıb? Ya xəyanət
edib? Ya atamın xəyanətinə dözməyib, intihar edib? Bu nə sirrdir axı! Axı nəsə bir səbəb
olmalıydı! Kimdən soruşsun??
İllərlə Arzu bu suallara cavab axtarıb tapa
bilməmişdi. Bir dəfə atasından soruşdu, ata cavab vermədi, susdu. Sanki ananı
xatirələrindən və ürəyindən silib atmışdı. Məsmə də susmuşdu. Bəlkə Arzu Məsmədən
soruşsaydı, o sirri açardı, amma Arzu doğma anası haqqında Məsmənin dilindən
bircə söz də eşitmək istəmirdi, yəqin, Məsmə nəsə yalan uyduracaq, özünü təmizə
çıxaracaqdı, bəlkə də ananın qəfildən yox olması Məsmə ilə əlaqəli idi. Bu
fikir Arzunun beynində qaynayırdı, illər sonra Məsməni günahlandırmağı mənasız
hesab etdiyindən, ondan heç nə soruşmurdu.
“Görünür, atam anamı heç sevməyib. Yoxsa
onun yoxluğundan istifadə edib tez-bazar Məsməni evə gətirməzdi. Deyəsən, ata
heç Məsməni də sevməyib, sadəcə məni böyütmək
və özünü də qayğılardan azad etmək üçün evlənib. Bəs atam kimi sevib?
Doğrudanmı o, sadəcə və sadəcə öz rahatlığı naminə qadınları tovlayıb? Yox, ola
bilməz. Həyatındakı qadınları sevməsə də, atam məni sevirdi”...
Otaqda sükut ağırlaşmışdı. Hərə öz fikir
dünyasında idi. Məsmə, nəhayət, dilləndi:
—
Qızım, yaşın keçir, niyə ailə qurmursan? Əlində sənətin
var, qazancın var, gözəl-göyçək qızsan, ailə qur, tək qalma...
—
Qismət...
Nə vaxtsa quraram da, əslində, mənə belə həyat daha yaxşıdır, rahatam, sərbəstəm,
görürəm də, ərlər nə oyun çıxarır, hamısı yalançı, xəyanətkardır!
— — Yox, elə demə, yaxşıları da var.
— — Atam kimi? – Arzu kinayə ilə soruşdu.
—
Atan
öz rahatlığına dəyər verən birisi idi, düşünürəm ki, mən onu heç tanımamışam...
Amma ümumən, başqaları ilə müqayisədə, atanın yaxşı tərəfləri çox idi, sadəcə bəxtsiz
idi də...
— — Niyə
bəxtsiz?
— — Ehhh, nə bilim...
— — Sən
nəsə bilirsən, demirsən, anamla bağlıdır, hə,
niyə atama bəxtsiz dedin?
—
Nə
bilim... – Məsmə süfrə üzərində görünməyən cörək qırıntılarını ovcuyla yığdı, —
anandan yarımadı, məndən də...
“Həəə, Məsmənin uşağı olmadı, ona görə belə
deyir...”, — Arzu düşündü. Məsmə gözlərini süfrəyə dikib oturmuşdu, sanki uzaq
keçmişə qayıtmışdı.
— — Nahaq
atamla evləndin, başqasıyla evlənsəydin, həyatın daha uğurlu olardı, — Arzu
dedi.
— — Atanı sevirdim. Elə bilirdim xoşbəxt olarıq. Olmadıq...
Susdular. Arzu qol saatına vaxdı. Vaxtdır.
Getmək lazımdır.
— — Bəlkə
bir az da qalasan? — Məsmə ümidlə soruşdu.
— — Yox,
həkimə yazılmışam, getməliyəm.
— — Xəstələnmisən?
Nolub sənə?
—
Hələ
bilmirəm. — Arzu susdu. Və içindən gələn gözlənilməz səmimiliklə etirafı etdi. —
Deyəsən, hamiləyəm.
— — Nə?
Hamiləsən? — Məsmə duruxdu.
Arzu son altı ayda yaşadıqlarını ayaqüstü,
qısaca Məsməyə danışdı.
—
Görürsən,
mən də evli kişiyə aşiq oldum, özümü bəlaya saldım, — Arzu acı təbəssümlə dedi.
—
Elə
demə, qızım, nə bəla? Övlad sahibi olmaq xoşbəxtlikdir! Gəl, otur, danışaq,
fikirləşək, belə ciddi məsələni ayaqüstü deyərlər?
— — Tələsirəm.
— — Yalvarıram,
düzgün qərar ver. Gələcəyini fikirləş.
— — Fikirləşəcəm.
Di sağ ol.
— — Dayan, dolmadan qaba yığım verim, axşam yemək bişirməzsən, yeyərsən.
— — Lazım deyil, gecikmək istəmirəm.
Arzu qapıdan çıxdı. Məsmənin döğma ana
kimi həyəcanı ona xoş gəlmişdi, heç düşünməzdi ki, nə vaxtsa Məsməni bəyənəcək.
Həyat necə qəribədir...
Məsmə eyvana çıxıb Arzunun arxasınca
baxırdı. Ürəyində dualar pıçıldayırdı,
Arzuya yaxşı qismət, yaxşı tale arzulayırdı.
Tibbi müayinələrdən sonra Arzu evinə
getdi. Yorulmuşdu, yatağına uzanıb gözlərini yumdu. Anası yanında olsaydı, nə
gözəl olardı. Ana-bala dərdləşər, sevinclərini bölüşərdilər.
Ana. Anam. Məni atıb getmiş anam.
Ata. Atam. Suallarımı cavabsız qoyan atam.
Sirri özüylə qəbrə aparan atam.
Arzu yataqdan qalxdı. Yox, sirri öyrənməliydi!
Kimdən soruşsun?
Arzu xeyli fikrə getdi. Qohum-əqrabası çox
deyildi, qocalar çoxdan vəfat etmiş, gənclər hərəsi bir ölkədə özünə həyat
qurmuşdu.
Bibim. Bibim biləcək.
Niyə bibisindən soruşmaq heç vaxt ağlına gəlməmişdi?
Arzu telefonu götürüb bibinin nömrəsini axtarıb tapdı, zəng edib dedi ki, sabah
onu görməyə gələcək.
Arzunun ürəyinə dammışdı ki, sabah illərin
sirrini öyrənəcək. Bu sevincli fikirlə yuxuya getdi.
*
Ertəsi gün Arzu bibisigilə yollandı. Bibi
kiçik bir həyət evində yaşayırdı, həmişəki kimi həyət güllü-çiçəkli idi. Bibi,
səhər tezdən dərdiyi əncirləri səliqə ilə rəngi qopmuş taxta masanın üzərinə
düzürdü ki, qurusunlar. Sarı düymə-əncirlər
uzun xətlə masaboyu sıralanmışdı.
Hal-əhval tutandan sonra Arzu mətləbə
keçdi, anası haqqında soruşdu. Gözlərini əncirlərdən çəkməyən bibi dedi:
— Bilmirəm,
xəbərim yoxdu.
- — Bəs o vaxtkı fotolar qalıb? Toy şəkilləri.
— Məndə
yoxdu.
— Aaaa...
niyə?
- — Atandan soruş. Soruşmalıydın.
“Düzdür, amma atam həyatda yoxdu artıq, səndən
soruşuram, bibi, sən də sirri açmırsan”, — Arzu düşündü. Məyus olmuşdu. Nədənsə
bibisinə güvənirdi və inanmışdı ki, bibi hər şeyi ona danışacaq.
— — Məsməylə aran necədi? — Bibi söhbəti dəyişdi.
— — Pis deyil.
— — Neynir?
Yenə fotolarla danışır?
— — ???
—
Bilmirdin?
Məsmə hər gün atanın fotosu ilə danışır, bir də sənin uşaqlıq şəklinlə. Arvadın
başı tamam xarab olub. Təklikdəndi.
— — Sən hardan bilirsən?
—
Uzaq
qohumuq da. Bilmirdin? Məsmə gəncliyindən qardaşıma aşıq idi, amma o ananla evləndi.
Məsmə də ərə getmirdi. Ümid edirdi ki, nə vaxtsa qardaşımla evlənəcək. Elə də
oldu. Amma uzun sürmədi, qardaşım
öldü... – Bibi köks ötürdü. Şirəli əllərini irəli uzadıb, — gəl əlimə su tök,
yuyum, — dedi.
Arzu dəmir vedrədən bir parç su götürüb
asta-asta bibisinin əllərinə tökdü. Sonra həyətdəki ağacın altındakı
oturacaqlardan birinə əyləşdi. Başı gicəllənirdi.
— — Yəqin, istidəndi, – bibisi dedi. — Bu gün yaman isti var, gözlə, ayran gətirim, iç.
Soyuq ayranı qurtum qurtum içən Arzu həyətə,
bibisinə göz gəzdirdi: bu həyətdə bibiuşaqları ilə o qədər oynamışdı. Bibi də hər axşam qutab, çörək, fəsəli bişirib isti-isti yedizdirərdi hamıya...
— — Gedim.
— Arzu ayağa qalxdı.
— — Məsməyə salam de.
Avtobusla evə qayıdan Arzu bibisini, ata-anasını
düşünürdü. Telefona zəng gəldi. Məsmə idi.
— — Noldu?
Dünəndən narahatam, həkim nə dedi?
— — Yoldayam. Gələrəm danışarıq.
Arzunun danışmağa heyi qalmamışdı, özünü
pis hiss edirdi.
Məsmə onu görçək, təlaşlandı:
– — Ağappaq olmusan. Gəl, uzan, çay gətirim iç. Yol yorub səni.
– — Hə.
Yaman istidi. Bibigildəydim. Sənə salam göndərdi.
– — Sağ olsun. Necədi, oğlunu evləndirib yəqin...
– — Salamatçılıqdı.
Hə, evləndirib.
– — Özün necəsən, kefin-halın?
– — Belə də... Həkim bir neçə əlavə müayinəyə göndərdi.
Məsmə bir müddət susdu, dodaqlarını gəmirib
dedi:
–
Bilmirəm,
xəbərin var ya yox, ananda o zəhrimar xəstəlikdən vardı, xərçəng. Başında. Onun
da başı gicəllənirdi, özünü tez-tez pis hiss edirdi, halsız olurdu. Biləndə,
artıq gec idi. Odur ki, özünü yoxlat, səhhətinə diqqətli ol. Amma yox, səninki
hamiləlikdəndi... Ağır xəstəlik olsaydı, həkim deyərdi də... — Məsmə özü-özüylə
danışırmış kimi gözlərini aşağı dikib dedi.
“Demək, anam xəstə imiş. Xəstəlikdən
ölmüşdü. Ona görə həyatımdan qəfildən yox olmuşdu”.
–
Anam
öləndən sonra da sən atamla həmən evləndin, eləmi? — Arzunun sualı bir az sərt
səsləndi, elə bil anasının hayfını alırdı.
–
Sonra?
Sən nə danışırsan? Mən atanla elə əvvəldən evli idim, amma bunu heç kim
bilmirdi. Atan deməmişdi?
– — Yox.
– — Cəsarəti çatmayıb.
– — Nə demək istəyirsən?
–
Atan
mənimlə evliydi. Biz uzaq qohum idik. Valideynlərim qohum evliliyi istəmirdi, mən
də atanla qaçdım, gizlicə evləndik. Mənim uşağım olmurdu. Sonra bildim ki, atan
başqa qadınla görüşür, bu münasibətdən sən doğuldun. Atan da qarşıma tələb
qoydu ki, həyatlarından çəkilim, dedi ki, uşağa görə ananla qalacaq.
Boşanmadıq, amma illərlə ayrı yaşadıq.
Atan o qadını, ananı və səni seçdi.
Arzu eşitdiyi etirafdan donub qalmışdı.
İlk dəfə görürmüş kimi, Məsmədən gözlərini çəkə bilmirdi.
— — Sən niyə atamın tələbi ilə razılaşdın? Mən razılaşmazdım!
— — Arada uşaq vardı, yəni sən... İstədim atalı-analı böyüyəsən.
—
Mən
də anamın taleyini təkrarlayıram, evli kişidən uşağım olacaq... — Arzu məyus şəkildə
dedi. Özünə nifrət edirdi. Yalnız indi
anlamışdı ki, başqa bir ailəyə necə bir zərbə vurub. Bu cür münasibətlərdə bir
tərəfi günahlandırmaq olmaz. Ər, arvad, sevgili – hər üç tərəfin günahı var. “Sevgi içimizdəki ən dərin yaradır. Bu yara dərin
olduğu qədər də acıdır. Sevgi axtarışında
o qədər səhv edir, o qədər ürəklər qırırıq ki... və sonda yaramızı daha da dərinləşdiririk...
Hamiləlik məni, deyəsən, filosof edir...”.
Həmin gecə Arzu Məsmənin yanında qaldı.
Yuxuya gedə bilmirdi. Öz gələcəyini, uşağın gələcəyini düşünürdü. Əlbəttə,
hamiləliyi ilə həyatında fərqli nəsə olmayacaqdı – yenə hər səhər oyanıb işə
gedəcək, qaranlıqda qayıdacaqdı. Bir gün səhər yuxudan oyananda görəcəkdi ki,
hava hələ açılmayıb, qış gəlir, günlər qısalır. Bayırda hava nə qədər tutqun
olsaydı, Arzunun bətnində bir o qədər sevincli nur olacaqdı, Arzu ana olacaqdı,
özü də yaxşı ana. “Səni mən özüm böyüdəcəm, qorxma”, — Arzu hələ doğulmamış
övladına xitab etdi, ürəyinə dammışdı ki, qızı olacaq. Bu fikirlə, üzündə təbəssüm,
yuxuya getdi.
Məsmə öz otağında oturub köhnə fotoları
qarşısına tökmüşdü, onları bir-bir gözünə yaxınlaşdırıb baxır, söhbət edirdi.
Fotolarda ayaqüstə dayanan, skamyada
oturan, ağaca söykənən, velosiped sürən insanlar xatirəli keçmişə çevrilsələr də,
Məsmə üçün sağ və əziz idilər. Bu
fotolarla o, özünü tək hiss etmirdi. İnanırdı ki, bir gün bu ev səslərlə,
gülüşlə, sevinclə və bişirdiyi dolmanın ətri ilə dolacaq...
Sima
Hiç yorum yok:
Yorum Gönder