“Maskalı adamların himni” şeiri
Kim oxuyar alnımızdakı sətir-sətir qırışları,
kim? Hansı dilçi, hansı xəttat?
Axı, bu yazılara baxan kimsə bu xətti tanımaz.
Göz yaşlarımız yalnız yanaqlarımızı suvarmaz, hətta
yanğımızı da yatırar ki, bunu siz
yenə də üzümüzə baxıb sezə bilməzsiniz.
Göz yaşımızla yuduq gözlərimizi, amma
kirpiklərçün fərq etmədi, onlar əvvəlki kimi
nə tozdan, nə qorxudan, nə pis nəzərdən
yenə qoruya bilmədilər bizi, qırpıldılar.
Kim duyar müşkülləri səyriyən gözümüzdən?
Ağrısını ürəyimizin üzümüzdən kim duyar?
Əgər ki, bu sualların cavabı yoxdursa,
nədən üzümüzü görsün adamlar?
Əgər üzümüzə öyrəşənlərin sayı çoxdusa,
bəlkə onu arada gizlətməkdə lüzum var.
Kim bilir bəlkə elə bizim özümüz də
arada güzgüyə baxanda çaşmalıyıq,
bəlkə, biz də özümüzə arabir özgə üzüylə baxmalıyıq…
Hiç yorum yok:
Yorum Gönder