24 Mayıs 2025 Cumartesi

Sonuncu pasiyent (hekayə)

 #Horror #mistika


     Köhnə, baxımsız  parkın qüdrətli ağacları arasında "Ruhun işığı" klinikası yerləşirdi.  Kim ruhi xəstəxananı belə adlandırmışdısa, deyəsən, yumor hissinə malik idi, sanki bura, əzablarının öhdəsindən gələ bilməyən və dəlilik uçurumuna qaçan ruhi xəstələr üçün bir klinika deyil,  gümüş zınqırovların cingiltisi altında nəğmələr oxuyan və rəqs edən  əyləncəsevər insanların mərkəzi idi.

     Soyadı kimi özü də bəsit görünüşlü doktor Mamedov — iri burun, tibbi spirtin gündəlik qəbulundan qızarmış sifət, çünki bu dəhşətli yerdə  dəli olmamaq üçün məxsusi hallı-halətli vəziyyətdə olmalısan, seyrək çal saçlar — bu gün növbətçi idi.

     Doktor Mamedov tək yaşayırdı, gecə növbələri onun tənhalığına rəng qatırdı, onsuz da evində bir işi olmurdu, onu heç kim gözləmirdi, doktor evə gələndə yorğun bədənini köhnə divana yıxıb yatardı. Klinikada da yata bildiyindən,  Mamedov valideynlərindən miras qalmış və uzaq qəsəbədə yerləşən evinə sürüklənməyə ehtiyac duymurdu.

     Nə vaxtsa bu klinikada həyat qaynayırdı, əgər belə demək mümkündüsə, — hamını sağaltmaq, şəfa vermək, insanları qorxu və panik ataklar olmadan real, müstəqil həyata qaytarmaq istəyən xeyli gənc mütəxəssis; sağalacaqlarına inanan xeyli xəstə; xəstələri ziyarət edənlər, jurnalistlər, xeyriyyəçilər var idi, amma təəssüf ki, bunların hamısı keçmişdə qalmışdı. Hər şey köhnə park kimi viran olmuşdu. İndi klinikada yeganə, sonuncu xəstə qalmışdı, o da hələ qərar verməmişdi — ömrünün sonuna qədər burada qalsın, yoxsa polad barmaqlıqlardan kənardakı həyata qayıtsın. Sonuncu xəstənin qərarından klinikanın və doktor Mamedovun aqibəti asılı idi, istənilən mənada xəstə getdikdən sonra klinika bağlanacaq, doktor Mamedov işdən çıxarılacaqdı. 

     Sonuncu xəstə Yaşar  mühəndis idi,  cəhənnəm maşını qismində bir aparat icad etmiş, ixtirasından dəhşətə gəlmişdi, bunun şeytan əməli olduğunu anlayıb hallüsinasiyalarla dolu psixoza tutulmuşdu. Uzun müddət klinikada müalicə alsa da,  heç bir yaxşılaşma olmamışdı. Yaşar bütün günü simvolik 13 nömrəli palatada qalaraq burnunun altında donquldanırdı. Ümumiyyətlə, təhlükəli deyildi, amma kim bilir ixtiraçının xəstə beynində nə gizlənir…

     Doktor Mamedov kabinetində köhnə xəstəlik tarixçələrini nəzərdən keçirirdi, son zamanlar bu onun əyləncəsi idi. Qəfildən ağzı köpüklü, qorxudan tir-tir əsən Yaşar qapının ağzında göründü:

     — Orada! Orada! – O, dəhlizin qaranlıq dərinliyini göstərdi, — onlar artıq buradadırlar! Onlar buradadır!

     Onun dəli gözlərindən, köpüklü əyri ağzından və vəhşi bağırtısından Mamedov üşəndi, işlədiyi illər ərzində xeyli quduzhallı xəstə görmüşdü, amma indi kürəyində xoşagəlməz soyuq tər hiss etdi.

 

     — Sakit ol, Yaşar, indi görək, sənə kim mane olur... – Mamedov  dedi və ayağa qalxdı. Görünməz qüvvə onu sinəsindən bərk itələdi, pəncərələr şaqqa-şaraq çırpıldı, Yaşar qıcolma ilə yerə yıxıldı. Mamedov çətinliklə ayaq üstə dayandı. Yaşarın üstündən adlayıb dəhlizə boylandı,  divarlarda sayrışan böyük kölgələri gördü,  ulama eşitdi. Palataların qapıları divarlara dəyərək dəhlizi taqqıltı ilə doldurmuşdu.

     — Aman allah! Nə baş verir? — Mamedov dəhlizin qaranlığına qışqırdı və cavab olaraq kimsə boğuq qəbir səsi ilə güldü.

     — Onlar artıq buradadırlar! - Yaşar qışqırdı. Hələ də yerdə, yıxılmış vəziyyətdə qalmışdı, ayağa qalxmağa taqəti yoxdu.

     — Kim? Kimdən danışırsan?

     — Onlar buradadır! Onlar burada! Onlar burada! - Yaşar monoton halda təkrarlayırdı.

     Doktor Mamedov ehtiyatla dəhlizə çıxdı. Divarlar sanki bir-birinə daha yaxın görünürdü, kölgələr qəribə formada oynayırdı. Hava qalınlaşmış, ağırlaşmışdı, sanki görünməz canlılarla dolmuşdu. Kükürdün qəribə qoxusu ətrafdakı hər şeyə hopmuş, köhnə divarların kif və nəm qoxusu ilə qarışmışdı. Gecə vaxtı üçün hər şey normal kimi görünürdü, bir şeydən başqa: pəncərənin qarşısındakı divarda  boya ləkəsi yaranmışdı. Gümüş Ay işığında ləkə yavaş-yavaş çırpınırdı, böyüyüb-kiçilirdi, sanki bir canlı divardan qopub çıxmağa çalışırdı.

     Gördüyü mənzərədən doktor Mamedovun az qala ürəyi dayanacaqdı, ilk dəfə idi ki, belə bir nəsə görürdü, hərçənd çoxillik təcrübəsində  xəstələrin davranışlarında və düşüncələrində izaholunmaz o qədər qəribəliklərin şahidi olmuşdu ki... Xəstələrin tez-tez "onlar" -  gecələr onların ardınca gələn varlıqlar haqqında danışdıqlarını xatırladı. O vaxtlar Mamedov  bu şikayətlərə məhəl qoymamışdı, onları dərmanların və ya xəstəliyin yaratdığı qarabasmalar hesab etmişdi.

     Qəfildən dəhlizdə pıçıltı eşidildi, kimsə Mamedovu çağırdı. Doktor geri dönüb baxdı — heç kim yoxdu. Sinəsində ürəyi şiddətlə döyündü. Qaranlıqda bir siluet peyda oldu — irəli uzanmış qolları və boş göz yuvaları ilə hündür bir kölgə. Siluet əlində qırmızı, nəbz kimi vuran nəsə tutmuşdu və yavaş-yavaş Mamedova doğru hərəkət edirdi. Doktor kabinetinə tərəf qaçdı, ancaq qapı içəridən bağlı idi. Doktor qapını yumruqladı:

     — Yaşar! Aç! Qapını aç!

     — Onlar buradadır! Onlar burada! - qapının arxasından Yaşarın boğuq səsi eşidildi.

     Dəhliz boyunca palataların qapıları cırıltı ilə açılıb bağlanırdı, doktor  qollarını irəli uzadıb hər yeri dolduran çoxlu kölgələr gördü.

    İkimizi də götürəcəklər! Aparacaqlar! — Yaşar qışqırdı və doktoru kabinetə buraxdı. Mamedov hiss etdi ki, soyuq dalğa bədənini bürüyür. Kölgələr bir-birini itələyərək içəri daxil olmağa başladı, doktor anladl ki, gördüyü yalnız xəstə hallüsinasiyalar deyil. Bu daha dəhşətli nəsə idi. Qədim və amansız nəsə. Mistik, şeytani.

     Məhz bu an Mamedov anladı ki, klinika xəstələri yalnız qoruyub xilas etmirdi, həmçinin onların ruhunu tələyə salırdı, bir vaxtlar burada dəlilikdən və ağrıdan əziyyət çəkənlərin ruhlarını ovlayırdı. İndi də yeni qurbanlara ehtiyac vardı.

      İşıq tamam söndü və zülmət qaranlıqda Yaşarın son bağırtısı eşidildi...

     Səhər doktor Mamedov ayılanda, özünü döşəmədə,  tamamilə çılpaq olduğunu gördü. Yaşar  yoxdu. Kabinetdə hər şey dağıdılıb tökülmüşdü, sanki burada nəsə axtarmışdılar. Mamedovun uzaq rəfdə saxladığı dərmanlar və spirt şüşələri düzülmüş dolab da qırılmışdı. Nimdaş bir geyim tapıb əyninə keçirən doktor dəhlizə çıxdı.

     Günəş işığı ətrafdakı  hər şeyi nura bürümüşdü. Barmaqlıqlı pəncərələrin xaricində akasiya   çiçək açmışdı, yüzillik palıd və şam ağaclarının budaqları küləkdə rəqs edirdi.

     Mamedov qaçaraq Yaşarın yanına, 13 nömrəli palataya getdi. Yaşarı tapmadı, ancaq ya palatadamı, yoxsa beynindəmi monoton bir pıçıltı eşitdi. "Bu, xəstələrin ruhlarının pıçıltısıdır, onlar buradadır... maddi deyil, yox, görünməz qüvvə şəklindədir...",   doktor Mamedov düşündü. Və anladı ki, bu qorxunc əhvalatın bir hissəsinə çevrilib, indi o da  "onlardan" biri olmuşdu...

#SimaEnnagi  #proza

Hiç yorum yok:

Yorum Gönder