Azərbaycan çağdaş poesiyası etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Azərbaycan çağdaş poesiyası etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

23 Haziran 2025 Pazartesi

Şeir dəftərçəmdən. Sevilməyən qadınlar döyülər çox zaman

 


Sevilməyən qadınlar döyülər çox zaman.

Xəyalları

Kişinin yumruğuyla qırılıb tökülər ayaq altına,

Sürünər imdad diləyərək,

Axı qadını yaşadan o xəyallardı –

Inanmadığı,

Inanmağa özünü məcbur etdiyi xəyallar.

Bir dəfə qatarda

Dar kupedə iki qoca

Keçmişi xatırlayaraq düzdülər masaya

Ağ pendiri, qara çörəyi,

Sarıbaş soğanı.

Qocalardan biri yumruğunu çırpdı

Soğanın başına –

Xırçıltıyla soğan oldu xəşil,

Yaşartdı qocaların yorğun gözlərini.

Hər gecə kişinin yumruğuna tuş gələn qadın

O soğan kimi dönür xəşilə,

Yığır ətəyinə dağılmış arzularını,

Udur soğan kimi acı göz yaşlarını,

Daha heç nəyə,

Heç kimə

Inanmır...

Sima

3 Mayıs 2025 Cumartesi

Səlim Babullaoğlu. “İlyas Göçmənin şəkil dəftəri” kitabından

 


“Maskalı adamların himni” şeiri
Kim oxuyar alnımızdakı sətir-sətir qırışları,
kim? Hansı dilçi, hansı xəttat?
Axı, bu yazılara baxan kimsə bu xətti tanımaz.
Göz yaşlarımız yalnız yanaqlarımızı suvarmaz, hətta
yanğımızı da yatırar ki, bunu siz
yenə də üzümüzə baxıb sezə bilməzsiniz.
Göz yaşımızla yuduq gözlərimizi, amma
kirpiklərçün fərq etmədi, onlar əvvəlki kimi
nə tozdan, nə qorxudan, nə pis nəzərdən
yenə qoruya bilmədilər bizi, qırpıldılar.
Kim duyar müşkülləri səyriyən gözümüzdən?
Ağrısını ürəyimizin üzümüzdən kim duyar?
Əgər ki, bu sualların cavabı yoxdursa,
nədən üzümüzü görsün adamlar?
Əgər üzümüzə öyrəşənlərin sayı çoxdusa,
bəlkə onu arada gizlətməkdə lüzum var.
Kim bilir bəlkə elə bizim özümüz də
arada güzgüyə baxanda çaşmalıyıq,
bəlkə, biz də özümüzə arabir özgə üzüylə baxmalıyıq…

Şeir dəftərçəmdən. Hər qadının bir fincan arzuya haqqı vardır

 


Hər qadının bir fincan arzuya

Haqqı vardır.

Hər qadın dinləməyə,

Dinlənilməyə ümid edər.

Arzularını udum-udum,

Birər-birər içər,

Düşüncələr qaymağından

Dadaraq.

 

Qoy dünya yavaşlasın.

Sussun. Gözləsin.

Qoy bir fincan arzu acı qəhvə kimi

Yorğunluğu gözlərdən silsin.

Zaman axmasın.

Ürək parçalanmasın keçmiş yanlışlardan.

Həyat geri addımlamır, biləsən.

 

Hər bir qadının bir ovuc sevincə,

Bir çimdik sevgiyə haqqı vardır –

Kim deyir dünya qadının ayaqları altındadır?

Yox!

Dünya qadının çiyinlərində

Irəli gedir

Addım-addım, birər-birər,

Qadınların arzu çiçəklərini əzərək...


Sima

Şeir dəftərçəmdən. Bir səhər, ümidlərin tükəndiyi gündə

 


Bir səhər, ümidlərin tükəndiyi gündə

Gözünü tavana dikib

Açılmayan qapı önündə

Qaldığını anlayırsan.

Gündəlik udduğun yalanlar

Daha incitmir üzgün ürəyini.

Özünü aldatmaq asan imiş, demə...

 

Özünü həyatın dalğasından qopmuş köpük,

Sınmış güzgünün qırıntısı kimi hiss edirsən –

Dünyanın ümmanlara sığmadığı zamanlar arxada qaldı,

Gözünü buludlara deyil,

Boz tozlu yollara dikmisən indi.

 

Nə vaxtsa bu ürək,

Bu ovuclar istiylə doluydu.

Nə vaxtsa uçurdun sevincdən, qanadları gərərək.

Sevdiyimiz insanlar cəlladımız olur  -

Təzəcə kəşf etmisən bunu.


Çırpıldın buludlardan

Deşilmiş qanadlarınla.

Dünyanın ümmanlara sığmadığı zamanlar arxada qaldı.


Sima

Şeir dəftərçəmdən. Bir xəyal et: yuxudan oyandın, anladın təksən.

 


Bir xəyal et: yuxudan oyandın, anladın təksən,

Təkcə kürən günəş tərk etməyib səni,

İsti şüalarını tökür çiyninə, yandırır gecə yuxularını.

 

Nə bir səs var, nə bir rəng –

Boz olub dünyan, qaralıb,

Səssizlik qulaqlarını dağıdır.

“Lənətə gələsən!” deyib

Atılırsan pəncərəyə sarı,

Dünyanın hələ sənin olduğuna

Sübut axtarırsan.

 

Gözlərin nəmlənir,

Sükunətə bürünmüş küçələr

Keçmiş qorxularını yada salır.

 

Soyuq kölgə kimi sıyrılıb çıxırsan evdən,

Tozlu-dumanlı küçələrdə axtarırsan keçmişini,

Səni sənə qazandıran o günlərin izini.

 

Acı siqareti qurumuş dodaqlarına dürtüb,

Çəkirsən boz tüstünü ciyərlərinə -

Don Kixot dəyirmanla savaşırdı,

Sən də öz xatirələrinlə.

 

Üzünü sancan küləyə qəzəblənirsən,

Nursuz ürəyini dirçəltmək istəyirsən,

Bir isti sözə möhtac olduğunu danma.

 

Qorxma.


Təklik qorxulu deyil.


Sima

17 Kasım 2022 Perşembe

**

Payız etüdlərindən


Qəfildən parlayan şimşək

Qılıncını toprağa sancdı,

Ulduzlarla toxunmuş asiman

Zəhmli buludlarla qapandı.

Yağış şırıltıyla cumdu şəhərə,

Vurdu damları, ağacları,

Evə tələsən insanları.

Gecənin bu vaxtı küçədə qalmış insanlar

Pencəyin yaxasını qaldırıb,

Əllərini ciblərə dürtüb

Gölməçələr boyu şappıldar,

Şappıldar ayaqlarını,

Hiss etməz nə soyuğu, nə yaş çəkmələrini –

Tələsər,

Qaçar guruldayan şimşəyin,

Şırıldayan yağışın əlindən,

Görəsən,

Bu cür məşəqqətlə evə gəlib çatan insanları

Bir stəkan isti çay,

Bir təbəssümlü qadın gözləyirmi...


Sima

25 Ekim 2019 Cuma

Sevinc Elsevərdən misralar

Картинки по запросу sevinc elsever

İngilisdilli

Ucqar bir kənddə
ingilis dili müəllimiydi
yad dili öyrətdiyi uşaqlar
qatar-qatar uçub getdilər
bir kimsə qalmadı
sevdiyi dildə kəlmə kəsməyə...

Bir ömür keçdi
ömrünün köhnə gəmisi
heç bir yad sahilə yan almadı
bapbalaca bir kafeye gedib
bir fincan qəhvə belə
ismarlamadı həvəslə
ömrünü öyrənməyə həsr elədiyi dildə...

Halbuki
dünyanı gəzmək, görmək arzusu vardı
uzaq gənclik illərində
ingilis dilinə sevgisi də ondandı...

Hərdən öz-özünə danışdı
ağaclara danışdı
quşlara danışdı
amma kəndinin
nə ağacları
nə quşları
sevimli dili bilmirdilər
susub cavab vermirdilər...
***
Vatsapda rəfiqəsinə
dərdini anladır dərdli qadın
gözüyaşlı baş şəkilləriylə
bəzəyə-bəzəyə dərdlərini

durğu işarələrinə
nöqtəyə, vergülə
bütün dil qaydalarına dəqiqliklə
yerli-yerində əməl eləyən rəfiqəsisə
onun fonetik, qrammatik səhvlərini
hər şeydən əvvəl görür...
***
Evindən uzaqda
azdırılmış pişik kimi
bir tək quyruğumla dərdləşirəm artıq.


3 Mart 2017 Cuma

Könül Arifdən bir şeir. PENCƏK


Bir qadın vardı -
Havalıydı.
Axşamlar oğrun-oğrun
Zəmidəki müqəvvaya
Yemək aparırdı.
Demə,
müqəvvanın çiyninə
İtkin oğlunun pencəyi salınmışdı.

Qadını görcək zəmidəki qarğalar
Qoynuna sıxıb yavrularını
Elə hey
Üzüyuxarı baxırdı.
Ağlayırdı qarğalar qadına,
Qarğa dilində ağlayırdı...

Sükut edirdi sünbüllər hər axşamçağı,
Qucurdu zəmi torpağı
Sinəsinə düşüb unudulan
Əzik-üzük buğdaları...

Ötürürdü küləklər bir-birinə,
Öpürdü küləklər cümlə-cümlə
Ana laylasını:
"Bu tikəni də ye, balam,
Ye ki, rahat yatasan.
Ağlayır, bax, qarğalar -
hamısı da acdı ha,
Ye! Qalmasın onlara...".