Sevilməyən qadınlar döyülər çox zaman.
Xəyalları
Kişinin yumruğuyla qırılıb tökülər ayaq
altına,
Sürünər imdad diləyərək,
Axı qadını yaşadan o xəyallardı –
Inanmadığı,
Inanmağa özünü məcbur etdiyi xəyallar.
Bir dəfə qatarda
Dar kupedə iki qoca
Keçmişi xatırlayaraq düzdülər masaya
Ağ pendiri, qara çörəyi,
Sarıbaş soğanı.
Qocalardan biri yumruğunu çırpdı
Soğanın başına –
Xırçıltıyla soğan oldu xəşil,
Yaşartdı qocaların yorğun gözlərini.
Hər gecə kişinin yumruğuna tuş gələn qadın
O soğan kimi dönür xəşilə,
Yığır ətəyinə dağılmış arzularını,
Udur soğan kimi acı göz yaşlarını,
Daha heç nəyə,
Heç kimə
Inanmır...
Hiç yorum yok:
Yorum Gönder