(illüstrasiya GigaChat)
(Məncə, bu rəsm təklənmiş, bu dünyada hüzuru olmayan sənətkarın metaforik təsviridir)
* * *
açılmamış düyünlər cavabsız sorular kimi
dörd yandan qapalı divarlar arasında
qıfıllı sandıqlarda kilitli mücrülərdə
kodlanmış seyflərdə gizlədilmiş həqiqətlər
mücərrədə qandallanmış qaranlıqda solub gedər
bağlı qapı arxasında nə sirr qalar nə həqiqət
nə din iman nə təriqət
cavab olmaz sorulara açılmazsa düyünlərin
qanun yasa adət törə
çözə bilməz nədir yalan nədir gerçək bu halında
düyünlərin timsalında boğazlanınca qəhərin
gecələrin qucağında mürgüləyər səhərlərin
axıb gedər həqiqətlər yağmurlarda sular kimi
açılmamış düyünlərin yetim qalar
cavabsız sorular kimi
06 ocaq 2011
* * *
alın bu qələmi mənim əlimdən
yoxsa bu qələm mənim ömrümü yeyir
on dəqiqəyə dörd şeir
yazmışam bu gün usta
razıyam təbimdən ama
alın bu qələmi mənim əlimdən
çünki
yazdığım hər şeir
mənim ömrümü yeyir
17 iyun 2011
* * *
bir bardaq çay xoruzquyruğu
iki qırım qənd bir dilim limon
şəhər içindəki çayxanada idilliya
bəlkə sərsəm bir yaşantı
hap-gop yeri üstüaçıq illüziya
kim isə laqqırtı vurur
kim isə domino
daşlar şaqqıldayır
qəzetin qırağına rəqəmlər yazılır
taygöz pişik dolanır masa altında
hesablar ödənir kasa altında
birisi qatildir
burada zaman öldürüb məzar qazır
o birisi şairdir
zamanı yox məkanı yox
oturub söz uydurur şeir yazır
bu yaz günü qarşımda
bir bardaq çay xoruzquyruğu
iki qırım qənd bir dilim limon
bir də üstüaçıq illüziyalar
10 may 2011
* * *
bir qüssə çilənmiş bu səhər ürəyimə
payız yağmurlarıyla gələn qəm deyil ki
ümidsizlikmi söyləyim
az da olsa ara-sıra
buludların arasından işıq çiləyir günəş
bu pessimist şəhərin küçələrinə
mən payız səhəri kimi
çiskinli dumanlı olmam hər zaman
təbəssüm də qonar hərdən üzümə
işıq da gələr gözümə
ama bu səhər
nə isə düz gəlmir mənimlə fələk
yəgin qurub yeni bir kələk
yekə bir daş yuvarlanacaq
ayaqlarımın altına
ya da
çox zaman olduğu kimi
bu da keçər fəlsəfəsi
üstün gələcək qəmimə
hələlik isə
bir qüssə çilənmiş bu gün ürəyimə
23 noyabr 2011
Hiç yorum yok:
Yorum Gönder