25 Ekim 2019 Cuma

Sevinc Elsevərdən misralar

Картинки по запросу sevinc elsever

İngilisdilli

Ucqar bir kənddə
ingilis dili müəllimiydi
yad dili öyrətdiyi uşaqlar
qatar-qatar uçub getdilər
bir kimsə qalmadı
sevdiyi dildə kəlmə kəsməyə...

Bir ömür keçdi
ömrünün köhnə gəmisi
heç bir yad sahilə yan almadı
bapbalaca bir kafeye gedib
bir fincan qəhvə belə
ismarlamadı həvəslə
ömrünü öyrənməyə həsr elədiyi dildə...

Halbuki
dünyanı gəzmək, görmək arzusu vardı
uzaq gənclik illərində
ingilis dilinə sevgisi də ondandı...

Hərdən öz-özünə danışdı
ağaclara danışdı
quşlara danışdı
amma kəndinin
nə ağacları
nə quşları
sevimli dili bilmirdilər
susub cavab vermirdilər...
***
Vatsapda rəfiqəsinə
dərdini anladır dərdli qadın
gözüyaşlı baş şəkilləriylə
bəzəyə-bəzəyə dərdlərini

durğu işarələrinə
nöqtəyə, vergülə
bütün dil qaydalarına dəqiqliklə
yerli-yerində əməl eləyən rəfiqəsisə
onun fonetik, qrammatik səhvlərini
hər şeydən əvvəl görür...
***
Evindən uzaqda
azdırılmış pişik kimi
bir tək quyruğumla dərdləşirəm artıq.


Hiç yorum yok:

Yorum Gönder