günün əksi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
günün əksi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

5 Ağustos 2022 Cuma

Günün əksi.

 Bazarda:

- Gəl, kasıb! Səni verənə şükür! Göbələyi Şəmkir şorundan ucuz elədim, gəl, al!!

*

- Ucuz bibər, istiot var! Həyat kimi acı istiot!

*

- Camaatlar, ucuz soğan burada! Camaatlar...

 

16 Haziran 2022 Perşembe

Günün əksi


 "Neftçilər"dən gəlirdim. İnsanlar laqeyd halda dükanlar arasında gedirdilər, hərənin öz dərdi-səri vardı. Arxamdan bir səs eşitdim:

- Bura haradır? Mən bazara getməliyəm! Haradır, deyin də!

Arxama dönüb baxdım - bazara getmək istəyən ağbaş qoca kişinin gözündə qara eynək, əlində kor çubuğu vardı. Kişi qamətini düz saxlamağa çalışaraq, əlindəki çubuqla asfaltı döyəcləyə-döyəcləyə irəliləyirdi.

- Bazar uzaqdadır, piyada gedə bilməyəcəksiniz, - dedim.

- Avtobusla gedərəm! - Hər ikimiz yolumuza davam edə-edə danışırdıq, mən bir az irəlidə, kişiyə tərəf yarıdönmüş halda, kişi - məndən arxada, inamlı addımlarla.

- Avtobusa minmək üçün gərək metro keçidiylə yolun o biri tərəfinə keçəsiniz.

- Metroda nə işim var! Yolun üstü ilə keçəcəm!

- Necə keçərsiz? Maşın sizi vuracaq!

- Cəhənnəmə vursun! Bəlkə canım bu həyatdan qurtardı! İki faiz görürəm, lənətə gəlmiş həkimlər məni kor etdi!

Kişi çubuğunu yerə vura-vura gedirdi...


Müşahidə etdi: Sima

14 Mart 2021 Pazar

Günün əksi -5.

Birdən yadıma düşdü ki, bazara getməyi unutmuşam. Hava qaralmamış, bazara yollandım.

Soyuq havaya və hərdən üzlərə çırpılan narın quru qar dənələrinə baxmayaraq, bazar həmişəki kimi qaynayırdı. Limon satan mırıqdiş qarılar "Əsil Lənkəran limonu! Çay limonu!" səsləri ilə müştəriləri çağırırdılar. Digər meyvə-tərəvəzçilər isə soyuqdanmı, yorğunluqdanmı çiyinlərini sıxıb köhnə meyvə yeşiklərinin yanında dayanmışdılar. Kimisi də sınıq yeşiklərin üzərində əyləşərək, paslı vedrədə qaladığı öcağın yanından tərpənmirdi. Narıncı alov dilimləri vedrədən püskürərək, küləyin altında  yellənirdi.

Əli neylon torbalı alıçılar sağa-sola hərəkət edirdilər. Hər kəs ucuz və salamat meyvə-tərəvəz axtarırdı ki, alıb evinə yollansın. Mən alma və göyərti aldım, yaxınlıqda başıkəsik balqabaqları görəndə, gülmək tutdu - satıcı şəstlə nazik uzun bıçağın ülgücünü balqabağın boğazına qoyur və bir sərt hərəkətlə başını kəsirdi. Ona baxdığımı görüb:

- Gəl, bunları ucuz verirəm, apar, - dedi. - Hava soyuqdu, boranı plov bişir, əlindən gəlirsə, qutab da.

Mən tini dönüb xırda dükanlar tərəfə getdim. Əlimdə bir neçə dolu neylon torbası vardı. Ya fikrim yayındı, ya əlim boşaldı, bir də gördüm qarşıdan gələn kişi barmağını palçıqlı yola tuşlayaraq, "Düşdü, düşdü!" - dedi. Baxdım ki, torbalardan birini əlimdən yerə salmışam. 

Əyilib götürdüm. Böyrümdəki dükandan kassa qarşısında əyləşmiş bir kişi:

-Ay xanım! Xanım! - mənə əl etdi. Duruxdum. Məni tanıyır? Xeyir ola məni çağırır?

- Gəl, - əlindəki böyük bir neylon torbanı mənə göstərdi, - gəl, əlindəkiləri buna yığ.

Dükana daxil oldum, xırda torbaları böyük torbaya yerləşdirdim; düzü, bazar adamından belə bir jesti gözləmirdim.

- Mənim ürəyim belə şeyləri götürmür, - dükançı dedi. - Gördüm, torba əlindən düşdü, dözmədim...

Təşəkkür edib dükandan çıxdım. Düşündüm ki, bazar adamı, köntöy, təhsilsiz hesab etdiyim adamların da "ponyatkası" olurmuş...

😍😍😍

13 Mart 2021 Cumartesi

Günün əksi - 4. Virtual Tanrı.

 


Feysbukda gəzişərkən, təsadüfən “Tanrı” adlanan şəxsi bloqu aşkar etdim, səhifənin sahibi Tanrının adından istifadəçilərlə yazışır))) Özü də maraqlı insandır fikirlərinə görə, düzdür, təxminən 2 ildir ki, heç nə yazmır, yəqin bəndələrindən daha mühüm işləri var)))

Tanrının yerləşdirdiyi fikirlərdən:

- "Bəndələrin yerdədir, sən göydə nə gəzirsən" söhbəti edən o şairi gözləyirəm... Ona kim göydə olduğumu deyib ki? Yanlış məlumatdır…

- Bu qәdәr boş adamları niyә yaratmışam, bilmirәm.

- Әziz kişi cinsindәn olan bәndәlәrim, qadınları anlamağa çalışmayın, mәn yaratmış olsam da, çox vaxt mәn dә onları anlamıram.

- Sevdiklәrinizә sevdiyinizi söylәyin, 1 saat sonra onları sizdәn, ya da sizi onlardan ala bilәrәm.

- Günahlarınızı yazan mәlәyә kağız çatdıra bilmirәm, nә işlәrlә mәşğulsunuz?!

- Arada öz yaratdıqlarıma baxıb, özümlә mәzәlәnirәm...

- Arada elә dualar edirsiniz gülmәkdәn halsız düşürәm...

- Azәrbaycanda yaşayan bәndәlәrimә ucuz qiymәtә cәnnәt kampaniyası başladacağam. Sıravi şәxslәrә aid olacaq, mәmurlar özünü dürtmәsin, onlar üçün yaxşı paz hazırlamışam...

"Tanrı" akkauntu, FB.

2 Ocak 2021 Cumartesi

Günün əksi - 2.

Başım fikirli, ürəyim qayğılı, əlim ərzaq dolu neylon torbalı. Asfalt üzərindəki xırda gölməçələrdən yağış suyu çəkmələrimə sıçrayır. Sakitlikdir. Hamı evinə çəkilib. 

Sevirəm belə havanı - bir az çiskin, bir az qəmli. Və adamsız küçələr. Təkcə mən və yağış, bir də içimdə səslənən həzin musiqi. Zümzümə edə-edə addımlayıram.

Qarşıdan gələn iki qoca siyasətdən danışır, ucadan mübahisə edirlər.

Biri digərinə deyir: - Tramp kişi adamdır! Bakıya gəlsə, ona qonaqlığı birinci mən verəcəm!

1 Ocak 2021 Cuma

Günün əksi -1

 * İlin məktubu – “Ana, şəhid olsam, ağlama!”

* İlin arzusu – “Şəhid olsam, oğluma mənim adımı qoyarsınız”

* İlin ən gözəl əşyası – Əsgərin cibindən cıxarıb iylədiyi uşaq corabı

* İlin sevinc nidası – “Əziz Şuşa, sən azadsan!”

* İlin rəqsi – Əsgərlərimizin Cıdır düzündəki yallısı

* İlin səsi – Xudayarın səsi

* İlin rəqəmi – 2825

* İlin iradə və qürur rəmzi – şəhid ərinin tabutunu çiynində daşıyan qadın

* İlin müqəddəsləri – şəhidlər və şəhid anaları

* İlin döyüşü – Şuşa uğrunda əlbəyaxa savaş

* İlin sözü – “Qarabağ Azərbaycandır!”

* İlin rəngi – Azərbaycan bayrağının rəngləri

* İlin qəhrəmanı – Azərbaycan əsgəri

* İlin xalqı – Azərbaycan xalqı

* İlin ölkəsi – Azərbaycan

(internetdən)

25 Ocak 2019 Cuma

Günün əksi - 4

Картинки по запросу чашка кофе

Mən çayxoram ☺ - təzə dəmlənmiş məxməri çaydan yaxşı nə ola bilər? Bəh-bəh. Çayı güllü fincana süzüb, içinə bir dilim sap-sarı limon atıb, dişləmə qəndlə içməyin ayrı ləzzəti var. Amma qış aylarında nəsə könlüm qara qəhvəyə meyl edir. Evdə bunun üçün xüsusi ədviyyatlar saxlayıram, özü də dəmlənən qəhvəni sevirəm. Tez-bazar hazır olan qəhvə surroqatlarını heç sevməm.
Qəhvə dəmləməyin özü bir ritualdır, məxməri çayın dəmlənməsi kimi. Çay dəsgahının da, qəhvə dəsgahının da ayrı aləmi var.
Qəhvəni xüsusi qabda - metal cəzvədə dəmləyirəm, içinə bir çimdik darçın, zəncəfil, bir qaşıq şəkər və 4-5 duz kristalı əlavə edirəm, deyirlər, duz qəhvənin ətrini daha da açır. Qəhvə dəmlənəndə, gərək gözdə-qulaqda olasan ki, qaynayıb daşmasın. Dəmlənən qəhvə özünü çox sakit aparır,  qızır-qızır və birdən daşır. Ona görə dəmləmə anını pusmaq lazımdır - elə ki, qəhvə cəzvənin boğazında qalınlaşmağa başlayır, oddan götürürəm. Və xüsusi aldığım qəhvə fincanına töküb, dərin gecədə ləzzətlə içirəm. Nəsə məhz dərin, qara, soyuq qış gecəsində qəhvə içməyim gəlir.☺

17 Aralık 2018 Pazartesi

Günün əksi - 3

Картинки по запросу шары девочка

Axşamçağı evə gedirdim. Yorğun adamlar qarşımca irəliləyirdilər. Kimisi yolboyu düzülmüş dükanlara daxil olur, kimisi avtobus dayanacağına tələsirdi.  Qara geyinmişdi əksəri - qara paltolar, gödəkçələr, papaqlar adamın ovqatına bədbinlik qatırdı. Adamlar sırası seyrələndə, qarşımda, məndən  irəlidə yeriyən bir gənc qız gördüm, əlində 5-10 qırmızı şar tutmuşdu. Şarların əlindən qopub uçmaması üçün onların bağını biləyinə bərk-bərk dolamışdı. Qız sürətlə irəli yeridikcə, şarlar havada rəqs edir, qızın saçları astaca dalğalanırdı. Hardansa peyda olmuş  10-12 yaşlı qara dilənçi qız şarlı qızın dalınca düşərək, "pul ver də, mənə pul ver!" tələb etdi. Şarlı qız dilənçiyə məhəl qoymadan sürətlə yoluna davam edirdi. Amma dilənçı qız da az aşın duzu deyildi ha, şarlı qızdan əl çəkmirdi, qara adamlar arasında qırmızı şarlı, sevincli addımlarla irəliləyən qızı, yəqin, sədəqəçi sayaraq, onu təqib edirdi.
Qarşıdan gələn bir gənc oğlan qızların sezilməyən mübarizəsini duyub, dilənçi qızın yolunu kəsərək, "mane olma, bəsdi diləndin" - dedi, qollarını geniş açaraq, dilənçinin yolunu əngəllədi. Şarlı qız: "Çox sağ ol" - deyib gülümsündü və sürətini azaltmadan yoluna davam etdi, dilənçi qız isə məyus halda geri dönərək, qara adamların arasında gözdən itdi...

16 Aralık 2018 Pazar

Günün əksi - 1.

Dekabr ayının soyuq və sakit, küləksiz bir günündə səhər işə getməyə hazırlaşırdım. Bir stəkan təzə dəmlənmiş tünd çay içib, yun şərfimi boğazıma dolayıb evdən çıxdım. Pillələri sürətlə düşdüm, düşündüm ki, nə yaxşı dikdaban ayaqqabı geyinmədim, yoxsa taqqıltıdan qonşular oyanacaqdı. Blokun qapısından çıxarkən qarşıdan gələn bir qadını gördüm, kimdi, nəçidi, harda yaşayır - bilmirəm, onu ilk dəfəydi görürdüm. Qadın qara paltosunun üstündən güllü yun şal salmışdı, çiynindən asdığı əl çantası, qadın yeridikcə, böyrünə dəyirdi. Qadının qucağına basdığı sarımtıl kağız torbasından təndir çörəyinin kənarı görünürdü. Bu soyuq sakit havada isti təndir çörəyinin xırçıldayan kənarlarından qoparıb yeyə-yeyə gedən bu qadında ifadə edilməyən bir poeziya vardı...