14 Mart 2021 Pazar

Günün əksi -5.

Birdən yadıma düşdü ki, bazara getməyi unutmuşam. Hava qaralmamış, bazara yollandım.

Soyuq havaya və hərdən üzlərə çırpılan narın quru qar dənələrinə baxmayaraq, bazar həmişəki kimi qaynayırdı. Limon satan mırıqdiş qarılar "Əsil Lənkəran limonu! Çay limonu!" səsləri ilə müştəriləri çağırırdılar. Digər meyvə-tərəvəzçilər isə soyuqdanmı, yorğunluqdanmı çiyinlərini sıxıb köhnə meyvə yeşiklərinin yanında dayanmışdılar. Kimisi də sınıq yeşiklərin üzərində əyləşərək, paslı vedrədə qaladığı öcağın yanından tərpənmirdi. Narıncı alov dilimləri vedrədən püskürərək, küləyin altında  yellənirdi.

Əli neylon torbalı alıçılar sağa-sola hərəkət edirdilər. Hər kəs ucuz və salamat meyvə-tərəvəz axtarırdı ki, alıb evinə yollansın. Mən alma və göyərti aldım, yaxınlıqda başıkəsik balqabaqları görəndə, gülmək tutdu - satıcı şəstlə nazik uzun bıçağın ülgücünü balqabağın boğazına qoyur və bir sərt hərəkətlə başını kəsirdi. Ona baxdığımı görüb:

- Gəl, bunları ucuz verirəm, apar, - dedi. - Hava soyuqdu, boranı plov bişir, əlindən gəlirsə, qutab da.

Mən tini dönüb xırda dükanlar tərəfə getdim. Əlimdə bir neçə dolu neylon torbası vardı. Ya fikrim yayındı, ya əlim boşaldı, bir də gördüm qarşıdan gələn kişi barmağını palçıqlı yola tuşlayaraq, "Düşdü, düşdü!" - dedi. Baxdım ki, torbalardan birini əlimdən yerə salmışam. 

Əyilib götürdüm. Böyrümdəki dükandan kassa qarşısında əyləşmiş bir kişi:

-Ay xanım! Xanım! - mənə əl etdi. Duruxdum. Məni tanıyır? Xeyir ola məni çağırır?

- Gəl, - əlindəki böyük bir neylon torbanı mənə göstərdi, - gəl, əlindəkiləri buna yığ.

Dükana daxil oldum, xırda torbaları böyük torbaya yerləşdirdim; düzü, bazar adamından belə bir jesti gözləmirdim.

- Mənim ürəyim belə şeyləri götürmür, - dükançı dedi. - Gördüm, torba əlindən düşdü, dözmədim...

Təşəkkür edib dükandan çıxdım. Düşündüm ki, bazar adamı, köntöy, təhsilsiz hesab etdiyim adamların da "ponyatkası" olurmuş...

😍😍😍

Hiç yorum yok:

Yorum Gönder