11 Nisan 2022 Pazartesi

Şeir dəftərçəmdən. Sənə deyiləsi o qədər sözüm var

 


Sənə deyiləsi o qədər sözüm var –

Səhərəcən

Yorulmadan

Nəfəs-nəfəsə

Dərdləşərdim...

Dibçəkdə gül açmış  

Ətirşahla danışıram, səni düşünərək.

Yağış yağanda,

Külək əsəndə,

Ekranda gündəlik hadisələr

Bir-birini əvəzləyəndə

Səni bölüşürəm,

Sənlə bölüşürəm.

Darıxmağımda,

Oxuduqlarımda,

Görüb-eşitdiklərimidə sən varsan.

Günlərimi bir ovuca yığıb

Sənə gətirirəm -

Ağrılıdır sənsizlik.


Sima

25 Mart 2022 Cuma

Şeir dəftərçəmdən. Yağışlı bir gündə

 

Yağışlı bir gündə

Səma boz,

Şəhər boş,

Yeraltı keçid - alaqaranlıq.

Düşdüm pillələri

Yorğun addımlarla,

Üzümə çırpılmış damlalarla.

 

Keçiddə burulan mülayim külək

Bədənimə sarılır.

Akkordeon minorla ağlayır –

Vals keçiddə fırlanır,

Yeraltından keçən tək-tük adamlar

Valsin həzin notları altında  

Biganəli addımlayır.

 

Solğun bənizli,

Tutqungözlü  

Cavan oğlan nimdaş dizlərindəki

Köhnə akkordeonu sinəsinə sıxıb

Vals çalır,

La-lalala-lala-la...

Miskin həyatına etiraz edərək

Notlarda xəyallarını canlandırır... 

La-lalala-lala-la...


Sima, 2022

24 Mart 2022 Perşembe

Fəzail İsmayıl Böyükkişidən bir şeir.


 Atam üçün bir qəpik də gərəklidir,

Mənalıdır.

Atam gəldi bircə gecə qala bildi

Bunu bizim gen Bakıda

Qəhqəhəli şən Bakıda

Bir dar daxma,

Bir yatacaq,

Bir də dördcə bala bildi...

Atam getdi...

Amma bilmirəm, niyə, nədən?

Sizdən nə danım, nə gizlədim mən?

Qabarlı əllər tikən

Adam deyə haray çəkən

Üzü bərk - bəzəkli

İçi tər-təzəkli

Saraylara söymədi getdi.

Nə yaxşı ki, alçaqların

Qapısını döymədi getdi...


@pdfkitabs


P.S. Şairdən bir sitat: "5-6 yaşımdan şeir yazmağa başladım, bir də gördüm 62 yaşımdı, və mənə əzab və zillətdən başqa heç nə qalmadı..."

Almas Ildırım. O mənimdir əzəldən.



 Əsmə, ey sabah yeli, böylə müхalif əsmə, 

Tеllərini pоzduğun o sevdalı yar mənim. 

Söz vеrdim gələcəyəm, gəl də, yolumu kəsmə, 

O göy dəniz, yaşıl dağ, o güllü diyar mənim. 


Könlüm alov saçarkən vulkan kimi dərindən, 

Nə qоrxum bir yolsuzun, imansızın birindən. 

Bir ah çəksəm çalxanar, dağlar qopar yerindən, 

Tariхlərdən ün almış bir şöhrətim var mənim. 


Kim kеçər dünyaları məst edən o gözəldən? 

Mən оnun öz yarıyam, о mənimdir əzəldən, 

Yolunda döyüşürəm, vaz keçməm bu əməldən, 

Ya o mənim olacaq, ya qanlı məzar mənim.


@pdf_kitablar 

22 Mart 2022 Salı

Çağdaş Azərbaycan poeziyası. Cəlil Cavanşir. Məni ağlatmaq asandır.

 

Məni ağlatmaq asandır;

Bir gülüş, Bir öpüş, Ya da süzgün gözlərlə baxıb, "Sən yaxşı insansan" deməyin. Bir də dəniz qədər dərin gözlərində Oxuduğum sevgi. Yandırar... Yandırar... yaxar.... Bu gözəlliklər ki, var, Aldadar məni gülüm, aldadar... Məni ağlatmaq asandır; Buludlu havalar, Həzin bir musiqi, Gözlədiyim bir telefon zəngi, Alar məni özümdən, Uzaqlara uçurar. Gecənin gec saatlarında Dinlədiyim bütün mahnılar, Ağladar məni gülüm, ağladar... Məni ovutmaq asandır; Əllərimi tutub, Gözlərimə baxıb, Dağılmış saçlarıma Çəkdiyin tumar... Və ya titrəyən səsinlə Telefonun o başından "Səni çox istəyirəm" deməyin... Səsindəki həzinlik, Gözlərindəki xumar Ovudar məni gülüm, ovudar...

3 Şubat 2022 Perşembe

5. Mətnin sirləri

Mətnin əvvəlində, giriş hissəsində oxucuda maraq oyatmaq üçün bəzən kilometrlərlə izah verilir. Əslində bu, yasaqdır. Oxucunu qaçırmaq, mətndən uzaqlaşdırmaqdır bu.

Yazar Yuri Koval deyirdi ki, elə yazmaq lazımdır ki, hər sözü öpmək istəyəsən. Hər sözü demirəm, hər cümləni demirəm, heç olmasa hər səhifəni öpmək arzusunu yarada bilsək 😊... Bu da o deməkdir ki, hər növbəti cümlə ya əhvalatı inkişaf etdirir, ya da oxucunun mətni daha dərin anlamasına xidmət edir. Bütün diqqət hadisəyə köklənsə, qələmin ucundan çıxan mətn də oxucuya maraqlı gəlir. Hər yeni cümlə ilə yazar oxucunu irəli aparır.

Mətndə artıq olan və ya fikrin ifadəsi üçün yanlış seçilmiş sözlər mətnin düşmənidir. Sadə və konkret yazmağa çalışın. Göstərmək üçün  fellərdən istifadə edin, hərəkət bildirən sözlər mətnə dinamika verir.

2 Şubat 2022 Çarşamba

Sevinc Elsevərdən bir şeir

 ***

Ancaq dan ulduzunu görməkçün

şirin yuxudan qalxmaz adam,

bizim əsrdə

adamın əti tökülər.

Danışmaz bu barədə

heç bir yerdə.

Amma erkən yol alan,

bir tikə çörəkdən ötrü qaranlıqdan işə yollanan

əlləri cibində

ayaqları ayaqqabılarında donan birinə

hədiyyədir dan ulduzunun şöləsi,

təsəllidir,

sevincdir,

bəhanədir yaşamağı sevməyə...

yetər ki, ən çətin günlərdə də

göy üzünü yaddan çıxartmasın adam.



"Ədəbiyyat qəzeti", 29 yanvar, 2022.



Poeziya irsimizdən. Mikayıl Müşfiq.

 Gecə düşüncəsi

*

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,

Ay bir  sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

Bunları seyr edərkən

Bir az fikrə gedərkən

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...

18 Ocak 2022 Salı

Uşaqlığın ətri

 


Mesaj arxivimdən))

 alma versəm yeyərsənmi🍎

adını mənə deyərsənmi 😉

dostluq etmək istəsəm🌹

qəlbində yer edərsənmi☺️


Darıxanda, internetdə gəzişməyi sevirəm, bir də görürəm, nə vaxtsa qeydiyyat olunduğum kiflənmiş bir sosial şəbəkədəyəm, mesaj sandığı da dolub daşır. Maraqlı, məzəli, səviyyəli, ədəbi, bədii mesajları bir ara elə o sandıqda saxlayırdım, ara-bir oxuyub gülürdüm, kefim açılırdı. Kaş  naməlum insanların içdən gələn yaradıcılığını dəftərçəmə köçürəydim... Sosial şəbəkə  yenilənəndə, köhnə smslər yox olur, təəssüf.

Amma bəziləri qalır)).