Azərbaycan poeziyası etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Azərbaycan poeziyası etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

1 Mayıs 2022 Pazar

Poeziya terapiya kimi, və ya şeirlə şəfa


Psixoterapiyada yeni istiqamət inkişaf etməkdədir - şeirlə müalicə, poeziya ilə terapiya, qısaca, poeziterapi.

Hələ qədim zamanlardan ritmin insanın əhvalına təsiri qeyd olunmuşdur. Aristotel qafiyəli nitqin insanın psixikasına müsbət təsirini bilirdi.

Şamanların, dərvişlərin rəqsi, zərb alətlərinin səsi və ritual mahnılar insanı trans halına salır və sağlamlaşdırır. Bu şəfalı təsirlərin sırasında poeziyanın məxsusi yeri vardır.

Poeziya, şeir mantra və ya dua kimi səslənərək, insanı valeh edir, onun daxili gücünü artırır. Bəyəndiyin şeirləri müntəzəm oxumaqla psixoloji gərginlik, stresli hallar azalır, bədənin tonusu yüksəlir.

Əlbəttə, poeziya terapiyası hər kəs üçün deyildir. Şeirdən başı çıxmayan, sözün ləzzətini və lirik qəhrəmanı duymayan kəslər üçün nə şeir, nə poeziya...

Alman neyrobioloqu Ernst Pöppel təyin edib ki, insan şeirləri dinləyərkən, onun beyni ritmə və avaza aludə olur və yüngül hipnotik effekt yaranır. Məhz bu effekti biz laylay oxuyarkən, görürük. Sadə melodiyaya malik meyxanaların, həmçinin dərviş zikrlərinin də təkrarlara görə hipnotik təsiri vardır.

Bəzi insanlar hiss etdikləri emosiyanı sözlə ifadə edə bilmirlər. İçlərində nəsə neqativ var, yumaq kimi yığılıb əzab verir, amma o hissi ifadə edə bilmir. Bu zaman insanın çəkdiyi iztirablara mənaca yaxın olan şeirlərdən oxumaq şəfaverici effekt göstərir. Eyni şeiri şən əhvalda, və kədərli anda oxusan, fərqli duyğuların olacaqdır.

Poeziya terapiyasında şeirlər səsli oxunmalıdır. Bu zaman insanın sensor orqanları birgə fəaliyyətdə olur.

Baxın, Cəfər Cabbarlıdan  ruhu sarsıdan gözəl bir qəzəli səsli oxumağın nə böyük həzzi vardır!

***

Gördüm üzünü, bağçada laləm yada düşdü;

Əmdim ləbini bal kimi, ağzım dada düşdü.


Bir lalə yetişmişdi bu viranə çəməndə.

Bad əsdi, xəzan vurdu da, laləm bada düşdü.


Bir qönçə yetirdim, bəzədim, nazını çəkdim;

Aldı fələk əldən onu, yarım yada düşdü.


Bənd oldu könül bir gülə, səs tutdu mahalı; 

Guya ki, bu dünyada qan oldu, qada düşdü.


Söz verdi, sözün tutmadı, and içdi, unutdu;

Bəlkə, deyirəm yar usanıb innada düşdü?


Bəxt onda ki paylandı bizə çatmadı payə,

Dünyada o bədbəxt də bizim bərbada düşdü.


Bir ovçu kimi göldə gözəl bir sona vurdum,

Çaldı qanadın göydə, gedib dəryada düşdü.

qaynaq: Azərbaycan qəzəlləri. Bakı, 1991, Azərbaycan Dövlət Nəşriyyatı.

2 Şubat 2022 Çarşamba

Sevinc Elsevərdən bir şeir

 ***

Ancaq dan ulduzunu görməkçün

şirin yuxudan qalxmaz adam,

bizim əsrdə

adamın əti tökülər.

Danışmaz bu barədə

heç bir yerdə.

Amma erkən yol alan,

bir tikə çörəkdən ötrü qaranlıqdan işə yollanan

əlləri cibində

ayaqları ayaqqabılarında donan birinə

hədiyyədir dan ulduzunun şöləsi,

təsəllidir,

sevincdir,

bəhanədir yaşamağı sevməyə...

yetər ki, ən çətin günlərdə də

göy üzünü yaddan çıxartmasın adam.



"Ədəbiyyat qəzeti", 29 yanvar, 2022.



24 Şubat 2014 Pazartesi

Nurəngiz Gün. Bağışla


Yalqız qumrum!
Susqun yavrum!
Arı pətəyim!
İşıldaquşum!
Bir vaxt
Ovuclarımım içində
Yanıb-sönən atəşim!
Bağışla!

9 Nisan 2012 Pazartesi

Lalə Məhərrəmli. Bir mən, bir gecə



Yenə tək qalmışıq..
bir mən..bir gecə..
Yenə otağımda mən boyda gecə.
Yenə biz əl-ələ tutub gecəylə.
Dərdlərin üstündən keçəcik bugün.
Yenə pozmayacıq adətimizi.
Doyunca göz yaşı içəcik bugün.
Alar əllərimi qara ovcuna
Əlimin kirlərin gizlədər gecə.
Sıxar sinəsinə xəstə ruhumu.
Məni günahlardan tərlədər gecə.
Yenə tək qalmışıq
Bir mən..bir gecə.
Gecə kipriyimdən asar özünü.
Gecə nəfəsimdən dolar sinəmə.
Gecə saçlarımla boğar özünü.
Gecə ulduz olar yağar üstümə.
Yansın binaların gur işıqları.
Gecəmi əlimdən alan olmasın
Zülmət qaranlığa büründüm..
heç kim
Gecəni əynimdən soyundurmasın.
Ehh..Gecə tökülməyə başlar üstümdən
Günəş otağıma dolar gizlicə.
Sinəmdə, saçımda, kirpiklərimdə.
Mənimlə sabaha çıxar bir gecə.
Yenə tək qalarıq..
Bir mən..bir gecə


http://www.azadliq.org

31 Ekim 2011 Pazartesi

İşıqlı Atalı. Hüseyn Cavid göyü



Hüseyn Cavid nəinki Azərbaycan, bəşər mədəniyyətinin nadir simalarındandır. O, bənzərsiz göy adamıdır. Onun əsərlərində Göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir – inamlı, inadlı, ilahi…
Oktyabrın 24-ü Azərbaycanın, türk dünyasının böyük şairi Hüseyn Cavidin anadan olmasından 129 il ötür.
1937-ci ilin qovğaları ilk olaraq aydınların sıradan çıxarılmasına, ümumən millətimizin sarsıdılmasına yönəlmişdi. Bunun ilk zərbəsini alanlardan biri də Hüseyn Cavid idi. O, həmin il iyunun 4-də həbs edilərək Sibirə sürgün edildi. 1941-ci il dekabrın 5-də imperiyanın İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində öldü.
Oktyabr ayı Cavidin doğum günü ilə əlamətdar olsa da, bir neçə aydınımızın da qətli ilə yadda qalıb. 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanın tanınmış aydınları Əhməd Cavad, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli Xuluflu, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildilər. İmperiya əlindən gələn etdi ki, xalqın ruhunu bütünlüklə sarsıtsın...
Bununla bağlı İnam Ata (Asif Ata) yazır: “1920-ci ildə xalqın başını kəsdilər, 1937-ci ildə ürəyini yedilər”.
***
Hüseyn Cavid yaşadığı çağa, mühitə sığmırdı. Onunla toplum arasında yerlə göy fərqi vardı. O, yerdəkilərin qurtuluşu üçün çalışan göy adamı idi. Onun əsərləri, qəhrəmanları bunu göstərir.
Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi çox sevdiyim əsərlərdəndir. İnsanın həqiqətə doğru qarşısıalınmaz, qeyri-adi, bənzərsiz sevgisini, həqiqətə qovuşmaq ehtirasını özündə əks etdirən bu əsər misilsizdir. Şişirtməsiz demək olar ki, dünya dramaturgiyasında "Şeyx Sənan" ruhlu ikinci bir əsər tapmaq çox çətindir. Ümumiyyətlə, Cavidin bütün əsərlərində insanın ali həqiqət axtarışı başlıca yer tutur:
"Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur".
Şeyx Sənanı həqiqətə yetmək istəyi yandırıb-yaxır. O, sanki eşqini qarşıda gözləyən fəlakətlərdən xəbərdardır.
Zəhra ruhən Şeyx Sənanın ondan çox yüksəklikdə olduğunu anlayır. Bilir ki, Şeyx Sənanın elmi-kamalının ucalığı ruhunun qeyri-adiliyindəndir.
"Şeyx, gəl-gəl!
Sevimli Sənan, gəl-gəl!
Sənə layiq deyil o yer, yüksəl!"
Bu, artıq Sənanın Xumarın şəxsində həqiqətin səsini eşitməsidir. Sənan bu halını kimsəyə anlada bilmir.
"Ər kişidə olur bir söz, bir məram,
Əzm eylədim məhv olsa aləm tamam
Dönməm geri, hər yana yol açıq".
Əslində Şeyx Sənanı Xumarın xəyalı yaşadır. Qarşıda ucalıq, göylük aqibəti var. Müridlərin yalvarışlarına baxmayaraq Şeyx Sənan – "Yüksələn fəqət enməz, hər kim məni istərsə, göyə yüksəlsin"-deyir...
***
Əslində Şeyx Sənan ucalığını Hüseyn Cavid özü gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini göstərdi.
Şeyx Sənan göyə ucalmaq rəmzidir əslində. Göyə yüksəlmək – insanın öz daxili-mənəvi dünyasına baş vurmasıdır. Mütləq ədalətə, həqiqətə, ülviyyətə çatmasıdır.
İnam harayı səslənir Sənanların göyündə – ardıcıl, qəti!
Şeyx Sənanların, Xumarların göyləşmək həsrəti var.
Xumar – Sənanın illərlə aradığı, sonda tapdığı idealıdır.
Sənan dəyişməzliyin, bütövlüyün bütün çalarlarını Xumarda tapır və ona dəlicəsinə vurulur.
O, Xumarı səcdəgah saydığı dərəcədə, özü də onun üçün səcdəgah olur.
Sənan Xumarını, yəni həqiqətini tapır, İnama yüksəlir, göyləşir, durulaşır, özümlüyünə qovuşur.
Həqiqətinə doğru yol gedən, əzab içində qovrulan, əzabdan fərəh alan, həqiqətinə yetəndir Sənan!
***
Ancaq Sənanın və Xumarın yanındakılar naşı inamlara tapınırlar. Onlar Sənanı və Xumarı anlamaqdan çox uzaqdırlar.
Fitnə-fəsadla, həsədlə yoğrulmuşlar inamsızlıq fəlakətinə düçar olublar.
Cavid «Şeyx Sənan»da özlərindən ayrı düşənlərin faciəsini dahiyanə şəkildə göstərir.
İnamsızlıqdan adamların içərisində qorxu, böhtan ağacı boy atır, şübhə meyvələri yetişir.
Ancaq Sənanların içərisində ədalət, ülviyyət ağacı bitir, fərəh, inam meyvələri yetişir.
Göy qətiyyəti gəlir göy oğlu Sənanın ömrünə – İradə Göyünə yüksəlir.
***
İdrakın göy səviyyəsi var – gerçək idrakdan göy qədər uca, əlçatmaz.
Cavidin Xəyyamı insanları göy idrakına qovuşmağa çağırır. Xəyyam mənəviyyatı zamana qarşıdır. O, zamandan, şəraitdən, mühitdən yüksək həqiqət istəyir.
Cavidi oxuduqca bir daha anlayırsan ki, göy işığı gərəkdir yerdəkilərə. Onlara qaranlıqları yaran, idrakın göy səviyyəsi gərəkdir.
Şairin qəhrəmanları Yer mənəviyyatından əl çəkirlər, Göy mənəviyyatına yüksəlirlər. Bu obrazlar insanları Yer ədalətsizliyinə, həqiqətsizliyinə, üviyyətsizliyinə qarşı durmağa çağırırlar.
***
Cavid «Peyğəmbər» əsərində peyğəmbərliyin mahiyyətini dərindən duyub, ifadə edib.
Peyğəmbərin ilk peyğəmbərlik illəri, halı təhlil, təqdir olunur. Cavidin Peyğəmbəri amal üçün seçilib, amala sevgisi onu ülviləşdirir, ilahiləşdirir.
Göy hökmü səslənir Cavidin peyğəmbərinin aqibətində. Sonrakı mərhələdə kitabı qılıncla əvəz edən peyğəmbərin halı Cavid qələmində ruhani duyum ustalığıyla açılır.
***
Yer iradəsi qorxusuyla, tərəddüdüylə Göy hökmünə, qətiyyətinə qarşıdır.
Cavidin Səyavuşu ülvi, müqəddəs duyğular yiyəsidir.
Göy hökmü, Göy çağırışı düşür göy İnamlı Səyavuşun aqibətinə. Səyavuş da göy idrakına yüksəlir, yetir.
Həsrət göyünə yüksəlir Səyavuş: dərd çəkir, dərdə batır.
***
Oxu daşa dəyir göy inamlıların – göy həsrətilə yana-yana qalırlar. Göysüzlər yazırlar göylülərin aqibətini: hərcayilik, insansızlıq törədirlər. «Uçurum»da insan faciəsi bütün çılpaqlığı ilə açılır.
***
Cavidin “İblis”indəki insanilik harayı göysüzlərin inamsızlığına qarşıdır.
Yerdəkilərin İblis adlı səcdəgahı var. Yüksələn görünürlər, alçalırlar, çünki göysüzdürlər.
Cavid haray çəkir: İblisləşən Yerdə xurafat göysüzlüyü yaranıb.
Yerdəkilərin yaşamında İblis halı yaranır – zülmət gətirən. İdrak göysüzlüyündən duyğu, iradə yoxluğu yaranır.
Fitnə-fəsad, şərdən yoğrulmuş işlər törəyir Yer idrakından. Xurafat, cəhalət, anlamsız adət-ənənələr mənəviyyat göysüzlüyü yaradır.
Şairin qəhrəmanları zəlilləşmənin yaratdığı qələbəyə inanmır. Mənəviyyatsızlar vicdanın səsini eşitmirlər.
Mənəviyyatsızlığın İblislik adlı məqamı var. İblislik – İnsansızlıqdan yaranır.
Cavidin qəhrəmanları ləyaqətsizliyə, azğınlığa, zalımlığa, harınlığa, öz insani imkanlarına inanmayanlara qarşı vuruşurlar.
Yadlaşma yağılığından ayrıla bilmirlər mənəviyyat korları, çünki iradəsizdirlər.
***
Cavid “Topal Teymur”unda fatehliyin faciəsini dahiyanə şəkildə açıb göstərir. Şair demək istəyir ki, Teymurlar həqiqət, ədalət, ülviyyət dağını fəth edə bilmirlər; zorla ürəklərə yiyələnmək istəyirlər, ancaq bacarmırlar.
***
İnam Ata “25 söz” izharında bəşərin oxumasını gərəkli saydığı 25 nəfər söz yiyəsi sırasında Hüseyn Cavidin də adını çəkir. Yüzillər ötəcək, Cavidin yaradıcılığı yenə də öz bənzərsizliyini qoruyacaq, yaşadacaq. Onun İnsan soraqlı əsərləri bəşərin bütün çağlarında öz ilahi dəyərini daha da yüksəldəcək, artıracaq.

modern.az