Azərbaycan ədəbiyyatı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Azərbaycan ədəbiyyatı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

24 Mart 2022 Perşembe

Almas Ildırım. O mənimdir əzəldən.



 Əsmə, ey sabah yeli, böylə müхalif əsmə, 

Tеllərini pоzduğun o sevdalı yar mənim. 

Söz vеrdim gələcəyəm, gəl də, yolumu kəsmə, 

O göy dəniz, yaşıl dağ, o güllü diyar mənim. 


Könlüm alov saçarkən vulkan kimi dərindən, 

Nə qоrxum bir yolsuzun, imansızın birindən. 

Bir ah çəksəm çalxanar, dağlar qopar yerindən, 

Tariхlərdən ün almış bir şöhrətim var mənim. 


Kim kеçər dünyaları məst edən o gözəldən? 

Mən оnun öz yarıyam, о mənimdir əzəldən, 

Yolunda döyüşürəm, vaz keçməm bu əməldən, 

Ya o mənim olacaq, ya qanlı məzar mənim.


@pdf_kitablar 

31 Ağustos 2018 Cuma

Rasim Qaracadan bir yazı. Azərbaycan yazıçısının bəxtsizliyi



http://alatoran.com/2018/07/26/az%C9%99rbaycan-yazicisinin-b%C9%99xtsizliyi/

Hal-hazırda ölkəmizdə ədəbi yaradıcılıqla məşğul olan, çeşidli janrlarda əsərlər yaradan insanların sayı yüzlərlə və minlərlədir. Şeir, hekayə, roman yazmaq, əlbəttə, hər kəsin haqqıdır, lakin qələmə sarılan, ilk fürsətdə kitabını çap etdirən, imza günləri keçirən bu çoxminli kütlənin yalnız kiçik bir faizini “ciddi ədəbiyyat” kateqoriyasına aid etmək olar, hətta çox daha tələbkar yanaşsaq bu məsələyə, ölkəmizdə ciddi ədəbviyyatla məşğul olanların sayı əl və ayaq barmaqlarının sayından artıq olmaz. Ciddi ədəbiyyat nədir, daha doğrusu, mənim başa düşdüyüm mənada o nədir? – əsas mövzuya keçmədən öncə bunu açıqlamanın daha sonra söyləyəcəklərimi anlamaq baxımından faydası var. İzahı sadədir. Ciddi ədiblər o kəslərdir ki, dünyada gedən ədəbiyyat proseslərini izləyir, özünü bu nəhəng mədəniyyət hərəkatının bir parçası kimi görür, roman yazırsa roman, hekayə yazırsa hekayə janrının dünyadakı gəlişmələrinin fərqindədir, nəzəri cəhətdən nələrin köhnəlmiş olduğunu bilir və bu bilik bazasıyla əsərlər yaradaraq həmin bəşəri prosesə qoşulmaq istəyir. Yaradıcılığa bu cür yüksək məsuliyyətlə yanaşan yazıçını şərti olaraq ciddi yazıçı adlandıraq.

24 Kasım 2011 Perşembe

Rafiq Tağının vəfatına (esse)



Noyabr ayının 23-ü adi günlərdən biri idi mənim üçün. Səhər yuxudan gec oyanmışdım, tələsik işə hazırlaşıb qaça-qaça avtobus dayanacağına yollandım. Hava az küləkli, günəşli idi, inanmaq olmurdu ki, dünən axşam leysan yağışın altında evə qayıtmalı olmuşdum, özü də qaça-qaça. Son zamanlar nədənsə qaçaraq yaşayıram. Qaça-qaça işə, qaça-qaça evə... Beləcə, bu qaçışlarda bəzən özümü bir insan kimi deyil, hissiyatsız, duyğuları paslanmış, robotlaşmış statistik vahid - milyonlardan biri kimi qavrayıram. Hər şey mənasını itirmiş kimi görünür çox zaman.
İşdə də adi gün idi. Cari məsələlər, həmişəki kimi, qız-qıza söhbətlər, zarafatlar, incikliklər... Gün ərzində internetə girmək imkanım da olmamışdı, hərçənd başqa günlər heç olmasa 20-30 dəqiqəlik də olsa, virtual dünyaya baş vura bilirdim.
Axşam evə gələn kimi e-mail poçtuma baxdım və Rafiq Tağının vəfatı haqqında linki gördüm.
Sonra saytlara baxdım, oxudum, sarsıldım...
Rafiq Tağı ilə cəmi 1-2 dəfə “Sənət” qəzetinin o zamanlar Sahil metrosu yaxınlığındakı redaksiyasında görüşmüşdüm. Redaksiyanın balaca otağında, balaca masa arxasında balaca stəkanlardan çay içib, söhbət etmişdik. Səmimi sözləri və gülüşü, nurlu baxışları ilə məni valeh etmişdi. Danışanda, bəzi sözləri uzadırdı... Güləndə, gülüşü sanki hardasa ürəyinin başında yaranıb dodaqlarında davam edirdi...
Bayramlarda ona sms yazanda mənə sms-lə cavab verməzdi, zəng edib minnətdarlığını bildirərdi. Və nədənsə məni hansısa musiqi müəllimi ilə səhv salırdı, soruşurdu ki, musiqi məktəbində işlərin necədir? Deyirdim ki, mən musiqi məktəbində işləmirəm, duruxurdu, amma növbəti zəngində yenə də musiqi məktəbini soruşurdu.
Hansısa müsahibəsində demişdi ki, 90 yaşa qədər yaşayacağı fikrinə özünü indidən alışdırır. Və bir həkim kimi, uzunömürlü olmaq asan görünürdü ona, çünki, alimlərin fikrincə, insan orqanizmi üçün 120 illik ömür normadır, fəqət biz qeyri-sağlam həyat tərzi, qeyri-sağlam qidalanma və qeyri-sağlam fikirlərlə (emosiyalarla) ömrümüzü baltalayırıq.
Amma nə biləydi ki, arxadan tuşlanan bıçağa rast gələcək... Nə biləydi ki, həkimlərin “Yaşayacaqsan!” vədi yalan olacaq...
Getdi...
Bizim üçün sevə-sevə yazdığı kənd nağıllarını indi mələklərə danışacaq...

Sima Ənnağı

24. 11. 2011

31 Ekim 2011 Pazartesi

İşıqlı Atalı. Hüseyn Cavid göyü



Hüseyn Cavid nəinki Azərbaycan, bəşər mədəniyyətinin nadir simalarındandır. O, bənzərsiz göy adamıdır. Onun əsərlərində Göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir – inamlı, inadlı, ilahi…
Oktyabrın 24-ü Azərbaycanın, türk dünyasının böyük şairi Hüseyn Cavidin anadan olmasından 129 il ötür.
1937-ci ilin qovğaları ilk olaraq aydınların sıradan çıxarılmasına, ümumən millətimizin sarsıdılmasına yönəlmişdi. Bunun ilk zərbəsini alanlardan biri də Hüseyn Cavid idi. O, həmin il iyunun 4-də həbs edilərək Sibirə sürgün edildi. 1941-ci il dekabrın 5-də imperiyanın İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində öldü.
Oktyabr ayı Cavidin doğum günü ilə əlamətdar olsa da, bir neçə aydınımızın da qətli ilə yadda qalıb. 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanın tanınmış aydınları Əhməd Cavad, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli Xuluflu, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildilər. İmperiya əlindən gələn etdi ki, xalqın ruhunu bütünlüklə sarsıtsın...
Bununla bağlı İnam Ata (Asif Ata) yazır: “1920-ci ildə xalqın başını kəsdilər, 1937-ci ildə ürəyini yedilər”.
***
Hüseyn Cavid yaşadığı çağa, mühitə sığmırdı. Onunla toplum arasında yerlə göy fərqi vardı. O, yerdəkilərin qurtuluşu üçün çalışan göy adamı idi. Onun əsərləri, qəhrəmanları bunu göstərir.
Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi çox sevdiyim əsərlərdəndir. İnsanın həqiqətə doğru qarşısıalınmaz, qeyri-adi, bənzərsiz sevgisini, həqiqətə qovuşmaq ehtirasını özündə əks etdirən bu əsər misilsizdir. Şişirtməsiz demək olar ki, dünya dramaturgiyasında "Şeyx Sənan" ruhlu ikinci bir əsər tapmaq çox çətindir. Ümumiyyətlə, Cavidin bütün əsərlərində insanın ali həqiqət axtarışı başlıca yer tutur:
"Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur".
Şeyx Sənanı həqiqətə yetmək istəyi yandırıb-yaxır. O, sanki eşqini qarşıda gözləyən fəlakətlərdən xəbərdardır.
Zəhra ruhən Şeyx Sənanın ondan çox yüksəklikdə olduğunu anlayır. Bilir ki, Şeyx Sənanın elmi-kamalının ucalığı ruhunun qeyri-adiliyindəndir.
"Şeyx, gəl-gəl!
Sevimli Sənan, gəl-gəl!
Sənə layiq deyil o yer, yüksəl!"
Bu, artıq Sənanın Xumarın şəxsində həqiqətin səsini eşitməsidir. Sənan bu halını kimsəyə anlada bilmir.
"Ər kişidə olur bir söz, bir məram,
Əzm eylədim məhv olsa aləm tamam
Dönməm geri, hər yana yol açıq".
Əslində Şeyx Sənanı Xumarın xəyalı yaşadır. Qarşıda ucalıq, göylük aqibəti var. Müridlərin yalvarışlarına baxmayaraq Şeyx Sənan – "Yüksələn fəqət enməz, hər kim məni istərsə, göyə yüksəlsin"-deyir...
***
Əslində Şeyx Sənan ucalığını Hüseyn Cavid özü gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini göstərdi.
Şeyx Sənan göyə ucalmaq rəmzidir əslində. Göyə yüksəlmək – insanın öz daxili-mənəvi dünyasına baş vurmasıdır. Mütləq ədalətə, həqiqətə, ülviyyətə çatmasıdır.
İnam harayı səslənir Sənanların göyündə – ardıcıl, qəti!
Şeyx Sənanların, Xumarların göyləşmək həsrəti var.
Xumar – Sənanın illərlə aradığı, sonda tapdığı idealıdır.
Sənan dəyişməzliyin, bütövlüyün bütün çalarlarını Xumarda tapır və ona dəlicəsinə vurulur.
O, Xumarı səcdəgah saydığı dərəcədə, özü də onun üçün səcdəgah olur.
Sənan Xumarını, yəni həqiqətini tapır, İnama yüksəlir, göyləşir, durulaşır, özümlüyünə qovuşur.
Həqiqətinə doğru yol gedən, əzab içində qovrulan, əzabdan fərəh alan, həqiqətinə yetəndir Sənan!
***
Ancaq Sənanın və Xumarın yanındakılar naşı inamlara tapınırlar. Onlar Sənanı və Xumarı anlamaqdan çox uzaqdırlar.
Fitnə-fəsadla, həsədlə yoğrulmuşlar inamsızlıq fəlakətinə düçar olublar.
Cavid «Şeyx Sənan»da özlərindən ayrı düşənlərin faciəsini dahiyanə şəkildə göstərir.
İnamsızlıqdan adamların içərisində qorxu, böhtan ağacı boy atır, şübhə meyvələri yetişir.
Ancaq Sənanların içərisində ədalət, ülviyyət ağacı bitir, fərəh, inam meyvələri yetişir.
Göy qətiyyəti gəlir göy oğlu Sənanın ömrünə – İradə Göyünə yüksəlir.
***
İdrakın göy səviyyəsi var – gerçək idrakdan göy qədər uca, əlçatmaz.
Cavidin Xəyyamı insanları göy idrakına qovuşmağa çağırır. Xəyyam mənəviyyatı zamana qarşıdır. O, zamandan, şəraitdən, mühitdən yüksək həqiqət istəyir.
Cavidi oxuduqca bir daha anlayırsan ki, göy işığı gərəkdir yerdəkilərə. Onlara qaranlıqları yaran, idrakın göy səviyyəsi gərəkdir.
Şairin qəhrəmanları Yer mənəviyyatından əl çəkirlər, Göy mənəviyyatına yüksəlirlər. Bu obrazlar insanları Yer ədalətsizliyinə, həqiqətsizliyinə, üviyyətsizliyinə qarşı durmağa çağırırlar.
***
Cavid «Peyğəmbər» əsərində peyğəmbərliyin mahiyyətini dərindən duyub, ifadə edib.
Peyğəmbərin ilk peyğəmbərlik illəri, halı təhlil, təqdir olunur. Cavidin Peyğəmbəri amal üçün seçilib, amala sevgisi onu ülviləşdirir, ilahiləşdirir.
Göy hökmü səslənir Cavidin peyğəmbərinin aqibətində. Sonrakı mərhələdə kitabı qılıncla əvəz edən peyğəmbərin halı Cavid qələmində ruhani duyum ustalığıyla açılır.
***
Yer iradəsi qorxusuyla, tərəddüdüylə Göy hökmünə, qətiyyətinə qarşıdır.
Cavidin Səyavuşu ülvi, müqəddəs duyğular yiyəsidir.
Göy hökmü, Göy çağırışı düşür göy İnamlı Səyavuşun aqibətinə. Səyavuş da göy idrakına yüksəlir, yetir.
Həsrət göyünə yüksəlir Səyavuş: dərd çəkir, dərdə batır.
***
Oxu daşa dəyir göy inamlıların – göy həsrətilə yana-yana qalırlar. Göysüzlər yazırlar göylülərin aqibətini: hərcayilik, insansızlıq törədirlər. «Uçurum»da insan faciəsi bütün çılpaqlığı ilə açılır.
***
Cavidin “İblis”indəki insanilik harayı göysüzlərin inamsızlığına qarşıdır.
Yerdəkilərin İblis adlı səcdəgahı var. Yüksələn görünürlər, alçalırlar, çünki göysüzdürlər.
Cavid haray çəkir: İblisləşən Yerdə xurafat göysüzlüyü yaranıb.
Yerdəkilərin yaşamında İblis halı yaranır – zülmət gətirən. İdrak göysüzlüyündən duyğu, iradə yoxluğu yaranır.
Fitnə-fəsad, şərdən yoğrulmuş işlər törəyir Yer idrakından. Xurafat, cəhalət, anlamsız adət-ənənələr mənəviyyat göysüzlüyü yaradır.
Şairin qəhrəmanları zəlilləşmənin yaratdığı qələbəyə inanmır. Mənəviyyatsızlar vicdanın səsini eşitmirlər.
Mənəviyyatsızlığın İblislik adlı məqamı var. İblislik – İnsansızlıqdan yaranır.
Cavidin qəhrəmanları ləyaqətsizliyə, azğınlığa, zalımlığa, harınlığa, öz insani imkanlarına inanmayanlara qarşı vuruşurlar.
Yadlaşma yağılığından ayrıla bilmirlər mənəviyyat korları, çünki iradəsizdirlər.
***
Cavid “Topal Teymur”unda fatehliyin faciəsini dahiyanə şəkildə açıb göstərir. Şair demək istəyir ki, Teymurlar həqiqət, ədalət, ülviyyət dağını fəth edə bilmirlər; zorla ürəklərə yiyələnmək istəyirlər, ancaq bacarmırlar.
***
İnam Ata “25 söz” izharında bəşərin oxumasını gərəkli saydığı 25 nəfər söz yiyəsi sırasında Hüseyn Cavidin də adını çəkir. Yüzillər ötəcək, Cavidin yaradıcılığı yenə də öz bənzərsizliyini qoruyacaq, yaşadacaq. Onun İnsan soraqlı əsərləri bəşərin bütün çağlarında öz ilahi dəyərini daha da yüksəldəcək, artıracaq.

modern.az