Yağışlı bir gündə
Səma boz,
Şəhər boş,
Yeraltı keçid - alaqaranlıq.
Düşdüm pillələri
Yorğun addımlarla,
Üzümə çırpılmış damlalarla.
Keçiddə burulan mülayim külək
Bədənimə sarılır.
Akkordeon minorla ağlayır –
Vals keçiddə fırlanır,
Yeraltından keçən tək-tük adamlar
Valsin həzin notları altında
Biganəli addımlayır.
Solğun bənizli,
Tutqungözlü
Cavan oğlan nimdaş dizlərindəki
Köhnə akkordeonu sinəsinə sıxıb
Vals çalır,
La-lalala-lala-la...
Miskin həyatına etiraz edərək
Notlarda xəyallarını canlandırır...
La-lalala-lala-la...
Sima, 2022
Hiç yorum yok:
Yorum Gönder