Mətnin əvvəlində, giriş hissəsində oxucuda maraq oyatmaq üçün bəzən kilometrlərlə izah verilir. Əslində bu, yasaqdır. Oxucunu qaçırmaq, mətndən uzaqlaşdırmaqdır bu.
Yazar Yuri
Koval deyirdi ki, elə yazmaq lazımdır ki, hər sözü öpmək istəyəsən. Hər sözü
demirəm, hər cümləni demirəm, heç olmasa hər səhifəni öpmək arzusunu yarada
bilsək 😊...
Bu da o deməkdir ki, hər növbəti cümlə ya əhvalatı inkişaf etdirir, ya da oxucunun
mətni daha dərin anlamasına xidmət edir. Bütün diqqət hadisəyə köklənsə, qələmin
ucundan çıxan mətn də oxucuya maraqlı gəlir. Hər yeni cümlə ilə yazar oxucunu
irəli aparır.
Mətndə artıq
olan və ya fikrin ifadəsi üçün yanlış seçilmiş sözlər mətnin düşmənidir. Sadə və
konkret yazmağa çalışın. Göstərmək üçün
fellərdən istifadə edin, hərəkət bildirən sözlər mətnə dinamika verir.
Mətnin
meyarları:
- - Sadə
dildə yazın, amma bu sadəlik mənaya xələl gətirməməlidir;
- - Yazanda
dayanmayın, qoy şüur və söz axını sizi tamam qərq etsin;
- - Acı
bağırsaq kimi uzanan darıxdırıcı mətnin əvəzinə, qısa və dinamik, enerji, hərəkət
dolu mətn yazmaq daha maraqlıdır.
Rəssam
insanı rənglərlə, vizual şəkildə təsvir edir. Rəsm əsərini seyr edərkən, qəhrəman
haqqında müəyyən bir fikir yaranır. Bəsit desəm, tünd rənglərlə, sərt xətlərlə
zalımlar, yumşaq xətlərlə, göz oxşayan rənglərlə yaxşı insanlar təsvir edilir,
biz məlumatı portretdən gözlə, baxmaqla alırıq.
Yazıçının “rəngləri”
isə sözlərdir, o, sözlərlə qəhrəmanı elə təsvir edir ki, biz mətni oxuyub xəyalımızda
qəhrəmanın obrazını, görüntüsünü canlandırırıq. Burada yazarın söz seçmək, sözü
yerində işlətmək, ana dilinin zənginliyini tətbiq etmək bacarığı özünü tam göstərir.
Mahir yazarlar 2-3 hədəfli sözlə qəhrəmanı təsvir edə bilir: “Başları bədənlərindən böyük olan əyriqıç,
nöqtəgözlü, eyni üzlü uşaqlar” (Afaq Məsud).
Qəhrəmanı, necə deyərlər, nöqtə-vergülünə kimi dəqiq
və ya ibarəli göstərmək, epitetlərdən, müqayisələrdən gen-bol istifadə etmək personaja
ancaq ziyan vurur, onu darıxdırıcı, və ya təlxək kimi ala-bəzək edir. Qəhrəmanın
təsvirində nəsə uydurmağa ehtiyac yoxdu - əsil qəhrəmanlar, koloritli tipajlar ətrafımızdadır,
onlara məxsus 2-3 detalı əsərin qəhrəmanına “geyindirməklə” canlı bir personajı
yaratmaq olar.
Qəhrəman davranışı, əməlləri ilə özünü təsdiq etməlidir.
Sözlə nə qədər onun vicdanlı olduğunu mətndə yazsaq da, əgər o, davranışı ilə
bunu sübut etmirsə, deməli, əsərin qəhrəmanı kimi elə əvvəldən ölü, maraqsız
doğulub. Oxucu özü qəhrəmanın kimliyini təyin etməlidir, yazar hər şeyi (elə qəhrəmanı
da) çeynənmiş şəkildə təklif etməməlidir. Qoy qəhrəman kələ-kötürlü həyat yolu
getsin, yanılsın, aldatsın, aldansın və doğruları bilsin. Ütülənmış, ideal qəhrəman
heç kimə maraqlı deyil, çünki əsəri oxuyan adamın özü də ideal deyil və olmayacaqdır.
Gerçək həyat hekayələri, həyatın çətinliklərini ram edə bilmiş gerçək qəhrəman oxucunu
mətnə cəlb edən məqamlardır.
Oxucu, oxuduğu mətn ilə öz həyatını uzlaşdırır, və əgər
əsərdəki hadisələr, qəhrəmanın davranışı oxucu üçün aydın, anlaşılandırsa, əsəri
son cümləsinədək oxuyacaq. Oxucu mətndə, qəhrəmanda öz həyatının, özünün izini
görmək istəyir. Xatırlayıram, məktəbdə oxuyarkən, Lermontovun “Dövrümüzün qəhrəmanı”
əsərini keçirdik, Peçorin məni çox əsəbiləşdirirdi, halbuki sinifdəki oğlanlar
Peçorin kimi olmaq istəyirdilər. O zaman mən yeniyetmə ağlımla bu istəyi
anlamırdım, axı Peçorin kimi arvadbaz, nə istədiyini bilməyən qəhrəman necə
kiminsə xoşuna gələ bilər? Amma oğlanların gözündə Peçorin alicənab, mərd, söz
altında qalmayan birisi idi, əsil kişi nümunəsiydi.
Qəhrəmanı nitqi ilə, işlətdiyi sözlərlə də təsvir
etmək olar, nitq – insanı gözəl xarakterizə edən vasitədir. Mədəni, savadlı
insan tam cümlələrlə, aydın danışır, savadsız adam qırıq-kəsik cümlələrlə, ədatla,
sözdən çox jestlərlə danışır, özünü “mən də varam” deyə təsdiqlətmək üçün elmi
sözləri uyğunsuz yerdə işlədir. Bir dəfə bazarda nəsə alırdım, mal satanın da çənəsi
söhbətə qızışmışdı, məni eşitmirdi. Gözləməkdən yorulub, onu ucadan çağırdım, mənə
dedi ki, “nolub, bir intuisiyan olsun...” 😊.
Parlaq, məzəli, maraqlı, dərin mənalı replikalar qəhrəmanın tarixçəsini cilalayır, mətni daha rəngarəng, oxunaqlı edir. Burada ədəbiyyatın həqiqətən söz sənəti olduğu sübut olunur...
Hiç yorum yok:
Yorum Gönder