24 Şubat 2021 Çarşamba

Şeir dəftərçəmdən. Çiləli fevral

 


Çiləli fevral ayı gəldi, nə gəldi...

Gecələr ulayan külək

Şəhəri parçalayır,

Tək-tük işıqlı pəncərələr arxasında

Tənha insanlar dramlarını yaşayır,

Həyat burulğanında kimlərsə batır,

Uzaqlaşır,

Yenidən peyda olur.

Fənərlərin işığında sayrışan kölgələr

Sarı dumanda yox olur.

Xöşbəxt  kimsələr şirin yuxu dalğasında,

Xəbərləri yoxdu,

Kimlər gecələr ürəyini yamayır...


2010

Şeir dəftərçəmdən. Səni görmək istərəm

 


Səni

Qarşılaşdığım hər kəsdə, hər şeydə görmək istərəm,

Gözlərim darıxmaqdan yorulub.

İnsanlar mənasız sözlər kimi

Yadda qalmadan, ötüb keçir yanımdan.

Səni

Pöhrələnən budaqlarda, yaşıllaşan yarpaqlarda,

Dərilməyən çiçəklərdə gözləyirəm,

Bilinməyən dərinlikdə yallı gedən ulduzlarda axtarıram.

Səni

Oxunmayan mahnılarda,

Yazılmayan şeirlərdə, romanlarda gözləyirəm,

Səni

Qarşılaşdığım hər kəsdə, hər şeydə görmək istərəm,

Gözlərim darıxmaqdan yorulub...


2010

13 Şubat 2021 Cumartesi

Şərif Ağayardan bir cümləlik hekayə. Yelçəkən

 

Atamın gözləri də, qulaqları da tutulur, məndən yavaş-yavaş uzaqlaşıb səssiz-səmirsiz zülmətinə çəkilir, oğlum qulağında qulaqlıq baxışlarını smartfondan ayırmır, mən bu iki dünya arasında – ömrün yelçəkənində canımdakı yalquzaq üşütməsini dinləyə-dinləyə saç-saqqalımı ağartmaqla məşğulam.



kulis.az

2 Şubat 2021 Salı

Şeir dəftərçəmdən. Qarabağın uşaqları

 

Dağılmış ocaqda uşaq səsləri.

Bomba zərbələrindən

Torpaq titrəyir,

İnləyir,

Üsyan edir düşmənə.

Hər tərəf tüstü,

Ölüm gəzir saymazyana.

Uşaqlar

Babaların əkdiyi

Ağaclara sığınır,

Gizlənir güllələrdən.

Budaqlarda qızaran narların

Bağrı yarılmış,

Dişlərini qıcayır düşmənə.

Rədd ol!

Rədd ol bu torpaqdan!

İnsan karvanı dağları aşır,

Dağılmış yurddan məcburən qaçır.

Qucaqda ağlayan çağaların səsi

Ataların ürəyini dağıdır –

Hər yer və hər kəs

“Biz qayidacağıq, torpaq!!” – pıçıldayır...

2010

23 Ocak 2021 Cumartesi

Şeir dəftərçəmdən. Virtual məktub.

 


Sənə elektron məktub yazacam.

Texnologiya əsrində duyğularımı

Əl ilə yazıram.

Hisslərim barmaqlarımdan

Mətnə süzülür aram-aram.

Qoy bir az kədərimin çəkisi azalsın,

Xatirələrim qısalsın –

Çaq-çaq-çaq yazacam.

Yəqin, səhər tezdən yazaram,

Yuxularımın rəngi qaçmamış.

Bəlkə axşam yazaram,

Yorğun ruhumun diktəsi ilə.

Elə məktub yazım ki, dramlı tonları olmasın,

Dolmasın,

Donmasın

Göz yaşlarım gözlərimdə.

Elə yazım ki, sanki hər şey yaxşıdır –

Mən,

Sən

Və başqaları həminik,

Dəyişməmişik.

Bəlkə gecə yazım – şeytanlarla mələklərin

Savaşı saatında?

Bəlkə mətbəxdə yazım – təzə dəmlənmiş

Çayın mixəkli ətri altında?

Hər şeyi birdən yazım – bir kəlməylə,

Bir cümləylə,

Olanları, olmayanları,

Ola biləcəkləri.

Bəs mən sənin nağılındım,

Noldu?

2015

17 Ocak 2021 Pazar

Yeni hobbim - zentanql (zentangle)

 
Zentanql - qrafikada bir istiqamətdir, əsasən sadə karandaş və ya qara tuşla (qələmlə) təkrarlanan naxış və elementlərdən ibarət bir rəsm texnikasıdır. Nəticə maraqlı deyil, yəni sonda  möhtəşəm bir əsərin yaranacağına ümid etməyin)))))) Zentanqlda əsas məqsəd - prosesin özüdür; təkrarlanan elementlər sinirləri sakitləşdirir, ona görə bu rəsm texnikasını psixoterapiya kimi anlamaq olar. Həmçinin bu, bir meditasiya üsulu, öz iç dünyan ilə baş-başa qalmağın bir yoludur. Patternlər (xırda elementlər) təkrarlandıqca, əvvəldən planlamadığın bir təsvir yaranır. 

Mənim rəsmlərim sirf zentanql deyil, neyroqrafika elementləri də vardır. Mənim üçün maraqlı olan qarışıq, xaotik xətlərdən və elementlərdən, sonda gözləmədiyim bir təsvirin yaranmasıdır, bu baxımdan yeni hobbimi ruhsal rəsm adlandıra bilərəm.

"Güldanlar", kağız, sadə qələm, layner. Bu rəsmdə tanqlar aydın görünür.


"Quş vişnədə", kağız, gelli qələm. Bu rəsmdə həm zentanql, həm də neyroqrafika elementləri var.


7 Ocak 2021 Perşembe

Günün əksi -3.

 


"Biləklərimi boş ver, həkim,

xəyallarım qan ağlayır!"...

Divarda yazılmış, ağacların arasında gizlənmiş bir yazı. 

Yolun kənarında şam ağacları bitir və divarın qarşısını tutur. Yalnız "burada və indi"də olanlar bu yazını görə bilər, başqalarının - öz qayğı aləmlərinə qərq olmuşların bu yazı, ağaclar və divarla heç bir təmas nöqtəsi olmaz.

 Bu yazı müəllifini 15-16 yaşında təsəvvür edirəm. Çox gəncdir, həyatında ilk dəfə aşıq olmuşdur, sevginin bütün acı-şirinliyi dadmış və, görünür, nə hisslərinə, nə də özünə dəyər verilməmişdir...

Bu şairanə gəncə Qədim Roma şairi Vergilinin sözü çox yaraşır: "Döz, və gələcək üçün güclü qal".

Bilmək olmaz, gələcəkdə nə olar - bu gənc, sevgisini taparmı, və ya ömrü boyu ilk eşqinin xatirəsi ilə yaşayar; amma divarda yazdığı acı etiraf hələ də ağacların arasında gizlənməkdədir...

4 Ocak 2021 Pazartesi

Günün şüarı

 "Любовь - это когда ты живёшь в моём сердце"



2 Ocak 2021 Cumartesi

Şeir dəftərçəmdən. Metamorfoz

 


Yaşlandıqca, ruhumuzu itiririk deyəsən.

Yolun əvvəlində kim idik,

Sonunda kim olduq...

Ürəyimizi sevgidən qoruduq,

Heç kimə “darıxmışam səndən ötrü” demədik.

Bağlı qapıları döyməkdən yorulduq.

Üzümüzü yastığa sıxıb daha ağlamadıq –

Göz yaşı  qalmadı gözlərimizdə.

Güclü olduq.

Addımladıq irəli təkbaşına.

Fəryaddan daha ağır susqunluq

Doldu gözlərimizə,

Ürəyimizdə məskən saldı narahat boşluq.

2019

Günün əksi - 2.

Başım fikirli, ürəyim qayğılı, əlim ərzaq dolu neylon torbalı. Asfalt üzərindəki xırda gölməçələrdən yağış suyu çəkmələrimə sıçrayır. Sakitlikdir. Hamı evinə çəkilib. 

Sevirəm belə havanı - bir az çiskin, bir az qəmli. Və adamsız küçələr. Təkcə mən və yağış, bir də içimdə səslənən həzin musiqi. Zümzümə edə-edə addımlayıram.

Qarşıdan gələn iki qoca siyasətdən danışır, ucadan mübahisə edirlər.

Biri digərinə deyir: - Tramp kişi adamdır! Bakıya gəlsə, ona qonaqlığı birinci mən verəcəm!