23 Ocak 2021 Cumartesi

Şeir dəftərçəmdən. Virtual məktub.

 


Sənə elektron məktub yazacam.

Texnologiya əsrində duyğularımı

Əl ilə yazıram.

Hisslərim barmaqlarımdan

Mətnə süzülür aram-aram.

Qoy bir az kədərimin çəkisi azalsın,

Xatirələrim qısalsın –

Çaq-çaq-çaq yazacam.

Yəqin, səhər tezdən yazaram,

Yuxularımın rəngi qaçmamış.

Bəlkə axşam yazaram,

Yorğun ruhumun diktəsi ilə.

Elə məktub yazım ki, dramlı tonları olmasın,

Dolmasın,

Donmasın

Göz yaşlarım gözlərimdə.

Elə yazım ki, sanki hər şey yaxşıdır –

Mən,

Sən

Və başqaları həminik,

Dəyişməmişik.

Bəlkə gecə yazım – şeytanlarla mələklərin

Savaşı saatında?

Bəlkə mətbəxdə yazım – təzə dəmlənmiş

Çayın mixəkli ətri altında?

Hər şeyi birdən yazım – bir kəlməylə,

Bir cümləylə,

Olanları, olmayanları,

Ola biləcəkləri.

Bəs mən sənin nağılındım,

Noldu?

2015

Hiç yorum yok:

Yorum Gönder