yazarlıq sənəti etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
yazarlıq sənəti etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

10 Ocak 2022 Pazartesi

4. Show, don't tell!

İnternet insanın söz deməyə nə qədər ehtiyacı olduğunu aşkarladı. Az-çox savad sahibi olan kəslər sosial şəbəkələri öz həyat tarixçələri ilə doldurmuş və doldurdumağa davam edirlər. Hər kəs savadından, həyat fəlsəfəsindən, psixologiyasından asılı olaraq, forumlarda, bloqlarda, çatlarda özünə xoş olan qrupa üzv olaraq, dərdləşir, fikir bölüşməsi edir, öyrənir və ya vaxtını öldürür. Yazan çoxdu. Bu insanlar sadəcə ünsiyyət qıtlığını internetdə aradan qaldırırlar, yazarlıq sənətini öyrənməyə və ya peşəkar yazar olmağa can atmırlar.

Keçmişdə formalaşmış bir mif  insanları yazarlıq sənətindən hələ də uzaqlaşdırır. Bu mif, kitabın müqəddəs, ali bir əşya olduğunu, yazarın isə fitri istedadla doğulmuş, Allahın seçdiyi qeyri-adi şəxs qismində bu dünyaya gəldiyini insanların təsəvvüründə formalaşdırmış bir mifdir. İnsanlara elə gəlir ki, yazarlıq sənəti gendən, qandan, nə bilim, təhtəlşüurdan gələn bir qabiliyyətdir və ona bir peşə kimi yiyələnmək mümkün deyil. Və eşidəndə ki, yazarlıq sənətinə yiyələnmək olar, biləndə ki, müəyyən yazı texnikaları, mətnlə iş formaları mövcuddur – mat qalırlar. İnandırıcı görünmür onlara. Və yenə də şairə ya yazara qeyri-adi məxluq kimi, aşağıdan yuxarı baxırlar.

28 Aralık 2021 Salı

3. Otur, yaz!

Əgər sən əhvalatları danışmağı sevirsənsə, yazarlıq əsil sənlikdi :). Adam var, bir abzas yazı yazmaq üçün əlində olan xeyli materialı, internet səhifələrini vərəvurd edir ki, bəlkə beynindəki fikirləri yazı qəlibinə sala bilə. Adam da var ki, elə axıcı şəkildə adi bir hadisəni nəql edir ki, heyran olursan  - bax, yazarlıqda nəql etmək, hadisələri danışmaq bacarığı daha əhəmiyyətlidir.

Beynimiz əsil redaktordur. Beynimiz xatirələrimizdən elə ifadələri, görüntünü, hissi seçib dilimizə gətirir ki, biz də əla nəqlçi, təhkiyəçi oluruq. Çox zaman bu, fitri istedaddır. Nəql edə bilirik, şifahi şəkildə nə qədər istəyirsən, danışaq, di gəl ki, elə ki, əlimizə qələm götürdük, ya noutbuku qarşımıza çəkdik - vəssalam, fitri bacarıqlarımız yox olur sanki.

Niyə belə olur? Axı, 5 dəqiqə əvvəl ibarələrlə, zarafat dolu bir əhvalatı elə canlı şəkildə şifahi təsvir edirdik ki... Niyə indi həmin hadisəni kağıza yaza bilmirik? Niyə dilimiz tutulur, əlimiz əsir, cümlələr qırılır?

Həəə... Demə, ağlımızdakı əminliklər əlimizi-dilimizi iflic edir: "Yazıramsa, hökmən qələmimim altından/noutbukun monitorundan şedevr, şah əsəri çıxmalıdır!",  "Ya gərək dahi bir əsər yazam, ya heç nə yazmayam!". Bu cür fobiyalar yazarda ağ kağız qarşısında acizlik, tər-təmiz vərəqdən qorxu hissi yaradır. Bu fobiyanı ram etməyin bir üsulu var - o da nəyin bahasına olursa olsun, yazmaq! Qorxuları ram edərək, yazmaq! Cəfəngiyyat yazacağından ehtiyat edərək, yenə də yazmaq! Ağ vərəq qarşısındakı həyəcanı boğaraq, yazmaq!

27 Aralık 2021 Pazartesi

2. Mövzu və material

Heç bir təcrübəli yazar əlində tor oturub ilham pərisini gözləmir ki, onu tovlayıb tora salsın və əsər yazmağa ruhlansın. Yazarın həyat təcrübəsi ilə yoğrulmuş təxəyyülü və fantaziyası əsər yazmağa kifayət etmir.


26 Aralık 2021 Pazar

1. Nə yazaq, nə haqda yazaq

İçindən gələn coşquyla qələmi ya noutbuku əlinə alıb tez-bazar bir roman yazmaq arzusu ilə işə başlamazdan əvvəl bir nəfəsini dər, sakitləş :).

Sonra fikirləş - insanlara nəyi nəql etmək istəyirsən, hansı hadısəni onlara çatdırmağı vacib bilirsən? Bu an içindəki mənfur tənqidçi başını qaldırıb, səsini ucaldıb, sənin xəyal qanadlarını qırmaq üçün deyəcək ki, bu mövzuda minlərlə kitab yazılıb, milyonlarla söz deyilib. O boyda sənətkarların olduğu halda, sənin kitabını kim oxuyacaq? Sən kimə hansı yeni sözü deyə bilərsən? Kimi nə ilə maraqlandırarsan?

Öyrədərək, öyrənək!

Bu ifadə nəsə qəribə səslənir elə bil :). Necə yəni, öyrət və öyrən? Öyrətmək üçün əvvəl özün nəsə bilməlisən ki, öyrəndiyini başqasına ötürəsən, öyrədəsən. Yəni, öyrədərək, öyrən ifadəsini eşitcək, qəlibləşmiş ağlımıza ilk olaraq bu fikir gəlir.

Amma bu fikirdə rasional bir məğz var. Həqiqətən, öyrətməklə, öyrənirik. Yazıları və ya mühazirələri ilə auditoriya qarşısında çıxış edənlərin fəaliyyətinə diqqət etsək, görərik ki, onlar biliklərini və bildiklərini bizə ötürərkən, eyni zamanda, bizi öyrətməklə, özləri də nəsə öyrənirlər. Sirr deyil ki, informasiya (biliklər) sürətlə köhnəlir, və ya daim yeni araşdırmaların nəticəsi ilə zənginlənir. Odur ki, kimisə öyrədəndə, özün də öyrənirsən - biliyinə başqa, yeni bucaqdan baxırsan, nəyin köhnəldiyini, nəyin hələ də aktual olduğunu aydın görürsən, müəyyən nöqtələrdə boşluğu anlayıb, onları məlumatlarla doldurursan...

Qədim roma filosofu, şairi, dövlət xadimi Seneka əbəs yerə deməyib ki, başqalarını öyrətdikcə, özümüz də öyrənirik. Hər halda, dövrünün ən parlaq nümayəndələrindən biri olan Seneka bilir, nə deyir :)


Həəə, gəldik indi əsas məsələyə.

Mən niyə öyrədərək, öyrən ifadəsini indi əlimdə bayraq etmişəm? Əslində, mətn yazmağı, yazı texnikalarına yiyələnməyi öyrətmək istəyirəm. Və öyrətməklə də öyrənmək istərəm, təbii.

Düzdü, bir yazar kimi gündəmdə olmasam da (bunun üçün əsər sandığım çox yüngüldür :) ), amma müəyyən yazı bacarıqlarına və texnikalara malikəm, üstəlik hələ də öyrənirəm - sağ olsun internet, yazarlığa aid  xeyli  vebinar və seminarlarda iştirak etməklə, xeyli pdf kitablarını kompüterimə pulsuz  endirib oxumaqla yazarlıqda, deyə bilərəm ki, müəyyən qədər irəliləmişəm.


İndi də hesab edirəm ki, öyrətməklə daha çox öyrənmək vaxtıdır mənim üçün.



#yazarlıq_sənəti