İnternet insanın söz deməyə nə qədər ehtiyacı olduğunu aşkarladı. Az-çox savad sahibi olan kəslər sosial şəbəkələri öz həyat tarixçələri ilə doldurmuş və doldurdumağa davam edirlər. Hər kəs savadından, həyat fəlsəfəsindən, psixologiyasından asılı olaraq, forumlarda, bloqlarda, çatlarda özünə xoş olan qrupa üzv olaraq, dərdləşir, fikir bölüşməsi edir, öyrənir və ya vaxtını öldürür. Yazan çoxdu. Bu insanlar sadəcə ünsiyyət qıtlığını internetdə aradan qaldırırlar, yazarlıq sənətini öyrənməyə və ya peşəkar yazar olmağa can atmırlar.
Keçmişdə
formalaşmış bir mif insanları yazarlıq
sənətindən hələ də uzaqlaşdırır. Bu mif, kitabın müqəddəs, ali bir əşya
olduğunu, yazarın isə fitri istedadla doğulmuş, Allahın seçdiyi qeyri-adi şəxs
qismində bu dünyaya gəldiyini insanların təsəvvüründə formalaşdırmış bir
mifdir. İnsanlara elə gəlir ki, yazarlıq sənəti gendən, qandan, nə bilim,
təhtəlşüurdan gələn bir qabiliyyətdir və ona bir peşə kimi yiyələnmək mümkün
deyil. Və eşidəndə ki, yazarlıq sənətinə yiyələnmək olar, biləndə ki, müəyyən
yazı texnikaları, mətnlə iş formaları mövcuddur – mat qalırlar. İnandırıcı
görünmür onlara. Və yenə də şairə ya yazara qeyri-adi məxluq kimi, aşağıdan
yuxarı baxırlar.
Sözsüz ki,
yazarlıq üçün bədii istedad, yazı qabiliyyəti lazımdır, amma sırf istedad və ya
qabiliyyət yaxşı mətn yazmağa zəmanət vermir. Yaxşı mətn yazmaq üçün istedadla
yoğrulmuş yazı texnikalarının tətbiqi vacibdir.
Bəlkə qeyri-adiliyin
gözləntisi insana yazarlıqla məşğul olmağa mane olur. Ağ kağız qarşısında onun
dili tutulur, əlləri əsir, fikirləri qarışır. Həmən ağlından keçir ki, şedevr
yaratmalısan, özü də dildə mövcud olan bütün ibarələri, gözəl ifadələri,
kəlamları, müdrik sözləri mətnində işlətməlisən, cümlələrin hökmən mürəkkəb, qəliz olmalıdır... Bax, əsil
ədəbiyyat belə olur, belə olmalıdır.
Sevincək
halda bu mifi dağıdaraq demək istəyirəm ki, mətndə əsas prinsip – artıq sözlər
yazmamaqdır, yəni fikri lakonik, qısa və anlaşılan şəkildə oxucuya çatdırmaq
lazımdır. Acı bağırsaq kimi uzanan mürəkkəb budaq cümlələrinin labirintində
oxucu cümlənin sonuna çatana qədər əvvəlini unudur, dolanbac fikirlər və
cümlələr onu çaşdırır və darıxdırır. Ən yaxşı, maraqlı əhvalat uyğunsuz üslubda
yazılarsa, tamam vecsizləşir.
Burada “show,
don't tell” (göstər, nəql
etmə!) prinsipi köməyə gəlir. Bu prinsip müəllifin əhvalatı nə qədər dərindən
bildiyini göstərir. Məsələn, “Hava çox isti idi. Yaman susamışdım” – bu nəql
etməkdi, hadisəni danışmaqdı. “Günəş şüaları bədənimi yandırırdı. Bir qurtum
sudan ötrü kimisə öldürməyə hazır idim. Susuzluqdan partlamış dodaqlarım
göynəyirdi” – bu parça isə qəhrəmanın susuzluğunu təsvir edir, göstərir və bu
göstərmə mətni daha canlı, emosional edir.
Digər misal. “Məmməd
qocalmışdı” – bu cümlə hadisəni nəql edir. “Məmməd yorğun, taqətsiz ayaqlarını
sürüyərək, asta-asta pillələri düşürdü.Titrək əli ilə məhəccərdən bərk
yapışmışdı ki, yıxılmasın” – burada isə Məmmədin qoca olduğunu biz təsvirdən,
göstərmə cümlələrindən anlayırıq.
Göründüyü
kimi, göstərmədə mətnin həcmi artır, digər tərəfdən isə mətn emosional, oxucuya
yaxın, anlaşılan və bədii, obrazlı olur.
«Show, don't tell» texnikası oxucunun özündə məhz ona məxsus
fikir, əsər və qəhrəmana aid əminlik yaradır. Müəllif hadisəni göstərir, amma həmin
hadisənin necə anlanması oxucudan asılıdır. Bu o demək deyil ki, əsər, mətn
yalnız göstərmədən, görüntüdən ibarət olmalıdır. Narrativə də yer verilir,
çünki bütün mətni «show, don't tell» texnikası ilə yazmaq oxucunu
yora bilər. Ona görə səhnədən səhnəyə, epizoddan epizoda keçiddə narrativ tətbiq
edilir, dramatik səhnələrdə isə göstərmə, təsviretmə, görüntü, “canlı şəkil” önə çıxır.
Stiven King görün “show, don't tell” texnikasını
necə tətbiq edir. “İndi Corc, Vitçem küçəsi ilə üzü aşağı yönələrək, uzaqlaşan
qayığın arxasınca qaçırdı. Sürətlə qaçırdı, amma su daha sürətli idi, və
getdikcə Corcla qayıq arasında məsafə artırdı. O, güclənən bir uğultu eşitdi və
gördü ki, yolboyu axan yağış seli şərqə tərəf tuşlanıb”. Bu səhnədə Corc
yağışlı bir gündə qayığını itirdi.
Çarlz Dikkensin “Oliver Tvist” romanında Oliver ilk dəfə Londona gələrkən,
ilk təəssüratlarını alır: “Buradan murdar və miskin bir yer görməmişdi. Dar küçə
çirkli, hava üfunətli idi. Xeyli xırda dükanlar vardı, amma, deyəsən, burada
yeganə mal - qapılarda vurnuxan və ya daxmaların içində bağıran uşaqlardı. Bu zibilli yerdə gərəkli
olan – yalnız xırda yeməkxanalardı, orda həyatın dibinə düşmüş səfillər
boğazlarını cıraraq bağırırdılar. Əsas küçəyə tıxanmış üstüörtülü keçidlərin
arxasında, həyətlərdə bir-birinə qıısılmış daxmalar görünürdü, orada da sərxoş
kişilər-qadınlar palçığın içində eşələnir, bəzi qapılardan şübhəli gənclər
çıxaraq, gözdən itirdilər”.
“Show, don't tell” texnikasını tətbiq edərkən, özünə sual
verməlisən: “Nəyi göstərmək istəyirəm? Və bunu hansı ifadələrlə, sözlərlə etməliyəm?”.
X haqqında yazırsan, Y-i göstərirsən.
Günəş haqqında onun necə parlaq, işıqlı olduğunu yazmaq əvəzinə, günəş
şüalarının büllur güldanda necə oynadığını, və ya gölməçələrin necə parladığını
təsvir et, göstər, elə et ki, oxucu epizodu ağlında canlı şəkil kimi “görsün”. “Show, don't tell” texnikası müəyyən mənada, hadisənin,
epizodun vizualizasiya edilməsidir.
Mark Tven demişkən, “yazmayın ki, “qoca qışqırdı”. Qocanı səhnəyə gətirib qışqırmağa vadar edin”.
Hiç yorum yok:
Yorum Gönder