Əgər sən əhvalatları danışmağı sevirsənsə, yazarlıq əsil sənlikdi :). Adam var, bir abzas yazı yazmaq üçün əlində olan xeyli materialı, internet səhifələrini vərəvurd edir ki, bəlkə beynindəki fikirləri yazı qəlibinə sala bilə. Adam da var ki, elə axıcı şəkildə adi bir hadisəni nəql edir ki, heyran olursan - bax, yazarlıqda nəql etmək, hadisələri danışmaq bacarığı daha əhəmiyyətlidir.
Beynimiz əsil redaktordur. Beynimiz xatirələrimizdən elə ifadələri, görüntünü, hissi seçib dilimizə gətirir ki, biz də əla nəqlçi, təhkiyəçi oluruq. Çox zaman bu, fitri istedaddır. Nəql edə bilirik, şifahi şəkildə nə qədər istəyirsən, danışaq, di gəl ki, elə ki, əlimizə qələm götürdük, ya noutbuku qarşımıza çəkdik - vəssalam, fitri bacarıqlarımız yox olur sanki.
Niyə belə olur? Axı, 5 dəqiqə əvvəl ibarələrlə, zarafat dolu bir əhvalatı elə canlı şəkildə şifahi təsvir edirdik ki... Niyə indi həmin hadisəni kağıza yaza bilmirik? Niyə dilimiz tutulur, əlimiz əsir, cümlələr qırılır?
Həəə... Demə, ağlımızdakı əminliklər əlimizi-dilimizi iflic edir: "Yazıramsa, hökmən qələmimim altından/noutbukun monitorundan şedevr, şah əsəri çıxmalıdır!", "Ya gərək dahi bir əsər yazam, ya heç nə yazmayam!". Bu cür fobiyalar yazarda ağ kağız qarşısında acizlik, tər-təmiz vərəqdən qorxu hissi yaradır. Bu fobiyanı ram etməyin bir üsulu var - o da nəyin bahasına olursa olsun, yazmaq! Qorxuları ram edərək, yazmaq! Cəfəngiyyat yazacağından ehtiyat edərək, yenə də yazmaq! Ağ vərəq qarşısındakı həyəcanı boğaraq, yazmaq!
Yazı məşqi N 1. Kitab yazmaq üçün xeyli material toplamısan, planın da hazırdır. İndi tərtib etdiyin planın hər bəndinə aid ağlına gələn nə varsa, yaz. Hansı ifadələr, obrazlar, rənglər, bənzətmələr, metaforlar, assosiasiyalar ağlından ani keçirsə, onları yaz. Sanki əhvalatı şifahi danışırsan, qoy yazdığın ifadələr kələ-kötür, həyasız, cod, riqqətli olsun - fərq etmir. Plana əsasən ağlına gələni yaz (və mövzunu unutma - yoxsa ağlına gələnlər səni tamam başqa səmtə yönəldər :) ).
Yazı məşqi N 2. Hə, burda narrativ deyilən bacarıq önə çıxır. Narrativ nədir? Narrativ - nəyisə nəql etmək, hansısa hadisəni sırf sənə məxsus tərzdə danışmaq, təsvir etmək deməkdir. Bu, məhz sənə məxsus olan cümlə quruluşu, metaforlar, təsvir qaydasıdır. Əvvəlcə şifahi nəql et, gah yumorla, gah dramatik tonda və bu dramı ifadə edən cümlələrlə. Fərqi hiss edirsənmi? Hansı sənə daha asan və ürəyə yatımlıdır - dram, ya komediya? Ciddilik ya əyləncə? Bunu təyin etsən, janr seçimi də asan olar.
Yazı məşqi N 3. Əgər sürətlə danışır, amma ləng yazırsansa, elə et ki, sürətlər taraz olsun - yəni, beynində səslənən səsi yazmağa çalış. Adam var, süjeti diktofona diktə edir, sonra mətni yazır. Adam var ki, beynindəki səsi dinləyərək (sanki özü-özünə əhvalatı danışır) yazır. Bəli, bəzən yazar divanə kimi görünə bilər, o, daxilindəki səsə tabe olub yazır. Lakin zamanla, yazı təcrübəsi və narrativ bacarığı artdıqca, yazarın özü daxili səsi idarə edir.
Amma nə qədər məşq etsən də, özünü əsər yazmağa hazır duysan da, apatiya, güvənsizlik hissi daim yanındadır. Bu yenə də daxili tənqidçi və şedevr yazmaq əminliyi ilə əlaqədardır - məhz onlar yazı yazmağı əngəlləyir, hər dəfə bir bəhanə ilə səni əsərindən yayındırır. Nə etməli? Birmənalı: yazmalı! Nəyin bahasına olursa olsun, yazmalı.
Həyatda nəyisə əldə etmək üçün əziyyət çəkmək, tər tökmək lazım gəlir. Nadir adam var ki, hər şey ona qızıl nimçədə verilir. Əksəriyyət, xüsusilə sənətkarlar, tər tökə-tökə, əziyyət çəkə-çəkə, istirahətin, yuxunun, bəzən təklənməyin hesabına nələrisə əldə edir.
Özünü yazı yazmağa (bir haldakı kitab yazmaq hədəfini qarşına qoymusan) vadar etməyin iki əsas yolu vardır.
Birincisi, özünə gündəlik yazı hədəfini təyin et - yəni hər gün neçə səhifə, yaxud neçə söz yazacaqsan. Fərq etmir, 1 səhifə yazmaq, ya 10 səhifə; 50 söz yazmaq ya 500... Əsas odur ki, qarşına qoyduğun yazı hədəfini hər gün vurasan))). Hər gün. Bəli, hər gün! Əvvəldən tərtib etdiyin plana əsasən hər gün, nə olursa olsun, yazasan! Redaktə etmədən, düzəliş vermədən yaz və yazi hədəfini vur! Burada məqsəd yazı vərdişinin formalaşmasıdır, keyfiyyət isə hələlik önəmli deyil.
İkincisi, yazdığın nə varsa, daim sual ver: "Bu hissədə nə demək istəyirəm?", "Bu hissə hadisələrin/qəhrəmanların təsvirinə necə kömək edir?", "Bu fikri başqa sözlə, metaforla necə ifadə edə bilərəm?" və s. Özün özünlə belə sual-cavab, ifadə etmək istədiyin fikri daha da cilalayır, və süjeti istədiyin məcraya yönəldir.
Bütün yazarlar mütəmadi olaraq bir sənətkar kimi bloklanırlar. Təcrübəli yazarlar o bloklanmadan tez çıxa bilirlər, kimsə Xaruka Murakami kimi qaçışla məşğuldur, kimsə Fridrix Şiller kimi çürük almaları qoxlayır, kimsə Dostoyevski və Nabokov kimi ayaqüstə yazır...
Yazı yazmaq üçün tam özünə və içinə, işinə qapanmalısan - heç kim səni narahat etməməlidir. Telefon söndürülməli, yazı otağının qapısı bağlanmalı, sosial şəbəkələrdən çıxmalı. Tam şəkildə əsərə, qəhrəmanlara köklənməli.
Və əziyyət çəkməyə, tər tökməyə davam etməli)))))))
Hiç yorum yok:
Yorum Gönder