26 Aralık 2021 Pazar

Öyrədərək, öyrənək!

Bu ifadə nəsə qəribə səslənir elə bil :). Necə yəni, öyrət və öyrən? Öyrətmək üçün əvvəl özün nəsə bilməlisən ki, öyrəndiyini başqasına ötürəsən, öyrədəsən. Yəni, öyrədərək, öyrən ifadəsini eşitcək, qəlibləşmiş ağlımıza ilk olaraq bu fikir gəlir.

Amma bu fikirdə rasional bir məğz var. Həqiqətən, öyrətməklə, öyrənirik. Yazıları və ya mühazirələri ilə auditoriya qarşısında çıxış edənlərin fəaliyyətinə diqqət etsək, görərik ki, onlar biliklərini və bildiklərini bizə ötürərkən, eyni zamanda, bizi öyrətməklə, özləri də nəsə öyrənirlər. Sirr deyil ki, informasiya (biliklər) sürətlə köhnəlir, və ya daim yeni araşdırmaların nəticəsi ilə zənginlənir. Odur ki, kimisə öyrədəndə, özün də öyrənirsən - biliyinə başqa, yeni bucaqdan baxırsan, nəyin köhnəldiyini, nəyin hələ də aktual olduğunu aydın görürsən, müəyyən nöqtələrdə boşluğu anlayıb, onları məlumatlarla doldurursan...

Qədim roma filosofu, şairi, dövlət xadimi Seneka əbəs yerə deməyib ki, başqalarını öyrətdikcə, özümüz də öyrənirik. Hər halda, dövrünün ən parlaq nümayəndələrindən biri olan Seneka bilir, nə deyir :)


Həəə, gəldik indi əsas məsələyə.

Mən niyə öyrədərək, öyrən ifadəsini indi əlimdə bayraq etmişəm? Əslində, mətn yazmağı, yazı texnikalarına yiyələnməyi öyrətmək istəyirəm. Və öyrətməklə də öyrənmək istərəm, təbii.

Düzdü, bir yazar kimi gündəmdə olmasam da (bunun üçün əsər sandığım çox yüngüldür :) ), amma müəyyən yazı bacarıqlarına və texnikalara malikəm, üstəlik hələ də öyrənirəm - sağ olsun internet, yazarlığa aid  xeyli  vebinar və seminarlarda iştirak etməklə, xeyli pdf kitablarını kompüterimə pulsuz  endirib oxumaqla yazarlıqda, deyə bilərəm ki, müəyyən qədər irəliləmişəm.


İndi də hesab edirəm ki, öyrətməklə daha çox öyrənmək vaxtıdır mənim üçün.



#yazarlıq_sənəti   

Hiç yorum yok:

Yorum Gönder