26 Aralık 2021 Pazar

Öyrənməyə start verim)))

Texnologiya dövründə informasiyanın daha çox şəkilləndiyini inkar etmək olmur - yazı mətnlərinə olan marağı şəkillər, təsvir və videolara olan maraq üstələyir, özümüz də görürük, sosial şəbəkədəki  yazı bir az həcmli olarsa, onu oxuyan olmur, əksəriyyət təsvirə, şəklə qaçır ki, məlumatı şüurla deyil, gözlə, görmə ilə dərk etsin. Gözlə qəbul edilən informasiyanın yaddaşda nə qədər qalacağı hələ sual altındadır, bəlkə gələcəkdə yeni tip şüur formalaşacaq, amma indidən deyirlər ki, bu tip informasiya qəbulu yaddaşı yükləmir və məlumatlar tez unudulur.

Stiker, SnapChat və s. "yazı" vasitələrinin və messencerlərdə qısa mesajlarla ünsiyyətin hegemonluğuna baxmayaraq, insanların daha dərin fikir bölüşməsinə ehtiyacı vardır. İndi biz informasiya axınında üzürük, batan batır, baymayan da bu axına adaptasiya edərək, öz məcrasını tapır. Mən,  bax bu məcranı tapanlara ünvanlanıram.

İnformasiya selinə qərq olub batmamaq üçün fikirlərini lakonik və ifadəli, cəlbedici və maraqlı yazmaq bacarığı ön plana çıxır. Boz gerçəklikdə möcüzə görməyin, ən adi hadisələri nəfəskəsici ifadələrlə nəql etməyin nəyi pisdir ki? Bəzən elə mətnlər olur ki, yaxşı mənada, ilişib qalırsan, sarılırsan ona, o da sənə sirayət edir, hər kəlmə sənin ürəyini riqqətə gətirir, sanki mətn sırf sənin özündən bəhs edir, məhz sənin üçün yazılmışdır...

Yazarları varolun türməsindən qaçmış insanlar kimi qavrayıram. Bu qaçış xəyali olsa da, yazarın fikirləri əsərləşərək, xəyalın və yaradıcılığın gerçək bir məhsuluna çevrilir. Oxucu da bu məhsulu "həzm edərək" estetik və bədii zövq alır. Bu azmı? Bir yazar üçün oxucu qarşısında maraqlı bir məhsulu ortaya qoymaq böyük uğurdur.

Odur ki, öyrənməyə başlayaq!

#yazi_seneti 

Hiç yorum yok:

Yorum Gönder