Bilirsən...
*
Bilirsən, çox güclüyəm,
Sinəmdə düyünlənən,
Hayqırtımdan yaranıb
Qayalaşmış daş kimi...
Bilmirsən, çox zəifəm
Qaranlıq gecələrdə
Ağrılarımdan qopub
Gözlərimdən süzülüb
Gilənənən yaş kimi...
Bilirsən...
Yaxşı ki...
*
Yaxşı ki, xəyallarımız var
Axıb gedən acı ömrü
Hiss etmirik, baş qatırıq...
Yaxşı ki, duyğularımız var
Gerçəklərin ağrı günü
Özümüzə qapılırıq...
Yaxşı ki, suallarımız var
Cavabsız havada qalan
Onlara min don bəzəyib
Yaşayırıq, aldanaraq...
Qaynaq: "Ədəbiyyat qəzeti", 11.12.2021
Hiç yorum yok:
Yorum Gönder