genc shairler etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
genc shairler etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

21 Nisan 2012 Cumartesi

Mətləb Muxtarov. Övladlığa götürülmüş gecənin qaranlığı



Pəncərəmin tərləmiş şüşəsi ağlayırdı səssizcə,
qaranlıq sürətlə keçirdi gecənin yanından,
heç kəs onu saxlamırdı.
Nə gecə,nə yol polisi,nə də mən.
Mən saxlaya bilmirdim, çünki
gecəni seyr edirdim, şəhəri seyr edirdim
və göydələnlər hamiləydi reklam lövhələrindən.
Fahişələr övladlığa götürmüşdü qaranlıq küçələri,
pişiklər övladlığa götürmüşdü zibil yeşiklərini,
sən övladlığa götürmüşdün məni və bütün kitablarımı.
Mən mündəricatlar qədər sadə,
mən ilk şeirlərim kimi dayazdım.
Kitablarımdakı cümlələr gələcək zamanda bitirdi,
əslində bütün cümlələr gələcək zamanda bitir
sadəcə biz keçmişi yaşayaraq yaşlanırıq.
Mən səni yaşayıram, sən məni yaşayırsan.
Bizi heç kim yaşamır.
Məni heç kim anlamır.
Mən,
həyatı döydüyümə görə həbs olunmuşam pəncərə önünə,
amma arzuladığım kimi deyil pəncərəm önündəki mənzərə.
Nə günəş oyadır məni hər sabah qırmızı şualarla,
nə quşlar uçur dəniz kənarında qeyri-qanuni
əvəzində həmişə eyni tərəfə uçan elektrik məftilləri
və həmişə eyni tərəfə baxan daş heykəlləri görürəm.
Bax,budur bütün mənzərə.
İndi sən de mənə, səni necə fikirləşim?
Səni necə sevim səssizcə?
Qaranlıq yenə sürətlə keçirdi gecənin yanından
Mən tutmaq istəyirdim onu,
Tutmaq, yatağıma salmaq və sevişmək bütün gecə,
nə şəhəri seyr etmək,
nə küçəyə baxmaq gizlincə,
nə də gecəni pusquda gözləmək,
qaranlıqda sevmək və sevişmək,səni düşünərək.

http://kultaz.com

8 Aralık 2011 Perşembe

Kəramət BÖYÜKÇÖL. K+İ=Love. Xatirə soyqrımı



K+İ=Love
yazdığımız divarı söküblər indi,
plana düşmüşdü həmin ev.
üstünə söz yazdığımız ağac da qurudu,
sözümüz söz olmadığından.
susdu ağaclar,
yarpaq dodaqlarında,
küləklər susdu dənizin
dalğa yanaqlarında,
küləklər yudu küçələrdən
ayaq izlərimizi,
boş-boşuna əsir küləklər,
yad adamlara dəyir indi
bizə dəyən küləklər.
qoşa şəhid şəkili kimi asılı qalıb
havanın divarından
biz əyləşən skamya.
sərçə dimdiklərinin ümidi idik,
uçub getdilər,
dönərimizə şərik çıxan pişiklər küsüb getdilər,
yanımıza qaçıb gələn dilənçi uşaq
hər gün pusur yollarımızı
ümidli gözləriylə...
küçələr acından öldü ayaq izlərimiz üçün.
boyadılar bu şəhərin üzünü, boyadılar.
qaldı altında xatirlərimiz...

kulis.az

1 Aralık 2011 Perşembe

Nərmin Hüseynzadə. Evimizdəki bütün bıçaqları danladım səhərə qədər



Biz üç dost içib-içib ağladıq gecədən bəri
yemədik, yatmadıq
udum-udum hava diləndik, nəfəs diləndik
boğazımıza sarılan əllərdən
qopa bilmədik, bilmədik
evimizdəki bütün bıçaqları danladım səhərə qədər
olmaz, dedim
adamın ürəyinə batmaq olmaz dedim...
bütün əllərə nifrət elədim...
biz üç dost udum-udum hava diləndik, nəfəs diləndik
səhərə qədər
içib-içib ağladıq...
əşyaları yerə çırpdıq, ortalığı dağıtdıq.
bağırıdq
yorulduq
gözümüzdən yaş əvəzinə, qəzəb damladı
kürəyimiz ağrıdı səhərə qədər
sənə dəyən bıçaqların soyuğunu hiss etdik canımızda.
bu gecə içkilər daha acı oldu, siqaretlər daha çəkilməz...
çəkilməz oldu, başımızdan ağrılar, çəkilməz...

kulis.az

30 Temmuz 2011 Cumartesi

Gənc səslər: Aytən Təhmasibdən bir şeir



www.kultaz.com

KƏPƏNƏK BUYNUZUNDA ŞƏHƏR
*
Şəhərin gecə işıqlarında
üzə çıxdı
alnın qara yazıları.
Alnından oxundu
Gecələrin lənəti,
Lənətlənmiş gecə “sevgiləri”.
Küçə işıqlarından asılı qaldı
ölmüş ümidlərin.
İşıqlar qatil oldu şəhərlərdə
Azmış insanı içdən öldürdü
Gecə işıqları.

Gecədə səssizlik var,
Fikirlərdə çaşqınlıq:
-bir gecəlik sevgilər
Satılar
Topdan və pərakəndə.
Siqar kötüyü boyda olar
Kişilərin gecə sevgisinin ölçüsü.

Gecədə səssizlik var.
Susub səssizliyi dinləyər
Çaşbaş qalan köpəklər.
Hürməyə qorxub,
Pişiyi ağaca dırmaşar itlərin.
İçində ulayar
Itmiş dini, imanı
İçin-için axtarar Yaradanı.
Səhərə qədər
kəpənək buynuzlu gecə işıqları altında
təmizləyər Yaradan.
Ruhları, bədənləri, günahkar şəhəri..
Günaydın! – deyib,
Gün doğurar
Günahkarların üzünə.

Bezdirməyin Yaradanı!