23 Ocak 2021 Cumartesi

Şeir dəftərçəmdən. Virtual məktub.

 


Sənə elektron məktub yazacam.

Texnologiya əsrində duyğularımı

Əl ilə yazıram.

Hisslərim barmaqlarımdan

Mətnə süzülür aram-aram.

Qoy bir az kədərimin çəkisi azalsın,

Xatirələrim qısalsın –

Çaq-çaq-çaq yazacam.

Yəqin, səhər tezdən yazaram,

Yuxularımın rəngi qaçmamış.

Bəlkə axşam yazaram,

Yorğun ruhumun diktəsi ilə.

Elə məktub yazım ki, dramlı tonları olmasın,

Dolmasın,

Donmasın

Göz yaşlarım gözlərimdə.

Elə yazım ki, sanki hər şey yaxşıdır –

Mən,

Sən

Və başqaları həminik,

Dəyişməmişik.

Bəlkə gecə yazım – şeytanlarla mələklərin

Savaşı saatında?

Bəlkə mətbəxdə yazım – təzə dəmlənmiş

Çayın mixəkli ətri altında?

Hər şeyi birdən yazım – bir kəlməylə,

Bir cümləylə,

Olanları, olmayanları,

Ola biləcəkləri.

Bəs mən sənin nağılındım,

Noldu?

2015

17 Ocak 2021 Pazar

Yeni hobbim - zentanql (zentangle)

 
Zentanql - qrafikada bir istiqamətdir, əsasən sadə karandaş və ya qara tuşla (qələmlə) təkrarlanan naxış və elementlərdən ibarət bir rəsm texnikasıdır. Nəticə maraqlı deyil, yəni sonda  möhtəşəm bir əsərin yaranacağına ümid etməyin)))))) Zentanqlda əsas məqsəd - prosesin özüdür; təkrarlanan elementlər sinirləri sakitləşdirir, ona görə bu rəsm texnikasını psixoterapiya kimi anlamaq olar. Həmçinin bu, bir meditasiya üsulu, öz iç dünyan ilə baş-başa qalmağın bir yoludur. Patternlər (xırda elementlər) təkrarlandıqca, əvvəldən planlamadığın bir təsvir yaranır. 

Mənim rəsmlərim sirf zentanql deyil, neyroqrafika elementləri də vardır. Mənim üçün maraqlı olan qarışıq, xaotik xətlərdən və elementlərdən, sonda gözləmədiyim bir təsvirin yaranmasıdır, bu baxımdan yeni hobbimi ruhsal rəsm adlandıra bilərəm.

"Güldanlar", kağız, sadə qələm, layner. Bu rəsmdə tanqlar aydın görünür.


"Quş vişnədə", kağız, gelli qələm. Bu rəsmdə həm zentanql, həm də neyroqrafika elementləri var.


7 Ocak 2021 Perşembe

Günün əksi -3.

 


"Biləklərimi boş ver, həkim,

xəyallarım qan ağlayır!"...

Divarda yazılmış, ağacların arasında gizlənmiş bir yazı. 

Yolun kənarında şam ağacları bitir və divarın qarşısını tutur. Yalnız "burada və indi"də olanlar bu yazını görə bilər, başqalarının - öz qayğı aləmlərinə qərq olmuşların bu yazı, ağaclar və divarla heç bir təmas nöqtəsi olmaz.

 Bu yazı müəllifini 15-16 yaşında təsəvvür edirəm. Çox gəncdir, həyatında ilk dəfə aşıq olmuşdur, sevginin bütün acı-şirinliyi dadmış və, görünür, nə hisslərinə, nə də özünə dəyər verilməmişdir...

Bu şairanə gəncə Qədim Roma şairi Vergilinin sözü çox yaraşır: "Döz, və gələcək üçün güclü qal".

Bilmək olmaz, gələcəkdə nə olar - bu gənc, sevgisini taparmı, və ya ömrü boyu ilk eşqinin xatirəsi ilə yaşayar; amma divarda yazdığı acı etiraf hələ də ağacların arasında gizlənməkdədir...

4 Ocak 2021 Pazartesi

Günün şüarı

 "Любовь - это когда ты живёшь в моём сердце"



2 Ocak 2021 Cumartesi

Şeir dəftərçəmdən. Metamorfoz

 


Yaşlandıqca, ruhumuzu itiririk deyəsən.

Yolun əvvəlində kim idik,

Sonunda kim olduq...

Ürəyimizi sevgidən qoruduq,

Heç kimə “darıxmışam səndən ötrü” demədik.

Bağlı qapıları döyməkdən yorulduq.

Üzümüzü yastığa sıxıb daha ağlamadıq –

Göz yaşı  qalmadı gözlərimizdə.

Güclü olduq.

Addımladıq irəli təkbaşına.

Fəryaddan daha ağır susqunluq

Doldu gözlərimizə,

Ürəyimizdə məskən saldı narahat boşluq.

2019

Günün əksi - 2.

Başım fikirli, ürəyim qayğılı, əlim ərzaq dolu neylon torbalı. Asfalt üzərindəki xırda gölməçələrdən yağış suyu çəkmələrimə sıçrayır. Sakitlikdir. Hamı evinə çəkilib. 

Sevirəm belə havanı - bir az çiskin, bir az qəmli. Və adamsız küçələr. Təkcə mən və yağış, bir də içimdə səslənən həzin musiqi. Zümzümə edə-edə addımlayıram.

Qarşıdan gələn iki qoca siyasətdən danışır, ucadan mübahisə edirlər.

Biri digərinə deyir: - Tramp kişi adamdır! Bakıya gəlsə, ona qonaqlığı birinci mən verəcəm!

Şeir dəftərçəmdən. Taleyin nərdi

 

Gəl, bir uğurlu gün arzulayaq –

Fələyə qarşı çıxıb,

Dadsız günümüzə şeş-qoşa ataq.

Əvvəldən tale həyat rəsmini cızıb,

Ağ-qara rəngləyib,

İndi sıfır atır meydana

Gülə-gülə.

Di get,  zülmətdən buludlara,

Günəşə, həyata əlini çatdır.

Yenə fələk nərd atır –

Şeş-qoşanı gizlədir,

Oyun qızğındır – kim kimi ram edir...

Günlərin dərisi soyulur  zaman-zaman,

Çılpaq sinir kimi qıcıqlanırsan –

Şeş-qoşanı tutmaq istəyirsən,

Zəfər yaxındır!

Ey fələk, nə desən – o olacaq,

Gəl, bir əl də nərd ataq!

2019

1 Ocak 2021 Cuma

Günün əksi -1

 * İlin məktubu – “Ana, şəhid olsam, ağlama!”

* İlin arzusu – “Şəhid olsam, oğluma mənim adımı qoyarsınız”

* İlin ən gözəl əşyası – Əsgərin cibindən cıxarıb iylədiyi uşaq corabı

* İlin sevinc nidası – “Əziz Şuşa, sən azadsan!”

* İlin rəqsi – Əsgərlərimizin Cıdır düzündəki yallısı

* İlin səsi – Xudayarın səsi

* İlin rəqəmi – 2825

* İlin iradə və qürur rəmzi – şəhid ərinin tabutunu çiynində daşıyan qadın

* İlin müqəddəsləri – şəhidlər və şəhid anaları

* İlin döyüşü – Şuşa uğrunda əlbəyaxa savaş

* İlin sözü – “Qarabağ Azərbaycandır!”

* İlin rəngi – Azərbaycan bayrağının rəngləri

* İlin qəhrəmanı – Azərbaycan əsgəri

* İlin xalqı – Azərbaycan xalqı

* İlin ölkəsi – Azərbaycan

(internetdən)

31 Aralık 2020 Perşembe

Azərbaycanın Dövlət Himni müxtəlif dillərdə

 

2020 - son günün əksi. Yeni tarix

Ziddiyyətli, qayğılı 2020-ci  ili  beləcə yekunlaşdırırıq, hə-hə, hə-hə deyə-deyə, ilin son günü də yetişdi.

İlin əvvəlində bütün dünyaya sızan öldürücü virusa dair məlumatlar gəldi, mart ayından "Evdə qal!" çağırışı altında ölkəmizdə karantin elan edildi, yeni şəraitə, yeni həyat tərzinə uyğunlaşmalı olduq. Üzümüzdəki tibbi maskalar baharın dadını çıxartmağı əngəllədi, ağaclar bizsiz yarpaqladı, meyvələr bizsiz yetişdi - nə onların ətrini duyduq, nə baharın təravətini.

Yay aylarında karantin tədbirlərinin müddətinin uzadıldığını biıləndə, xeyli deyindik - axı yayı dənizsiz, günəşsiz, yaysız təsəvvür etmirdik! Amma nəinki təsəvvür etməli, hətta yayı yaysız yaşamalı olduq, yenə də evdə qaldıq. Yay da beləcə  həyatımızdan duyumsuz ötüşdü.

Sonra payız gəldi, nə gəldi, necə gəldi! 27 sentyabr bütün xalqımızı təlatümləndirdi, coşdurdu. Əsgərlər ön cəbhədə, sivillər virtual dünyada düşmənlə mübarizəyə qalxdılar. Çox möhtəşəm anlar yaşadıq! 44 gün ərzində şanlı əsgərlərimiz erməni terrorçuları və qəsbkarları ilə aslanlar kimi savaşdı, onları it kimi torpaqlarımızdan qovaraq, darmadağın etdi! Hər an sosial şəbəkələri monitorinq etdik, cəbhədən yeniliklər gözlədik, illərlə baxmadığımız yerli kanallara gömüldük ki, Ordumuzun irəliləyişlərini bilək və sevinək! Ağdərə, Zəngilan, Şuşa azad olanda hamı bu əzəmətli qələbədən hönkür-hönkür ağladı. İnanılmaz hisslər keçirdik! Cəsarəti ilə möhtəşəm olan fakt bütün dünyanı QARABAĞ - AZƏRBAYCANDIR! - deməyə məcbur etdi. Bələkdə doğma yurdu tərk etmiş körpələr, 30 il sonra öz qanı-canı hesabına həmin yurdu düşməndən təmizlədi. Gözümüzün önündə Azərbaycan əsgərinin şücaəti yeni tarix yazdı!

Bəzən sel yağışlı, bəzən günəşli qış günlərində Azərbaycanın öz ərazisini bərpa etdiyini, yeni sərhədlərin qurulduğunu gördük və görməkdə davam edirik.

2020-ci il beləcə bizi həm sarsıtdı, həm sevindirdi; həm şaşırtdı, həm kədərləndirdi...

Şəhidlər verdik. Gənc qızlar sevgilisiz, körpələr atasız, analar oğulsuz qaldı. Torpaq qanla alınar. Bu bir amansız gerçəklikdir. Allah cəmi şəhidlərə rəhmət eləsin. Onların hamısının qarşısında mənəvi və insani borcumuz var - düşünürəm, hər birimiz çevrəmizdəki şəhid ailəsinə, və ya qaziyə maddi və mənəvi dəstək ola bilərik, bu, bizim edə biləcəyimizin çox az hissəsidir.

31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günüdür. Xudafərin körpüsü uğrunda döyüşləri Arazın o tayından İran azərbaycanlıları canlı-canlı müşahidə etmiş, əsgərlərimizi alqışlar və mahnı ilə dəstəkləmişlər. O taydan bu taya bir-birlərinə qışqırmışlar:

Azərbaycan var olsun!

İstəməyən kor olsun!

Digər ölkələrdə yaşayan azərbaycanlılar cəbhəyə əməli kömək göstərmişlər. Bütün bunlar həmrəyliyin bariz nümunəsi deyilmi?

Yaşasın Azərbaycan əsgəri!

Yaşasın Azərbaycan!