sevgi sheiri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
sevgi sheiri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

25 Mayıs 2012 Cuma

Xatirə Nurgüldən iki şeir


TƏSƏLLİ                      

Sözlər darıxmamaq üçündür
səslər darıxmamaq üçün
Filmlər
fikirlər
şəkillər
daha nələr
daha kimlər
hər şey darıxmamaq üçündür
hər kəs darıxmamaq üçün

Hərdən də sonuncu ağacı kəsər adam
sonuncu pəncərəni qırar
dənizləri qurudub
gəmiləri qaytarar darıxmaqdan

Hərdən də daşa dönər adam;
darıxdığından götürüb
daş üstünə adını yazar
bir yolçu
« İ M Z A S I Z »
Heç kim olmamaq da darıxmaq qədər acı.

ŞƏHƏR...PAYIZ...VƏ YOXLUQ

Unutmağa başlamışam
sükut - sən yoxsan gerçəyini
çırpandan bəri üzümə

...səhər pərdələr yellənir küləyə
pəncərələr açılır
küləyə
şəhərə
şəhərdə payızdı -
yəni ayrılıqlar zamanı
payızdı və sən yoxsan

Hər gün iki dəfə baxıram aynaya
özümə gülmək və
otağımı kənardan görmək üçün
Dodaq boyasıyla
adını yazıram güzgünün səthinə
üstündən silirəm dönə-dönə
Yenə... yenə də
sən yoxsan

Şəhər - unutmaq məkanı
əyri binalar qurumuş ağaclar
hamını
hər şeyi çıxarır yaddan
Elə mən də bayaqdan
xatırlamağa çalışıram
kim idi kim idi yox olan...

5 Şubat 2012 Pazar

Şeirlərimdən



***
Gün bitdi.
Solğun, əzgin yarpaq kimi
pəncərələrə dəydi.

Təkcə oturmuşam.
Özüm-özümə yadlaşmışam.
Hisslərə bürünmüş sözlər
qapalı dodaqlarımdan
qurtulmaq istər,
azadlığa can atar
daxili həbsxanadan.

Yaddaşımı cırmaqlamaq istərəm
ki,
küləyin hər gecə
"hanı... hanı o...
hardadır..."
acı pıçıltısının
mənə aid olmadığını
özüm-özümə sübut edim...

***
İtirərdim özümü
qollarında,
barmaqların gəzərdi
saçlarımda,
tellərimə ahəstəcə
toxunaraq
musiqi yazardın
duygularından...

Sevgi nəğməsi
baharda susdu.
Yazdan sonra
niyə
qış oldu...

Sima, 2011

19 Ağustos 2011 Cuma

Sevinc Pərvanədən bir şeir.



Yoxsan...

yoxsan...
o qədər dağınıq hər şey

tez-tez çayımı üstümə dağıdıram
yapışır şalvarım qıçıma
yanıram, yanıram.

əlimlə qoyduğum əşyanın yerini unuduram
şərləyirəm evdəkiləri
axırda özüm tapıram

yarıyadək oxuduğum kitabları
başdan başlayıram

pişiyimə kök
dovşanıma ət verirəm
sənin yerinə
müdirimə zəng edirəm...

bilgisayarımın yaddaşından
lazımlı faylı
çaşıb silirəm

evdə işıqları yanılı
suyu açıq buraxıram
deyinir anam
ayaqyolunda suyu çəkməyi unuduram
deyinir anam

bir saatın içində
üç dəfə soruşuram
ayın tarixini

marketlərdə pulu artıq verirəm
avtobusdan pulsuz enirəm
unuduram dişlərimi fırçalamağı
tərs geyinirəm köynəyimi
işim düz gəlmir
o qədər dağınıq hər şey...
yoxsan...

http://www.azadliq.org