13 Şubat 2011 Pazar

Mərhəmət günü


Hər il fevral ayının 17-də beynəlxalq xeyriyyə təşkilatlarının təşəbbüsü ilə Mərhəmət günü qeyd edilir. Həmin gün hamı bir-birinə cani-könüldən, təmənnasız olaraq kömək edir - maddi, ya mənəvi, fərq etməz... Bəzən bir təsəlliverici söz də insanı həyata qaytarır, bədbinlik və uğursuzluq girdabından xilas edir.
Mərhəmət günündə hamıya olmasa da, heç olmasa yaxınlarımıza mərhəmətli olaq, onları öpüb gözlərinə baxaraq - səni çooox sevirəm! - deyək...

12 Şubat 2011 Cumartesi

Yeni hobbim


Son zamanlar nəsə rəsm çəkmək həvəsi gəlib mənə, amma əlimdə karandaş tuta bilmirəm)))) Çəkdiklərimə rəsm deməyə dilim gəlmir - sadəcə bir həvəs, emosiya və maraq...
Bir neçə gün internetdə saytları gəzəndən sonra belə bir sayt tapdım:

http://emoroz.ru

burda guya pulsuz olaraq 7 gün ərzində master-klass veriləcək və istənilən şəxs rəsm çəkmək texnologiyasına yiyələnəcək.
Saytın sahibi nədənsə bir şərt kəsir - sayt adresini FB-də, ya da şəxsi bloqda yerləşdirmək. Elə də edirəm və 7 gündən sonra nəticələrimi deyərəm.

Salvador Dali olmayacam, amma yenə də cəhd edim də...

Hamıya uğurlar!
)))

9 Şubat 2011 Çarşamba

Rus poeziyasının günəşi A.Puşkin anılır


1837-ci ilin fevral ayının 10-da rus poeziyasının dahi şairi Aleksandr Puşkinin vəfat etdiyi gündür. Şairin rus və dünya ədəbiyyatının inkişafındakı möhtəşəm rolunu danmaq olmaz.
Burda Puşkinin bir aforizmi yada düşür:
"Risqdən imtina etmək – yaradıcılıqdan imtina etmək deməkdir"

8 Şubat 2011 Salı

Ağaclar və insanlar


Ağaclar insanlar kimi
Yolboyu
Qol-boyun olub,
Dirənib,
Sinə gərib küləyin əzminə.

Ağaclar kimi güclü olmayan insanlar
Dünyanı zəbt edən şərə
Boyun əyib,
Əyilib
İçi kirli,
Çölü parlayan,
Əzəməti ilə göz qamaşdıran
Bütlərin xeyrinə...

Rəngləri bozarmış dünyada
Bütləri yıxıb dağıtmaq,
Yeni rəngli dünya qurmaq
Üçün
Ağaclar kimi
Dirənib,
Sinə gərib,
Getdiyi yol boyu
Qol-boyun olub
Addımlayan,
Yeni yolda
Yeni bütlər yaradan insanlar
Yeni nəsillərə
Hansı
Nağılları uyduracaqlar...

Vladimir Kunin – “İnterqız” romanının müəllifi vəfat etdi


Münhendə uzunmüddətli xəstəlikdən sonra rus yazarı, dramaturqu və kinossenaristi Vladimir Kunin fevral ayının 4-də vəfat etdi (www.lenta.ru). Yazarın 83 yaşı vardı. O, 1927-ci ildə Leninqradda doğulub. Idman institutunu bitirib, peşəkar idmançı-akrobat olub, sirkdə işləyib.
Sirkdə bədən xəsarəti alandan sonra Kunin xəstəxanada müalicə alır və ilk hekayələrini yazmağa başlayır. 1962-ci ildə onun “Taksidə işləyirəm” ilk povesti çap olunur. 1967-ci ildə Kuninin povesti əsasında çəkilmiş “Hücum edən qırıcının xronikası” filmindən sonra yazıçı özünü tamamilə ədəbi yaradıcılığa həsr etmək qərarına gəlir.
Vladimir Kunin 30 kinossenari və onlarla roman və povest müəllifidir. Onun əsərləri əsasında “Hərdən xatırla” (1977), “İnterqız” (1989), “Əclaflar” (2006) filmləri çəkilib.
Kunin 1990-cı ildən Münhendə yaşayırdı.

Tənqidçi sözü


"37-nin xofu ədəbi tənqidin canından çıxmayıb". Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın müsahibəsi

"Həftə içi" qəzeti, 5-7.02.2011

- Çağdaş ədəbiyyatımızda ədəbi tənqidin zəifliyi özünü çox ciddi şəkildə göstərir. Tənqidçi kimi bunun səbəblərini nədə görürsüz?

- Gəlin görək, Azərbaycan ədəbiyyatında tənqidin ən güclü vaxtı hansı dövrdə olub? XIX əsrdə, sovet dövründə, yoxsa müstəqillik illərində? Məsələn, Stalinin ölümündən sonra bütün SSRİ-də yaranan yumşalma mərhələsi, yəni 60-cı illərdə istənilən sahələrdə müəyyən irəliləyişlər oldu, ancaq yenə də həmin dövrdə tənqidin zəifliyindən şikayətləndilər: tənqid ədəbiyyatla ayaqlaşmır dedilər.
37-nin xofu ədəbiyyatın canından çıxdı, tənqidin yox.


Mətni tam olaraq, buradan oxuyun:

http://www.hafta-ichi.com/v4/2011/02/05/read=60966

7 Şubat 2011 Pazartesi

2011-ci il Tukay ili elan edilmişdir


TÜRKSOY türk mədəniyyətləri beynəlxalq təşkilatı tərəfindən 2011-ci il Tukay ili elan edilmişdir. Bu münasibətlə Ankara şəhərində təntənəli tədbir keçirilmişdir. Tatarstanın mədəniyyət naziri Zilə Valeyeva çıxışında demişdir: “Tatar şairi Həbdulla Tukayın yaradıcılığında türk yazarları ilə əlaqələr mühüm rol oynamışdır. Hələ mədrəsədə oxuyarkən, Tukay türk dilini öyrənmiş, möhtəşəm dini-sufi əsərlərlə tanış olmuşdur. Tukay həm Osmani dövrünün, həm də yeni dövrün ədəbiyyatı ilə maraqlanmışdır”.
Tukayın böyük arzusu vardı – Türkiyəni görmək. Lakin bu arzunu o, həyata keçirə bilmədi, amansız xəstəlik şairin həyatına son qoydu. Türkiyəni görməyən Tukay, əsərləri ilə nəinki Türkiyəni, bütün dünyanı “gəzdi”. Onun şeirləri ərəb, fransız, ingilis, italyan, ispan, alman, udmurt, çin, indoneziya, fars dillərinə tərcümə edilmişdir.
2011-ci ilin Tukay ili elan edilməsi ilə əlaqədar, bütün dünyada mədəni tədbirlər həyata keçəcək, konsertlər, yaradıcı insanlarla görüşlər təşkil olunacaq.

31 Ocak 2011 Pazartesi

Yeni il fevralın 3-dən başlanır


Çin təqvimi ilə 2011-ci il fevral ayının 3-də qədəm qoyur. Ağ Dovşan ili 2012-ci ilin yanvar ayının 22-dək davam edəcək. İnanclara görə, bu il insanlara rahatlıq, səmimilik gətirəcək. İnsanlar qonaqpərvər olacaq. Diplomatiya ön plana çəkiləcək...


PS. Təəssüf ki, real həyatda tamam başqa şeyləri görürük - il təzə başlayıb, ancaq terror aktları (məsələn, Moskvada Domodedovo aeroportunda partlayış), iğtişaşlar (məsələn, Misirdə) səngimək bilmir...

29 Ocak 2011 Cumartesi

İpoxondriya


*
Qara qəfəslər.
Boğulmuş tərəddüdlər.
Ən yaxşı sözlər,
Fikirlər,
Mətnlər
Cərrah bıçağıyla yarılmış kimi.

Yuxular məntiqli,
Rəngli,
Həvəsli.

Gerçəklik -
Ağrılı,
Ağılsız,
Üzgün.

Damarlar
Ülgücə hazır.

Ürək
Sevgi oyunlarından narazı...

Əlvida, Toppuşum... (hekayə)


Onunla adi bir gündə rastlaşmışdı. Əslində adi gün deyildi, arvadının ad günü idi. Orxan ildə bir dəfə arvadına olmayan, amma olan kimi görünən məhəbbətini necəsə sübut etməliydi. İlin 364 günü ər-arvad qanuni nigahın onların çiyinlərinə qoyduğu məsuliyyətlə barışaraq yaşasa da, iki yad adam kimi davranırdı, yalnız bir gün – Arzunun ad günündə - qonaqlar qarşısında müasir, ideal cütlük tamaşası oynanılırdı. Onları birləşdirən ülvi dəyərlərdən əsər-əlamət yoxdu – evlənəndən az sonra Orxan bunu anlamış, anladıqdan sonra içi sarsılmışdı. Ona özgə olan, ürəyinin bir telini də riqqətə gətirməyən bu yad, dayazfikirli qadınla illərlə yaşamalıydı. Yox, nə yaşamaq... əzab çəkməliydi. Arvadıyla ünsiyyəti sıfırlamaq üçün evə cox gec gələr, gələn kimi də soyunub yatağa girərdi. Arxasını arvadına çevirib yuxulamağa çalışardı. Amma, deyəsən, yuxu da ona qənim kəsilmişdi – gəlmirdi ki, gəlmirdi...
Əvvəllər Orxan evə gec gələndə, arvadıyla sevişməkdən yayınanda, vicdan əzabı çəkərdi. Özü-özünü danlayardı ki, adam kişi olar, cəhənnəmə sevgin yoxdur, amma bu zavallı qadının nə günahı var? Belə dəymə-düşərsən, evlənməyəydin. Evləndinsə, canın çıxsın, yaxşı bax arvada, incitmə onu, ər kimi borcunu yetir!
Orxanın sevgiyə həsrət ürəyi qatar relsi kimi düz və əyilməz şüuru qarşısında susurdu, amma razılaşa bilmirdi. Zorlaya bilmirdi özünü. Öz içində özünü tənha, kimsəsiz və subay sayırdı.
Gecələr gözünə yuxu getməyəndə, yaşadıqlarını xatırlayıb kövrəlirdi. Axı mən də insanam! Sevmək, sevilmək istərəm! Nə üçün yaşayıram? İşə görə? Uşaqlara görə? İşini də, uşaqlarını da sevirdi, amma onlar da ürək istəklərini tam ödəyə bilmirdilər. Anası sağ olsaydı, uşaqlıqda olduğu kimi, kəkilindən tutub dartar, “ağlını başına yığ, - deyərdi. – Arzunun nəyini bəyənmirsən? Savadlı, yaraşıqlı qadındır. Həkimdir. Sənə iki uşaq doğub. Day nə lazımdır?”
Nə deyəydi anasına? Deyəydi ki, Arzunu sevmir? Ona əlini toxunduranda, içində anlaşılmaz bir ikrah hissi, etiraz doğur? Necə izah edəydi bunları?
*
Bir gün talenin zarafat damarı tutdu. Və Orxan yüzlərlə gözlər arasında Onun gözlərini gördü. Zaman dayandı. Ürək çırpındı. Nəfəs kəsildi. Orxan o gözlərə baxdı, o gözlərin dərinliyində boğuldu. Xilas olmaq istəmirdi. Necə gözəl hiss idi gözlərdə məhv olmaq...

Arzudan çıxmayan iş – bu dəfə ad gününü evdə keçirmək istədi, iki-üç yaxın dost-tanışıyla. Orxan heç ağlına gətirməzdi ki, həmin gün onun həyatını tamam alt-üst edəcək.
Dəvət edilmiş qonaqlar arasında Orxanın tanımadığı bir qadın vardı. O, Arzunun təzə iş yoldaşı idi, bilinmir, hansı ağılnan Arzu o qadını ad gününə dəvət etmişdi. Bəlkə bu, taleyin oyunu idi? Bəlkə də oyun deyildi, Orxanın həsrətlə gözlədiyi, axtardığı tale hədiyyəsi idi?
Qadın sakitcə masa arxasında əyləşmişdi. Elə də yaraşıqlı deyildi. Uzun şabalıdı saçları, kədərli gözləri vardı. Orxan qadını görən kimi, ürəyində “Toppuşum” dedi. Heç vaxt əndamlı, kök qadınları xoşlamamışdı, sevməmişdi onları, ona elə gəlirdi ki, kök qadınların bədənindən dişi heyvan iyi gəlir... Orxanın zərif könlü belə vulqarlığı qəbul edə bilmirdi.
Amma bu qadın... Bu qadında izahedilməz cazibə vardı. Onun kədərli gözlərinə baxarkən, Orxanın içindən elektrik cərəyanı keçirdi sanki. Qəribəydi... İllərlə Orxan bu hissi, bu həyəcanı yaşamağa çalışmış, rastlaşdığı, sevişdiyi hər qadında bu ehtizazı axtarmışdı, tapmamışdı. İndi xəyalındakı qadın cismani yaxınlığı ilə Orxanı qorxudurdu. Çünki Orxan artıq bilirdi: bu, Odur... Onun Toppuşu...
*
Onların gizli görüşdükləri yer vardı. Şəhərin ucqar yerində Orxan ev kirayələmişdi. Balaca, rahat evi öz doğma evi kimi sevirdi. Burda hər əşyadan Toppuşun ətri gəlirdi. Orxan həmişə Toppuşdan tez gələr, otaqda oturub gözləyər, pilləkəndən gələn addımlara diqqət edərdi. Gözləmək də şirindi... Sevgilisi kimi... Bu balaca otaqda yaşadıqları böyük hissləri sanki yenidən, dönə-dönə qiyabi olaraq yaşayırdı Orxan. Xatırladıqca, gülümsünürdü. Bu qadına qədər yaşadıqları bir yuxu, sayıqlama kimi görünürdü. Reallıq isə indi zühur edirdi. “Toppuşum... yuxu kimisən... gözəl, şirin...” – belə düşünürdü hər an.
*
Sonra Orxan getdi. Acizliyini, inamsızlığını, zəifliyini dərk edərək getdi. ”Əclafam, - deyirdi özü-özünə, - cəmiyyətin gözündə normal ata, normal ər kimi görünmək üçün sevgimi dandım, Toppuşumu dandım”, Ürəyi ağrı ilə dolu olsa da, ağlaya bilmirdi. Əllərində hələ də Toppuşun saçlarının ipəkliyini, qulaqlarında onun cingiltili gülüşünü duyurdu. Gecələr kresloda əyləşib köks ötürə-ötürə səhəri açırdı. Artıq xatirələrdən başqa əziz heç nəyi qalmamışdı. Heç nəyi.
*
Bir gün Arzu ağızucu dedi ki, Toppuş işdən çıxır. Özəl klinikaya dəvət alıb. “Bu qız da yaman fərasətli cıxdı ha... Bir türk həkimini məngirləyib, indi də həmin türk onu öz klinikasına işə götürür, sonra da evlənəcək onunla”. Orxan Arzunun açılıb-yumulan dodaqlarına baxırdı, heç nə eşitmirdi. Barmaqlarını yumruqladı, dırnaqlarını ovuclarına bərk-bərk basıb özü-özünü incitdi.
“Əlvida, Toppuşum...” – pıçıldadı...