16 Mayıs 2010 Pazar

Aritmik fikirlər


Sətirlərin aritmiyasında
iynə üstündə
ayaqyalın gəzmək duyğusu.
Bu gün rahat qayğısız.
Sabah - boşluğa iki addım.
Yalanla dolu dünyada
hələ də
inandığın
gecə-gündüz axtardığın
balıq kimi sürüşkən xoşbəxtliyi
ikiəlli tutmaq arzusu.
Əvəzində -
kürəyinə vurulan acı yumruqlar.

Saxta hislərin
yeni tarifi -
üç quruşa beş küftə...

3 Mayıs 2010 Pazartesi

Hisslərin qəzəbi


Nəfsinin əsiri olmuş kişi
bir gün
xışmalayıb erkəkliyini
fahişə
qəhbə
ləçər
sözlərini
ovuc-ovuc çırpar qadına
qəlp hislərlə kirlənmiş mələk
fahişə
qəhbə
ləçər damğasıyla yanan içini
ovundurmaq üçün
gəzər
şəhərin küçələrini
eşidər hər pəncərədən
fahişə
qəhbə
ləçər sözləini
hətta
ağacların quru budaqları
pıçıldar o sözləri
ffffff........
yəqin
hər mələyin alnına yazılıb
nə vaxtsa
inandığı
xəyalıyla yatıb-oyandığı
kişidən
fahişə
qəhbə
ləçər sözlərini eşitmək
eşidib üşünmək
üşünüb ağlamaq
darmadağın olmaq...

2 Mayıs 2010 Pazar

Fikirlər kələfi


Чу-Ар, Ар-Чу - Помни Бога, Помни, что ты Бог.

Deyirlər ki, nə vaxtsa, lap qədimlərdə insanlar bir-birini bu sözlərlə salamlayıblar. Qədim insan həyatının hər anında Allahı xatirlayıb, özünün ilahi təbiətini daim yadında saxlayıb. Müasir insan isə öz ilahi təbiətindən coooooooox kənarda qalıbdır. Biz köləyik - yazılmamış ictimi qanunların, yanlış təsəvvürlərin, qeyri-səmimi münasibətlərin, saxta fikirlərin köləsiyik. Uşaqları da bele kölə psixologiyasında tərbiyə edirik, çünki başqa təsəvvürlərimiz yox. Biz inana bilmirik ki, insan başqa cür ola bilər - sevgisində azad, fikirlərində səmimi, davranışında dürüst... Riyakarlıqla, nadanlıqla, xəbisliklə o qədər rastlaşırıq ki, artıq bu, bizə təəccüblü görünmür, halbuki bunlar bizi sarsıtmalı, şaşırtmalı, çəkindirməlidir. Etiraz səsimiz o qədər zəif ki, eşidilmir...
Minillər keçsə də - inqilablar olsa da, imperiyalar çöksə də - insan öz əzablarından qurtarmır. Nə texniki tərəqqi, nə ictimai-sosial dəyişiliklər insanı xoşbəxt edə bilmir. Bəlkə ona görə ki, kölə xoşbəxtliyin nə olduğunu, nədə olduğunu anlamır, anlamaq istəmir. Bəlkə nə vaxtsa biz dərk edəcəyik ki, həqiqətən içimizdə bir ilahi nur var, onu başqaları ilə paylaşmaq gərək. Və məhz bu nurun paylaşma anından etibarən köləlik də əriyib yox olar...

Помни Бога, Помни, что ты Бог.


(http://tk-mu.ru saytının materialına əsasən)

29 Nisan 2010 Perşembe

Günün şüarı


Özünü həmişə səmimi olmaq istədiyin insanlarla əhatə et, səni incidən münasibətlərdən qaç

24 Nisan 2010 Cumartesi

Bakıda kitaboxuma aksiyası


Aprelin 24-də bir qrup gənc Bakıda kitab oxumağa diqqət çəkmək məqsədilə aksiya keçirib.

Aksiyanın təşəbbüskarı, «Facebook» sosial şəbəkəsində «Oxuyaq, inkişaf edək» qrupunun yaradıcısı Mahmud Nəsirov bildirib ki, məqsədləri gəncləri eyni ideya altında birləşdirmək olub:

«Məqsədimiz gəncləri «Oxuyaq, inkişaf» edək ideyası altında birləşdirməkdir. Universitet həyətlərində, kitabxanalarda, ictimai nəqliyyatda - metroda, avtobusda, parklarda, skamyalarda kitab oxuyan, vaxtlarını səmərəli keçirən gəncləri görməkdir. Biz bir saat ərzində kitab oxuduq. Polislər də gəlirdi, baxırdı. Bizə fərqli baxışlar da var idi, bu, normaldır. Çünki bu kimi tədbirlərə bizdə alışılmayıb, təəssüf ki, ictimaiyyətdə bu şüur formalaşmayıb».

Kitab aksiyası dinc şəraitdə keçib, heç bir müdaxilə olmayıb.

M. Nəsirov deyir ki, bu kimi aksiyaları iki həftədən bir keçirməyi planlaşdırırlar.

www.azadliq.org

18 Nisan 2010 Pazar

Uşaq kitabları da qadağan edilir...


Amerikada kitabxanalar assosiasiyasının nəzdində əxlaq müşahidəçiləri adı altında bir qrup fəaliyyət göstərir. Əxlaq müşahidəçilərinin məqsədi uşaq kitabları sırasından təhlükəli kitabları aşkar edib, onları qara siyahıya almaqdır. Qara siyahıya əsasən vampirlərdən, seksual münasibətlərdən, narkotiklərdən bəhs edən kitablar düşür, belə hesab edilir ki, bu mövzular uşaq psixikasına ziyan vurur.
Harri Potter haqqında kitablar da qara siyahıya düşüb, çünki bu kitablarda ailə dəyərlərinə lağ edilir, okkultizm (cadu, sehir) alqışlanır. Belə kitablar uşaqları reallıqdan uzaqlaşdırır, mistikaya inam uşaqların hələ tam formalaşmamış iç dünyasına mənfi təsir göstərir.

15 Nisan 2010 Perşembe

Günün sitatı


Посмотрите, как много желаний вы имели и как много желаний не было исполнено. И как часто вы чувствовали, что это было хорошо, что желание не осуществилось, «Это было лучше для меня». Не правда ли, вы замечали? Это было лучше для вас, что некоторые из желаний не исполнялись. Природа знает, что для вас лучше.
(Шри Шри Рави Шанкар)
***
tərcüməsi

Baxın, nə qədər arzularınız olub və onların əksəriyyəti həyata keçməyib. Hər dəfə də hiss etmisiz ki, nə yaxşı həmin arzular elə arzu kimi qalıb, reallaşmayıb. "Mənimcün belə daha yaxşıdır", düşünmüsüz. Bəli, yaxşı ki, bəzi arzuların həyata yetməməsi sizin xeyrinizə olub. Təbiət sizin üçün nəyin xeyirli olduğunu bilir.
(Şri Şri Ravi Şankar)

7 Nisan 2010 Çarşamba

Gennadi Qolovatı. 2 şeir


Gennadi Qolovatı (1940-2001) – rus əyalət şairidir, Çita vilayətində yaşamışdır. Qolovatı mərkəzi ədəbi prosesdən çox uzaq olsa da, onun şeirləri müasir rus poeziyasında məxsusi yer tutmağa iddialıdır.

Şairin 2 şeirini təqdim edirəm.

С и л а
Слепые не могут смотреть гневно.
Немые не могут кричать яростно.
Безрукие не могут держать оружие.
Безногие не могут идти вперед.
Но – немые могут смотреть гневно.
Но – слепые могут кричать яростно.
Но – безногие могут держать оружие.
Но – безрукие могут идти вперед.

Tərcüməsi:
Q ü v v ə t
Korlar qəzəblə baxa bilmir.
Lallar nifrətlə bağıra bilmir.
Qolsuzların əlində solah olmaz.
Ayaqsızla r- irəli addımlamaz.
Lakin...
Lakin lallar qəzəblə baxa bilər.
Korlar nifrətlə bağıra bilər.
Ayaqsızlar - əldə silah tutarlar.
Qolsuzlar – irəli addımlayarlar.

***
Старею? Или, может быть, хирею?
Да все равно: в итоге – что ни год –
Тусклее краски, запахи беднее
И скрипка - реже сердце достает.
Но слово – все острей пронзает слово!
В поэзии, как в детстве я могу
Увидеть мир обрадованно снова,
Поверить в солнце, спавшее в стогу…

Tərcüməsi:
***
Qocalıram? Ya taqətdən düşürəm?
Fərq eyləməz – ildən ilə keçdikcə,
Rənglər daha solğun,
Ətirlər bəsit görünür mənə,
Müsiqi də ürəyimə zövq vermir artıq.
Fəqət söz – sözü daha kəskin vurğulayır!
Uşaqlıqda olduğu kimi mən
Yenidən
Dünyaya maraqla baxa bilirəm,
Ot tayasında uyumuş günəşə
Heyrətlənirəm...

28 Mart 2010 Pazar

Cavidanın dünyasından bir baxış...


Cavidan - cağdaş ədəbiyyatımızın ciddi imzalarından biridir, onun fikirlərini bilmək, iç dünyasına azacıq baş vurmaq həm maraqlıdır, həm də önəmli... Yazarlarımızı taniyaq, sevək, oxuyaq...

Sosial İnformasiya Agentliyinin suallarını istedadlı şairə Cavidan cavablandırır



- Bəlkə öncə "Cavidan" təxəlüsü barədə danışaq? Bu şərq şairlərinin təxəllüslə tanınmaq ənənəsinin davamıdır, yoxsa gizlənmək ehtiyacı?
- Mən indi deyə bilərəm ki, hələ orta məktəbdə oxuyarkən o vaxt məhşur olan və əldən-ələ keçən “Dodaqdan qəlbə” romanındakı qadın qəhrəmanlardan birinin adının belə olması çəkmişdi diqqətimi. Bizim məhz kişi adı kimi tanıdığımız bu adın Türkiyədə qadın adı kimi qəbul edilməsi xoşuma gəlmişdi yaman...və olsun ki, yeniyetməlikdən bu yana yaddaşımın xoş ovqatlar yığılmış odasında qalıbmış hansısa unutduğum bir dolabda...Daha sonra içimdəki dəli dərviş ruhuna bağlayardım bəlkə..Nəsimi ruhuna sevgimə, hürufiliyə marağıma, daxilimdəki ikinci MƏNin məhz sufi olmasına bəlkə kökləyərdim. Hələ ilk gənclik illərimdən bu günümə süzülən zəifləsə belə sönməyən, öləziməyən nur payına... Daha sonra övladım olacaqsa, adı belə olacaq deyə inanırdım. Sanki sirli bir sükutla yanımca hər addımımda müşaiyət etdi bu ad məni, hər bir vasitə lə həyatıma girmək istədi deyərdim... Və bu variantların hər birisi həqiqətdir. Ən real və ən son səbəb isə həyat yoldaşımın adının Cavid olması idi təbii ki. Mən ədəbiyyata qapılıram deyə qərarımı verirkən bir yazdıqlarıma və yazmaq istədiklərimə, bir də yaşadığım məkandakı insanların məni və yazdıqlarımı anlayacaqlarmı deyə qorxuma qısılıb da gizlicə, üzə çıxmadan, elə kişi imzasıyla dərc olunacağam deyə Cavidan adlandım. Neyləməli ki, insan özü özünə həsəd apara da bilir və məsələn içindəki yazarın kişi yox, qadın olmasını ifşa edir...
- Əyalətdə şairə olmaq...
- Mən bayaq yazdıqlarıma və yaşadığım məkana baxaraq əsl adımı-soyadımı gizlətmək məcburiyyətində qaldığımı dedim. Əyalət – insanların sadə və qəliblərə hesablanmış həyatlarını sürdükləri yerdir. Vaxtilə sovet hökumətinin zorla hər dağın ətəyində bir məktəb açması, hər meşənin kənarında bir kitabxana tikməsi, işləməyənləri, təhsil almayanları “Tüfeyli” damğasıyla cəzalandırdığı bu məkanlarda indi insanlarımız şad və xürrəmdirlər deyərdim. Indi onlar nə oxumağa, nə işləməyə məcbur deyillər.Təbii bacarıqları və tələbatlarıyla gündəlik həyatlarını yaşayır, aram bir dalğavari ritmdə doğulur, yaşayır, ailə qurur, övlad dünyaya gətirir, xəstələnir və ölürlər...Seçki günlərində dəstəylə axışıb səs verərlər, hərçənd siyasətin nə olduğundan xəbərləri belə olmaz, dəstəylə sevərlər, dəstəylə nifrət edərlər, dəstəylə inanarlar Allaha..sanki nəhəng bir canlı varlığın ayrı-ayrı hissəcikləri kimi bütöv və tam olaraq özlərinə bənzəməyən, onlardan bircə zərrə fərqli olanları yad cisim kimi bu nəhəng orqanizmdən sıxışdırıb kənara itələyərlər, mübarizələri qızdırmaqla, üşütməklə, zəhərlənməklə müşaiyət oluna bilər hətta...ta ki sənin onları sevdiyinə inanana qədər..sənsə onları tam və bütöv sevməyə vadarsan...ya da bütün parçalarıyla sənə yad olan bu nəhəngdən vaxtında qaçıb canını və ruhunu xilas etməlisən..zira sən özün, tək olaraq bütöv və tamsan ki, buna tab gətirmək mümkün deyil... Belə yerdə onlardan, onların taleyindən yazarsan, üstünə gülərlər, hər gün yaşadıqları həyatı sənin aynanda gördükcə qəzəb duyarlar varlığına...zatən bu qəzəbin əslində öz qəliblərinə qarşı olduğunu qəbul etmək iqtidarında deyillər. Mənim əyalətimdə ərinin gün dəyməyən yeri olan hər 100 qadından yalnız bircəsi anlayacaq “Mən ərimin gün dəyməyən yeriyəm” misrasını, qalan 99-u güləcək və yeddi arxadan dönənimə söyüş yollayacaq...
- Virtual dünyada çox populyarsan. Niyə realda oxucular üçün "yoxsan"?
- Bu düzgün yanaşma deyil, ən azından mənim variantımda. Çünki real bir insanam, qadınam, həyatımın ən maraqlı illərini yaşayıram, ailəm, uşaqlarım, gündəlik yaşam tərzim, ev qayğılarım və s. var və mən bu həyatımı yaşamaqda davam edirəm. Başqa bir variantda başqa bir insan yaşayardı və o başqa insan mən olmayacaqdı, ola da bilməzdi... Virtual dünya isə evimin bir küncündəki monitordan o yandadır, orada yaşamaq da, dincəlmək də, işləmək də, oranı tərk etmək də öz ixtyarımdadır, bəzən bu bezdirə də bilər, dağıtmaq, qapamaq istərsən bu dünyanı, amma yenə də çəkicidir, maraqlıdır və real həyatın yorduğu hər bir insan kimi məni də çəkir, saxlayır...bilmək olmaz, bəlkə bizim real dediyimiz bu dünya da elə Tanrının öz kompüterində qurduğu flaş oyundan başqa bir şey deyildir...darıxanda yaradır, bezəndə dağıdır məsələn... Ədəbiyyatın məhz virtual dünyadan keçən yolunu seçdim mən, evinin dörd divarından başqa heç yeri görməyən bir yazar qadın üçün bitmək-tükənmək bilməyən bir aləmdir bura, dostlarım var burada nəhayət, yazılarım var, sevirəm interneti və onun verdiyi imkanları bir sözlə...
- Çox zaman tanınmış şairələrin virtual həmrəyliyinə rast gəlirik. Bu nədir- özlərinə dəstək, yoxsa özgələrə hiddət?
- Deməzdim, sadəcə biz müəyyən məqamlarda eyni cür qiymət verə bilərik ayrı-ayrılıqda nəyəsə və fikirlərimizi dedikcə kənardan quraşdırılmış bir dəstək kompaniyası kimi görünə bilər bəlkə.Razı deyiləm bu fikirlə.
- Yeni kitabın haqqında indidən nə deyə bilərsən?
- “Qanun” nəşriyyatının start verdiyi “Ən yeni ədəbiyyat” layihəsində mənim də yaxınlarda kitabım çıxmalıdır, haqqında ətraflı məlumat vermək istəməyərək yalnız və yalnız bir açıqlama verə bilərəm. Kişilərin hüquqlarını müdafiə edəcəyəm romanımda...
- Bəs çıxmış kitabına hansı reaksiyalar var?
Birinci kitabımı deyirsənsə, düzü heç bilmirəm də. Kitabdan nə ailəmə, nə yaxın qohumlarıma nə qədər təkid edib istəsələr də, vermədim. Hamısı paytaxtdadır, alan alıb, almayan almayıb, təbriklər olub, oxucu məktubları.. Bu qədər.
- Qan Turaldan qorxursan?
- Xeyr.
- Günel Mövlud, Sevinc Pərvanə, Nərmin Kamal, Aysel Əlizadə- həmkarlarını dəyərləndirək bəlkə?
- Dost, mən bu imzaları niyə dəyərləndirməliyəm ki? Eyni zamanda yaşayırıq və yazırıq, zəhmət çəkirik, min yerdən min söz götürürük üstümüzə bəlkə, hələ bir-birimizi də tərəziyə qoymağa sövq edilməliyik? Tənqidçilərimiz var, zəhmət çəkib qələmlərinə sarılsınlar və göz dolusu oxusunlar yazdıqlarımızı, sonra da onlar çəkişsin imzalarımıza görə, biz yox. Bu qızlara şəxsən mənim münasibətimi öyrənmək sənə maraqlıdırsa, onda deyim ki, hər birisini oxuyuram, izləyirəm, uğurlarına sevinirəm, daha güclü və daha inadkar olmalarını diləyirəm.

- Milli kitab müsabiqəsinə münasibətin necədir?
- Münasibətim – bu müsabiqəyə əsər təqdim etməməyimdir.
-Nəsrdə hansı iddiaların var?
- Roman dövrü başladı həyatımda deyərdim...

Axar.az

17 Mart 2010 Çarşamba

Astrologiya günü də varmış...


Qədimlərdən indiyənə qədər münəccimlərin insanlar arasında böyük nüfuzu olub; talenin ağır sınaqları qarşısında aciz qalan, çətinliklərin öhdəsindən gələ bilməyən, arzu etdiyini həmən əldə etmək istəyən insan münəccimlərə üz tutub ki, bəlkə ulduzların rəhmi gələ, insan həyatda necəsə uğur qazana. Düzdür, bir defe insan ulduzlari aldatmağa nail olub :), amma bu cooooooooxdan olub. (M.F.Axundovun "Aldanmış kəvakib" əsəri, 1857).
Əsrlər keçsə də, insanın məişəti avtomatlaşdırılsa da, ən mürəkkəb məsələlər süni beyinlərə - robot və kompüterlərə həvalə edilsə də, yenə də gözlər göy qübbəsinə dikilib, yenə də ulduzların yeri, bir-biri ilə yaxınlığı/uzaqlığı müşahidə edilir. Münəccimlər ulduzlar haqqında biliklərini gizli saxlamaqla insanları ulduzlardan, əslində isə münəccimlərin özündən asılı vəziyyətə salmağa çalışırlar.
Bəlkə də həqiqətən, yazıya pozu yoxdur? Bəlkə yerdəki gündəlik üzüntülərdən usanaraq, hərdən gözlərimizi ulduzlara qaldırıb onların qızılı işığına baxmaq lazımdır ki,faniliyi dərk edəsən...

Yəqin, bunları nəzərə alıb hər il martın 20-də beynəlxalq astrologiya günü qeyd edilir. Bütün dünya bilir ki, martın 20-də astronomik və astroloji il başlanır.